Mixail Nuaymənin elmi-ədəbi irsinə dair dəyərli
monoqrafiya
XIX əsrin sonunda bir çox ərəb ölkəsinin, ilk növbədə Livanın ictimai-siyasi və iqtisadi həyatındakı problemlər insanları öz vətənini tərk edib, kütləvi şəkildə mühacirətə məcbur etdi.
Yaradıcı Livan ziyalılarının ABŞ-a mühacirəti ilə ərəb məhcər ədəbiyyatının təşəkkülü başlandı. Bu ədəbiyyatın görkəmli
nümayəndələri Cübran Xəlil Cübran, Əmin
ər-Reyhani, Nəcib Arida, Mixail Nuaymə və b. həyatı və yaradıcılığı
müxtəlif dövrlərdə bir çox ərəb, rus,
Qərb, türk və azərbaycanlı mütəxəssislər
tərəfindən araşdırılmışdır.
Müasir ərəb ədəbiyyatında yeni bir
dövrü istiqamətləndirən, məhcər ədəbiyyatında
özünəməxsus yer tutan, çoxşaxəli ədəbi
fəaliyyəti ilə seçilən, görkəmli
yazıçı, şair və mütəfəkkir Mixail
Nuaymənin (1889-1988) ədəbi-bədii
yaradıcılığına dair tanınmış şərqşünas
alimlər, tədqiqatçılar tərəfindən bu
günədək çoxsaylı tədqiqatlar, monoqrafiyalar qələmə
alınmışdır. Azərbaycan şərqşünaslığında
ərəb məhcər ədəbiyyatının tədqiqi görkəmli
şərqşünas alim, professor Aida İmanquliyevanın
adı ilə bağlıdır. Şərqşünas alimin
bu sahədə tədqiqatları,
xüsusilə, "Qələmlər birliyi və Mixail Nuaymə" və
"Yeni ərəb ədəbiyyatı korifeyləri" adlı monoqrafiyaları ərəb məhcər ədəbiyyatında
özünəməxsus mövqeyi olan Mixail Nuayməni -
Livanın bu böyük şair və tənqidçisini Azərbaycan
oxucusuna tanıtmışdır. Bu gün Azərbaycan
şərqşünaslığında Aida
İmanquliyevanın açdığı bu elmi
cığırda, həmin istiqamətdə inamla addımlayan
gənc tədqiqatçılar yetişmişdir. Gənc
tərcüməçi, Azərbaycan Yazıçılar
Birliyinin üzvü, şərqşünas, filologiya üzrə
fəlsəfə doktoru, AMEA Şərqşünaslıq
İnstitutunun böyük elmi işçisi Mahir Həmidovun ərəb
məhcər ədəbiyyatına dair tədqiqatları, bu ədəbiyyatın
nümayəndələrinin yaradıcılığından
tərcümələri, xüsusilə, Mixail Nuaymənin ədəbi-tənqidi
görüşlərinin və şeirlərinin tədqiqinə
həsr olunmuş monoqrafiyası bu qənaətə gəlməyimizi
əsaslandırır.
Mahir Həmidov 2011-ci ildə
Türkiyə Cümhuriyyətinin Ankara Universitetində "Mixail Nuaymənin ədəbi-tənqidi
görüşləri və şeirləri" mövzusunda elmi işini uğurla
müdafiə edib. 2014-cü ildə şairin
"Kipriklərin pıçıltısı" ("Həmsul-cüfun")
adlı şeirlər kitabını ana dilimizə tərcümə
edərək nəşr etdirib. "Elm və təhsil " nəşriyyatında çapdan
çıxan, elmi redaktoru olduğum bu kitab, bir-iki kiçik
istisnalar xaricində (şairin daha öncə bir neçə
şeiri dilimizə tərcümə edilib) Mixail Nuaymə
poeziyasından ana dilimizdə
ilk tərcümə nümunəsidir.
Bu yaxınlarda gənc alimin yeni bir kitabı da
işıq üzü görüb. Mahir Həmidovun
"Mihail Nuaymenin poetikası ve şiirleri" ("Mixail
Nuaymənin ədəbi-tənqidi görüşləri və
şeirləri") adlı monoqrafiyasının qardaş
Türkiyə Cümhuriyyətinin paytaxtı Ankarada, türk
dilində nəşr olunması sevindirici haldır. Professor Rahmi Erin redaktorluğu, Ankara Universiteti Dil və
Tarix - Coğrafiya fakültəsi Şərq dilləri və ədəbiyyatları
kafedrasının qərarı ilə çap olunan əsərin
rəyçiləri professor Faruk Toprak və professor Bedrettin
Aytacdır. Professor Rahmi Er kitaba
yazdığı "Ön söz"də tədqiqat əsərinin önəmindən
söz açaraq, onu yüksək
dəyərləndirmişdir.
"Giriş",
üç fəsil və "Nəticə" hissəsindən
ibarət monoqrafiyanın "Mixail Nuaymə" adlanan ilk fəsli
şairin həyatı, yaradıcılığı və
onun ədəbi şəxsiyyətini formalaşdıran mədəniyyət
qaynaqlarından bəhs edir. Bu fəsildə görkəmli
yazıçının ömür yolunun üç
mühüm dövrü - "Livan və Rusiya
dövrü", "Amerika dövrü" və
"Amerikadan sonrakı Livan dövrü"
başlığı ilə ayrı-ayrılıqda, zaman
ardıcıllığına müvafiq olaraq təhlil
edilmiş, ədəbiyyatın müxtəlif növ və
janrlarında yazıb-yaradan Mixail Nuaymənin çoxşaxəli
yaradıcılığının əsas nümunələri
(ədibin şeir divanı, məqalələri, hekayələri,
romanları, dram əsərləri və b.) barədə
müfəssəl məlumat verilmişdir. Etibarlı
mənbə kimi, xüsusilə, şairin həyat və
yaradıcılığının üç mühüm mərhələsinin
əhəmiyyətli məqamlarını özündə əks
etdirən "Səbun" adlı avtobioqrafik əsərindəki
faktlar da tədqiqata cəlb edilmişdir. Bu hissədə,
Mixail Nuaymənin ədəbi şəxsiyyətini
formalaşdıran mədəniyyət qaynaqlarından bəhs
edilmiş, görkəmli yazıçının
yaradıcılığında əhəmiyyətli rolu olan beş mühüm mədəniyyət
(xristian, islam, rus, Qərb və qədim hind mədəniyyəti)
qaynağından, onların təsir gücündən ətraflı
söz açılmışdır. Həmin mədəniyyət
qaynaqlarını ətraflı araşdıran, öyrənən
gənc şərqşünas alim M.Həmidov onların Nuaymə
üzərindəki təsir gücünün hansı səviyyədə
olduğunu aşkara çıxararaq, belə bir qənaətə
gəlmişdir: "Göründüyü kimi, Livanda
doğulub böyümüş, Rusiyada təhsil almış,
Amerikada uzun illər yaşamış və bir-birindən
çox fərqli mədəni mühitlərdə
yetişmiş Nuaymənin ədəbi şəxsiyyəti əvvəlcə,
xristian və müsəlman, sonra rus və amerikan və nəhayət,
qədim hind inanclarının təsiri ilə inkişaf edərək
formalaşmışdır".
II fəsil "Mixail Nuaymənin
poetikası" adlanır. Bu fəsildə
şairin şeir sənəti barədəki ədəbi-nəzəri
mülahizələri araşdırılmış, tənqidçi
Nuaymə ilə şair Nuaymə arasındakı oxşar və
fərqli cəhətlər ortaya
çıxarılmışdır. Tənqidçi
Nuaymənin şeirin haqq və həqiqətə vasitə
olması fikrinin tərəfdarı olduğunu diqqətə
çatdıran M.Həmidov bu barədə yazır: "Onun
fikrincə, şeir, həyatda var olan bütün ziddiyyətləri,
dualizmi özündə birləşdirən bir sənətdir.
Nuayməyə görə, şeir mövcud olan
bütün canlı və cansız varlıqlarla
bütünləşməkdir. Şeir sənətinin
ictimai vəzifəsi olduğunu xüsusi vurğulayan Nuaymə,
cəmiyyətə faydası olmayan və fərdin həyat tərzini
daha da gözəlləşdirməyən ədəbi əsərləri
həqiqi sənət əsəri olaraq qəbul etmir. Belə ki, ədəbi əsər ortaya qoyulduğu
zaman bu əsərlərdə hər hansı bir siyasi və
milli münaqişədən uzaq, doğruluq və sevgi
iksirini əsas götürən duyğu və
düşüncələrin ön plana çıxarılması
gərəkdir. Nuaymənin ədəbiyyata aid etdiyi
ictimai rol, onun bu mənada "məqsədli ədəbiyyat"ın
tərəfdarı olduğunu göstərir. Ədəbiyyatçının,
bir növ, "nəbəvi" missiya
daşıdığını düşünən, onu
yaradan və insanlar arasında vasitəçi hesab edən
şairin fikrincə, "ədəbiyyat insana həm
özünü, həm də bu dünyadakı varlıq səbəbini
anlamağa kömək etdiyi kimi, ona məqsədinə
çata bilməsi üçün uyğun bir zəmin
hazırlayır". Mixail Nuaymə
şeir haqqında nəzəri görüşlərini ortaya
qoyduqdan sonra bu görüşləri öz şeirlərinə
tətbiq etməyə çalışmışdır.
Bu mənada, tənqidçi Nuaymə şair
Nuaymədən öndədir".
Monoqrafiyanın bu fəslində
"Şeirin tərifi", "Şeirin məqsədi",
"Şeirin tənqidi", "Şeirin dili",
"Şeirdə xəyal", "Şeirdə musiqi",
"Şeirdə mövzu bütünlüyü",
"Şeirdə yaradıcılıq anlayışı və
mərhələsi", "Şeirdə doğruluq prinsipi və
həqiqi şair - saxta şair" adlı ayrı-ayrı
yarımfəsillərdə M.Nuaymənin şeir haqqında ədəbi-tənqidi
görüşləri geniş şəkildə təhlil
edilmişdir.
Monoqrafiyanın "Mixail
Nuaymənin şeirləri" adlı son fəslində isə
şairin poeziyası həm məzmun, həm də forma cəhətdən
tədqiqata cəlb edilmişdir. Nuaymənin bütün şeirlərinin
"Həmsul-cufun" (Kipriklərin
pıçıltısı) adı altında toplanılaraq,
ilk dəfə 1945-ci ildə Livanda çap edildiyini qeyd edən
Mahir Həmidov həmin
kitabda şairin cəmi 44 şeirinin yer aldığını
və bu rəqəmin isə onun çox az şeir
yazdığını göstərdiyini
vurğulayaraq, bu məqamda, məhcər ədəbiyyatının
şairlərindən olan Corc Saydahın Mixail Nuaymə
haqqındakı qənaətini də xatırladır:
"Mixail Nuaymə, şairlik dühasını sübut etmək
üçün çox sayda şeir yazmağa ehtiyac
duymamışdır. Yazmış olduğu bu qədər
şeiri belə onu bir çox adamın həsəd
aparacağı bir mərtəbəyə
çatdırmışdır".
Bu fəslin diqqətəlayiq
və maraqlı cəhətlərindən biri isə, zənnimizcə,
M.Nuaymənin şeir sənəti barəsində nəzəri
düşüncələrinin, onun şeirlərində nə
dərəcədə əks olunmasının nümunələr
verilməklə təhlil edilməsidir. Qeyd etməliyik ki, müxtəlif
mədəni qaynaqlardan bəhrələnərək
formalaşmış ədəbi şəxsiyyətə malik
şairin şeirlərinin həm məzmun, həm də forma baxımından
təhlil edilməsi onun qələmə aldığı əsərlərdə
həmin mədəniyyət qaynaqlarının təsirinin
özünü necə büruzə verməsinin və ədibin
şeir sənəti ilə bağlı nəzəri
mülahizələrinin, tənqidi görüşlərinin
şeirlərində hansı səviyyədə əks
olunduğunun öyrənilməsində xüsusi əhəmiyyət
kəsb edir.
Əsərin "Nəticə" hissəsində isə tədqiqatın yekunu olaraq əldə edilmiş elmi-nəzəri qənaətlər öz əksini tapmışdır. Bir məsələni də qeyd etmək lazımdır ki, ərəb məhcər ədəbiyyatı və onun görkəmli nümayəndələri, o cümlədən, Mixail Nuaymə ilə əlaqədar aparılmış tədqiqatlarda bu görkəmli ədibin yaradıcılığının müxtəlif sahələrindən bəhs olunsa da, onun poetikası ilk dəfə olaraq məhz bu monoqrafiyada ayrıca tədqiqat obyekti kimi seçilmişdir. Ən önəmlisi, M. Nuaymənin şeir sənəti ilə bağlı ədəbi-tənqidi görüşlərinin, nəzəri fikirlərinin onun öz şeirlərində hansı səviyyədə əks olunduğunun yaradıcılığından nümunələr əsasında tədqiq olunaraq aşkar edilməsi və bununla da tənqidçi Nuaymə ilə şair Nuaymə arasında oxşar və fərqli cəhətlərin üzə çıxarılaraq müəyyənləşdirilməsi bu tədqiqatın əsas elmi yeniliyidir.
Son olaraq onu
da qeyd edək ki, ədəbi tənqidə dair məqalələrində ərəb ədəbiyyatında əsrlərdən
bəri davam edən təqlidçilik ruhuna qarşı
çıxan bu görkəmli ədibin poetikasının
müstəqil şəkildə tədqiqata cəlb edilməsi
yalnız Mixail Nuaymə yaradıcılığının
deyil, ərəb məhcər ədəbiyyatına xas olan əsas
xüsusiyyətlərin üzə çıxarılması
baxımından mühüm əhəmiyyətə malikdir. Eyni zamanda, tədqiqatın toxunduğu məsələlərin
geniş əhatə dairəsi ondan müasir ərəb ədəbiyyatında
şeir sənəti mövzusuna, ərəb ədəbi tənqidinə
dair əsərlərin yazılmasında da faydalanmağa əsas
verir. İstər tənqidçi, istərsə də
yazıçı və şair kimi zəngin
yaradıcılığa malik olan M.Nuaymənin ədəbiyyat
və sənət barədə görüşlərinin əsas
mərkəzində daha çox insan və cəmiyyətə
olan münasibət dayanır. Onun şeirlər
divanına əvvəldən axıradək bu duyğu və
düşüncə hakimdir. Şeirlərinin başlıca
mövzusu insan olan, insana böyük qiymət verən
şair din və irq fərqliliyi qoymadan bütün insanların
qardaş olduğu düşüncəsinə sahibdir. Bu mənada, bu görkəmli ədibin həm elmi, həm
də bədii yaradıcılığının hərtərəfli
araşdırılması, onun özünəməxsus
gözəl keyfiyyətlərinin aşkar edilərək dəyərləndirilməsi
və elmi-ədəbi ictimaiyyətin
diqqətinə təqdim edilməsi bu gün olduqca aktual
və təqdirəlayiqdir. Bu günədək
apardığı tədqiqatların uğurlu nəticəsi
olan, yeni nəşr edilən bu monoqrafiyadan sonra gənc şərqşünas
alim Mahir Həmidovun gələcəkdə yeni və dəyərli elmi əsərlər
ortaya qoyacağına inanırıq.
Gövhər
BAXŞƏLİYEVA
Millət vəkili,
AMEA-nın müxbir üzvü, professor,
Şərqşünaslıq
İnstitutunun direktoru
525-ci qəzet.-
2017.- 8 mart.- S.4.