Poyludan Amerikaya qədər...
Xalq şairi Nəriman Həsənzadənin "Nabat xalanın çörəyi" povestinin ingilis dilində nəşrinin
təqdimatı olub
... Bu əsər
ilk dəfə "Azərbaycan"
jurnalında çap ediləndə mərhum Xalq yazıçısı
Süleyman Rəhimov müəllifə deyib ki, "yaxşı əsərdir, amma teleqram yazıbsan, çox qısadı, gələcəkdə qalın
roman edərsən..."
Amma müəllif nə o vaxt, nə də
sonralar həmin "teleqram"ı qalın
roman eləmək fikrinə
düşüb. İlk dəfə necə
çap edilibsə, eləcə də saxlayıb, ayrıca kitab şəklində buraxdırıb, "Seçilmiş
əsərləri"nə daxil edib, xarici
dillərə tərcümə
etdirib. Anasının
xətrinə, min bir əziyyətlə övlad
böyüdən bütün
anaların şərəfinə...
Bir də ingilis dilində olmasını istəyib. Və uzun illərdən
sonra əsər bu dilə də
çevrilib.
Söhbət Xalq şairi Nəriman Həsənzadənin
avtobioqrafik "Nabat xalanın çörəyi"
povestindən gedir. O povestdən
ki, dul bir
qadının min bir əziyyətlə böyüdüb
başa çatdırdığı
yeniyetmə sonralar Azərbaycanın xalq şairi olub. O Xalq şairi
övlad böyütmək
üçün müharibə
illərində əzablar
çəkən bir azərbaycanlı xanım
obrazı, bir azərbaycanlı ANA obrazı
yaradıb. Və
illərdən bəri
bu obraz minlərlə oxucunun - gəncin və yaşlının öz anası qədər əzizinə çevrilib,
"Nabat xalanın çörəyi" sayəsində...
Bu günlərdə
Azərbaycan Dillər
Universitetinin Amerika mərkəzində povestin
ingilis dilində nəşrinin təqdimat mərasiminə toplaşanlar
məhz "Nabat xalanın çörəyi"nin ətrini hiss eləyiblər. Xalq şairi səmimiyyətlə
etiraf edib ki, bu gün
də o çörəyi
yeyir. Tədbirdə
çıxış edən
başqa bir alim-oxucu bir az obrazlı
şəkildə "hamımız
Nabat xalanın çörəyini yeyirik"
deyib.
Povesti ingilis dilinə
"ADA" Universitetinin Təhsil
İnstitutunun proqram mütəxəssisi Elnur İmanbəyli tərcümə
edib. Tərcümənin redaktəsi üzərində
Azərbaycan Dillər
Universitetinin Xarici Ölkələr Ədəbiyyatı
kafedrasının dosenti
Şəhla Nağıyeva,
amerikalı redaktor Sinsiya Mörfi və Qlazqo Universitetinin tələbəsi
Cakob Ksabay işləyiblər.
Tərcümənin redaktorlarından biri,
ADU-nun dosenti Şəhla
Nağıyeva təqdimat
iştirakçılarına layihə haqqında məlumat verib.
ADU-nun rektoru vəzifəsini icra edən professor Əfqan Abdullayev Xalq şairi Nəriman Həsənzadənin yaradıcılığından
söhbət açıb,
onun ədəbiyyatımıza
verdiyi töhfələrdən
danışıb, poeziyamıza
insanın ruhuna, mənəvi aləminə
dinclik gətirən misralar bəxş etdiyini xüsusi vurğulayıb. O, N.Həsənzadə
yaradıcılığının Azərbaycanda çox sevildiyini, bunun qüdrətli şairin poeziyasına, şəxsiyyətinə
verilən dəyərin
bariz nümunəsi olduğunu diqqətə çatdırıb. Professor şairin "Nabat xalanın çörəyi"
əsərinin ingilis dilinə tərcümə
olunmasını Azərbaycan
ədəbiyyatının dünya
miqyasında layiqincə
təmsil olunması baxımından əlamətdar
hadisə adlandırıb.
Bu fikirləri povesti ingilis dilində ilk oxuyanlardan biri -
"ADA" Universitetinin Təhsil fakültəsinin
müəllimi Hərri
Mkərsi davam etdirərək deyib ki, həqiqətən də, bu əsər
çox koloritli, obrazlarla zəngin bir əsərdir: "Mən ingilis dilində bu koloriti hiss elədim və mənim üçün yeni olan bir mədəniyyətlə
tanış oldum. Burda orijinalın dilinin sadəliyindən danışdılar.
Mən qeyd edim ki,
əsərin dili elə ingilis dilində də sadə və oxunaqlıdır".
Görünür, ingilisdilli oxucu bununla ədəbiyyatşünas
alim Məti Osmanoğlunun çıxışını
tamamlamaq istəyib. Çünki
Məti Osmanoğlu bir az əvvəl povestin ədəbi məziyyətlərindən
danışmaqla yanaşı
bir məqamı da xüsusi vurğulamışdı ki,
fikir veribsinizsə, orijinalın dili olduqca sadə və anlaşıqlıdır.
Bu əsərdə işlənən cümlələrin
əksəriyyəti 4-5 sözdən
ibarətdir. Belə qısa
və yığcam cümlələrlə bir
insan ömrünün
keşməkeşlərini bu qədər obrazlı çatdırmaq
Nəriman Həsənzadənin
nasir kimi də böyüklüyündən
xəbər verir.
Digər çıxış edənlər
isə zəngin milli koloritə malik belə bir əsərin ingilis dilinə tərcüməsinin çətinliklərinə
toxunublar, tərcüməçilərin
uğurunu xüsusi qeyd ediblər.
Hətta o da xatırlanıb ki, əsərdə "müharibə" sözü
işlənməyib, amma
povestdə hadisələrin
məhz İkinci Dünya müharibəsi illərində cərəyan
etdiyini duymamaq mümkün deyil.
Tənqidçi, filologiya
elmləri doktoru,
professor Rüstəm Kamal
Nəriman Həsənzadə
poeziyasının zənginliyindən
danışıb, Əməkdar
İncəsənət Xadimi,
rejissor Ağalar İdrisoğlu, eləcə
də teatrşünas
Atabala İsmayıloğlu
şairin dram əsərlərinin
məziyyətlərinə toxunub, Cənubi Azərbaycan əsilli şair Aqşin Ağkəmərli N.Həsənzadə
poeziyasının Arazın
o tayında da sevildiyini və məşhur olduğunu, şairin kitablarının
dəfələrlə çap
edildiyini diqqətə
çatdırıb. Şair Qəşəm
Nəcəfzadə ustad
sənətkar haqqında
xatirələrini bölüşüb.
ADU-nun Amerika Mərkəzinin
əməkdaşı Aytac
Miskərli əsərin
oxucuda yaratdığı
ovqatdan bəhs edib.
Kitabın tərcüməsini öz
üzərinə götürən
Elnur İmanbəyli belə bir əsərin
ərsəyə gəlməsində
əməyi olduğundan
qürur duyduğunu bildirib. Tərcümənin məziyyətləri barədə son sözün
ingilisdilli oxucuların
deyəcəyini söyləyib.
Bundan sonra ingilisdilli oxuculardan daha birinin, kitabın redaktoru Sinsiya Mörfinin Amerikadan göndərdiyi video-müraciəti
səsləndirilib. Amerikalı redaktor
belə bir layihədə iştirak etməkdən məmnunluq
duyduğunu söyləyib,
bir azərbaycanlı qadının və ananın keçirdiyi hissləri yaşadığını
bildirib, deyib ki, müəllifin sadə dillə ifadə etdiyi böyük həqiqət
oxucunu ofsunlayır.
Deməli, "Nabat xalanın çörəyi" - "Auntie Nabat's bread" ingilisdilli oxucunu da heyran
edə bilib. Bu isə o deməkdir ki, şair istədiyinə
nail olub. İndi Nabat
xalanı Amerikada, İngiltərədə və
başqa ölkələrdə
də yaxından tanıyacaqlar. Ən
başlıcası isə
Nabat xalanın bir vaxtlar ucqar
Poyluda bişirdiyi çörəyin ətri
uzaq-uzaq ellərdə
hiss ediləcək. Tərcümənin keyfiyyəti barədə təqdimat mərasimində
səsləndirilən fikirlər
belə deməyə əsas verir.
Sonda Xalq şairi Nəriman Həsənzadə
povestin ingilis dilinə tərcüməsində
və nəşrində
əməyi olanlara, mərasim iştirakçılarına
və ADU-nun rəhbərliyinə
minnətdarlığını bildirib. Və şeir oxuyub.
Elə Nəriman Həsənzadə üslubunda.
Kövrək və həzin şeir...
Müsəllim HƏSƏNOV
525-ci qəzet.-
2017.- 8 mart.- S.5.