Səhnəmizin
kraliçası
Təməli qədim
Yunanıstanda qoyulmuş teatr sənətinin əsas
aparıcı qüvvəsi aktyor, onun hərəkət,
düşüncə və hisslərinin dəqiq təyini, rolda
başqalaşmaq, tamaşaçıya təsir etmək
bacarığıdır.
Aktyorluq sənəti fitri
istedadla bərabər gərgin əmək, mükəmməl
təhsil və təcrübə tələb edir. Səhnədə
yaratdığı obrazla tamaşaçını sanki
ovsunlayıb, sehrli aləmə aparan aktyor ona düşünməyi,
seyr etdiklərindən ibrət götürməyi öyrədir.
Aktyor ifasında psixofiziki və fiziki hərəkətlərin
qarşılıqlı harmoniyası və onların ifadə
etdikləri məna çalarları tamaşanın bədii
bütövlüyünün əldə edilməsində
mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan yaratdığı saysız-hesabsız
dolğun səhnə obrazları ilə
tamaşaçıların qəlbini fəth edən sevimli
aktrisalarımızdan biri də səhnəmizin
kraliçası hesab etdiyim Bəsti xanım Cəfərovadır.
O, yaratdığı obrazlarla tamaşaçını məftun
etməyi, dramaturqun cansız sözlə təsvir etdiyi surətin
simasını almağı bacarır. Bu isə
fitri istedad, təcrübə və gərgin zəhmətin nəticəsidir.
Kompüter dövründə
yaşayırıq, teatr da dövrə müvafiq mürəkkəb
bir orqanizm kimi daim dəyişib, inkişaf edir. Belə bir mürəkkəb
dövrdə hər bir tamaşanın ideya-bədii və
obrazlı həllinə nail olmaq üçün
yaradıcı kollektiv, başda rejissor olmaqla, daha yeni ifadə
vasitələri tapmağa çalışır. Əks-təqdirdə tamaşaçını
"teatrın sehrinə" salmaq qeyri-mümkündür.
Tamaşaçı Bəsti
xanımın ifasında da psixofiziki və fiziki hərəkətlərin
qarşılıqlı harmoniyasını, onların ifadə
etdikləri məna çalarlarının rəngarəngliyini
seyr edir. Tamaşaçı istəyi ilə hesablaşmaq əsasdır.
Tarixən belə olub, müasir dövrdə də
belədir. Obrazlı səhnə dili ilə
istənilən mövzu və janrda olan əsərlərin
müasir rejissor yozumunda maraqlı həllini tapmaq
mümkündür. Ancaq bu tamaşalar
mütləq mənada, dövrünün həyat məsələlərini
əks etdirməklə yanaşı, insanın mənəvi həyatında
baş verən dəyişiklikləri də əks etdirməlidir
ki tamaşaçını maraqlandırsın. Tamaşaçı marağı olmayan yerdə
tamaşa da yoxdur. Bəsti Cəfərovanın
isə yüksək peşəkar səviyyəli aktyor
ifası tamaşaçını heç vaxt biganə qoymur.
İstedadlı aktrisanın rəngarəng
obrazlarının təsviri və təqdimatı- zamanın hərəkət,
səhnə ritmi və dinamikasından kənarda qalmır.
Başqa cür olada bilməz. Söz yox ki, cənətdə ən vacib olan
obrazlı ifadədir. Aktyor ancaq insan psixologiyasını
dərindən bildiyi təqdirdə mükəmməl
obrazlı ifadəyə nail ola bilər.
Bəsti xanım peşəkar
səviyyəli sənətkar olduğu üçün hər
zaman canlı və emosional, rəngarəng xarakter
yaratmağı qarşısına məqsəd qoyur. Müasir
teatrda emosionallıq ağılla, bədiiliklə, məna və
mündəricə ilə sıx bağlıdır. Səhnədə canlı aktyor ifasını birmənalı
şəkildə canlı ifadə vaistələri
müşayiət etməlidir. Aktyorun məqsəd
və idealını əks etdirən dəqiq
tapılmış vurğu və sözaltı məna, onun
sözə olan yaradıcı münasibətindən
asılıdır. Obraz üçün dəqiq
tapılmış ifadə vasitələri sözün təsir
gücünü daha da artırır. Bəsti
xanımın maraqlı, rəngarəng, yüksək
ustalıqla yaratdığı obrazlar dünyası forma və
məzmunca bir-birindən əsaslı surətdə fərqlənir.
İstedadlı aktrisa çox böyük
ustalıqla hər bir obrazın xarici və daxili keyfiyyətlərinin
vəhdətini, dram əsərində tutduğu ictimai
mövqeyini yüksək bacarıqla yaradır. Bu obrazların hər biri dərhal
tamaşaçı qəlbini fəth edən bitkin sənət
nümunələridir.
Vaxtı ilə görkəmli sənətşünas
alim, rejissor və aktyor Mehdi Məmmədov
yaradıcılığına hörmətlə
yanaşdığı Hökümə xanım Qurbanovaya həsr
etdiyi "Onun sənət ulduzu" əsərində
yazırdı: "Sənətlər içərisində
aktyor sənətini qələmə almaq ,
onun yaradıcılığını sözlə, yazı ilə
təfəkkür və ya təsəvvür predmetinə
çevirmək qat-qat çətindir".
Mübaliğəsiz deməliyəm
ki, mən də hər dəfə aktyor
yaradıcılığı haqqında yazmaq istəyəndə,
bu çətinliyi hiss edirəm. Ancaq həmişə
teatr sənətinə olan məhəbbətim mənim
köməyimə çatır.
Mən
çalışacağam ki, bu yazıda istedadadına
çox böyük dəyər verdiyim Bəsti xanım Cəfərova
haqqında düşündüklərimi dəyərli
oxucuların diqqətinə çatdıra bilim.
Əvvəla mən onu tələbəlik
illərindən tanıyıram və yaradıcılığına
hörmətlə yanaşıram. Eyni illərdə, eyni ali məktəbdə, müxtəlif ixtisaslarda
sevimli müəllimlərimizdən ali təhsil
almışıq. Hələ tələbəlik illərindən
mən hiss edirdim ki, Bəsti xanım sənətdə
haçansa öz sözünü deyəcək. Ustad rejissorumuz Tofiq Kazımov gözəl və gənc
tələbə xanımı teatra dəvət edib, səhnədə
sınamaq istədi. Tofiq Kazımovun gənclərlə
bağlı bu sınaq vərdişi, səhnəmizə
saysız-hesabsız istedadlar bəxş etmişdir.
Bəsti xanımın ilk rolu novator rejissor Tofiq
Kazımovun quruluşunda "Quşu uçan budaqlar"
tamaşasında Səltənət obrazı idi. Mənə elə gəlir ki, gənc aktrisa Səltənət
obrazı ilə səhnəyə yeni yaradıcılıq
münasibətləri gətirdi. Obrazlı
ifadə, məna və məntiq dərinliyi həm Səltənət,
həm də xanım aktrisanın zaman-zaman
yaratdığı digər obrazlar üçün də
xarakterik idi. Səltənət obrazı bu
günə qədər yadımdadır. İstedadlı
aktrisa Səltənətin daxili aləmini, hiss, həyəcan
və iztirablarını ən xırda incəliklərinə
qədər, rəssam dəqiqliyi ilə göstərə
bildiyi üçün Tofiq Kazımov onu teatrın aktyor truppasına
qəbul etdi. Sonrakı illərdə Bəsti
xanım daha mürəkkəb obrazlarla
tamaşaçıların görüşünə gəldi
və hər dəfə də onların sevgisini qazandı.
Sabit Rəhmanın
"Əliqulu evlənir"də Nazlı, Anarın "Səhra
yuxuları"nda Luiza Bruk, Bəxtiyar Vahabzadənin "Kimdir
haqlı?"sında Zeynəb və Arzu, Nəbi Xəzrinin "Mirzə
Şəfi"sində Pakizə obrazları Bəsti
xanımın səhnədə ilk kövrək
addımları idi. Bu addımlar kövrək
olsa da inamlı və möhkəm addımlar idi. Müxtəlif obrazların tam fərqli xarakterləri
aktrisa tərəfindən hər dəfə təbii və
inandırıcı tərzdə təqdim olunur. Bu obrazlarla gənc aktrisa həssas insan, yaxşı
müşahidəçi və ən əsası da
istedadlı sənətkar olduğunu sübut edə bildi.
Bəsti xanım gənc olsa da
canlandırdığı obrazları dərindən duyur,
onların daxili aləmini, psixoloji vəziyyətlərini hiss
edib, əsl xarakterik mahiyyətini üzə
çıxarmagı bacarırdı. Qarşıda
isə, onu daha mürəkkəb, daha rəngarəng obrazlar
dünyası gözləyirdi. Artıq
rejissorlar onun istedadını, potensial imkanlarını, səhnədə
başqalaşmaq bacarığını və qeyri-adi
aktyorluq məharətini görürdülər. Tofiq
Kazımovdan sonra Əşrəf Quliyev, Vaqif
İbrahimoğlu, Lütfi Məmmədbəyov, Mehdi Məmmədov,
Ağakişi Kazımov, Mərahim Fərzəlibəyov,
Hüseynağa Atakişiyev və başqaları quruluş
verdikləri klassik və müasir tamaşalarda Bəsti Cəfərovaya
maraqlı, eyni zamanda mürəkkəb və ziddiyyətli
xarakterli obrazlar həvalə etdilər.
1983-cü ildə Mehdi Məmmədov
Hüseyn Cavidin "İblis" əsərinin
tamaşasını hazırlayarkən tərəddüd etmədən
mürəkkəb Xavər obrazını Bəsti xanıma
tapşırdı. Çox maraqlı və baxımlı bir
tamaşa alınmışdı. Aktrisa Xavər
obrazını duyur, onun daxili aləmini, psixoloji vəziyyətlərini
və əsl mahiyyətini üzə çıxarmağı
bacarırdı. Bəsti xanımın
ifasında Xavər ətrafında baş verənləri duysa
da, nə Arifə olan sevgisini, nə də Rənaya olan nifrətini
gizlətmir. Lakin lazım olanda, insanlıq
naminə, Rənaya yardım etməyi də özünə
borc bilir. Bəsti xanım Xavərin
sarsıntılarını, ehtiras və iztirablarını
inandırıcı boyalarla rəsm edir. Xavər
babası İxtiyarla Arifin qarşılaşmağını
istəməsə də , onun əziyyət
çəkməsini də istəmir. Aktrisa
sanki tamaşaçını obrazın mürəkkəb
xarakter dünyasına səyahətə aparır. Səhnədən səhnəyə Cavid
obrazının ziddiyyətli xarakteri
tamaşaçının gözü qarşısında
tamamilə əyaniləşir.
Sonrakı illərdə Bəsti Cəfərova
İlyas Əfəndiyevin "Büllur sarayda"
tamaşasında Lalə, Sabit Rəhmanın
"Nişanlı qız"da Bənövşə, Cahan
Əfruzun "İlham pərisi"də Gülya, Kərim Kərimovun
"Cahargah fantaziyası"nda Nazilə, Əyyub Abbasovun
"Məlikməmməd" də Gülçin
obrazlarına maraqlı səhnə həyatı verdi. Aktrisanın ifa tərzi mürəkkəbliyi və
müxtəlifliyi, yaradıcılıq boyalarının zənginliyi
ilə diqqət çəkir. O, geniş
yaradıcılıq diapazonuna, zəngin ifa tərzinə malik
sənətkarlarımızdandır.
1989-90-cı illərdən
başlayaraq Bəsti xanım İlyas Əfəndiyevin "Dəlilər
və ağıllılar" tamaşasında Azadə
xanım, Şıxəli Qurbanovun "Əcəb işə
düşdük"də Dilarə, Cəlil Məmmədquluzadənin
"Anamın kitabı"nda Gülbahar, Uilyam Şekspirin
"Kral Lir" də Qonereya, İlyas Əfəndiyevin
"Hökmdar və qızı"nda Ağabəyim ağa
obrazlarını çox böyük məharətlə milli
teatr tarixinə həkk etdi. Onun aktyorluq
istedadının parlaq nümayişi hesab olunan obrazları
tamaşaçılar hər zaman maraq və intizarla gözləyirlər.
Bəsti xanım obrazlarının təsviri
zamanı xarici effektlərə, gözəl pozalara uymayıb,
xarakterik məziyyətləri üzə
çıxarmağa, daxili aləmi açmağa,
sözün və hərəkətin qarşılıqlı
vəhdətini tapmağa çalışıb,
inandırıcı ştrixləri əks etdirir. Sənətçi xanım həm müsbət, həm
də mənfi obrazları eyni ustalıqla yaradır. O,
obrazdan-obraza daha artıq təcrübə qazanıb, ifa rəngarəngliyinə
hərəkət-mizan toplusunun kamilliyinə nail olur. Aktrisa həm kiçik, həm də böyük
rolları eyni ustalıqla yaradır. Tanrının
ona bəxş etdiyi istedaddan ustalıqla istifadə edən Bəsti
xanım hər zaman maraqlı, baxımlı və yadda qalan
obrazlar dünyası yaradır. O, teatr aləminə daha
çox faciə və dram aktrisası kimi qədəm qoysa da
komik rolların da mahir ifaçısıdır. Ancaq onun obrazlarını seyr etdikcə, hiss olunur ki,
aktrisa potensial imkanlarına uyğun olaraq, monumental, möhtəşəm
və mürəkkəb obrazlara daha çox meyllidir. O,
məhz bu səpkili obrazlarda daha parlaq ifa nümayiş etdirir.
Onun fərqli xarakterli obrazları
tamaşaçılarda maraq, təəccüb və heyrət
doğurmaya bilmir.
Bəsti xanım Jan Rasinin
"Fedra" tamaşasında çox böyük uğurla
zəngin xarakterli Fedra obrazını təqdim edir. Fedra şah
Teseyin xanımıdır. İppolit
Fedranın ögey oğludur. Fedra öz
ögey oğlunu atəşin məhəbbətlə sevir.
O, bu tamaşada gözəl qadının bədbəxt
taleyini təsvir edir.
Fedra bəxtiqara olsa da, məğrur,
təkəbbürlü və dərin düşüncəli
bir qadındır. Bəsti xanım yüksək peşəkar
səviyyəli aktrisa olaraq Fedra və digər obrazlarda qabarıq
oyun tərzinə, rəngarəng, lakin qatı boyalara,
monumental və baxımlı formalara daha çox
üstünlük verir. Fedranın şahənə
gəlişi ilə sanki hər şey dəyişir.
Obrazın hiss və həyəcanları aktisanın
ifasında tamaşaçılara güclü və
inandırıcı təsir edir. Aktrisanın
oyun tərzində hissin dərinliyi, fikrin əzəməti və
böyüklüyü, iradənin mətinliyi və
ehtirasın səhnə təcəssümü
tamaşaçıları heyrətdə saxlayır.
Tamaşaçı inanır ki, antik dövrün əfsanəvi
Fedrası ancaq belə ola bilər.
Aktrisanın Hüseyn Cavidin "Afət" tamaşasında yaratdığı Afət səhnəyə qədəm basdığı məqamdan sanki tamaşaçını öz ovsun dairəsinə salır. Gözəl, lakin bədbəxt bir xanımın sarsıntıları və iztirabları tamaşaçını biganə qoya bilmir. Bəsti xanım Saqarellinin "Xanuma" tamaşasında yaratdığı baş obrazda da yüksək sənətkarlıq nümayiş etdirir. Bu tamaşa tamamilə Bəsti xanımın üzərində qurulub. Gürcüstanda yaşayan azərbaycanlı qızı yerli adət və ənənələri elə mənimsəyib ki, nəticədə hər kəsin işinə yarayan, yüksək peşəkar səviyyəli vasitəçi səviyyəsinə yüksəlib. Ərə gedən də, evlənən də, boşanan da, hər bir problemi olan da azərbaycanlı Xanıma, gürcü deyilişində isə, Xanumaya müraciət edir. O isə, həm hər kəsin işinə yarayır, həm var-dövlət qazanır, həm də sevdiyi insana qovuşur. Bəsti Cəfərovanın Xanuması deyib-gülən, oynayan-oxuyan, bir sözlə, hamını öz cazibə dairəsində saxlayan baxımlı bir obrazdır. Xanuma tamaşaçının sevə-sevə izlədiyi, rəngarəngliyi ilə diqqət çəkən bir obrazdır.
Bəsti xanım Bertolt Brextin "Kuraj və uşaqları" tamaşasında da yüksək sənətkarlıqla Kuraj obrazını təqdim edir. Obrazın ziddiyyətli və rəngarəng xarakterini üzə çıxaran aktrisa, sanki tamaşaçıları epik teatr yaradıcısı Brext dünyasına aparır. Kuraj bu maraqlı ifada uşaqlarını sevən, lakin qazanc əldə etməyə daha çox üstünlük verən bədbəxt bir qadındır. Kurajın arabası sanki onun özünü, qazanc dünyasını təmsil edir. Bəsti xanım bu obrazla səhnədə Brextin "yadlaşma prinsipi"ni əyaniləşdirir. Bəsti xanımın əsas səhnə obrazları böyük insan təbiətləri, möhtəşəm xarakterlər, yüksək bəşəri ideallar uğrunda mübarizə aparan şəxsiyyətlər təşkil edir.
1978-ci ildən bu günə qədər saysız-hesabsız obrazlar qalereyası yaradaraq tamaşaçıların sevimlisinə çevrilən Bəsti Cəfərovanın əməyi Azərbaycan dövləti tərəfindən yüksək qiymətləndirilib. O, 1989-cu ildə Əməkdar, 1998-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb. Xalq artisti Bəsti Cəfərova Azərbaycan Prezidentinin fərdi təqaüdçüsüdür.
Hal-hazırda Akademik Milli Dram Teatrının aparıcı aktrisası hesab olunan sənətkarımız ömrünün və yaradıcılığının kamil dövrünü yaşayır. Daha neçə-neçə möhtəşəm obrazlar səbirsizliklə onun yolunu gözləyir. Sevimli aktrisamıza - səhnəmizin kraliçasına layiq olduğu yeni və mükəmməl obrazlar arzulayıram.
Aydın AĞAZADƏ
teatrşünas
525-ci qəzet.- 2017.- 8 mart.- S.6.