Milli mənəvi dəyərlərimizin təşəkkülündə müstəsna amil - Azərbaycan qadını

 

Bəşər sivilizasiyasının meydana gəlməsi və inkişaf edərək müasir səviyyəyə çatmasında kişilərin daimi tərəf-müqabili olan qadınların əvəzsiz rolu və xidmətləri danılmazdır. Həmçinin cəmiyyətin inkişafı və yeni nəsillərin tərbiyəsində qadınların rolunu da xüsusi vurğulamaq lazımdır.

Təsadüfi deyil ki, insan cəmiyyətinin inkişafı tarixində ən uzun və keşməkeşli bir dövrü əhatə edən matriarxat erası bəşəriyyət həyatında çox çətin bir mərhələni təşkil etsə də, bugünkü sivilizasiyanın təməlində dayanır.

Səbəbsiz deyil ki, olduqca qədim tarixə və özünəməxsus zəngin mifik-fəlsəfi dünyagörüşünə, folklora malik olan xalqımızın yaradıcılıq nümunələrində ana, qadın obrazı başlıca yeri təşkil edir.

Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan qadınının ötən əsrlərdə yüksək mənəvi-intellektual səviyyəsi ilə ali zirvələrə qalxmasını fəxarət hissi ilə qeyd edərək deyib: "Dünya mədəniyyəti xəzinəsinə nadir incilər bəxş etmiş Azərbaycan xalqının mənəvi dəyərlərinin formalaşması, inkişafı və qorunmasında qadınlarımızın müstəsna rolu olmuşdur. Böyük fitri istedadı, dərin zəkası və möhkəm iradəsi ilə seçilən Azərbaycan qadınları tariximizin bütün dövrlərində səmərəli fəaliyyət göstərərək, dünya mədəniyyət xəzinəsinə öz sanballı töhfələrini vermişlər".

Qadınların cəmiyyətdəki yeri və rolunun digər mühüm göstəricisi onların müxtəlif dövlət vəzifələrini tutmaları və ümumiyyətlə, aktiv əmək fəaliyyəti ilə məşğul olmalarıdır. Qadın aktivliyini nümayiş etdirən ən müxtəlif məqamlar var ki, bu da yerli mentalitet, adət-ənənələr sarıdan özünü ən rəngarəng şəkildə büruzə verir. Azərbaycanda qadın ilk növbədə ailə ocağının qoruyucusu adı ilə xarakterizə olunur. Azərbaycan qadınına milli mənliyimizdə dərin kök salmış ənənələr məxsusdur ki, bu amil özünü tarix boyu göstərib. Nəciblik, xeyirxahlıq, fədakarlıq, mətinlik, qayğıkeşlik, insanpərvərlik - bu keyfiyyətlər Azərbaycan qadınına xas xüsusiyyətlərdir.

Cəmiyyətin bütün incəliklərini zərgər dəqiqliyi ilə təsdiq etmiş ulu öndərimiz Heydər Əliyev qadının rolunu və fəaliyyətini çox yüksək qiymətləndirir və deyirdi: "Qadın bəşərə yaraşıq, zinət, insanlığa şərəf, şan-şöhrətdir. Qadın ucalıq, ülvilik məbədidir, ismət, qeyrət, qüdrət rəmzidir".

Minnətdarlıq hissi ilə qeyd etmək olar ki, ulu öndərimiz respublikamıza rəhbərlik etdiyi illərdə nəinki qadınlarımızın xidmətlərini yüksək qiymətləndirirdi, həm də onların uca zirvələr fəth etmələrinə əlverişli mühit yaradırdı, onları daha məsul vəzifələrə irəli çəkirdi.

Qadın ana olmaqla bərabər, eyni zamanda cəmiyyətin əsas dayaqlarından biridir. Ulu öndər məhz Ana adının və məfhumunun müqəddəsliyini nəzərdə tutaraq bildirib: "Ana ilahi qüvvə, ulu varlıqdır, alilik, aqillik zirvəsidir, yaradan, yaşadan, ərsəyə gətirən, kamala yetirəndi, saf duyğular, zərif hisslər, incə mətləblər timsalıdır". Qadınlarımız bu gün ailənin, ocağın sədaqətli qoruyucularıdır. Azərbaycan qadınının mərd, qeyrətli, ağıllı və mədəni nümunəsi xalqımızın simasıdır. Çünki analar bəşəriyyətin ilk tərbiyəçiləridir. Qadın dünyaya yeni nəsillər gətirir, onu böyüdür və tərbiyə edir.

Tariximizə bir çox parlaq səhifələr yazmış Azərbaycan qadınının milli-mənəvi dəyərlər sistemimizin təşəkkülündə və yaşadılmasında müstəsna rolu vardır. Qadın adını hər bir azərbaycanlı həmişə uca tutmuş, Ana məfhumunu Vətənin təcəssümü saymışdır. Azərbaycan qadınının gözəlliyi, sədaqəti, mərdliyi ana məhəbbətinin ülviliyi xalq yaradıcılığının nümunələrində, görkəmli sənətkarlarımızın əsərlərində dönə-dönə vəsf olunmuşdur. Böyük mədəni irsə malik olan Azərbaycan xalqı qadının ailədə və cəmiyyətdəki roluna daim böyük ehtiramla yanaşmışdır. Hər bir ailədə cəmiyyətə vətəndaş yetişdirilir. Ailə cəmiyyətin içində kiçik bir dövlətdir. Bu gün dünyaya gələn uşağı milli ruhda böyütmək, cəmiyyətə layiqli vətəndaş hazırlamaq baxımından qadınların üzərinə böyük məsuliyyət düşür.

Milli-mənəvi dəyərlərin təbliğində qadınların, ələlxüsus da, anaların üzərinə böyük məsuliyyət düşür. Çünki xalqa məxsus adət-ənənələr, milli dəyərlər qorunmalı, hər bir ailədə dünyaya gələn körpə bu ruhda böyüməli və tərbiyə edilməlidir. Uşaq və gənclərin bütün mənəviyyatı bu istiqamətə köklənməlidir. Qadınlarımız və analarımız bu müqqəddəs amalın məsuliyyətini dərindən və bütün incəlikləri ilə dərk etməli və bir-birlərini maarifləndirməlidirlər. Çünki qloballaşan dünyada müasir mədəniyyətə inteqrasiya olmaq öz milli mədəniyyətimizdən uzaqlaşmaq deyil. Elm və texnikadan faydalanmaqla yanaşı sosial həyatda milli mentaliteti də qorumaq lazımdır. Bu isə ana olan qadınların təbliğatından və inandırma qabiliyyətindən çox asılıdır.

Azərbaycan qadınının keçdiyi tarixi inkişaf yolu qloballaşan dünyadakı çağdaş gender siyasəti ilə başlamır. Biz yuxarıda da tarixə qısa nəzər salaraq gördük ki, Azərbaycan qadını öz iradəsi və mərdliyi, saflığı və sədaqəti ilə cəmiyyətimizin həyatında, xalqımızın milli-mənəvi dəyərlər sisteminin formalaşdırılmasında müstəsna rol oynamışdır. Xalq yaradıcılığı nümunələrində, qədim əfsanə və dastanlarımızda yüksək mənəvi sifətlərlə səciyyələnən gözəl qadın obrazlarının bədii təsviri qadın haqqındakı düşüncələri bizə təqdim edir. Mənəviyyatımızın təməl kitabı olan "Kitabi-Dədə Qorqud"un Burla xatun, Banu Çiçək və başqaları kimi qadın surətləri bu gün də öz məziyyətləri və müsbət keyfiyyətləri ilə bəşəri idealların təntənəsinə xidmət edir. Azərbaycan gerçəkliyi şair və mütəfəkkirlərə qadınları həyat mənbəyi və müdriklik mücəssəməsi kimi vəsf etmək üçün zəngin tarixi material vermişdir. Dahi Nizami öz əsərlərində Şirin, Məhinbanu və Nüşabə kimi qadın hökmdarlar, əfsanəvi Fitnə və Yeddi gözəl, habelə özünün cəsarəti və mərdliyi ilə seçilən və hökmdarı haqq-ədalətə dəvət edən Qarı obrazlarını yaratmışdır ki, bu ölməz obrazlar yüz illər boyunca bir ənənə olaraq ədəbiyyatımızda əvəzedilməz rol oynamışdır. Görkəmli memar Əcəmi Naxçıvani tərəfindən Naxçıvan şəhərində ucaldılmış Möminə xatun türbəsi də əzəmətli memarlıq abidəsi olmaqla yanaşı xalqımızın qadına göstərdiyi ehtiramın parlaq təcəssümü kimi hər bir adamı heyrətdə buraxır. Azərbaycan mədəniyyətinin və elminin inkişafında mühüm mərhələ olan orta əsrlər dövründə Azərbaycan qadınının fəaliyyəti xalqımızın milli-mədəni ənənələrinin qorunub saxlanılması və zənginləşdirilməsinə xidmət etmişdir.

XII əsr poeziyasının görkəmli nümayəndələrindən olan Məhsəti Gəncəvinin şeir məclisləri Azərbaycan qadınının adını uzaq ellərdə tanıtdı. Həmçinin orta əsrlər tariximizdə də yaşayıb-yaradan qadın sənətkarların adları da həmişə hörmətlə yad edilir.

XVIII əsrin sonu XIX əsrin əvvəllərində Füzuli ədəbi məktəbinin davamçılarından, klassik Azərbaycan poeziyasının tanınmış nümayəndələrindən biri də, Kəngərlilər ailəsində dünyaya göz açan həmyerlimiz Heyran xanım idi. O, gənc yaşlarında doğma yurddan ayrılmış ömrünün axırınadək Vətən həsrətli şeirlər yazmışdır. Təmiz, insani məhəbbətin tərənnümü, ayrılıq dərdi, hicran aləmi, vüsal arzusu onun şeirlərinin əsas mövzusu olmuşdur. Böyük sələflərinin yaradıcılıq yolunu davam etdirən Heyran xanım gözəlliyi tərənnüm edir, müasirlərini mənəvi-əxlaqi təmizliyə çağırırdı. Şairənin incə qadın qəlbinin dərinliklərindən süzülüb gələn fikrlərinə görə həqiqi gözəllik ağılla ölçülməlidir. "Gözəlliyin birinci meyarı ağıldır", "Camalı gözəl olanların ağlı, kamalı da gözəl olmalıdır" kimi fəlsəfi düşüncələri bu gündə ibrətamiz səslənir.

Yaradıcılığı XIX əsrin ortalarına təsadüf edən Ehsan xanın qızı Qönçəbəyim də parlaq istedad sahibi olan xanımlarımızdan biridir. Onun ölməz ədəbi nümunələrində sevgi və sədaqət hisslərinin aydın təcəssümü Azərbaycan qadınının parlaq simvolu kimi diqqəti cəlb edir.

Bütövlükdə, XIX əsr Azərbaycanın həyatında qadınların fəallığı və böyük yaradıcılıq uğurları ilə səciyyələnir. Bu mənada Xurşidbanu Natəvanın, Ağa Bəyim ağa Ağabacının, Fatma xanım Kəminənin, Şahnigar xanımın, Qəmərbəyim Şeyda Qarabağinin və başqalarının yaradıcılığı böyük maraq doğurur. Həmin əsrdən Azərbaycanda baş verən siyasi, iqtisadi və mədəni proseslər qadınların maariflənməsi və ictimai həyatda daha fəal iştirak etməsinə güclü təkan verdi. Dünyəvi teatrın, demokratik mətbuatın, anadilli məktəbin, qız məktəblərinin və qadın gimnaziyalarının yaradılması Azərbaycan qadınlarının hərtərəfli inkişafı üçün yeni üfüqlər açdı.

Müasir dövrümüzdəki qadın şairlər də bu gün qədim poeziya ənənələrini davam etdirərək bədii və ədəbi yaradıcılıqları ilə söz dünyamızın ən uca zirvələrini fəth etmişlər. Məhz onların əsərlərinə xas olan bəşərilik, nəciblik, Vətənə sonsuz sədaqət, xalqa fədakar xidmət məktəbi olmuşdur.

Azərbaycan xalq yaradıcılığının digər nümunələrində də qadının adı daim kişi ilə yanaşı çəkilmişdir. Dahi şair Hüseyn Cavid öz yaradıcılığında qadına böyük dəyər vermiş, xalqımızın məfkurəsində onu bir daha bəşəri səviyyəyə qaldırmış, "sürüklənən bəşəriyyət qadınla yüksələcək" deyə qadının cəmiyyətdəki əvəzolunmaz yeri və xidmətlərini bədii şəkildə ehtiva etmişdir. Nizami Gəncəvi, Məhəmməd Füzuli, Hüseyn Cavid, Cəfər Cabbarlı və Azərbaycanın digər yaradıcı şəxslərindən olan Fikrət Əmirov öz əsərlərinin adında (Sevil, Afət, Almaz və s.) qadın adlarından istifadə edərək qadına olan ehtiramı daha parlaq formada izhar etmişlər.

Ümummilli liderimiz Heydər Əliyevin sənətkar və yaradıcı insan kimi yüksək dəyərləndirdiyi Azərbaycan qadını haqqında deyirdi: "Şair və sənətkarlarımıza ilham verən Azərbaycan qadınları ana dilimizi, xalq yaradıcılığının ən gözəl nümunələrini qoruyub saxlamaqla milli mədəniyyətimizin inkişafında misilsiz rol oynamışlar".

Həqiqətən bütün Azərbaycan mədəniyyəti əslində həssas qadın qəlbini, qadın zəkasını və nadir qadın müdrikliyini əks etdirən güzgüdür. Bu gün Azərbaycan qadını öz ağılı, biliyi, istedadı, milli-mənəvi keyfiyyətləri ilə dünya qadınları arasında yüksək yer tutur. İnanırıq ki, qeyrətli Azərbaycan qadınları bu mövqeyi qoruyub saxlayacaq, öz keyfiyyətləri, uğurları ilə dünyanı həmişə heyrətə gətirəcək.

Beynəlxalq Qadınlar Günü münasibətilə bütün qadınlarımızı ürəkdən təbrik edir, onlara cansağlığı, xoşbəxtlik, firavanlıq və ailə səadəti arzulayırıq.

 

Zülfiyyə İSMAYIL

AMEA Naxçıvan Bölməsinin böyük elmi işçisi,

filologiya üzrə fəlsəfə doktoru, dosent

 

525-ci qəzet.- 2017.- 8 mart.- S.6.