ŞƏHİD ANASI GƏLİR

 

(İş yoldaşım Ceyran Axundovanın timsalında bütün şəhid analarına)

 

Oğlu şəhid oldu ki, vətən darda qalmasın,

Anaların çöhrəsi saralmasın, solmasın.

Səhərlərin üstündə zülmət zəfər çalmasın,

Çıraqları yandıraq! - Şəhid anası gəlir,

yolunu nurlandıraq! - Şəhid anası gəlir!

 

Sözündəki ülvilik üzündəki nurdumu,

Qoşa bəyaz hörüklər Arazdımı, Kürdümü,

O öpdüyü başdaşı Kəbədimi, pirdimi,

Gah Tomris libasında, gah Nigar görkəmində

Şəhid anası gəlir!

Təzim edək önündə! - Şəhid anası gəlir!

Bayatılar, ağılar-dodağının boyası,

Göz yaşına yem olub gözlərinin ziyası.

Dərd əlində əsirdir zərifliyi, həyası,

Əynində qara paltar, alnı açıq, üzü

Şəhid anası gəlir,

Baş əyək, qarşılayaq!-Şəhid anası gəlir.

 

AZƏRBAYCAN ƏSGƏRİ

 

(Əbdül Məcid Axundova bütün aprel döyüşləri iştirakçılarına)

 

Boynumuzda qədər sənin haqqı-sayın var,

Boyuna qurban olum! mübarək boyun var.

Qol qaldırıb süzməyə vağzalın var, toyun var,

Mən hər səni görəndə könlümə həvəs gəlir,

Azərbaycan əsgəri.

 

Qoymaz rahat yatmağa köksümdə ürək məni,

Səndən özgə kimim var, əl mənim, ətək sənin.

Qarabağsız səadət nəyimə gərək mənim,

Onsuz dünya gözümə qaranlıq qəfəs gəlir,

Azərbaycan əsgəri.

 

Qarabağın möhtəşəm dağlarına çıx, bala

Yaxasından yapışıb yağıları yıx, bala.

Başladığın bu yürüş qoyma yarımçıq qala,

Sənsən işğalda qalan yurdların xilaskarı,

Azərbaycan əsgəri.

 

Dilimizdə Üzeyirin, Xan əminin bəstəsi,

Biz qələbə təşnəsi, biz qələbə xəstəsi.

Qarabağın himnidir Qarabağ şikəstəsi,

Ağabəyim ağanın ruhu da qəfəsdədir,

Azərbaycan əsgəri.

 

Ərgünəşin, Murovun dərd yolduqca saçını,

Səndən nicat gözləyir, sənə tərəf uçunur

Cəbrayılı,

Qubadlısı, Zəngilanı, Laçını,

Füzulisi, Ağdamı, Şuşası, Kəlbəcəri,

Azərbaycan əsgəri.

 

Ağıları dərdinə məlhəm şəhid anası,

Xiyabanda göyərib bitər şəhid anası...

Dörd tərəfi Kərbəla... Vətən-şəhid anası,

Ay könlümün güvənci, ay dilimin əzbəri,

Azərbaycan əsgəri.

 

Bağlar necə sınıxıb , dağlar necə qocalıb,

Əsir düşüb Qarabağ, şəhid olub Xocalı.

Sənin əllərindədir qələbənin açarı,

Heyratı”dır, “Cəngi”dir hər yürüşün, zəfərin,

Azərbaycan əsgəri.

 

Hər Şəhidin məzarı qaladır burda, qala,

Analar istəyər ki, daş olub burda qala...

 Bizim qisasımızı qoymayın yerdə qala

 Şəhid məzarlarından qulağıma səs gəlir,

Azərbaycan əsgəri , Azərbaycan əsgəri!

 

                        ***

 

Bütün vücudunla yurda bağlısan,

Basılmaz ordumsan, alınmaz qalam.

Sən indi Vətənin əsgər oğlusan,

Sən elə mənim balamsan, balam!

 

ƏSGƏR ATASININ MƏKTUBU

 

Gözüm yığışmayıb yollardan hələ,

Əllərim uzanıb Vətənə sarı.

Bütün əsgərlərə, komandirlərə

Oxu bu məktubda yazılanları.

 

Tez- tez evdən ötrü qəlbi darıxan,

Təzə əsgərlərin önündə oxu.

Yuvası dağılan, yurdu dağılan

Əsgər atasının məktubudur bu.

 

Ürəyim çırpınmaz, nəbzim döyünməz,

M ənim sizin kimi arxam olmasa.

Kiçik bir zəfər üzümə gülməz

Böyük qələbəyə inam olmasa!

 

İnamla danışıb dinsin hər əsgər,

Yurdumuz bürünsün toy libasına.

Əsgər paltarını geyinməyənlər

Çox da tələsməsin bəy libasına.

 

Ölmərəm, gözlərəm o günü, qardaş-

Bayrağım Şuşaya sancılan günü.

Bu bağlı yolların düyünü, qardaş,

Atəş xətlərində açılan günü.

 

Sözüm isitməsə soyuq səngəri,

Könlüm perik düşər öz yuvasından.

Vətəni işğalda olan əsgərin

Marşı gözəl olar bəy havasından.

 

Bu vətən eşqinə, bu yurd eşqinə,

Qələbə çalmağı öyrət oğluma.

Şahintək şığıyıb düşmən üstünə

İntiqam almağı öyrət oğluma.

 

Sevməyi öyrət əsgər balama,

Yurd üçün canından keçər sevənlər.

Zirvədə bir şahin göstər balama

Görsün ki, vətəni necə sevərlər.

 

Ona səxavəti mən öyrətmişəm,

Əzmi, cəsarəti sən öyrədərsən.

Dosta sədaqəti mən öyrətmişəm,

Düşmənə nifrəti sən öyrədərsən!

 

ƏSGƏR ATASIYAM

 

Ulu yaradandan imdad istərəm,

Əsən küləklərdən qanad istərəm.

Bir ocaq istərəm, bir od istərəm,

Könlüm isinəsi, əlim yatası

Əsgər atasıyam, əsgər atası.

 

Dizinin xətası dizimə gəlsin,

Gözünün qadası gözümə gəlsin.

Gəlirsə qoy mənim özümə gəlsin.

Çovğunun, boranın, qarın xətası.

Əsgər atasıyam, əsgər atası.

 

Bir ana qəfildən bitdi yanımda,

O da özü boyda dərddi yanımda.

Poçtalyon fikirli ötdü yanımdan,

Üzümə gülmədi meşin çantası,

Əsgər atasıyam, əsgər atası.

 

Güllərdən bir çələng hörüm göndərim,

Yanından gələn var görüm, göndərim.

Bütün çiçəklərdən dərim, göndərim,

Hər gülün öz ətri, çətri, butası

Əsgər atasıyam, əsgər atası.

Ay oğul, mən sizdən hünər gözlərəm,

Qələbə gözlərəm, zəfər gözlərəm,

Hər günXəbərlər”dən xəbər gözlərəm,

Mənə yetişəsi, mənə çatası

Əsgər atasıyam, əsgər atası.

 

İgid səngərləri od-ocaq yerim,

Şəhid məzarları yatacaq yerim.

Sənsən ümid yerim, tutacaq yerim,

Ey yaylım atəşi, zəfər sədası,

Əsgər atasıyam, əsgər atası.

 

ŞƏHİDLƏR XİYABANI

 

Yurdun yaralarına bağlanan tənzifdirmi

 Şəhidlər Xiyabanı?

Oxunan dastandırmı, varaqlanan mifdirmi,

Segah”ındaDəraməd”, “Şur”unda təsnifdirmi

Şəhidlər Xiyabanı?

Hər baş daşı, hər məzar

Cinas sözlərə bənzər

Vətənin yaddaşında saxlanan təcnisdirmi

Şəhidlər Xiyabanı?!

 

YOLUM - MƏMMƏD ARAZ YOLU

 

Mənim yolum söz yoludur,

Yolum- Məmməd Araz yolu,

Sağım Məmməd Araz yolu,

Solum Məmməd Araz yolu.

 

Eşitdikcə sədanızı

Əl isinir, ürək qızır.

Gəlin sizin qadanızı

Alım Məmməd Araz yolu.

 

Ovucumu deşib qalan,

Cibimdə ilişib qalan,

Sağ yanıma düşüb qalan

Qolum Məmməd Araz yolu.

 

Günahımı əfv eyləyin,

Ya da əzin, məhv eyləyin.

Yol üstündə dəfn eyləyin,

Olum Məmməd Araz yolu,

Gedin Məmməd Araz yolu,

Gəlin Məmməd Araz yolu.

 

GEDİN

 

Bütün dərdinizlə, kədərinizlə

Gəlin, ürəyimi dağlayın, gedin.

Yazın ortaları sellər sayağı

Coşun, çalxalanın, çağlayın, gedin.

 

Görcək qanadlanıb uçum təzədən,

Göyçək boynunuzu qucum təzədən.

Gəlin, gözlərimi açın təzədən,

Gəlin gözlərimi bağlayın, gedin.

 

Döyüşə girmişəm yalın əlimlə,

Əlimdən çıxmayın, qalın əlimdə.

Mənim nəyim varsa alın əlimdən,

Bir azca mənə saxlayın, gedin.

 

Soruşun: Ay Əşrəf, var, yoxdur,

Dünyanın dilində deyim -“yoxdur.

Qışda çox istidir, yayda soyuqdur,

Gəlin əhvalımı yoxlayın, gedin.

 

Gəlin sazlı-sözlü bir yaz keçirək,

Niyə aralıqdan Araz keçirək.

Ya da ki yığışıb iclas keçirək,

Siz eynək altdan yuxlayın, gedin.

 

Orda bir quş qonar hasarım üstə,

ÖtərÇahargah”daHisar”ın üstə...

Gəlin bircə kərə məzarım üstə,

Gəlin, özünüzü ağlayın, gedin.

 

Əşrəf VEYSƏLLİ

 

525-ci qəzet.- 2017.- 4 mart.- S. 23.