Yetkinlik yaşı

 

Dəyərli ziyalı Səfər Məlikovun 70 yaşına

 

Ata, ana, qardaş, bacı, övlad...bunlar öz yerində...

Hərdən elə olur ki, uşaqlıq dostu, az qala insanın alın yazısına şərik çıxır; elə hey əlini  sürtüb ömür yolunda yer tutan o  sadiq  cizgini alnından pozmaq istəyirsən, pozulmur, köçəri yaddaşını küləklərə qoşub uçurdursan, o yenə də qeyb olub gözdən itmir.

 Amma tutalım, əlli yaşdaykən qəflətən hansısa bir insana ürcah olanda, baxıb  görürsən  ki, heç demə, o sənin uşaqlıq dostundu, onunla nəinki bir obada, həm də eyni məhlədə, eyni həyətdə böyümüsən və elə onunla bahəm boy atıb adam olmusan!

Yaşca məndən böyük, yaxud cavan olan çoxlu insanlar var.  Onlara uşaqlıqda yox, sonradan qovuşmuşam.

Həyat mürəkkəbdir, dostluğun miqyasını ölçməkdə  acizəm. Çünki bu dəyərləndirmə birtərəflidir, nə bilim, dost sandığım məni dost sanır, ya yox?..

Bir şəxs var, daha doğrusu şəxsiyyət!

Təqribən 15 ildir ki, birgəyik. O mənim böyük dostumdur. Halbuki, 1947-ci ildə Azərbaycanın qızıl kəsimində, Ağcabədidə doğulan, universitet bitirən, uzun illər ciddi dövlət vəzifələrində çalışan Səfər müəllimi 2002-ci ilə qədər nə görmüş, nə də tanımışam. Amma müddətin qısalığına baxmayaraq mən onu bütün dostlarımdan fərqləndirir və ona həqiqi dost deyirəm! Baxmayaraq ki, qamətlidi, baxmayaraq ki, işıqlı üzü var, bütün bunlarla yanaşı, məncə o heç vaxt gənc olmayıb...  Müdriklik də fitrətən verilir, o, yaşa baxmır. Atalar gözəl deyib, ağıl yaşda olmur, başda olur.  Müqəddəs Novruz ayımızın ikinci günündə Səfər müəllimin 70 yaşı tamamlandı, amma nədənsə mənə elə gəlir ki, o həm də  heç zaman qoca  olmayıb və heç qocalmayacaq da...

İl hesabı ilə məndən 8 yaş böyükdü, dəfələrlə olub, Allah xeyir qismət eləsin, məclislərdə qoşa durmuşuq, hamı gəlib birinci mənimlə görüşüb, yəni zahiri görünüşə görə elə biliblər ki, mən ondan yaşlıyam. Bu nə deməkdir? Bu o deməkdir ki, dostumun qəlbi cavandır. Və üz qəlbin aynasıdır. Əlbəttə, həmişə belə alınmır. Bəzən nataraz simalı bir kişi sinəsində qızıl ürək gəzdirir, bəzən də əksinə. Səfər müəllim nə birincidir, nə ikinci. Özüdür -təpərli ürəyi şax qamətini,şax qaməti yumşaq ürəyini tamamlayır...

Namuslu həyat, halal çörək Səfər müəllimə atası Əmiraslandan qalan ən etibarlı təknədir (ruzu yığılan qab). Günün bu günündə Əmiraslan Turaloğlu onun bir yaşlı nəvəsinin adıdır.  Ağcabədidəki yığcam rayon evinin iki ən böyük otağını o tutur, çox vaxt nəvə Əmiraslan heç həmin o iki otağa  yerləşmir, yerdə qalan üçüncü otağı, dəhlizi, mətbəxi də zəbt edir.

Mənə elə gəlir Elmira xanımdan (Səfər müəllimin həyat yoldaşı, Ağcabədidə barmaqla sayılan ən mükəmməl müəllimdən biri) soruşulsa, Səfər müəllimin ixtisası nədir, yəqin ki, belə deyəcək, zəhmətkeş işçi. Səbəb sadədir. Səfər müəllim gənclik yaşından məsul vəzifələrdə çalışıb. Kolxoz sədri, o vaxtkı İcraiyyə Komitəsinin katibi, Rayon Partiya Komitəsinin təlimatçısı, İcra Hakimiyyətinin şöbə müdiri, Gənclər və idman idarəsinin rəisi... Vəzifənin mərtəbəsinə baxmayaraq mənim dostum hər zaman işinin və el-obasına xidmətin fəhləsi olub.

Xatırlayıram, yaydır, onun həyətindəki iri gövdəli, şax-şəvəlli armud ağacının kölgəsində, taxtça üstündə əyləşib çay içirik. Muğamatdan danışırıq. O, dahi Üzeyir bəyin milli musiqimizdə elədiyi mədəniyyət inqilabını özünəməxsus, həm də məni heyrətləndirən bir baxış nöqtəsindən yozur, iki-üç əlaməti qabartmaqla Zülfü Adıgözəlovun, Yaqub Məmmədovun muğam aləmindəki bənzərsiz izlərini anladır.

O, Qarabağı, Ağcabədini canı, qanı qədər sevir. Üzləşdiyimiz ədalətsiz savaşa, torpaq, əsgər itkisinə laqeyd qala bilmir, bəzən gözlərindən yaş axır.

 Belə həyəcanlı söhbətlərin birində o mənə dedi ki, Qarabağı - içini dərd alan yurdumuzu nə ATƏT, nə BMT - Azərbaycan xalqının bir-birinə olan sevgisi xilas edəcək!

Bunu da o deyib: Bütün, xidmətlərdən üstün olan tək bir xidmət var -  Vətənə xidmət! Bu tək olan Allaha xidmətə bərabərdir!

Səfər müəllimin böyük din alimlərinə istinadən müqəddəs kitabımız Qurani-Kərimi öz fəhmi ilə təfsir etməsi dinləyəni heyrətə salır.Bu zaman onun pilə kimi yumşaq və təsirli nitqi olduqca canlı və görünən olur.

 Müasir gənclik, xalqın min illərdən bəri yaşatdığı adətlər, ənənələr, Azərbaycanın inkişafının uğurları və həllini gözləyən problemlər barədə əziz dostumun bilgisi və bütün bunları ifadə etmək potensialı həqiqətən də heyrətamizdir.

Səfər müəllim dünya, Şərq, eləcə də Azərbaycan ədəbiyyatını gənclik illərindən bu günə qədər,sözün həqiqi mənasında, yorulmadan oxuyur. Hətta  indiki yaşına görə gözlərinin tez yorulmağına baxmayaraq elə hey oxuyur. Bəlkə özünün yadından çıxıb, səhv etmirəmsə, bu sözü də ondan eşitmişəm: həyat kitabdı, insan oxucu. Yeri gəlmişkən, dostumun babat kitabxanası var. Necə olmalıdır, Azərbaycan Dövlət Universitetinin  Kitabxanaçılıq fakültəsinin yetirməsidir və həmişə müşahidə edirəm ki, o bitirdiyi “kasıb-kusub uşaqlarının” fakültəsi ilə indinin indisində də fəxr edir.

Ali Partiya Məktəbində birgə oxuduğu insanları - hansı ki, yaşı 70-i ötən o ziyalıları Azərbaycanda tanımayan yoxdur, hər biri olduqca ciddi, məsul vəzifələrə yüksəlib, xalqa xidmət göstəriblər - Səfər müəllim bax onları xatırlamaqdan, onların keçib gəldikləri ömür yolunu övladlarına, ərki çatan cavanlara, Ağcabədi gənclərinə nümunə göstərməkdən yorulmur.

 Lap düzü, tanıdı-tanımadı, ləyaqətli insanlarla fəxr etmək onun xasiyyətinin tərkib hissəsidir.

Görəsən doğma Ağcabədidə, ümumən ölkəmizdə (çünki onun təmas dairəsi bölgə miqyasından xeyli genişdir) kimsə ondan inciyibmi, o kiminsə qəlbinə dəyibmi? Dost mənimdi, bilirəm,bu mümkün ola bilməz.

 Səfər Məlikov... ziyalı, ictimai xadim, vicdanlı dövlət adamı... bu halal etiketlərin hər birinin onun adının əvvəlində, yaxud  sonunda yer almasını  dərhal təsdiqləyirəm.  Ağcabədi şəhərinə, bu koloritli şəhərin mərkəzi meydanına xüsusi məzmun verən Muğam mərkəzinə, rayon sakinlərinin əli ilə yaradılan Heydər Əliyev parkına, Ulu Öndərin adını daşıyan muzeyə, Həmidə xanımın ev muzeyinə və bu torpağın digər tarixi məkanlarına məni o aparıb. Mənə  Ağcabədi yurdunu  tanıdan ilk şəxs məhz odur. Və harda görüşmüşük, hara getmişiksə, bütün hallarda yol yoldaşımız xalqımızın tarixi taleyi, millətin keçib gəldiyi çətin yol barədə ibrətamiz hadisələr, qüdrətli şəxsiyyətlərin həyat ibrətləri haqqında söhbətlər olub. Səfər müəllim müxtəlif inanclardakı dini hədislər və Qurani-Kərim kəlmələri ilə müasir dövrün  təmas və qovuşma məqamlarını təhlil etməyi bacaran bir şəxsiyyət olaraq da  seçkin təhlilçidir.

Bir də yumor...

Səfər müəllimin sinəsi mənalı gülüş işartıları ilə doludur. O, həqiqətən də xalq içində yetişən yumor ustasıdır. Əgər Səfər müəllim bir qədər həmkarına tərəf əyilib, xısın-xısın nəsə pıçıldayırsa, bir neçə saniyədən sonra üzləri təbəssüm işığı bürüyəcək, emosiyasını cilovlamağı bacarmayanlar şaqqanaq çəkib güləcəklər.

...Səfər müəllim Ağcabədi yetirməsi, istedadlı nasir İsi Məlikzadənin yaradıcılığını yüksək dəyərləndirir, onunla şəxsən tanış imiş. Hərdən gözəl bir lətifə danışıb məni ürəkdən güldürəndə deyir:

- Bu elə belədi e, şair, əsl lətifəni İsi müəllim deyirdi, demirdi e, elə səninlə söhbət əsnasında lətifə yaradırdı. Onun rəhmətlik atası da baməzə adam idi. Allahın köməyi ilə keçib gedən illər, olmuşlar barədə bir kitab başlamışam. Bunların hamısını bircə-bircə yazacağam...

70 yaş... Yetkinlik yaşı. Müdriklik səviyyəsi. Səfər müəllim həmişə xalqımızın milli ruhunu uca tutaraq, öz dövlətinə, xüsusilə Heydər Əliyev irsinə ehtiram bəsləyərək, daim mütaliə, müşahidə nəticəsində idrakını çağdaş zamanla tarazlaşdırıb, dəyərli bir həyat kitabına, ömür salnaməsinə imza atıb. Çoxlu təltifləri var, hansısa medallara layiq görülüb. Amma tərifi sevmir. Bəlkə də bu yazıya görə də o mənə irad tutacaq. Olsun, necə reaksiya doğurmasına baxmayaraq haqq sözü söyləmək gərəkdir. Əslində onun böyük mükafatı, tərifi özünün yaratdığı tərcümeyi-halıdır. O tərcümeyi-hal ki, orada onun ömür gün-yoldaşı, bütün həyatını milli təhsilə və dəyərli övladlar böyütməyə həsr edən Elmira xanım var. O tərcümeyi-hal ki, orada üç əsgər oğul sıraya düzülüb. Sərhəd Qoşunlarının zabiti, polkovnik Vüqar Məlikov, Milli Ordunun zabiti, polkovnik Rəşad Məlikov, Daxili İşlər orqanlarının zabiti, kapitan Tural Məlikov... İndi o, yəni mənim dostum, dəyərli övladlarının timsalında vətənə xidmət göstərir.

Səfər Məlikov səkkiz nəvənin babasıdır...

Nəvə Nizgan anasının, nəvə Əmiraslan atasının adını yaşadır. Nəvə Səfər, nəvə Elmira eyni adın təkrarən dünyaya gəlib baba, nənə ömrünü uzatdığını təsdiqləyir.Nəvələrin komandanı Nəzrinin, bülbül kimi cəh-cəhdən yorulmayan Aylinin, ağıllı nəvə Davudun missiyalarını gələcək göstərəcək...

Və sonda Səfər müəllim, nəvələrindən birinə də mənim adımı qoyub, Vaqif! Haqqı var. Çünki biz möhkəm dostuq!

Və lap sonda, heç olmasa yetmiş ildə bir dəfə həyatın mənasını yurda  xidmətdə görən təmənnasız insanlara nəzər salaq. Onlar xalqın qızıl fondudur!

 

Vaqif BƏHMƏNLİ

 

525-ci qəzet.- 2017.- 4 mart.- S. 19.