Yuxuya gedib gecə
povestdən parça
Hop-hop quşunun nəğməsi
Həbib yatağına
uzanıb gözlərini yummuşdu. Özünü yuxuya
vermək üçün dildən-ağızdan
eşidib-bildiyi nələr vardısa, hamısını
bir-bir yadına salıb ağlına gətirir, hətta bir
vaxtlar yeniyetməlik çağlarında kəndlərində
həyət-həyət gördüyü təndirləri də
xatırlayır, o təndirlərdə bişən isti pencəkəş
çörəyin tamını da duyurdu.
Görünür,
elə o zaman təndirlərdə bişən çörəyin
xoş ətrini duyduğundan idi ki, beyni azacıq da olsa durulub
toxtamışdı, ani “huş” aparmışdı onu...
***
Sanki yuxudaydı. Və qəribədi
ki, yuxuda gördükləri elə bir gün əvvəl
düşündükləriylə eyniydi. Çoxu da lap açıq, ap-aydın.
***
... Nədənsə
heç sevmədiyi, ancaq çoxdan bəri
tanıdığı bir zalım oğlu zalımın evinə
qonaq düşmüşdü. Yuxusunda bu ev
sahibi aşkarda gördüyündən daha gümrah idi, həm
də səliqə-səhmanlı geyinmişdi. Özü də
qəribədi ki, əvvəllər zəndeyi-zəhləsi
gedən bu adamla indi yanaşı qoyulmuş qoltuqlarda əyləşib
şirin-şirin söhbətləşirdi...
Oturduqları otaqla üzbəüz
mətbəxdə yemək bişirirdilər. Hələ
ki, onlara yalnız xoş qoxusu çatan, o qazandakı
pıqhapıqla qaynayan təamın hasilə gəlməsini
iştahla gözləyirdilər. Deyəsən,
onun özünün də, bəlkə elə həmsöhbətinin
də xörəyin hazır olmasını gözləməyə
daha səbrləri çatmadı. Yemək
ortaya gələnəcən dözməyib həyətə
çıxdılar, ora-bura gəzişdilər, gəzişə-gəzişə
ordan-burdan danışdılar.
Açığı bayaqdan
bəri ürəyindən keçsə də, xörəyin
iyi vursa da, nədənsə təzədən evə
dönüb, yemək istəmədi. İştahı tamam
qaçmışdı. Qəfildən ev
sahibinə tərəf çevrilib:
- Sağ olun, daha gecdi, qoyun
çıxım gedim, - dedi və cavab gözləmədən
yerindən tərpəndi. Minib gəldiyi səmənd
atını həyətdə çəpərin dirəyinə
bağlamışdı. Ev sahibinin qonaqpərvərliyinin
fərqinə varmadan (deyəsən- heç ev
yiyəsi də “əşi, qal, bir tikə loxma kəsək”,
- deyə təkid eləyənə oxşamırdı) yeriyib
atının yüyənini dirəkdən açdı.
Atın yüyənini çəkdi, sağ ayağını
yerdən üzüb üzəngiyə taxdı, yəhərin
üstünə qalxmaq istəyirdi ki, ev
sahibinin arvadı qəfildən qapının ağzında
görünüb:
- Mən də işə gedirəm,
- dedi, - sizin də yolunuz elə o tərəfdən
keçir, bəlkə məni də tərkinizə alıb
götürəsiniz...
Sonra da qonağın nə
deyəcəyini gözləmədi, nazü-qəmzə ilə
ona tərəf addımladı.
Tərəddüd elədi. Atının
belində, tərkində yad bir qadını görənlər
haqqında nə düşünərlər, onu qınağa
çəkməzlərmi? Qəfil bir qərara
gəlməli idi. Zənən
xeylağının istəyini yerə salmaq bəyəm ər
kişiyə yaraşan işdi?
Özlüyündə beləcə
götür-qoydaydı. Nə isə, nəhayət, təkid edən
qadını yəhərdə oturdar, özümsə yedəyimdə
çəkib apararam, - deyə bir qərara gəlmişdi ki,
kilid kimi gicgahlarında düşüb qalan nərilti səsinə
qəfildən ayılıb yerindən dik qalxdı.
...Yatağının içində
oturdu. Demə, yuxu görürmüş... Yuxudan
ayılandan sonra da o tükürpədən nəriltini vecinə
almamağa, qulaqlarından çıxarıb atmağa
çalışır, bir yandan da geyinib, bəzənib-düzənib
atının tərkinə minmək üçün ona
sarı gələn qadının çöhrəsini zehnindən,
düşüncəsindən uzaqlaşdıra bilmirdi.
Tezcənə də özünə təsəlli verirdi ki, hə,
nə yaxşı, bu gördükləri yuxu imiş... Yoxsa
özü piyada qalıb xoşu gəlməyən birisinin
xanımını tərkinə alıb atına süvar edəcəkdi...
***
O nərilti hardan gəlirdi, kimin nəriltisi
idi, gicgahlarını ovuşdurub düşünməyə
başladı.
...Vahid, hə, Vahid, boğazı
sanki gavahınla deşilən o yekə gövdəli bor-bor səsli
adamı unutmamışdı, yaxşı
xatırlayırdı. Elə bil dünən
baş vermişdi.
...Öz başına gələnlərdəndi...Təkləndiyi,
özüylə iç-içə, baş-başa, dil-dilə,
qulaq-qulağa, lal-dinməz, kar, kor qaldığı vaxtlar
idi...
***
... Gözü dörd
olmuşdu. Gah çiyni üstən
sağına çevrilir, gah da soluna zənd yetirir, ora-bura
baxa-baxa döyükürdü. Ara-sıra
kənardan ona gözucu nəzər yetirənlərlə də
kəlmə kəsmirdi. Könlündən
kimisə dindirmək, həmsöhbət olmaq keçsə də,
sanki danışmağa ürək eləmir,
sıxılırdı. Deyəsən, ətrafa
göz dolandırıb beləcə baxmaqdan bezikdi. Axır ki, bayaqdan bəri dayanıb durduğu yerdən
asta addımlarla tərpənib uzaqlaşdı. Əslində getdiyi yolla addımlamırdı,
ayaqlarını sürüyür, elə bil yolun “tozunu
silirdi”.
Uzun dəhlizi ötüb
dördmərtəbəli binanın ikinci qatındakı pilləkənin
başına çatmış, indi də məhəccərə
söykənib durmuşdu. Bir hovur nəfəsini
dərəndən sonra elə beləcə, yavaş-yavaş
pillələri enib həyətə düşəcəkdi.
Həyət içəriyə nisbətən, əlbəttə,
xeyli mübah idi. Gəzib-dolaşan da,
ötüb keçənlər də çox olurdu. Adamların əhatəsində
sıxıntısı bəlkə də keçib gedəcək,
fikri dağılacaqdı.
...Birdən aşağıdan kiminsə
bağırdığını eşitdi. Dinşək
kəsildi və səs yiyəsini tanıdı. Elə iki gün əvvəl burada, həyətdə
axşam gəzintisi zamanı rastlaşdığı Vahidin səsiydi.
O böyür- başında əl uşaqları kimi hərlənib-dolaşan
yoldaşlarından birini - “Səfər, hey” - deyib
haraylayır, - ədə, nə oldu mənim əşyalarım
yığılan o çanta, harda qaldın, gətirib
çıxarsana? - deyə nərildəyirdi.
Onun özünü də
qaldığı yerdə diksindirən, heç də xoş
olmayan bu bağırtıdan yəqin ki, yol ötüb
keçənlər, yatıb dincələnlər də
çox narahat olmuşdular.
Səfər deyilən gəlib
çıxanacan kişi pillələri
yavaş-yavaş enib alt qatdakı meydançada, pilləkənləri
“sındırıb” yarılayan nəfəsliyin, kiçik
meydançanın başına gəlib çatdı. O
kiçik meydançanın başı üstündəki
divarın içində, qəfəsdə,
barmaqlıqların arxasında -bülbüldən tutmuş
cüllütəcən xeyli canlı quş sərgilənirdi.
Bu istirahət evində dincələnlərin çoxu, lap elə
onun özü kimi qoldan-qıçdan
yarımçıqları da bəlkə daha çox elə
o quşları görüb seyr etmək, nəğmələrinə,
civiltilərinə qulaq asmaq üçün əziyyətə
qatlaşıb o pillələri sürünə-sürünə
olsa da çıxır, yuxarı mərtəbələrə
qalxan yolun ortasındakı bu pilləkənlər arası
meydançada, divardakı qəfəsin önündə
kimisi az, kimisi çox dayanıb-durub nəfəslərini dərir,
quşların həzin nəğməsini qulaqları doyanacan
dinləyir, sonra da asta addımlarla (sanki ayaq səsləri
quşları narahat edəcəkmiş) yollarına davam
edirdilər.
Kişi Vahidin durduğu yerə
çatmışdı. Elə o Səfər deyilən də gəlib
yetişmişdi, əlində də özü
hündürlükdə iri bir zənbil.
...Ötənlərdə Vahidi bulaqda
su dolu stəkanı başına çəkib boşqabı
kənarda duran yoldaşlarından birinə saymazyana uzadıb
hökmlə:
- Al apar, yerinə qoy, - deyə
üstünə çımxırdığını da
görmüşdü.
O şəxs də qaçaraq
özünü yetirib stəkanı Vahidin göydən
asılı qalmış əlindən alaraq əlbəəl
sinəsinə sıxmış, sonra da səssizcə
keçib bir kənarda əmrəmüntəzir, dimdik
dayanmışdı.
Kişi onda
öz-özünə “zəhrimara qalsın belə
çörək” deyib köks ötürmüşdü.
Qoca həm də
düşünmüşdü ki, yəqin bu adam,
bu Vahid deyilən heç vaxt əyilmir. Səsini qısıb
danışması isə heç ağla-gümana
sığası iş deyil. Nədənsə o
anda ağlına içi kövül yekə palıd
ağacı gəldi. Kənarlarındakı
kilkəli vələs, uruq ağaclarının, əzgil
kollarının əhatəsindəki, bir gün sərt
rüzgara dözməyib şaqqıltıyla
yıxılıb ətrafındakı o miskin kolu-kosu da
basıb əzib puça çıxaran kövül
palıd. İndi özlüyündə
düşündü ki, hə, Vahidin də
bağırtısı, bax, o yerə dəyəndə
şaqqıldayıb parçalanan, içi boş
ağacın sədasına oxşayır.
Kişi Səfəri
tanımışdı. Bu, Vahidin su içdiyi stəkanı göydə
qapıb sinəsinə sıxan adam idi. İndi də nəfəscik deyilən bu kiçik
meydançanı əlindəki zənbiliylə tən
yarıyacan tutub farağat dayanmışdı. Sanki sahibinin növbəti
qısqırığını gözləyirdi. Elə bir vəziyyətdə idi ki, arxadan hara desən
sıçrayıb tullanmağa hazır idi.
Kişi indi onu da
xatırlayırdı ki, elə neçə gün əvvəl
aynadan baxdığı yerdən bu Səfər deyə
çağırılanı həyətdə zil qara rəngdə
yekə bir maşının sükanı arxasından enən
görmüşdü. Maşının da qabağında iri
metal hərflərlə, zənni onu aldatmırsa, deyəsən
“HAMBAL” yazılmışdı. Kişi indi ona məəttəlçiliklə
baxır və acı-acı düşünürdü ki,
döşünə boş stəkan sıxıb zənbil
daşıyan bu adam üstündə
“hambal” yazılan o yekə maşını nə “zülmlə”
qazanıb.
Kişi ətrafa baxdı, elə həmin
anda da Vahidin sağ tərəfində duran yaşlı bir
qadının üz-gözünü büzüşdürə-büzüşdürə
heyrətdən gözlərini bərəldib,
qulaqlarını da iki əlli qapayaraq: -Siz Allah, belə
bağırmayın da, nə olar, - deyə az
qala ona yalvardığını eşitdi.
Vahid isə qadının üzünə
qəzəb qarışıq dirənişlə baxaraq:
- Kaftar qarıya bax e, nədi, olmaya səsimi
alacaqsan! -deyə amiranə tərzdə hirs-hikkə
ilə, bağıra-bağıra nərildəyirdi.
Bu özünübilməz
indi də anası yaşında ağbirçək qadına
“kaftar” deyirdi.
Axmaq, buqələmun, velmoj. Kişi
belə naqislərin ünvanına söylənilən
eşitdiyi-bildiyi, yadında qalan nə ki pis sözlər
vardısa, hamısını sicilləmə sıralayıb
onu yamanlaya-yamanlaya (əlbəttə ki, ürəyində)
Vahidə ikrah hissi ilə baxa-baxa salamsız-kəlamsız
yanından ötüb yaşlı qadına
yaxınlaşdı. Səsinin ahənginə
bacardığı qədər mülayim, məlhəm ahəng
qatıb mehribanlıqla:
-Gəl
gedək, bacı, gəl gedək, çıxaq həyətə,
bu “pis” havadan uzaqlaşaq, bir hovur nəfəsimizi dərək,
-deyə nəzakətlə onun qolundan yapışıb elə
əvvəlki yerişiylə, yavaş-yavaş yoluna davam edib
pillələri enməyə başladı.
***
Meydançanın
üstündə divardakı qəfəslikdə
barmaqlıqlar arasındakı quşların da daha səsi gəlmirdi,
ora-bura vurnuxur, heç civildəşmirdilər də. Bəlkə də
“kaftar” deyə təhqir edilmiş ağbirçək
qadının halına yanıb utandıqlarından susur, ya da
kölgə kimi dayanmış bu yekəpər adamın,
Vahidin bağırtısından qorxub-ürkür,
duruşundan xoflanır, çıxıb getməsini gözləyirdilər.
***
Yadına Hop-hop quşunun nəğməsi
ilə bağlı bir əhvalat düşdü.
Bir Hop-hop quşu
varmış.
Onu heç yerdə görmək mümkün
deyilmiş. Amma hara gedirsən get,
onun səsini eşidib, hardasa yaxınlığında, lap eləcə
bir addımlığında olduğunu zənn edərsənmiş...
O Hop-hop quşu onu sevən
insanların ürəyində, baxışlarında,
düşüncələrində yaşayarmış. Təbiətin ən gözəl, ən füsunkar
guşəsində onun səsini eşitmək
mümkünmüş. Dənizin sahilində
olanda dəli və coşqun dalğaların ağuşunda,
meşədə olarkən gizli-gizli öpüşən qovaq
yarpaqlarının pıçıltısında, dağ
başındasa sərin mehlərdən, kəhrəba küləklərdən
alarmışlar Hop-hop quşunun nəfəsini.
Səsin batıncaya qədər
hayqırıb özünü əldən salandan sonra dizlərini
qucaqlayıb için-için ağlayarsanmış o
quşun yanıqlı nəğməsinə. Ancaq onu
görmək üçün nə dənizlərə
baş vurmaq, nə meşələrə enmək, nə də
dağlara qalxmaq lazım gəlməzmiş. Hardasa içində bir yarımçıq sevda
şişə çəkilirsə, demək ki, o quş sənin
ətrafındadı, qəmli harayına da özünü
yetirəcəkdir. Bəzən
nağıllarda da belə olur. Bir quş lələyi
yandırarsan, imdadına özünü yetirər. Hop-hop quşu da belə idi. Kədərlənəndə
yanında oxuyar, dərdinə ortaq olmaq, şərik
çıxmaq istəyər, çırpınar
hayqırışına. Qanadlarının səsini
eşidərsən, nəğməsi ilə ürəyini
riqqətə gətirər, göz yaşlarına çəkər
incəcik lələklərini, qurudar...ovudar...haray salar... Amma
özünü nə görə bilərsən, nə də
toxunub, zərif qanadlarını oxşayıb əzizləyə...
Yenə də onu dinləmək
keçər ürəyindən...Onu dinləmək
üçün nələrisə unutmağın lazım gələr
hər dəfə...Başqa cür mümkün
olmazmış onu hiss etmək...
Bir gün özündən
çıxıb gedərsən Hop-hop quşunun nəğməsi
gələn tərəfə. Gedərsən...gedərsən...Bir
quyu başında su içmək istəyən kor bir qoca
çıxar rastına. Böyük savab
qazanarsan, o quyudan su çəkib içirərsən kor
qocaya. Sonra yenə Hop-hop quşunun nəğməsi
çəkər səni...Yaralı bir ceyran balasına rast gələrsən.
Köynəyini cırıb sarıyarsan onun yaralı
ayağını sağalsın deyə... Öz
yaralarını unudarsan... Ceyran balasını
götürüb buraxarsan anası olan talaya. Gedərsən... gedərsən...Bir ovçunun tələsində
çabalayan bir kəklik görərsən, açıb azad
edəsən onu da...Beləcə ən gözəl və
xeyirxah işlərə-əməllərə çəkib
aparar səni Hop-hop quşunun nəğməsi. Qoyub gəldiyin yerə dönmək
üçün yolunu azarsan. Qalıb
yaşayarsan Hop-hop dünyasının tənhalığında.
Unudularsan, unudarsan... Gedərsən...gedərsən...
Beləcə kimsəsizliyinlə
baş-başa azıb qalarsan, nə özünü tapa bilərsən,
nə Hop-hop quşunu...
Həbib də indi bu
halıyla Hop-hop quşunun ardınca
düşmüşdü, onun sorağında idi.
...Vahid kimdir ki, belə müqəddəs
avazları duyub dərk eləsin. Onun kimilərin
anladığı öz nəriltisidir ki, əllərində
“çul” tutanlar qulluğuna yetişsinlər.
Kişi içindən
acı-acı gülümsədi.
İşə bax, Vahidin parovoz fitinə bənzər nəriltisi də səsdir, quşların nəğmələri də. Biri insan beynini qazıb aşındırıb korşalayır, o biri sığal çəkir, eşidənin, qulaq verənin qəlbinə, iliyinə qədər işləyib ruhunu dincəldib qanadlandırır.
Həbib düşündü ki, əslində gurultu-çığırtı səs, quşların oxuması, nəğməsi, civiltisi isə avazdır. Kimisi bülbülün xoş avazının, kimisi də Hop-hop quşunun nəğməsinin sorağındadır...
Vahidin nəriltisi isə...
Yox, onu yuxudan oyadan qadın çığırtısıydı, kişi səsi deyildi.
O Vahidin bağırtısına yox ee, heç kişnərtisinə də kirpik çalıb oyanmazdı.
Gecə keçirdisə də, səhərin açılmağına hələ çox vardı.
2 mart 2017-ci il
Şabran
Novruz
NƏCƏFOĞLU
525-ci qəzet.- 2017.- 4 mart.- S.18.