Məmməd Oruc: 70 yaşa nikbin yazıçı
ovqatıyla...
Ömür-gün
keçib-gedir. Lap yuxu kimi. Yatırsan,
ayılanda bir də görürsən ki, “Şirin-şirin
yuxudaydıq, Bir zalım oyatdı bizi” (R.Rövşən).
Oyanırıq, inana bilmirik, yuxuda olmuşuq.
Mənim əlli illik dostum Məmməd
Oruc indi yetmiş yaşındadır. Hər il 8 martda
bir yaş gəlir ömrünə. Mən onun
şivərək, gözəlliyi üzündə rəsm
olunan cavanlığını görmüşəm. İllər gəlib keçib, o cavan oğlan indi
babadır, ailəsinin ağsaqqalıdır, ədəbi aləmdə
Məmməd Oruc ünvanı və imzası ilə məşhurdur.
Əsərləri Azərbaycandan uzaqlarda da nəşr
edilib.
Təzə-təzə ilk
yazılarını “Azərbaycan gəncləri”ndə dərc
etdirən, o qəzetin redaktoru Cəmil Əlibəyovun
hüsn-rəğbətini qazanan və institutu bitirəndən
sonra qəzetin ədəbiyyat şöbəsinin müdiri
kimi işə başlayan Məmməd Oruc indi neçə
hekayənin, ona yaxın povestin, üç romanın müəllifidir.
Və bu gün Məmməd Oruc təmiz bir
yazıçı ömrü yaşayır.
ADU-nun Jurnalistika fakültəsində
oxuyanda qəzetlərə məqalələr yazırdı. Yazılarındakı
mövzuları, problemləri demirəm, amma onun dili, yazı tərzi
o qədər təmiz idi ki, deyirdin içinə bir
çöp də düşməyən bulaq suyudu.
Məmməd
yaradıcılığa hekayə ilə başladı. Onun nəsrindən ilk
oxuduğum yazı “Ulduz” jurnalında “Günlərin bir
günündə” hekayəsi oldu.. Hiss elədim
ki, Azərbaycan nəsrinə istedadlı bir cavan gəlir və
bu cavan yazıçı şəhərdə yaşasa da, hələ
mənən kənddən ayrılmayıb. Kəndin, təbiətin,
o Aran çöllərinin, orada yaşayan insanların
içindədir və Məmməd Oruc başda Əli Vəliyev
olmaqla Sabir Əhmədlidən, İsa Hüseynovdan, Əkrəm
Əylislidən sonra sırf “kəndçi libasında” ədəbiyyata
gəlir. Gəlir ki, kənddə yaşayan adi
insanların qeyri-adi dünyasını, həyatla, məişətlə,
müxtəlif qayğı və problemlərlə
bağlı söz-sovunu oxuculara çatdırsın. Gəlir ki, kəndin məxsusi etnoqrafiq, folklor
inanclarını, dədə-baba yaşayış tərzini,
milli-mənəvi dəyərlərini yazılarında əks
etdirsin.
Günlərin bir
günündə yaylaqdan babasının, nənəsinin
yanına gələn bir uşaq kəndin qəribəliklərinə
öyrəşə bilmir, amma tezliklə özü də
hiss etmədən bu kəndin bir parçasına
çevrilir.
“O vaxtacan mən də bəzi tay-tuşlarım kimi elə
bilirdim ki, müəllimlər çörək yemir. Amma Kamal müəllim mənim gözümün
qabağındaca birbaş soğana bir yumruq vurdu. Sonra onu iri bir təndir çörəyinə
yavanlıq elədi. Və mən səhər məktəbə
o tay-tuşlarımın yanına təzə xəbərlə
qaçdım, yavaşca dedim: “Kamal müəllim
çörək yeyir ey...” Kamal müəllim
bu məktəbli uşağın sevimlisinə çevrilir.
“Kamal müəllimin çamadanında riyaziyyat
kitablarından başqa heç nə gözümə dəymədi.
Hətta bu bir qalaq kitabın arasında sevgi
romanları da yoxuydu. Bu mənə
çox qəribə gəldi; cavan oğlan olasan, sevgi
romanı oxumayasan? Bizim kəndin
bütün cavanları, hətta kətmən götürüb
kolxoz işinə gedən qızları da sevgi romanları
oxuyurdu. Və mən bilirdim ki, onlar ən
maraqlı səhifələrin arasına nanə, qoz
yarpağı qoyurlar. Hətta bəzi
cümlələrin altından xətt çəkirlər”.
Amma Kamal müəllim sevgi romanları oxumasa da,
“Ay bəri bax” mahnısını ürəkdən oxuyur, kəndin
gözəl qızlarının çoxunun gözü onda
olduğu halda, arabaçı Əlişin heç də
gözəl olmayan qızı Nargiləni sevir. Amma Nargilə onu sevmir, haçansa əsgərlikdən
qayıdası traktorçu Cəfəri sevir.Və günlərin
bir günündə Kamal müəllim də əsgərliyə
gedir. “Mənə elə gəlirdi ki, bizim
evdə Kamal müəllimin bir çamadan kitabınnan, qələm
dolu qələmdanınnan, çarpayının
başındakı əl-üz dəsmalınnan savayı, bir
mahnısı da qalıb. Mənə elə
gəlirdi ki, o mahnını Kamal müəllim mənə
tapşırıb. Mənə elə gəlirdi
ki, Kamal müəllim bu mahnını dəyirman yolundakı
dağlara, dərələrə də tapşırıb”.
Məmməd Oruc ilk hekayəsindəki
bu lirik təhkiyə tərzini, dilinin, üslub tərzinin təmizliyini
bütün sonrakı əsərlərində də
saxladı, qorudu. Onun hekayələrində Suçu Qurban, Səlbi arvad,
Mirzə doxtur, Mirzəli müəllim, Aşıq Məcid, Cəmil
kişi obrazları uydurma deyildi, Məmmədin sərraf
gözü ilə müşahidə etdiyi adamların özləri
idi ki, bütün təbii görünüşləri, xasiyyəti,
xarakteri, düşüncə tərzi ilə onun hekayələrinə,
povestlərinə “köçürülürdü”. Onun
üçün “müsbət”, “mənfi qəhrəman” tipləri
əvvəlcədən planlaşdırılmırdı,
çünki hər bir insanın içində işıq
da var, bu işığa əngəl olan kölgələr də,
müsbətin içində mənfi çalarları, mənfinin
içində azca işığı da görmək
mümkündür. Məmmədin “Leylək körfəzi”
povesti haqqında otuz iki il öncə Xalq
yazıçısı Bayram Bayramov yazmışdı:
“Əsərin əsas qəhrəmanlarından biri - Qəşəmalı
fikrimə gəldi... Yəqin səbəbi odur
ki, Qəşəmalı ülgüyə tutulmuş,
yonulub-hamarlanmış, sığallı-tumarlı müsbət
qəhrəman deyil və ya da belinə bütün pisliklər
yüklənmiş, ala-qara rənglərlə adamlıqdan
çıxardılmış mənfi tip də deyildir.
Adicə kənd adamıdır: qüsurları,
kobudluqları, qayğıkeşliyi, özünün öz mənfəətini
ölçüb-biçməyi-qalan xasiyyətləri
özününküdür. Yetimlərə
qayğısı da, onları gücləri
çatan-çatmayan işlərə buyurması da, dosta
münasibəti də özününküdür. Qəşəmalı pozulmuş və ya rənglənmiş
xarakter deyildir”.
Məmməd Oruc cəmiyyətdə
baş verən, quruluşun özündən doğan eybəcərlikləri,
neqativ halları bir yazıçı kimi hiss edir və istər
açıq, istərsə də mətnaltı yolla nəzərə
çarpdırırdı. Əvvəlcə “Aldanmış
çiçəklər”, sonra “Murad quşu” adı ilə
çap olunan povestdə təsvir olunan kənd sanki iki cəbhəyə
bölünüb: bir tərəfdə Hüseyn müəllim
kimi təmiz, ləyaqətli bir insan və ona qəhmər
çıxanlar, o biri tərəfdə isə kolxoz sədri
Xudayarov və ona ləbbeyk deyənlər. Sovet
dönəmində sanki hər kəndin Xudayarov kimi bir
“ağası” vardı və “çoxusu həqiqətən də
elə bilirdi ki, əlinin qazancını yox, Xudayarovun
çörəyini yeyir”. Hüseyn müəllim,
Mustafa baba kimi haqq yolçuları Xudayarovun pis əməllərinə,
ağalığına qarşı çıxır, yeri gələndə
üzünə də söyləyirlər. Məktəbli
uşaqlar da bu “ağalığın”
ağırlığını hiss edir, Hüseyn müəllimə
rəğbətlərini gizləmir, onun kimi təmiz, saf
ürəklə yaşamaq istəyirlər. Çünki
Hüseyn müəllim Qənbər müəllim kimi dərsin
şirin yerində hansı uşağasa buyurmur ki, dədənə
denən, bizə qarpız-yemiş göndərsin, kiməsə
tapşırmırdı ki, sabah mənim
qoyunlarımı otarsın. Hüseyn müəllim uşaqlara
təbiətdən danışırdı, daha tarix müəllimi
Tahir Əlləzoğlu kimi demirdi ki, oxumaq boş şeydir,
indi hər institutun öz “daksisi” var. İndisə
bütün kənd Hüseyn müəllimi son mənzilə-qəbristanlığa
yola salır. Çoxusu da bu qəfil
ölümün səbəbini bilir. “Amma
hamını danışdıran şəksiz ki, bu qəfil
ölümün səbəbi idi-hamıya məlum səbəbi.
Amma heç kim Xudayarovun adını
çəkmirdi”.
Quruluşun, sistemin
yaratdığı bu eybəcər hallar, cəmiyyətin
insana vurduğu zərbələr Məmmədin digər əsərlərində
də öz bədii həllini tapır. Sanki illərdən bəri
içinə yığılan ağrı-acıları o ağ vərəqlərə boşaltmaqla təsəlli
tapıb. Məmməd Orucun sosial-mənəvi
problemləri, cəmiyyətdə baş verən kataklizmləri
təsvir etməsi təbii idi, onun mənsub olduğu ədəbi
nəsil də elə bu daxili qiyama, etiraza köklənmişdi.
Onun “Sarıköynək” povestində Sovet
quruluşunun yaratdığı mənəvi despotizmin necə
faciələr törətdiyi bir insanın timsalında
ümumiləşdirir. Əlizaman kimdir?
Niyə onun meyitinə heç kim yiyə
durmaq, aparıb dəfn eləmək istəmir? Qardaşı
da, həyat yoldaşı da, kəndin mollası da
yaxasını kənara çəkir? Çünki əli
pula oynayan, rayonun panamalı, qalstuklu vəzifə sahiblərini
də ələ alan, öz halal
arvadını evin bir küncündə saxlayıb
qızların, qadınların namusuna toxunan, nəinki kənddə,
rayonda belə bir sözü iki olmayan Əlizaman elə bu
quruluşun, bu sistemin yetirməsidir.
Məmməd Oruc müasir Azərbaycan
nəsrini “Qara güzgü”, “Köçürülmə” və
“Qısa qapanma” romanları ilə zənginləşdirib desəm,
qətiyyən yanılmaram. İlk iki roman qədim
Azərbaycan torpağı olan Vedinin timsalında
xalqımızın başına gətirilən faciələrdən
söz açır. Birinci romanda keçən
əsrin 1917-1920-ci illərində vedililərin başına gətirilən
faciələr nəql olunur, xalqın sevimlisi Abbasqulu bəyin
və onun silahdaşlarının ağıllı siyasəti
sayəsində vedibasarlılar vətənə dönürlər.
Tənqidçi həmkarım Nizami Cəfərov
“Qara güzgü” romanını bir Vedibasar dastanı
adlandırır və tamamilə haqlıdır, amma bu dastan kədərli,
qəmli səhnələrlə doludur. Eyni
ruh Məmmədin “Köçürülmə” romanında da
davam edir. “İndi fikirləşirəm ki, payız
imiş, o payızın soyundurduğu ağacları,
saraltdığı dağları düzləri bu gün
gözlərim önünə gətirə bilməsəm də...
payız imiş: bizi ev-eşiyimizlə bir yerdə harasa aparan
yük qatarına vurduğumuz gülabı, armud səbətləri
gözlərim önündədir, o gülabların qoxusu
burnumun ucundadır.Beş yaşına təzəcə
keçmişdim. Bizi niyə
köçürürdülər, hara
köçürürdülər, bilmirdim, amma deyirdilər
ki, bizim köçürüləcəyimiz yerdə daş
yoxdur”. “Köçürülmə”
romanı bu xatiratla başlayır. Məmməd Orucun Qərbi
Azərbaycanın Vedi rayonunun Böyük Vedi kəndində
anadan olduğu və beş yaşında ailəsi ilə birgə
öz doğma yurd-yuvasından köçürülməsi
məlum:Məmməd romanın
başlanğıcında elə buna işarə edir. Amma
roman təbii ki, beş yaşlı uşağın deyil, illər
boyu bu köçürülmə “mexanizminə” dərindən
bələd olan, onlarla, yüzlərlə vedililərin taleyi
ilə yaxından maraqlanan yetkin bir yazıçının qələmindən
çıxıb. Yaxşı yadımdadır,
roman hissə-hissə “Karvan” jurnalında çap olunurdu və
satışa buraxılan kimi bir andaca əldən-ələ gəzirdi.
Mənim fikrimcə, “Köçürülmə”
ilk növbədə, insan əzablarının
romanıdır. Müəllif realist bir
yazıçı kimi tamamilə kənara çəkilib, əhvalatları
zahirən sakit, əslində isə daxili bir yanğı ilə
təsvir eləyib.
Romanda əllinci illərin əvvəllərində
Vedi camaatının öz doğma yurdlarından deportasiya
olunması prosesi bütün təfərrüatı ilə təsvir
olunur. Müəllif bədiiliklə sənədliliyi
“qovuşdurur”, amma ikincisi burada elə bir əhəmiyyətli
rol oynamır. Çünki romanda müxtəlif
taleli obrazların həyatı, qarşılıqlı
münasibətləri əks olunur. Hətta epizodik surətlərin
də romanda öz “payı” var. Müəllif iyirminci illərin
köçürülməsi ilə əllinci illərinkini bəzən
paralel şəkildə təqdim edir: “O zaman Almurad on beş
yaşına keçmişdi və on beş yaşlı
uşağın xatirindən o hadisələr necə
çıxa bilərdi? Düşmən
gülləsinə tuş olan əmisi Abbasın yeganə
oğlu Həsənalının qəbri hələ
soyumamışdı. Abbasqulu bəy xəbər göndərdi
ki, daha başqa yolumuz yoxdur, günü sabah
Vedidən çıxmalıyıq, daşnaklar dağlara
ingilis topu çıxarıblar. İki il
mühasirədə qalan, iki il səngərdə gecələyən
Vedi camaatını ingilis topu qorxutmadı, amma Abbasqulu bəy
elə bir el ağsaqqal idi ki, onun verdiyi qərar müzakirə
olunmurdu. Onun sözü bütün
vedibasarlılara qanun idi”. Amma əllinci illərin
əvvəllərində Abbasqulu bəy kimi ağsaqqal yoxdu, həm
də köçürülmə siyasəti Moskvadan gəlirdi.
Romanda baş qəhrəman
axtarmaq fikrinə düşmədik. Çünki təsvir
olunan insanlar xasiyyətcə, xaraktercə müxtəlif
olsalar da, eyni aqibəti yaşayırlar. Vedililər
Azərbaycanın Jdanov rayonuna köçürülür,
tamam başqa bir iqlim, başqa bir təbiət, ilk illərdə
yerlilərlə gəlmələr arasında
uyuşmazlıq, amma sonra hamı bu yeni şəraitə
öyrəşir. Amma köçürülənlərin
hamısı bir amalla yaşayırlar ki: “Biz
qayıdacağıq”.
Məmməd Oruc müstəqillik
illərində də qələminə dinclik vermədi. 2001-ci ilə
qədər elə düşünürdüm ki, Məmməd
daha heç nə yazmır. Amma M.Oruc “Susuz gölün
sonası”, “Ağ qarğa”, “Çay gəmisində gəzinti”
kimi maraqlı hekayələr, sonra isə “Son dayanacaqlardan
biri” adlı sənədli -bədii povestini çap etdirdi. Daha sonra müstəqillik dövrünün
ab-havasını özündə əks etdirən “Atəşkəs
yallımı” və “Qısa qapanma” romanlarını qələmə
aldı. Yadıma gəlir ki, 1991-ci ildə
“Ulduz” jurnalında Məmmədlə böyük bir dialoq
apardıq. O dialoqda Məmməd Oruc yeni yaranan
quruluşu alqışlayırdı. “Azərbaycan”
jurnalı maliyyə böhranı ilə üzləşmişdi
və tədricən tənəzzülə doğru gedirdi.
Jurnalda bizimlə birlikdə çalışan
Məmməd Yazıçılar Birliyinin xətti ilə Beyləqanda
torpaq sahəsi aldı və orada fermer təsərrüfatı
yaratmaq istədi. Amma torpaqla bağlı xəyallarının
puç olduğunu görüb geri qayıtdı.Nə etmək?
Yazıçının əlindən
sahibi-karlıq gəlməz.
M.Oruc Azərbaycan hüdudlarından
kənarda da tanınır, 1984 və 1992-ci illərdə
Moskvanın “Molodaya qvardiya” və “Sovetski pisatel” nəşriyyatlarında
iki kitabı rus dilində Tamara Kalyaginanın tərcüməsində
işıq üzü görüb. Həmçinin
bir sıra əsərləri Ukraynada, İraqda, Türkiyədə
nəşr olunub. Amma onun özünün xeyli bədii
tərcümələri var: Rusiya
yazıçılarından M.Zoşşenkonun, V.Belovun,
S.Kozlovun, D.Mizqulinin, Knyaz Qoçağın, S.Ağayevin bir
çox əsərlərini, Türkiyə tarixçisi
Ə.Temirin “Çingiz xan” romanını ana dilimizə
çevirib.
Yetmiş yaşlı Məmməd
Oruc öz yubileyinə nikbin bir ovqatla gəlir. Yazıb-yaratdıqları
göz qabağındadır, bunlara görə ədəbi
mükafatlar da alıb, amma özünün dediyinə görə
onun bu həyatda ən böyük mükafatları Ayseli,
Əsməri, Paşası və onlardan dünyaya gələn
nəvələridir. Qoy həyat bu Məmməd Oruc camiəsinə
daha xoş günlər bəxş eləsin!
Vaqif
YUSİFLİ
Filologiya elmləri
doktoru
525-ci qəzet. - 2017.- 4
mart.-S. 17.