Ömrün qutsal mənası
Professor Rafiq Novruzovun 65 yaşına
Bilmirəm, təsadüfdür,
yoxsa nəşriyyatın,
müəllifin seçimi
belə olub: kitablarının üz qabığındakı şəkillərdə
Rafiq müəllim həmişə gülümsəyir.
Bir şirin, istiqanlı, kişi
şəxsiyyətindən və müdrikliyindən yoğrulmuş təbəssüm
sənə boylanır.
Rafiq müəllimin üzünə
baxıb onun ömrünə qiymət
vermək olar. Onun üzü
adamı aldatmır, əksinə, üzünün
nurundan başqasının
içinə bir rahatlıq, hüzur dolur. Onun olduğu məkana (kafedrasına,kabinetinə) ovqatsız girirsən, işıqla, ümidlə
dolub çıxırsan.
Onun yanında mənasız monoloqlara, darıxdırıcı, ölü
sükuta yer yoxdur...
Rafiq müəllimi bir insan kimi
səciyyələndirəndə mütləq ailəsinin, nəslinin adı çəkilir, rəhmətlik
Manaf həkimin mötəbər
şəxsiyyətini xatırlayırlar.
“Elə kişinin
elə də oğlu olar” - deyirlər. Təbii ki, bundan biz
də qürurlanırıq.
Taleyimizə belə dostun
düşdüyünə çox sevinirik.
Rafiq müəllim gözəl və maraqlı ailə başçısıdır, oğlu
Rəhman adətən
Qərb romanlarına xas olan maraqlı,
dinamik süjetqurma
instinki olan, rus dilində yazan istedadlı yazıçıdır. Onun bir romanına önsöz də yazmışam.
Gəncliyində, universitetin ən dəbli geyinən, ən fəal tələbələrindən biri
olmuş bu insanın indi bu qədər səbirli olmasına bəzən heyrətlənmişəm. İçindəki
Şərq müdrikliyindən,
təsəvvüfdən gələn
səbrə, bütün
yamanlıqlara qarşı
səbrlə, yaxşılıqla
cavab verməsinə təəccüblənmişəm...
Rafiq müəllim dövlətimizin,
dilimizin və mənəviyyatımızın yüksək səviyyəli
təbliğatçısıdır. Onun dərin hazırlığı,
rus dilini mükəmməl bilməsi
və pozitiv insani aurası dilimizə xaricdə də sevgi qazandıra
bilib. O, bir neçə il
Kiyev Milli Linqvistik Universitetində
(2012-2014) və Belarus Dövlət
Pedaqoji Universitetində
(2010-2012) “Azərbaycan dili
və mədəniyyəti”
mərkəzlərinə rəhbərlik
edib. Həmin universitetlərin rəhbərliyindən və
səfirlərimizdən gələn
təşəkkür məktubları
bunun təsdiqidir.
Rafiq müəllim “yol sınağından “ çıxmış kişilərdəndir. Onunla yoldaşlıq
etmək, yola çıxmaq ömrün
unudulmaz hadisəsidir. Rafiq müəllimlə yolda olmaq özünü tanımağın üsuludur,
hətta pis adamlar haqqında belə müsbət düşünürsən...
Humanitar elmlərin
müqayisəli ədəbiyyatşünaslıq,
tərcüməşünaslıq peşəkar araşdırma
sahələri olsa da, ezoterika , antorpologiya, etnopsixologiya kimi sahələri professorun geniş maraq və araşdırma çevrəsinə daxildir.
Qədim Misir kahinliyi, brahmanizm, daosizm,
zərdüştilik, ezoterik xristianlıq dünyagörüşünü əks etdirən Çinin, Hindistanın, İranın müqəddəs
və fəlsəfi mətnləri və ezoterik ədəbiyyatı
ilə sistemli şəkildə ilgilənir.
Bu mövzuda Moskvada, Almaniyada bir neçə kitabı nəşr olunub: “Qərb - Şərq palitrasının
sintezi” (2013), “Sakral mətnlərin tərcüməsi
problemi” (2012), “Zərdüştilik
fəlsəfəsi” (2014), “Unudulmuş peyğəmbərin
qayıdışı” (2013), “Elm və din” (A. Qirutski ilə birgə) (2013), “Şərq ornamenti” (2006).
Alman nəşriyyatının bir
kitabı ilə maraqlanmasının özüm
şahidiyəm. Səhv etmirəmsə, “Sakral mətnlərin tərcüməsi” əsəri
idi. Almanlar kitabı yüksək
poliqrafik səviyyədə
nəşr etdilər.
Məni Rafiq müəllimlə bağlayan uzun illərin dostluğu olsa da, sakral-ezoterik
mətnlərə sevgimiz
bizi həmsöhbət
etmişdir. Ezoterik söhbətlər üçün darıxanda
“rəhmsizcəsinə” vaxtını
alıram. “Kitabi-Dədə
Qorqud” da “yum verəyim, xanım” deyimində “yum / yom” sözünün yozumunda
Tibet buddist mətnlərindən
paralellər gətirib
mənə kömək
etdi.
Bir dəfə kafedrada (onda tərcümə kafedrasının müdiri idi) əlində karandaş qalın bir kitabı diqqətlə oxuduğunu gördüm - Əbu Reyhan Biruninin “Hindistan” əsəri idi. Demə, Rafiq müəllim “Zərdüştliyin fəlsəfəsi” əsərini (rus dilində) yazırmış...
Bir dəfə teosofiyadan danışırdıq. Öyünmək istədim, sözarası ona Rudolf Şteynerin kitabını əldə etdiyimi qürurla bildirdim. Rafiq müəllim özünəxas təbəssümlə : “Şteyner məndə çoxdan var”, - dedi.
Zərdüştliyin kosmoqonik mahiyyəti, astrologiya ilə əlaqəsi, xeyir- şər təlimləri və s. monoqrafik araşdırmanın maraqlı səhifələridir. Amma kitabda Zərdüştliyin əxlaq dərsləri ilə Lev Tolstoyun mənəviyyat təlimi arasında körpü salması diqqətçəkəndir. Ümumiyyətlə, Rafiq müəllim əxlaq elmini sivilizasiya fəlsəfəsinin əsası kimi öyrənməyin tərəfdarıdır.
Mənə Rafiq müəllimlə birgə kitab üzərində işləmək xoşbəxtliyi də nəsib olub- “Tərcüməşünaslıq terminləri lüğəti” kitabını (prof. N. Tağısoyla birgə) yazmışıq. Aspirantlarına məmnuniyyətlə opponentlik etmişəm.
Rafiq müəllimlə bağlı deyiləsi sözlər o qədər çoxdur ki... Onun ömrü mənim sözlərimdən daha zəngindir və mənalıdır.
Doğum gününüz
qutlu olsun, Professor!
Rüstəm KAMAL
Filologiya elmləri
doktoru,
Bakı Slavyan Universitetinin professoru
525-ci qəzet.- 2017.- 4 mart.-S. 16.