Arxayınlıq

 

Görkəmli alim, unudulmaz müəllim, həqiqi ziyalı, saf insan Ağamusa Axundov haqqında xatirələrimi yazmaq təklifi alanda onu ən dəqiq səciyyələndirə biləcək söz haqqında düşünməyə başladım: Ləyaqət, Dəyanət, Təmkin, Ciddilik, Yüksək peşəkarlıq.

Şübhəsiz bu və bu kimi neçə-neçə sözü tamamilə haqlı orlaraq Ağamusa müəllimə şamil etmək olardı. Amma nədənsə ağlıma bir söz də gəldi və bu sözün cazibəsindən çıxa bilmədim: ARXAYINLIQ.

Mənim təsəvvürümdə Ağamusa Axundov ilk növbədə arxayın insan idi. Özünə, elminə, dostlarına, tələbələrinə, ailəsinə arxayın olan insan. Bu arxayınlıq özündən razılıq deyil, özündən müştəbeh olmaq deyildi. Allah eləməmiş lovğalıq,  təkəbbür də deyildi. Bu həyatda öz missiyasını dəqiq dərk etmiş və bu missiyaya ömrü boyu sədaqətlə xidmət etmiş, görməli olduğu işləri namusla yerinə yetirmiş bir işıqlının arxayınlığı idi. Müəllimlərinə, ustadlarına minnət dar, həmkarlarından, yaxınlarından, ardıcıllarından   arxayın idi.  Sirr deyil ki,  ən çox rəqabət, qısqanclıq,  ifrat hallarda paxıllıq, gözü götürməzlik elə eyni peşə sahiblərinin  arasında olur. Mən Ağamusa müəllim haqqında pis danışan ya ona ağız büzən bir nəfər də olsun dilçiyə, ədəbiyyatşünasa, müəllimə, yazıçıya  rast gəlməmişəm. Onun haqqında hamı ciddi alim, xeyirxah insan,vicdanlı müəllim kimi söz açır.

Mənə də Ağamusa müəllimlə ünsiyyət  nəsib olub. Bakı görüşlərindən başqa ABŞ-da və Şimali Kipr Türk Respublikasında birgə səfərlərdə olmuşuq.

ABŞ səfərimiz mənimçün əlamətdar bir ildə - 1987-ci ildə baş tutdu. O il, iyunun 18- də yazıçılar təşkilatının rəhbəri seçilmişdim. “Dostluq - gücdür” devizi altında fəaliyyət göstərən  təşkilat bizi - bir dəstə Azərbaycan nümayəndəsini ABŞ-a dəvət etmişdi. Belə qarşılıqlı  dəvətlərin şərti o idi ki, biz bir neçə şəhərdə şəxsi adamların  mənzillərində yaşamalıydıq. Nyu Orlean, Hyüston, San  Antonio şəhərlərində olduq. Hyustonda  məşhur cərrah Debekinin əməliyyatını müşahidə etdik. Nümayəndələri ailələrdə iki-iki yerləşdirirdilər. Ağamusa müəllimlə biz   bir ailənin qonağı olduq. Mən təəssüf ki, ingilscə cəmisi yeddi səkkiz  söz bilirəm. Bu ailənin üzvləriylə  söhbətlərimiz  Ağamusa müəllimin  tərcüməçiliyiylə olurdu. Ər də, arvad da ali savadlı hüquqşünas və həkim olmalarına rəğmən  öz doğma  ədəbiyyatları haqqında çox bəsit və cüzi təsəvvürə malik idilər, üç-beş müəllifdən  başqa  heç bir Amerika yazıçısının adlarını belə çəkə bilmirdilər.

1987-ci ilin yayında  bir neçə aydan sonra gələcək günlərimizi  müdhiş  bir kabus kimi  qayğılandıracaq, dərdləndirəcək, ağrıdacaq Qarabağ hadisələrinin izi-sorağı yoxdu hələ... Mənim 49 yaşım vardı, Ağamusa müəllimin  55. O vaxt   bunun fərqinə varmırdıq, indi düşünürəm ki, bu bəlkə də insan ömrünün ən gözəl, məhsuldar, qaynar  çağıdır. Gənclik ötüb getsə də, hələ çox illər  irəlidədir,qocalığa  xeyli var. Yaşadığın ömrün təcrübəsi, gördüklərindən, duyduqlarından çıxardığın nəticələr, həyatın verdiyi  dərslər  gələcəyə yönəlmiş niyyətlərlə, planlarla qovuşur və  bütün  ümidlərinin, arzularının doğrulacağına  sidq-ürəklə inanırsan. Ağamusa müəllimlə alimlərimizin və yazıçılarımızın birgə görəcəyi işlər haqqında  məsləhətləşir, bir-birindən cazibədar diləklərimizi paylaşırdıq.

Ümumiyyətlə onu demək istəyirəm ki, Ağamusa Axundov ilk növbədə əlbəttə   böyük dilçi-alimimizdir, amma o dilçilərimizdəndir ki, dil elmiylə ədəbiyyatın sıx təmasda inkişaf etməsini aydın dərk edir. Dilimizin ən kamil bilicilərindən və qoruyucularından olan Ağamusa müəllimdə yenilik hissi də çox güclü idi. Altmışıncılar nəsli təzə-təzə ədəbiyyat aləmində  görünməyə başlayanda və çox vədə tənqidlərlə, daha doğrusu rişxəndlərlə, bir-birindən gülünc tənələrlə, nadan iradlarla qarşılaşanda Ağamusa Axundov  bu nəslin yanında idi, bu nəsil yazıçılarının təmtəraqdan, dəbdəbədən, pafosdan uzaq  üslubunu təqdir edirdi. O vaxt mənim   Moskvanın  Drujba narodov”  jurnalında(¹5,1967) dərc edilmiş  “Çut blije k zvezdam” (“Ulduzlara bir az yaxın”) məqaləmdə belə cümlə də vardı:

“Gənc müəlliflərin bu xüsusiyyətini linqvist alim Ağamusa Axundov çox dürüst səciyyələndirərək yazır ki onların dili çox sadədir, bu dil dəqiqlik naminə  hətta fədakarlığa da hazırdır”.

Çox sonralar Ağamusa müəllim mənim barəmdə ayrıca məqalə də yazdı: 

“60 ildə əsrə bərabər ömür yaşayan böyük sənətkarımız Anarın dili haqqında məqalə yazmaq təklifinə razılğımı dərhal bildirdim... Yazıçının ilk dəfə bu yaxınlarda - 1995-ci ildə nəşr olunan ilk hekayələrindən olan “İztirabın vicdanı” o zaman çap olunsaydı, Anar elə o vaxt dilin fonetik və leksik imkanlarına necə dərindən bələd olması, ondan necə sənətkarlıqla istifadə elə bilməsi haqqında da çox xoş sözlər eşidə bilərdi... Anar Füzulini araşdırır, bu dahi sənətkarın dilində Gəncə dialektində (yünül - “yün gül  mənasında, “amma nə deyim yaman yünülsən”), Şəki dialektində (Leyli: Eşqin qılmaz idi kimsə yadın, ha səndən eşitdim indi adın) tapır. Nəyinə lazımdır Anarın bu dialektoloji tapıntılar?! Bunlar Anara yəqin ki müasir bədii dilimizə xalq dili avazını, ab-havasını gətirmək və öz  əsərlərinin dilinə handanhana, heç vədə, mixeyi, çöllü-biyaban, çiriş, dilim-dilim duman kimi şivə sözlərini və ifadələrini gətirmək, onları arxayınçılıqla (altını mən cızdım- A.) işlətmək üçün gərək olub”. Ağamusa  Axundov. “Anarın dil qayğıları”. “Dil və ədəbiyyat” kitabında.  2-ci cild. 2003).

Ağamusa müəllimdən mənimçün çox  önəmli olan sitatı burda gətirərkən, diqqət etdim ki, yazısında mənim məhz ona şamil etdiyim  “arxayınçılıq” sözünü də  işlədib.

İndi   özgəsinin adından ya  bəd başında elə  öz adından özün haqqında tərifli sözlər çatdırmaq dəb olsa da, Ağamusa Axundovdan  mənə aid bu   ifadələri yazıma saldığımçün  oxuculardan üzr istəyirəm.

Dediyim kimi  lap gənclik illərimizdə də Ağamusa müəllim bizi diqqətindən, qayğısından kənarda qoymurdu, bizi  tək yazılarıyla yox, təşkil etdiyi görüşlərlə də həm dəstəkləməyə, həm də ruhlandırmağa  çalışırdı. Yadımdadır, Universitetdə belə görüşlərdən birinə  Fikrət Qoca və Əkrəm Əylisliylə  birilkdə məni də dəvət etmişdi. O vaxt Fikrətlə Əkrəm təzəliklə komsomol mükafatı almışdılar və Ağamusa müəllim bu bəhanəylə məni də onlara qoşaraq Universitet rəhbərliyini  gənc ədiblərlə görüşün  vacibliyinə inandıra bilmişdi. Çox səmimi və hamımızçün doğrudan da unudulmaz olan bu görüşdən sonra Ağamusa müəllim hər üçümüzü hələ qonaq da elədi.

Ağamusa müəllim sadə bir ailədən çıxmışdı, amma təbiətən, xisləti etibarıylə kübar idi. Heç bir imtiyazı, maddi təminatı olmadan Bakıda çətin tələbəlik illəri yaşamışdı, bir  dəfə etiraf edibmiş: gəncliyində  vaxtını o  qədər  bilik qazanmağa ayırırmış ki, cavanlığın  başqa həvəslərindən heç birinə uymayıb. Artıq nisbətən yaşlı vaxtında gözəl ailə sahibi olmuşdu.

Ağamusa müəllimin həyat yoldaşı Elmira xanım görkəmli  alim, professor Əli Sultanlının bacısı qızıdır. Elmira xanımla beş il Universitetin Filoloji fakültəsində bir kursda  oxumuşuq. Elmira xanımın kiçik qardaşı Kamal Abdulla səmimi dostlarımdandır. Kamalla Elmira xanım anaları tərəfdən məşhur teatr və kino sənətkarı  Rza Təhmasiblə və folklorçu alim  Məmmədhüseyn Təhmasiblə  yaxın əqrəbadırlar və böyük Hüseyn Cavidə də qohumluqları çatır. Uzun illər  Universitetimizin rektoru olmuş və mənim yadımda o vaxtın ən yüksək partiya toplantılarında cəsur  çıxışlarıyla qalmış Yəhya Məmmədov  Ağamusa müəllimin bacanağıdır və o da   son dərəcə abırlı insan olan  Xalq şairi Cabir Novruzla  qudadırlar. Yəni sözümün mustafası odur ki, böyük dilçimizin  ailəvi yaxınları də çox ləyaqətli ziyalılarımızdandırlar    Ağamusa müəllim haqlı olaraq onlarla iftixar edirdi. Onlar da Ağamusa Axundovla fəxr etdikləri kimi.

Keçmiş SSRİ ərazisində   dilçilik sahəsində ən gənc yaşında elmlər doktoru adına Ağamusa Axundov layiq görülmüşdü. Çağdaş dünyanın elmi səviyyəsinə tən gəlməkçün  doğma dilindən və rus dilindən başqa ingilis dilini də öyrənməyi vacib bildi. Bir ali təhsilli, tanınmış alim başqa bir instituta girib ingilis dilini də öyrəndi. Misirdə və Yaponiyada bu dildə mühazirələr oxudu.

Ağamusa Axundovun dilçilik elminə verdiyi töhfələrdən - dilimizin fonetikası haqqında fundamental tədqiqatlarından, dil və ədəbiyyat birgəliyinə həsr etdiyi  araşdırmalardan, izahlı lüğətdən, onlarla monoqrafiyadan, yetişdirdiyi tələbələrdən,  aspirantlardan söz açmıram. Elə bu günlərdə  mətbuatımızda çıxan yazılarda  mütəxəssislər bütün bunları daha peşəkarcasına dəyərləndirə bilirlər. Bir onu əlavə etmək  istərdim ki, tək  şifahi çıxışlarında, rəsmi nitqlərində, mühazirələrində, elmi məruzələrində deyil, adicə məişət söhbətlərində də Ağamusa müəllim o qədər səlis, rəvan və gözəl  Azərbaycan türkcəsində danışırdı ki, valeh olmamaq mümkün deyildi.  Dilimizdə bu qədər təmiz, qatma-qarışıqsız danışan başqa bir adamı  xatırlamaqda çətinlik çəkirəm. Rəhmətlik Xəlil Rza   danışıqlarına  əcnəbi kəlmələr qatanları cərimə edirdi. İnanıram ki, bu baxımdan Ağamusa müəllimi saatlarla  dinləsəydi,  bir qəpik də  cərimə ala bilməzdi.

Ağamusa  Axundova  xas olan kübarlıq, xeyirxahlıq, yetirmələrinə həm tələbkar, həm də qayğıkeş münasibət heç zaman onu tanıyanların yadından çıxmayacaq. O özü də ləyaqətli bir ömür sürdüyünü bilir və bununla qürur duyurdu. Ona görə ki, adının, xatirəsinin həmişə işıqlı, ləkəsiz  qalacağına əmin-arxayındı.

Bu sözün  ən yüksək mənasında  ARXAYIN  insan idi.

 

25 fevral 2017

 

ANAR

Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri

 

525-ci qəzet.- 2017.- 4 mart.- S.11.