Bakıda tatar dilində qəzet

 

Şəhərimiz yeni mətbu orqanla zənginləşir: İndiyə qədər Tiflisdə tatar dilində nəşr olunan “Şərqi-rus”  Bakıya köçür.

Bilindiyi kimi,  qəzet həm də naşiri kimi tanınan Məhəmməd ağa Şahtaxtinskinin redaktorluğu ilə 1903-cü ilin martından çıxmağa başlayıb.

Yerli dildə yeni mətbu nəşrin meydana gəlməsi bəlli səbəblərə görə böyük səbirsizliklə gözlənilirdi. Bu da təbii ki, ümumilikdə mətbuatın xalqın maariflənməsi işindəki əvəzsiz rolu ilə bağlıdır.

Bizim müsəlmanların mədəni geriliyinə baxmayaraq, əslində, fikrimizi daha  dəqiq etsək, məhz həmin gerilik səbəbindən onlara öz dillərində qəzet nəşrinin  son dərəcə vacibliyi və zəruriliyi çoxdan hiss olunurdu. Son vaxtlar isə özünü  getdikcə daha təkidli şəkildə büruzə verməyə başlamışdı. Qafqaz müsəlmanları mədəni inkişaf baxımından onları xeyli qabaqlamış xalqlarla qonşuluq şəraitində yaşayırlar.  Təbii ki, müasir mərhələdə onlar da daxilixarici əlaqələr nəticəsində həyatın yeni axınlarının, yeni təmayüllərinin səmərəli təsirinə məruz qalırlar. Bu səbəbdən müsəlmanlar, ilk növbədə isə onların ictimai şüura malik kəsimi indiyə qədər ana dilli mətbu orqanın meydanda olmaması səbəbindən  xalq kütlələrinin tərəqqisinə ciddi maneə yarandığını başa düşməmiş deyildilər. Həmişə, hər yerdə, ən əsası isə yalnız ziyalı, açıqfikirli müsəlmanlardan deyil, hər kəsdən   eşidirdik ki, yerli dildə mətbu orqan ərsəyə gəlməyənə qədər istər hökumətin, istərsə də cəmiyyətin və ayrı-ayrı şəxslərin maarifin yayılması ilə bağxeyirxah təşəbbüslərinin heç biri arzu olunan nəticələri verməyəcək. Çünki mahiyyət etibarı ilə belə təşəbbüslərin toxumları faydalı sayılsa da, onların səpiləcəyi tarla kimsənin bələd olmadığı naməlum bir ərazi kimi qaldığından  ilk növbədə onun mətbuat vasitəsi ilə alaq otlarından təmizlənməsi, yumşaldılması və yararlı hala gətirilməsi son dərəcə vacib idi. Çünki məhz mətbuat belə məqamlarda ictimai fikrin ifadəçisinə çevrilir, bölgənin və xalqın həyatını, tarixini işıqlandırır. Eyni zamanda mədəni, iqtisadi və məişət baxımından mövcudluğun güzgüsü rolunda çıxış edir.

Ətalət hissinin bütün təsirinə baxmayaraq müsəlmanlar instinktiv şəkildə bu həqiqəti başa düşmüşdülər. Onlar  şəraitin hökmü altında, özlərindən asılı olmayan səbəblər üzündən qaranlıq, sirlərini çözə bilmədikləri bir məmləkətdə yaşamağa məhkum edildiklərinin fərqində idilər. Ona görə də başları üzərindəki tutqun səmada görünən ən təsadüfi, nadir işıq şüalarını da böyük acgözlüklə yaxına gətirməyə, üstlərinə çəkməyə çalışırdılar.

İnanıram ki, bizim günlərdə də savadlı müsəlmanların çoxu 1875-1877-ci illərdə Bakıda, “Kaspi” əməkdaşı Həsən bəy Məlikovun nəşr etdiyi “Əkinçi” qəzetini yaxşı xatırlayırlar. Zənnimcə, onlar adı çəkilən qəzetin bəzi yazılarının məzmununu ötəri də olsa yada salmaqla Qafqaz müsəlmanlarının içərisinə düşdüyü durğun, iylənmiş bataqlığın qısa müddətdə necə hərəkətə gəldiyini, anadilli mətbu nəşrin canlı, həqiqi sözlərinin müsəlman kütləyə necə oyadıcı təsir göstərdiyini göz önünə gətirə bilərlər. Tiflisdə biribirinin ardınca meydana çıxan digər tatar qəzetlərinin - “Ziya” və “Kəşkül”ün ictimai fikrə təəssüf ki, çox da güclü sayılmayacaq təsiri də yaddaşlardan silinməyib. Əlbəttə,  öz növbəsində həmin qəzetlər cənab Ünsizadənin  deyil, nisbətən daha bacarıqlı adamların əlinə düşsəydilər, gətirdikləri fayda da böyük olardı.

Bağçasaray şəhərində “Tərcüman” qəzetinin nəşrə başlaması isə bizim müsəlmanların həyatını xüsusi ilə parlaq bir nur kimi işığa qərq etdi. İyirmi ildən artıq müddət ərzində  Rusiyanın 30 milyonluq müsəlman əhalisinin tatarca  yeganə mətbu orqanı kimi  bu qəzetin üzərinə  mühüm və şərəfli rol düşmüşdü.  Maarifçi əqidəli, millətini sevən, yorulmaq bilmədən, ən başlıcası isə səmərəli şəkildə xalq işi üçün çalışan “Tərcüman”ın naşirredaktoru İsmayıl bəy Qasprinskinin xidmətlərinə də layiqincə qiymət verilməlidir.

Bizim qəzetimiz (“Kaspi” nəzərdə tutulur - V.Q.) “Tərcüman”ın müsəlmanların tərəqqisinə göstərdiyi son dərəcə səmərəli təsirə öz səhifələrində indiyə qədər az yer ayırmayıb. Odur ki, təkrara yol verməyəcək və yalnız bu cəhətinə diqqət yetirəcəyik ki, müxtəlif bölgələrdə yaşayan, vahid türk-tatar köklərinə malik  qohum xalqların maraq və mənafeyini qorumaq kimi mürəkkəb  vəzifə yalnız bir mətbu orqanın öhdəsindən gələ biləcəyi deyildi.

Lakin buna baxmayaraq dörddə bir əsrə yaxın müddət ərzində Krımda çıxan qəzet tatar dilində (ruscaya tərcüməsi ilə birlikdə) yeganə kütləvi nəşr kimi qalmaqda davam etmişdi. Kazanda, Peterburqda və digər yerlərdə yeni  qəzetə icazə almaqla bağlı təşəbbüslərin heç biri  səmərə verməmişdi.

Qafqazda qəzet nəşri ilə bağlı göstərilən cəhdlərin taleyieyni dərəcədə kədərli olmuşdu. Maraqlıdır ki, rədd cavabı alanlar yalnız müsəlmanlar deyildi. Məsələn, Qori müəllimlər seminariyası tatar şöbəsinin inspektoru, indi haqq dünyasında olan Çernyayevskieyni münasibətlə üzləşmişdi.

Ana dilli qəzet nəşri məsələsində yalnız bu son vaxtlarda Məhəmməd ağa Şahtaxtinskinin bəxti gətirib.

Cənab Şahtaxtinskinin tatarca qəzet nəşrinə icazə alması xəbərini sağlam düşüncəyə malik bütün müsəlmanlar sevinclə qarşıladılar. Kaspi” də birincilər sırasında yeni əməl qardaşı “Şərqi-Rus”a xeyir-dua verdi, müsəlman əhalini ictimai həyatın yenilənməsi, inkişafı baxımından xalqın anladığı  dildə mətbuat  kimi qüdrətli vasitəyə yiyələnməsi münasibəti ilə təbrik etdi.

Lakin çox təəssüf ki, həm biz, həm də mütaliə həvəskarı olan müsəlman cəmiyyəti tezliklə ruh düşkünlüyünə qapıldı. Cənab Şahtaxtinskinin rəhbərliyi altında çıxan, üstəlik də bu qədər arzulanan, səbirsizliklə yolu gözlənən qəzetin qətiyyən ümidləri  doğrultmadığı meydana çıxdı. Öz növbəmizdə bunu mətbuat vasitəsi ilə açıqlamaq məcburiyyətində qaldıq. Doğrudur, yeni qəzetin yalnız yerli həyat faktlarını işıqlandırılmasına ciddi etiraz bildirməmişdik. Bizim nəzərimizdə daha  çox narahatçılıq doğuran məsələ onun ilk gündən seçdiyi yol idi. Həmin yolun, həmin dəsti-xəttin isə elə başlanğıc mərhələdən müsəlman cəmiyyətinin ayıq, açıq fikirli kəsiminin  ictimai-siyasi meylləri ilə uyğun gəlməməsi heç kimə sirr deyildi. Bizbu faciəli yanlışlığı diqqətə çatdırmalı məcburiyyətində qaldıq. Səhvlər üzərində dayanmayacağıq. Düşünülmüş çap siyasətinin olmaması, cənab Şahtaxtinskinin redaksiyanın ünvanına göndərilən yazıların hamısını heç bir seçim aparmadan, ağına-bozuna baxmadan qəzetinin səhifələrinə doldurması üzərində durmayacağıq. Müsəlman cəmiyyətinin tamamilə haqlı olaraq cənab Şahtaxtinskinin nəşrinə göstərdiyi soyuq münasibət, habelə onun rəhbərliyi altında mətbu orqan kimi “Şərqi-rus”un uğradığı müvəffəqiyyətsizlik sözlərimizə ən yaxşı dəlil-sübut sayıla bilər.

Təbii ki, cənab Şahtaxtinskinin qəzetin istiqamətinin köklü şəkildə dəyişəyi ilə bağlı son bəyanatı meydana çıxmasaydı, biz belə bir nəşrin Bakıya köçürülməsini alqışlamaqda çətinlik çəkərdik.

Xatırlatdığım bəyanat “Şərqi-rus”un səhifələrində dərc olunub. Burada cənab Şahtaxtinski keçmiş səhvlərini etiraf edir. Fikrimcə, bu səmimi etiraf ona başucalığı gətirir. Bütünlükdə, buraxılan səhvləri, xüsusən də belə təsadüflərdə yol verilən yanlışlıqları  etiraf etmək heç vaxt gec deyil. Cənab Şahtaxtinskinin birmənalı bəyanatına inanmamağa  heç bir əsasımız yoxdur.

Eyni zamanda etiraf etməliyəm ki, “Şərqi-rus”un üzərinə götürdüyü vəzifəni bundan sonra layiqincə yerinə yetirəcəyinə ən yaxşı və ən etibarlı təminat əməkdaşımız Əhməd bəy Ağayevin  yaxından iştirakıdır.

Əhməd bəy Ağayevin iştirak səviyyəsi “Şərqi-rus”un redaksiya məsələlərini və nəşrin  gündəlik işlərini əhatə edəcək.

Kaspinin oxucuları cənab Ağayevi yaxşı tanıyırlar. Həm də publisist fəaliyyəti ilə o qədər yaxından tanışdırlar ki, bu barədə əlavə məlumat verməyə heç bir lüzum qalmır.

Onun dərin biliyi, vəzifə borcuna sonsuz məhəbbəti, müdafiəsinə qoşulduğu mütərəqqi ideyalarla bağlı canlı, enerjili qələmi  yeni anadilli qəzetin müsəlmanların maarifi və tərəqqisi yolunda əzmlə irəliləyəcəyinin, onlar üçün yaşadıqları gerçək həyatın - bütün tələbləri və çatışmazlıqları, bütün sevincləri və kədərləri ilə mövcudluğun güzgüsünə çevriləcəyinin sarsılmaz təminatıdır.

Amma onu da unutmayaq ki,  “Şərqi-rus” sadəcə bir qəzetdir və onun   üzərinə düşən yüksək vəzifəni layiqincə yerinə yetirə bilməsi üçün müsəlman cəmiyyətinin davamlı yardımı zəruridir. Bu yardım isə həm maddi, həm də mənəvi səciyyə daşımalıdır.

İnanırıq ki, müsəlmanlar köməyini əsirgəməyəcək və bu yolla da hər şeydən öncə özləri üçün son dərəcə zəruri olan tatar dilində qəzetin mövqelərini  möhkəmləndirməsinə, müsəlman cəmiyyəti qarşısındakı vəzifəsini yerinə yetirməsinə imkan yaradacaqlar. Biz  yeni mənəvi qardaşımız saydığımız “Şərqi-rus”a  bu yolda uğurlar arzulayırıq.

 

Kaspi”, ¹ 18

23 yanvar 1905-ci il.

 

Rus dilindən tərcümə edən Vilayət Quliyev

 

Əlimərdan bəy TOPÇUBAŞOV

 

525-ci qəzet.- 2017. - 4 mart.- S.10.