Dünyanın zərrəsi olmaq istəyi...
Müstəqillik illərində yazıb-yaradan sənətkarların əsərlərinə diqqət etsək, görərik ki, onlar bu illərdə düşüncələrini, dərdlərini, tələblərini, arzularını bacardıqca aydın, aşkar ifadə edə biliblər.
Müstəqillik illərinin yetirdiyi və bu illər ərzində
13 kitabın müəllifi olan şairlərdən biri də
Siyəzən rayonunda yaşayıb-yaradan Nəcməddin Mürvətovdur.
Onun imzası
mətbuatdan, ekrandan-efirdən
mənə tanış
olsa da, şəxsən özünü
tanımıram, son vaxtlara
qədər kitablarından
da xəbərim yox idi. Qələm
dostlarım və həmkarlarımdan professor Məmməd
Əliyev, dosent Rasim Nəbioğlu onun "Dünyanın zərrəsiyəm" şeirlər
kitabını ( Bakı,
"Şur", 2016, 192 s.) mənə təqdim edib bir şeirşünas
kimi tanış olmağımı istədilər.
Oxudum, oxuduqca maraq doğurdu...
Kitabın redaktoru və naşiri tanınmış
şair Musa Ələkbərlidir. Elə buradaca
qeyd edim ki, Musa Ələkbərli
onun son səkkiz kitabının naşiri və redaktorudur. Kitaba digər tanınmış
qələm dostumuz, şair-publisist, "Kredo"
qəzetinin baş redaktoru Əlirza Xələfli "Hər zərrənin öz işığı" adında
geniş ön söz yazmışdır.
Kitabın cildində müəllif oxuculara belə təqdim edilir: "Azərbaycan Yazıçılar Birliyinin
üzvü, Əməkdar
müəllim Nəcməddin
Tacı oğlu Mürvətov 1953-cü ildə
Dəvəçi (indiki
Siyəzən, keçmiş
Xızı) rayonunun Yuxarı
Ələz kəndində
anadan olmuşdur.
"İlk sözüm"
(1997), "Etiraf" (2001), "Varım, dövlətim"
(2003) , "Dünyamıza sözüm var" (2005),
"Həqiqət axtarıram"
(2006), "Yaxşılar
azalmasın" (2008), "İnam zəfərə aparır" (2009), "Ömür
adlı payım varmış" (2011, "Ürəklərin
sifarişi sözümdə"
(2012), "Bircə söz
de, şeir yazım"
(2014) , "Nə verdim ki, dünyaya..."
(2014), "Səsim, ünüm,
harayım..." (2015) kitablarının müəllifidir.
Məlumdur ki, şeirə, əsərə, yazıya
və eləcə də kitaba qoyulan adlar haradasa
həmin əsərlərin
ədəbi-estetik məzmununu
ehtiva edərək, müəllifinin qayəsi,
məramı, istəyi
barədə öncədən
informasiya verir. Nəcməddinin
kitablarının adlarından
da göründüyü
kimi, o ilk sözündən
həyat həqiqətlərinin
etirafında bulunub, sözü özünün
varı, dövləti
sanıb, dünyamıza
sözüm var iddiası ilə həqiqət axtarışına
çıxıb, ürəyinin
və ürəklərin
sifarişi ilə qələmə əl atıb, tək bircə, amma mənalı sözü də, şeirə çevirməyə cəhd
edərək, bu dünyaya - səsim, ünüm, harayım deyə, şeirlərdən
ibarət söz boğçası bəxş
edib, başqa sözlə, qələmə
sığına-sığına dünyamızın zərrəsinə
çevrilmək istəyi
ilə yaşayıb...
Məni məndən
xəbər alma, sorma yox,
Haralıyam, kiməm, nəyəm, nəçiyəm?
Dünyamızdan yox iddiam, deyil çox,
Onun xırda zərrəsiyəm,
"heçiyəm".
Müəllifin yeni kitabı son illər qələmə alınmış "Şeirlər", "Qəzəllər"
və lirik esse-miniatürlərdən ibarət
"Düşüncələr" bölmələrindən ibarətdir.
Onun şeirləri tərənnüm
və vəsf lirikası deyil. Hərəsi
gerçəkliyin bir
qəlpəsi, bir zərrəsidir - Xəzər
dənizinin sahillərindəki
balıqqulağılar təki
sərt, amma zərif, kövrək, hərəsi bir biçimdə, hərəsi
bir naxışda... Əksəriyyəti də,
nüvəsində bir
vətəndaş yanğısı,
istisi, hərarəti qorumaq şərti ilə... Bu hiss və duyğular Nəcməddinin
şeirlərində bir
az satirik
fonda, didaktik məzmunda, nöqsan və çatışmayan
cəhətlərdən yan
ötmədən əksini
tapır. Bütün
bunlar isə ciddi mənəvi narahatlıqdan, ətraf mühitə və cəmiyyətə məhəbbətdən,
sevgidən, qayğıdan
mayalanır...
Nəcməddin bir şair, bir ziyalı kimi öz missiyasını
aydın dərk edir, "sözü sərvət" hesab edərək, "söz mülkündə" yaradıcılıq
axtarışlarına çıxır. Onun yaradıcılığında
bir maarifçilik, təlim və tərbiyə işinə
meyl müşahidə
etdim ki, bu da onun
müəllimliyindən nəşət
edir, peşə stixiyasından təbii şəkildə irəli
gəlir. Ətraf mühitə,
baş verən hadisələrə əvvəl
müəllim gözü
ilə baxır, müəllim gözü ilə qiymətləndirərək
şeirə, bədii
mətnə çevirir.
Bu bədii təfəkkür nümunələri əslində
gəncliyə, gələcək
nəslə yönəlikdir,
onlara ünvanlanır,
baş verən hadisələr haqqında
poetik informasiyalar verilir, onların diqqəti dünyanın dərkinə, düzgün,
qanunauyğun yaşayış
tərzinin qurulmasına
yönəldilir. Bir şair kimi o, halalı haramdan ayırmağa, yanlışları,
səhvləri düzəltməyə,
eybəcərlikləri islaha
çağırır:
Yanlışını görə-görə laqeyd
durub baxım necə?
Oda atırsan özünü
almayımmı bunu vecə?
Anlasam ki, düşəcəksən lap nahaqdan
zora, gücə,
Toxunmasın ürəyinə
hirs, hikkənlə hər nə desəm,
Düşmən kimi baxma mənə,
səhvlərini deyən
kəsəm.
Nəcməddinin şeirlərində həyata
tənqidi baxış
fikirdə rasionallığı
şərtləndirir, emosionallıq
ləngiyir, arxa plandan boylanır. Lirizmi yaradan
nüanslar - nəşə,
həzz, zövq, vəcd, sığallı,
cilalı bənzətmələr,
təşbehlər, lətif
hallar, sırf lirik əhvallar şeirlərin alt qatında
qalır. Əvəzində
sərt realizm, sadə, el düşüncəsindəki perifrazlar,
həyatilik, səmimi,
birbaşa, üzə
deyiləcək sərt
fikirlər üst qata çıxarılır
ki, bütün bunlar onun özünəməxsus
üslubunu yaradır.
Nəcməddin təkcə insanın könül, ruh aləminə deyil, yaşam, mənəviyyat,
əxlaq, rəftar, gündəlik insani münasibətlər dünyasına
ədəbi-didaktik ekskurslar
edir. O, bir şeirində
dediyi kimi, ən çox, "Mübariz ol, məbada əymə boyun ruzigara" fikrini əsas tutur, özünün xarakterinə uyğun estetik prinsiplə çıxış edir.
Müəllifin müraciət
etdiyi mövzular ümumbəşəri
yük daşıyır. Burda insan
başlıca amildir. Günah da, günahkar da insan özüdür... Tanrı təbiəti insandan milyon illər əvvəl yaradıb. İnsan - Adəm oğlu gəldi təbiəti dünya elədi, təbiətdən dünya
yapdı... Bütün
bu həyati-fəlsəfi
təkamül poetik tərzdə onun "Dünya hamımızındır",
"Gələcəyik qəzəbinə
dünyanın", "Dünyamızda
yaşayan...", "Vay,
dünya",
"Dünya yalan
deyil" kimi şeirlərində əksini
tapıb. Mənə elə gəlir ki, bu şeirlərin
ruhu Xızı dağlarının müqəddəs
mehrablarından burularaq
qalxan, Beşbarmaq ziyarətgahının zirvəsində
cunalanan xəfif bir duman kimi
onun bütün yaradıcılığına hopubdur:
Tanrı qurub əzəldən bir ilahi nizamı,
Yaranan torpaqdandır,
torpağa dönür
hamı...
Əzəl mənbədən
gəlir hey sonrası,
davamı,
Bir adətdir onunçün, dünya -
boşalıb dolan,
Yalançılar bizik,
biz, dünya deyil ki yalan!
Nəcməddinin şeirlərində müəllif
mövqeyi, istəyi, tendensiyası aydındır,
birbaşadır, örtülü,
məcazlar silsiləsi,
sözçülük pərdəsi
arxasında gizlədilmir. Onun Cəfər Cabbarlıya, Mikayıl Müşfiqə,
Zəlimxan Yaquba və digər şəxsiyyətlərə ithaf
şeirlərindəki sənətə,
sənətkara yüksək
münasibət, dərin
hörməti, məhəbbət
də beləcə dəqiq, aydın ifadə edilib.
Öz mühitində gördüyü,
tanıdığı insanın
xarakteri, psixologiyası,
düşüncə tərzi,
nitq koloriti Nəcməddinin misralarında
dürüst təqdim
olunur. Və görünür, ümumən yaradıcılıq
həm də ona görə qiymətlidir ki, ağır bir elin mentalitetini ədəbiyyata gətirmək
işi məhz bu sayədə gerçəkləşir. Şair Nəcməddin
bu işi yalnız istedadla yox, eyni zamanda,
vicdanla, məsuliyyətlə
yerinə yetirir.
Qurban BAYRAMOV
tənqidçi-ədəbiyyatşünas
525-ci qəzet.-
2017.- 10 mart.-S. 8.