Nəsrimizdə uğurlu addım: "Baba ocağı"

 

Azərbaycan romanının özünün inkişaf tarixi, inkişaf meylləri var. Bu inkişaf tarixinin bir ardıcıllığı, mərhələsi silsiləsi var.

Uzun müddət-70-80 il biz sosializm-realizm prinsiplərini doğrultmağa çalışmışıq, amma buna baxmayaraq, Azərbaycan ədəbiyyatı öz şərəfli yolunu keçə bilib, öz sözünü deyə bilib. Bu baxımdan yazıçı Nizami Muradoğlunun "Baba ocağı" romanı tarixi mövzulara qayıdış nöqteyi-nəzərindən xeyli əhəmiyyət kəsb edir.

Əsər çox mürəkkəb ictimai-siyasi dövrə həsr olunub. Bu o dövr idi ki, XX əsrin əvvəllərində Azərbaycanda çox keşməkeşli, mürəkkəb, ictimai-siyasi vəziyyət vardı. Əsərdə bu tarixi faktlara geniş yer verilir. Orada çox gözəl qeyd olunur ki, Bakıya gözəgörünməz yollarla gəlib çıxmış ermənilər artıq  Bakının sənaye sahələrində böyük üstünlüklər qazana bilmiş, Bakının neftini ələ keçirmişdilər. Əsəri oxuduqca şahidi oluruq ki, bu məkrli siyasətin nəticəsi idi. Ermənilərin Azərbaycana yerləşməkdə prinsipləri vardı. Onlar Azərbaycansız Bakı, Bakısız Azərbaycan ideyasına toplaşmışdılar. Roman həm bu tarixi dövrü əks etdirməsi baxımından, həm o dövrün öz real tarixi hadisələrini canlandırması baxımından çox maraqlıdır. N.Muradoğlu bu işin öhdəsindən layiqincə gələ bilib. Əsərdə baş qəhrəman Dadaşın - Rövşənin Ordubada doğulduğu kəndə - Əylisə qayıtması, onların bu planlarından öncədən duyuq düşməsi gözlənilən iğtişaşların qarşısının alınmasına kömək etmək məqsədi daşıyırdı. Həmin vaxt baş verən hadisələri bədii təsvirlərlə vermək, oxucuya ordakı milli yerli koloriti göstərmək, bütün detalların təfərrüatlara varılması baxımından əhəmiyyətli idi.

N.Muradoğlunun bir sıra əsərləri - şeirləri, povestləri, hekayələri, publisistik yazıları digər dram əsərləri ilə tanış olmuşam. Deyə bilərəm ki, N.Muradoğlu yaradıcılığında "Baba ocağı" romanı mühüm yer tutur. Qeyd edək ki, bu əsər Azərbaycan klassik romançılığının tarixi janrda yazılmış bir nümunəsidir. Burada bəzi başqa yazıçılarda olduğu kimi modernizm, postmodernizm, sürrealizm, başqa cərəyanlar axtarmaq yersizdir. Oxucuya xoş gələn odur ki, bu roman Azərbaycan tarixi romanının klassik nümunələrini yerli-yerində saxlayan,  ənənələri  artıran, inkişaf etdirən bir əsərdir. Düzdür bu N.Muradoğlunun ilk yaradıcılıq təcrübəsi deyil, amma burada onun püxtələşmiş bir yazıçı kimi yetişməsinin şahidi oluruq. Qeyd etdiyim kimi, roman tarixi hadisələri əks etdirmək baxımından xeyli maraqlıdır. Əsərin bir üstün cəhəti ondan ibarətdir ki, N.Muradoğlu o tarixi günləri bilavasitə yaşamış insanları tapıb, onların xarakterlərini öyrənmiş, şəxsiyyəti haqqında müfəssəl məlumat əldə etdikdən sonra onu oxucuya təqdim etmişdir.

Əsərdə N.Muradoğlu iki erməni obrazı ilə baş qəhrəmanını Bakıda qarşılaşdırır. Onlardan biri Stepan, digəri isə Aşotdur. Aşot dəmiryol vağzalında restoran sahibidir. Bu tiplərin dilindən eşidilən sözlər, baş qəhrəmanın ermənilərə cavabı artıq hansı hadisələrin baş verəcəyindən xəbər verirdi. N.Muradoğlu baş verənləri təsəvvüründə canlandırmış, o səhnələri çox diqqətlə izləyib əsərə daxil etmiş bədii obrazlar vasitəsilə oxucuya çatdıra bilmişdir. O, tarixi hadisələri tarixi faktlarla yerində əsaslandırmışdı. Ermənilərin 1928-ci ildən, Türkmənçay müqaviləsindən sonra Azərbaycana axıb gəlməsi, Bakıya yerləşməsi, Qarabağı tutmaları faktlarla, tarixi sənədlərlə orda göstərilir. Biz hamımız az da olsa bu tarixi hadisələrdən məlumatlıyıq. N.Muradoğlu isə araşdırmalar apararaq, tarixi sənədlər əsasında əldə etdiyi faktlara söykənərək, əsərə faktiki məlumatlar əlavə etmişdir. 1828-ci ildəI çar Nikolay ermənilərin Azərbaycana gəlməsi burda onlara sığınacaq verilməsiylə bağlı fərman imzalamışdı ki, bunların üstündən qul sozü götürülsün.Yəni o vaxt hamı hər yerdə erməniləri qul ləqəbi ilə çağırırdı. İlya Çarçavidze, Veliçko öz əsərlərində bu məsələyə toxunmuşlar. Hətta böyük rus şairi Puşkin özü ermənilərə müraciətlə yazırdı: " rab... vor... armenin..."

Həmin bu qul sözünün onların üstündən götürülmə məsələsinin tarixini N.Muradoğlu əsərdə bədii ümumiləşdirmə apararaq göstərmişdir. O, qeyd edir ki, ermənilərdə köləlik xisləti var. Onlara azadlıq verərsənsə, onlar hədəqələrindən çıxar, dünyanı alt-üst etmək niyyətinə düşərlər.

Eyni zamanda romanda xoşa gələn cəhətlərdən biri ondan ibarətdir ki, burada tarixi faktlarla yanaşı, həm N.Muradoğlu bir folklor mütəxəssisi, Azərbaycan folklorunun müxtəlif janrlarına yaxından bələd olan bir insan kimi, bir yazıcı kimi yeri gələndə onlardan istifadə edərək, əsəri daha da maraqlı etmişdir.

Əsərdə bir Dədə obrazı var. Bu obraz özü göydəndüşmə deyildir. Demək istəyirəm ki, bizim rayonda - Qubada Şeyx Zirəddin türbəsi var. Yüksək dağların arasında əlçatmaz bir yerdədir orada, çox mömin bir insan yaşayıb yaradıbdır, orada qəbri var. Şeyx Zirəddin əslində Şeyx Səviyyəddinin kiçik qardaşıdır. Əsərdə təsvir edilən Dədə obrazı Şeyx Zirəddini yada salır. Yəni onun haqqında bir çox rəvayətlər var. Bu rəvayətlər yarı həqiqət, yarı əfsanəvi şəkildə olsa da, əsərdə onlardan ustalıqla istifadə edilibdir.

Nizami Muradoğlunun  çox bacarıqla istifadə etdiyi elementlər əsərin bədiiliyinə, oxunaqlığına müsbət təsir göstərmişdir. İndi keçək əsərin əsas obrazına. "Baba ocağı" romanının əsas obrazı Rövşən ictimai siyasi vəziyyətin kəskinləşdiyi bir dövrdə Ordubada qayıdır. Burada qeyd etmək istəyirəm ki, daha doğrusu vəziyyətin ermənilər tərəfindən şiddətləndiyi dövr idi. Həmin vaxt hadisələrin qarşısı alınmaz məcraya tərəf gedirdi. Belə bir zamanda Rövşən Ordubadın Əylis camaatı üçün əlindən gələni edir. Romanda istər erməni, istər azərbaycanlı obrazları müəllif tərəfindən çox dolğun şəkildə yaradılıb. Hadisələrin axarında görürük ki, bu insanların həyatı, taleyi bir-birinə oxşardı. Əsərdəki digər obrazların -Sonyanın, Güllübəyim ananın xasiyyətlərindəki eynilikyaxud, Ayka ananın - baxmayarak ki, erməni obrazıdır, bənzər xarakterlərə malik insanlardı. N.Muradoğlu bu insanların sadə, zəhmətkeş insanlar olduğunu, onlar arasında heç bir düşmənçiliyin olmadığını göstərir, səbəbi də bu idi ki, çünki onlar uzun illərdi bir yerdə yaşamışdılar, bir süfrədə çörək kəsmişdilər, bir-birilərinin xeyirində-şərində iştirak etmişdilər. Bu qarşılıqlı hörmətin, islam mədəniyyətinin verdiyi tərbiyənin nəticəsində, ömrünün son günündə Ayka ana xristianlıqdan dönüb, müsəlmançılığı qəbul edir. Molla Nurməmməd ona şəhadət gətirməyi öyrədir, qadın onun dediklərini təkrarlayır və bir müsəlman kimi dünyasını dəyişir. Onu müsəlman qaydaları ilə dəfn edirlər. Əsərdə bu kimi xırda detallarla N.Muradoğlu çox maraqlı bədii lövhələr yaradır.

Roman haqqında çox danışmaq olar. Əsərdə Ordubad zəngin, gözəl təsvirlərlə, bədii lövhələrlə işıqlandırılıb. Bu əsər həm bədii əsər kimi, həm tarixi roman kimi oxucunun diqqətini çəkir. Odur ki, müəllifə uğurlar arzulayıram ondan yeni romanlar gözləyirəm.

 

Məmməd ƏLİYEV

Filologiya elmləri doktoru, professor

 

525-ci qəzet.- 2017.- 10 mart.-S. 7.