Teatr rəssamlığımız: dünən və bu gün

 

1873-cü il martın 10-da Bakıda M.F.Axundzadənin "Sərgüzəşti-vəziri-xani Lənkəran" komediyasının tamaşaya qoyulması ilə başlanan milli teatr tariximiz nədənsə həmin günü səhnənin tərtibatını həyata keçirən adamın adını özündə yaşatmayıb.

Bunun obyektiv və subyektiv səbəblərlə bağlı olması da ən azı ehtimal olunandır. Belə ki, o vaxt bu tərtibat klassik tutuma malik olsaydı, yəqin ki, icraçı-rəssamın adı tarixə düşər zaman-zaman xatırlanardı. Olub-olmamağı sona qədər dəqiqləşdirilməyən həmin tərtibatın zamanında tamaşanın ümumi estetikasına hansı əlavə bədii-estetik dəyər bəxş etməsi qədər qaranlıq qalsa da, müasir dövrdə teatr tamaşasını tərtibatsız təsəvvür etmək sadəcə mümkünsüzdür. Bu gün tamaşanın çox vaxt uğurunu şərtləndirən yaradıcılıq məsələlərindən biri məhz onun tərtibatıdır, desək, yanılmarıq. Rəssamların da iştirakı ilə ərsəyə gətirilən bir çox tamaşaların yüksək mükafatlara layiq görülməsində onların tərtibatlarının daşıdıqları estetik yükün duyulası rolu olmuşdur. Bu gün ali təhsil ocaqlarında teatr-dekorasiya sənəti sahəsində çalışacaq rəssamların hazırlanması da səhnəqrafiyanın əhəmiyyətinin duyulmasının ifadəsidir.

Teatr-dekorasiya sənəti tariximizin arxada qalan illərini xatırlamalı olsaq, onda əvvəlcə teatr tamaşalarında rəssamın iştirakı barəsində ilk məlumatın 1908-ci ildə Üzeyir Hacıbəylinin "Leyli Məcnun" operasında baş rolu oynamış Hüseynqulu Sarabskinin verdiyini qeyd etməliyik. O, müasirlərinə həmin tamaşanın tərtibatının, sonralar həm rəssam kimi tanınacaq, Əli bəy Hüseynzadə (1864-1940) tərəfindən yerinə yetirildiyini söyləmişdi. Sonradan Tiflisdə professional təhsil alan Bəhruz bəy Kəngərli (1892-1922) Naxçıvana qayıtdıqdan sonra buradakı teatr tamaşalarının tərtibatı ilə məşğul olmuşdu. İyirminci illərdə Bakıda rəssamlıq məktəbi açılandan sonra isə Azərbaycanda bu sahədə davamlı fəaliyyət göstərən rəssamların sayı çoxaldı. Həmin dövrdə Bakıya Rusiya teatrlarından dəvət olunan bu sahədə təcrübəsi olan əcnəbi rəssamlar da çalışırdılar. İyirminci əsrin birinci yarısında bu sahədə fəaliyyət göstərənlər arasında Ə.Əzimzadə, R.Mustafayev, S.Yefimenko, H.Mustafayev, daha sonrakı dövrdə isə N.Fətullayev, İ.Axundov,Y.Toropov, İ.Seyidova, B.Əfqanlı, S.Şərifzadə, Ə.Almaszadə, Ə.Fətəliyev, R.Məmmədov s. rəssamlar olmuşlar. Ə.Əzimzadənin "Ölülər" (C.Məmmədquluzadə) komediyasına, R.Mustafayevin "Koroğlu" operasına (Ü.Hacıbəyli), "Danabaş kəndinin məktəbi" (C.Məmmədquluzadə) "1905-ci ildə" pyeslərinə, İ.Seyidovanın "Sevilya bərbəri" (C.Rossini) "Sevil" operalarına (F.Əmirov), Ə.Almaszadənin "Gülşən" Baletinə (S.Hacıbəyov), Ə.Fətəliyevin "Aşıq Qərib" (Z.Hacıbəyov) "Əsli Kərəm" (Ü.Hacıbəyli) operalarına, N.Fətullayevin "Vaqif" (S.Vurğun) pyesinə, İ.Axundovun "Hacı Qara" (M.F.Axundzadə) komediyasına verdikləri bədii tərtibatlarda dramaturq rejissor yozumunun təsirini artıra biləcək bədii-emosional məziyyətlərin qabarıqlığı tamaşaların duyulası rəğbət qazanmasını şərtləndirmişdir.

XX əsrin ikinci yarısında rəngkarlıq qrafika ilə məşğul olan rəssamların teatr-dekorasiya işlərinə cəlb olunması, tamaşalara yeni özünəməxsus estetik məziyyətlər bəxş etmişdir. M.Abdullayev, T.Salahov, T.Nərimanbəyov E.Aslanovun teatr tərtibatları bu baxımdan maraq doğurur. T.Salahovun "Koroğlu" operasına (Ə.Fətəliyevlə müştərək), V.Şekspirin "Hamlet" "Antoni Kleopatra", C.Cabbarlının "Aydın" pyeslərinə verdiyi tərtibatlarda "sərt üslub"un estetikası ilə səsləşən əzəmət romantikanın tamaşanın emosionallıqla qəbuluna güclü təsiri olub. M.Abdullayev E.Aslanovun "Leyli Məcnun" (Ü.Hacıbəyli) operasına çəkdikləri dekorasiyaların isə nakam məhəbbət dastanının lirik-psixoloji məqamlarının tamaşaya duyğulandırıcı tutumda çatdırılmasında əvəzsiz rolu vardı. F.Əmirovun "Nəsimi dastanı" "1001 gecə", Q.Qarayevin isə "Yeddi gözəl" baletlərini T.Nərimanbəyovun tərtibatı olmadan təsəvvür etmək sadəcə mümkünsüzdür, desək, yanılmarıq.

Ötən əsrin səksəninci illərində, eləcə müstəqillik dövründə bir çox gənclərin - N.Bəykişiyev, E.Məmmədov, Q.Məmmədov, T.Tahirov, S.Haqverdiyeva, E.Sərxanoğlu, N.Səmədova, M.Əliyev, T.Qorçiyev İ.Məmmədov kimi yaradıcıların respublikanın müxtəlif teatrlarında səhnəyə qoyulan əsərlərin bədii tərtibatlarında iştirakları həmin tamaşaların geniş tamaşaçı rəğbəti qazanmasında rolu böyük olub. Bu tərtibatlarda isə artıq səhnəqrafiyanın ənənə və müasirliyin qovşağını özündə əks etdirən bədii ifadə vasitələrinin tətbiqini görmək mümkündür. Bunlar müasir cəmiyyətin estetik tələbatına və zövqünə cavabın ifadəsi olaraq, həm də teatra yönəlmiş olan tələblərə adekvat olan bədii-mənəvi qaynaq kimi qəbul olunurlar.

 

Ziyadxan ƏLİYEV

Əməkdar incəsənət xadimi,

sənətşünaslıq üzrə fəlsəfə doktoru

 

525-ci qəzet. - 2017.- 10 mart.-S. 7.