"And olsun qələmə!"

 

Akademik Rafael Hüseynovun özünün "Söz heykəli"nə epiqraf seçdiyi Orxon daş kitabəsindəndir (732-ci il): "Əbədi abidə tikdim - yazı yazdım". Yazı yazmaq - tarix mədəniyyətin qeydə alınması, sözlə maddiləşməsi, bu günün gələcəyin nəsillərinə ötürülməsidir.

 

Yazı ictimai məzmunda olmaqla hansı funksional üslubda, hansı janrda qələmə alınmasından asılı olmayaraq uzaqmənzilli, uzunömürlü söz abidəsidir.

 

Müəlliflik hüququ mənəvi ehtiyacdan, daxili tələbatdan irəli gəlir. Elə buna görə qələm əhlini fitri istedadından, İlahi vergili təyinatından ayırmaq sadə dillə desək, balığı sudan ayırmaq kimi bir şeydir. Balıq susuz yaşaya bilmədiyi kimi qələm əhli yazısız keçinə bilməz, Güləmail Murad kimi:

 

Deyirsən: bir daha yazmayım şeir,

Sevgi nəğməsini necə yazmayım?

Məgər eşitmirsən, könül deyir:

Könlümün səsini necə yazmayım?

 

ya

 

Çox olubdur dərdlərim,

Az olmayıb mərdlərim.

Saysızdır comərdlərim,

Comərd məkanım, yaşa!

Azərbaycanım, yaşa!

Arxam, həyanım olmaz,

Tabım, tavanım olmaz.

Olmasan, canım olmaz,

Ay mənim canım, yaşa!

Azərbaycanım, yaşa!

 

Güləmail xanımın şeirlərini oxuduqca onun vətənpərvər bir Azərbaycan xanımı, əsl Azərbaycan anası olduğu açıq-aşkar görünür.  Onun yaradıcılığında içindən gələn hissləri, duyğuları,  vətəni sevməyi, torpağı sevməyi, ananı sevməyi, vətəninin keşiyində dayanmağı, onu göz bəbəyi kimi qorunmasını gənclərə çatdıran bir şairə obrazı görməmək mümkünsüzdü. Mən deyərdim ki, elə Güləmailin  özü bir Vətəndir. Şairə analıq hisslərini "İgid əsgərim, şəhid əsgərim" şeirini çox gözəl qələmə almışdır.

 

Yurdumuz uğrunda qanından keçən,

Neçə yol ölümün yanından keçən.

Ana vətən üçün canından keçən

İgid əsgərim,

Şəhid əsgərim!

 

Heç kəsə gizli deyil ki, hələ sülh, müharibə vəziyyətində olan ölkəmizin istənilən milli-hərbi vətənpərvərlik mövzusuna, xalqımızın ümummilli faciələrinin yad edilməsinə, anılmasına, gələcək nəsilləri ayıq-sayıqlığa çağırmağa - sözün tərbiyəedici, səfərbəredici qüvvəsinə həmişə ehtiyac olub, ehtiyac var gələcəkdə ehtiyac olacaq.

 

Ah! Küçələr belə qan görməmişdi,

O gecə necə qanlı bir gecə...

Qana yerikləyən can görməmişdi,

 O gecə necə qanlı bir gecə...

 

Hədəfə tutmuşdu gecədən bəri,

Sovet Bakısını sovet əsgəri.

Gecə iztirabla doğdu səhəri,

O gecə necə qanlı bir gecə...

 

Axı vətən adi yox, müqəddəs məfhumdur. Vətən həm Allah evidir, milli-dini ocağımız, ziyarətgahımız, Kəbəmiz, kövnü məkanımız, gövhəri-laməkanımız, Tanrı payımız, səcdəgahımız, namazgahımızdır. Vətəni sevmək, qorumaq imandandır:

 

Bağımın çiçəyi, laləm, süsənim,

Ruhumu oxşayan çölüm, çəmənim.

Dağımın örpəyi, dumanım, çənim -

Vətənim.

 

"Rast"ım, "Çahargah"ım,

"Şur"um, "Qatar"ım,

Nizamim, Füzulim, Hadim, Nigarım.

Səmədim, Müşfiqim, o  Şəhriyarım,

Anamsan, ey mənə "bala" deyənim -

Vətənim.

 

Ümmana dönsə gözünün yaşı,

Hələ atılır Sənə yad daşı.

Ulu tariximin ayıq yaddaşı,

Məndən sevgi görüb, məni sevənim -

Vətənim.

 

Aydın görünür ki, Əhməd Cavaddan tutmuş Ramiz Qusarçaylıyacan ədəbi möhürlər vurulan məşhur, tarixi üçrəngli "Azərbaycan bayrağı"mızın - Azərbaycan sancağımızın şərəfinə indən belə , gələcək illərdə yeni-yeni orijinal şeirlər yazılacaq. Mənə elə gəlir ki, bu  Azərbaycan bayraqları içində Güləmail xanımın "Azərbaycan bayrağı" qəribçiliyə düşməyəcək, öz sadəliyi orijinallığı ilə ədəbi səmamızda həmişə qürurla dalğalanacaq:

 

Fəxr, qürur, ehtişam,

Güvənc, etibar, inam.

Kömək, həyan bayrağı -

Azərbaycan bayrağı!

 

Tanınmısan qədimdən!

Mətin ölkə, mərd vətən.

Odlu məkan bayrağı -

Azərbaycan bayrağı!

 

Dözümü var, gücü var,

Yıxılmaz, şax dayanar!

Varsa tutan bayrağı,

Azərbaycan bayrağı!

 

Güləmail xanım yaradıcılığında fırtına, damlada dəniz effekti yarada bilir. Şairənin gözündən süzülən yaşda şəxsi yox, ictimai-milli dərdlər yüksək poetik vüsətlə öz əksini tapıb - həm xüsusilə bir şah beytdə yox, şah bənddə:

 

Bütöv Azərbaycan hicranı vardır,

Yaralı Qarabağ məkanı vardır.

Şəhid oğulların fəğanı vardır,

Gözümdən süzülən bir damla yaşda.

 

ya

 

Qayğısız, əzabsız illər hayanda?

Məni əzizləyən dillər hayanda?

Saranı aparan sellər hayanda?

Atımmı özümü selə, bilmirəm,

Yaşaya bilmirəm, ölə bilmirəm.

 

Deməyin bu bədbin naşı deyir?

Fələyin bu düşən daşı deyir?

Bilmirəm gözümün yaşı deyir?

Ağlaya bilmirəm, gülə bilmirəm,

Yaşaya bilmirəm, ölə bilmirəm.

 

Güləmail xanımın Şanlı Çanaqqala savaşının 100 illiyinə həsr etdiyi "Çanaqqala" şeiri örnək olacaq bir şeirdir.

 

Milyonların dodağında,

Böyük Turan ocağında.

Türkün uca bayrağında

Adın coşar, Çanaqqala!

 

Min-min igid veribdi can,

Yenə sənə can qurban!

Hər vaxt sənə Azərbaycan

Könül qoşar, Çanaqqala!

 

Ürəyi daima vətən eşqi ilə döyünən şairənin yaradıcılığında Qarabağ mövzusu xüsusi yer tutur. Məsələn "Yandım ay haray, yandım" şeirində...

 

Qarabağa doldular,

Yandım, ay haray, yandım!

Bizi oda saldılar,

Yandım, ay haray, yandım!

 

Ağladı Sevda nənə,

Göz yaşı dərya nənə.

Dünyada dünya nənə,

Yandım, ay haray, yandım!

Şuşa, Laçın odlanır,

Nənə, saçın odlanır.

Şam kəndi, şamsız yanır,

Yandım, ay haray, yandım!

 

Güləmail xanım da bu yapon poetik janrına müraciət edib, az sözlə böyük mətləblər ifadə edə bilib. Hokku ya Hayku (yap. ??) - yapon poeziyasındakı janrlardan biridir. Hokku 3 sətirdən ibarət olub 5-7-5 heca sisteminə əsaslanır.Üç misralıq yapon şeiri ilkin olaraq hokku, sonra haykay XIX əsrin sonlarından hayku adlanır. Bu janr yaradıcı xarakter daşıyır bütün mövcud qaydalardan istisnadır. On yeddi hecalı üç misralıq haykular klassik yapon beşmisralıq şeirlərdən - tanka ya vakadan, yaxud da daha bir janr - renqadan törəmişdir.

 

Tale - tapdaqda...

Ümidlər - boynubükük.

Vətən - Nəsimi...

 

Şairənin nərmə-nazik bayatılarından, daha doğrusu, ağılarından iki  yarpaq onun dərdinin əzəmətini yüksək dillə ifadə edir:

 

Qəlbi fərağlı qaldı,

 Sinəsi dağlı qaldı.

Təzəcə evlənmişdi,

Xonçası bağlı qaldı.

 

Qızıldanmı dan yeri?

Göyün qızaran yeri.

Ürəyimdə güllə var,

Köynəyimdə qan yeri.

 

Güləmail xanım aprel döyüşlərind ə qazandığımız qələbə münasibətilə qəhrəmanlıq göstərmiş əsgərlərimizin uğurlarını Laləli (Lələ)Təpə şeirində qələmə almışdır.

 

Ey böyük yaradan, həmd olsun sənə

Laləli təpəni aldı əsgərim.

Bu çəmən, bu çiçək mənimdir yenə

Laləli təpəni aldı əsgərim.

 

Xainlik, xəbislik düşmənə qaldı,

Əsgərim döyüşüb qələbə çaldı.

Lalə mənə qaldı, gül mənə qaldı,

Laləli təpəni aldı əsgərim.

 

Çox da öyünməsin yağı alarıq,

Gülşəni alarıq, bağı alarıq.

Təpəni almışıq, dağı alarıq,

Laləli təpəni aldı əsgərim.

 

Gün gələr, yetişər zəfər çağı da,

İgid əsgər gərək ləşkər dağıda!

İnşallah alarıq Qarabağı da,

Laləli təpəni aldı əsgərim.

 

Güləmail xanım torpaqlarımızın doğrudan da azad olunacağına inanır və yazır:

 

Heç bilirsən, nələr yazmaq istərəm?

Qələbədən xəbər yazmaq istərəm.

Neçə-neçə əsər yazmaq istərəm,

Yazılmayan əsərimi yaz, qələm!

 

Qoy bu gözəl arzuları çin olsun şairəmizin!

 

Hafiz RÜSTƏM

şair-şərqşünas

 

525-ci qəzet.- 2017.- 14 mart.- S.8.