"Hüseyn Kürdoğlunun poetik dünyası" təqdim olundu

 

PROFESSOR QƏZƏNFƏR PAŞAYEVİN YENİ KİTABINI ƏDƏBİ-ELMİ İCTİMAİYYƏT YÜKSƏK QİYMƏTLƏNDİRDİ

 

 

Ötən gün Azərbaycan Yazıçılar Birliyinin "Natəvan" klubunda professor Qəzənfər Paşayevin "Hüseyn Kürdoğlunun poetik dünyası" kitabının təqdimat mərasimi keçirilib.

 

Tədbiri AYB katibi Rəşad Məcid giriş sözü ilə açaraq, H.Kürdoğlunun poetik yaradıcılığı Q.Paşayevin ədəbiyyatşünaslıq fəaliyyəti barədə düşüncələrini dilə gətirib: "Hüseyn Kürdoğlu bizim görkəmli şairlərimizdən biri olub. Onun şeirləri dilimizin dadını-ləzzətini, şəhdini-şirəsini özündə daşıyır. Qəzənfər müəllim onun poeziyasının dərinliklərini araşdırıb, Hüseyn Kürdoğlu yaradıcılığını oxucuya daha yaxından tanıtmağa nail olub".

 

Tədbirin aparıcısı professor Nizami Cəfərov Hüseyn Kürdoğlunun yaradıcı insan kimi yüksək keyfiyyətlərindən danışıb bütün bunları qələmə alan müəllifə minnətdarlığını bildirib: "Hüseyn Kürdoğlu təbiətcə təvazökar, gözü-könlü tox bir insan idi. Təbiətindəki saflıq, təmizlik onun poeziyasında da əks olunub. Hüseyn Kürdoğlu barəsində onunla bir yerdə oxumuş akademik Tofiq Hacıyev mənə tez-tez söz açardı ondan gerçək bir şair kimi danışardı. Hüseyn Kürdoğlu öz şeirlərində doğulduğu torpağın enerjisini, təbiətini ehtiva edirdi. Əlbəttə, bunu poeziyaya çevirmək özü böyük yaradıcı enerji tələb edirdi. Sonradan o bir sıra problemlər yaşadı. Xüsusilə, Qarabağ müharibəsi, öz elini-yurdunu itirməsi ona ağır təsir etdi, mənəvi zərbə vurdu. Poeziyasının mühüm bir hissəsi məhz həmin ağrı-acının ifadəsidir. Hüseyn Kürdoğlu yaradıcılığından çox yazılıb. Amma Qəzənfər müəllimin bu kitabı onun yaradıcılığını bütövlükdə əhatə edir. Üstəlik Qəzənfər Paşayevin özünəməxsus üslubu var. Onun dilinə həm istilik, doğmalıq, həm intellektuallıq xasdır".

 

Akademik Teymur Bünyadov Q. Paşayev

 

in kitabını yüksək qiymətləndirib: "Bu gün bizim qarşımızda Qəzənfər Paşayevin böyük əməyinin bəhrəsi durur. O, üç ilə yaxındır ki, bu kitab üzərində çalışır. Kitab olduqca oxunaqlıdır.  Bu kitab Hüseyn Kürdoğlunu ətraflı tanımaq üçün çox gözəl bir tədqiqat əsəridir".

 

Xalq şairi Nəriman Həsənzadə H. Kürdoğlu poeziyasını işıqlandırdığı üçün Q. Paşayevə borclu olduğumuzu deyib: "Hüseyn safürəkli, zəngin bir insan idi. O, xalqın dilində yazırdı, buna görə sevilirdi. Nəğmələri dillər əzbəri idi. Bu mənada biz Qəzənfər müəllimə borcluyuq ki, şair haqda poetik dillə gözəl bir kitab ortaya qoyub".

 

Şair Musa Ələkbərli bildirib ki, Qəzənfər Paşayev kamil bir söz sərrafıdır: "Bu kitabı Hüseyn Kürdoğlunu tanımayan bir insan oxuyub beynində bütün cizgiləri, xarakteri, şəxsiyyəti ilə bütöv bir şair obrazı canlandıra bilər. Hüseyn Kürdoğlu çox xeyirxah bir insan idi. Sənətkar odur ki, fikri, duyğunu ən yaxşı şəkildə ifadə edə bilsin.  Bax bu baxımdan onun poeziyası sənətkarlıqla doludur. Mən kitabı nəsrlə yazılmış poema kimi oxudum. Bu kitab Hüseyn Kürdoğlu haqda yazacaq yeni müəlliflər üçün gözəl bir ipucudur".

 

Ədəbiyyatşünas Vaqif Yusifli Hüseyn Kürdoğlu poeziyasından danışarkən deyib: "Hüseyn Kürdoğlu Səməd Vurğun ədəbi məktəbindən dərs alıb. O, Azərbaycan ədəbiyyatına yeniliklər gətirib. Əvvəla xalq şeir ənənələrini bədii təfəkkürdə çözələyib, onların yeni nümunələrini yaradıb. Onun yaradıcılığında Laçın obrazı çox mükəmməl şəkildə işlənib. Poeziyasında üç Laçın var. İşğala qədərki, işğaldan sonrakı və artıq xatirələrə qarışan Laçın".

 

Ədəbiyyatşünas Qurban Bayramov qeyd edib ki, tədqiqatçıyla tədqiq olunan sənətkar bir-birini tamamlamalıdır: "Qəzənfər Paşayevin Hüseyn Kürdoğlu yaradıcılığında müraciəti bunun ən bariz nümunəsidir. Qəzənfər müəllim şairin bütün yaradıcılığını öz ruhundan keçirərək qələmə alıb. Kitabda elmi-nəzəri və publisistik xətt bir-birini üstələmir. Əksinə elmi- akademik dillə poetik təfəkkür bir-birilə çulğaşır. Bu kitab Hüseyn Kürdoğlu yaradıcılığına abidədir".

 

"Ədəbiyyat qəzeti"nin baş redaktoru Azər Turan şair və kitabın müəllifi haqda fikirlərini paylaşıb: "Hüseyn Kürdoğlu Azərbaycan poeziyasında xüsusi bir mərhələnin - neoklassizmin təmsilçisidir. Bu böyük sənətkar haqda Azərbaycan filologiyasının patriarxı Qəzənfər Paşayevin yüksək səviyyəli bir monoqrafiya hazırlaması, əlbəttə, sevindirci bir haldır".

 

Şair, publisist Əli Rza Xələfli kitabın diliüslubunun üstün cəhətlərinə diqqət çəkib: "Kitab elmi əsər olsa da bir estetik zövq qaynağı kimi oxunur. Belə əsərlər gələcəkdə sənətkar haqda tədqiqatlar üçün bünövrədir. Bu kitab yaradıcı mühitə sözün həqiqi mənasında bir hədiyyədir. Hüseyn Kürdoğlu haqda heç bir əsər olmasaydı belə, bu kitab kifayət edərdi".

 

Yazıçı Natəvan Dəmirçioğlu deyib ki, Hüseyn Kürdoğlunun 50 illik yaradıcı irsi var: "Bu mənada onun tədqiq olunması təbiidir. O, xalq şeirinin müasir formalarını tapmışdı. Bu da onun yaradıcılığına bir orijinallıq gətirdi".

 

Ədəbiyyatşünaslar Şirindil Alışanov, Esmira Fuad, Əməkdar jurnalist Flora Xəlilzadə, şairlər Oqtay Rza, Nazim Əhmədli, Yusif Nəğməkar, yazıçılar Sadıq Elcanlı, İntiqam Mehdizadə, teatrşünas İlham Rəhimli, şərqşünas İmamverdi Həmidov və başqaları da çıxış edərək "Hüseyn Kürdoğlunun poetik dünyası" barədə düşüncələrini bölüşüblər.

 

Sonda Qəzənfər Paşayev söz alaraq, tədbir iştirakçılarına, H.Kürdoğlu yaradıcılığı barədə və kitab haqqında fikir söyləyən çıxışçılara minnətdarlığını bildirib.

 

MÜŞFİQ

 

525-ci qəzet.- 2017.- 14 mart.- S.7.