Mənəviyyat ocağımızın işığı və istisi: Nizami adına Ədəbiyyat İnstitutunda ədəbi proses

 

 

 

(Əvvəli ötən sayımızda)

 

Filologiya elmləri doktoru, tanınmış ədəbiyyatşünas alim, Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin baş elmi işçisi İslam Qəribli eyni zamanda istedadla yazılmış şeirlər müəllifidir.

 

İ.Qəriblinin 2012-ci ildə "Gecikmiş görüş" adlı ilk şeirlər kitabı çapdan çıxıb. Kitaba müəllifin müxtəlif illərdə yazdığı lirik şeirləri daxil edilib.

 

Tanınmış tənqidçi Q.Bayramovun "Ön söz"ündə oxuyuruq: "Bu şeirlər-40 ildən çox bir müddətdə şeir yazan, ilk şeirlərini (tələbəlik illərinin) APU-nun "Gənc müəllim" qəzetində nəşr etdirən və sonralar bir daha şeir nəşri məsələsinə qayıtmayan, yazı-pozuya yaxından bələd olan, imzası imzalar içində tanınan bir alimin, bir Hadişünasın,tekstoloqun, publisistin, bir tənqidçi-ədəbiyyatşünasın, şeirə-sənətə qiymət verən, ədəbi-estetik təhlilini verən filologiya elmləri doktoru İslam Qəriblinin şeirləridir! İki-üç hal istisna olmaqla, heçbir yerdə, heç bir vədə nəşr olunmayan, amma İslam Qəriblinin ürək kitabında çin-çin yığılan şeirləridir..."

Həqiqətən də gözəl deyilib:

 

Torpaqdan boy atan körpə bir fidan,

Saxta bir baxışdan dolandı eşqim.

Mən onu içimdə pünhan saxladım,

Qəlbimin qanına boyandı eşqim.

 

İslamın şeir yaradıcılığında sevgi, ana məhəbbəti, təbiət gözəlliklərini əks etdirən bədii nümunələr çoxluq təşkil edir. Xüsusilə də vətənpərvərlik, Qarabağ və Cənub mövzusunda yazdığı şeirlər poetik yaradıcılığının əsas leytmotividir:

 

Aydın sabahlara göz dikə-dikə,

Gözümüzün kökü saraldı, Təbriz!

Bir çıxdıq yollara son döyüş deyə,

Aldı yolumuzu qar aldı, Təbriz!

 

İstedadlı yazıçı, şair, ədəbiyyatşünas Bahar Bərdəlinin (Məmmədova) imzası oxuculara yaxşı tanışdır. Bahar xanım filologiya üzrə fəlsəfə doktoru Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisidir.

 

Şair-publisist Əlirza Xələfli həmkarı Bahar Bərdəlinin "Qayıtmısan..." şeirlər kitabına "Ağrıları yaşadan poeziya" adlı "Ön söz"də onun yaradıcılığının bədii-poetik məziyyətlərini belə səciyyələndirir: "Baharın şeirləri özünün mənsub olduğu ədəbi nəslin taleyi ilə və həm də yaşadığı dövrün, zəmanənin özü ilə bağlıdır. Elə bəri başdan demək yerinə düşərdi ki, onun həm poeziyası-bəzən ağrılı, bəzən düşüncəli, bəzən müdrik notlarla süslənmiş lirikası öz yaşından qabağa getmir. Bəlkə daha çox gənclik, ötüb-keçən çağların aşıladığı hiss və duyğuları qoruyub saxlamaq gücündədir. O, başqa məsələdir ki, şair fəhmi, sənət duyumu onun  yaşamadığı ömürləri belə qavrayır, gələcəyin istisini və soyuğunu duyur, özündə əks etdirir".

 

Həqiqətən də B. Bərdəlinin şeirləri çoxçalarlıdır, hikmətli notlarla düşündürücüdür:

 

Əsrlərin daş yaddaşı,

Tarixlərin qəm sirdaşı,

Karvanların köç yurddaşı,

Qədim Bərdə, yurdum mənim,

Ulu diyar, Bərdəm mənim!

 

Nizaminin şövkətidir,

İsgəndərin heyrətidir,

Nüşabənin hikmətidir,

Qədim Bərdə, yurdum mənim,

Ulu diyar, Bərdəm mənim.

 

Yuxarıdakı poetik bəndlər və bir çox digər nümunələr göstərir ki, Bahar Bərdəlinin şeir yaradıcılığında vətənpərvərlik mövzusu  üstün yer tutur. Onun yaradıcılığında şəhid analarına ithaf etdiyi şeirləri diqqəti daha çox cəlb edir. "Yurdum mənim", "Şəhidlər xiyabanı", "Vətən bayatıları", "Vətən", "Heykəl analar" kimi poetik nümunələr bu silsilədəndir.

 

"Şairin sənətkarlığı ondadır ki, bu ağrı-acıları ürəkyanğısı ilə ünumiləşdirərək poetikləşdirir və bütün dərdlərin fövqünə qaldırır. Çünki bu acılar tək-tək fərdlərin, ayrı-ayrı şəxslərin deyil, ümumən vətənin yaralarıdır, vətənin ağrılarıdır. Vətənə atılan güllələr bu şəhidlərdən keçib torpağa sancılıb.Onların qanı ilə suvarılan məkanı əbədi məşəl qızdırır, gül-çiçəklər bəzəyir" (Mərziyyə Nəcəfova).

 

Bu yerdə əbədi bir məşəl yanır,

Şənbə gecəsinin dərd-möhnətindən,

Bu yerdə boy atıb güllər, boylanır,

İgid oğulların məhəbbətindən.

 

Tənqidçi, ədəbiyyatşünas, estetik, tərcüməçi, Ədəbiyyat nəzəriyyəsi şöbəsinin aparıcı elmi işçisi, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü Rasim Nəbioğlu (Qurbanov) on beş ədəbi, elmi, publisistik, tərcümə kitabının (o cümlədən, "Hüseyn Cavidin estetik idealı" monoqrafiyasının) müəllifi, tərtibçisi və mütərcimidir. Onun "Dərəzarat" kitabına, eyni adlı və "Xatəmül-Ənbiya"  poemaları, şeirləri, esseləri, hekayələri və ingilis dilindən tərcümələri daxil edilmişdir. Kitab ədəbi-tənqidi fikrin diqqətini cəlb etmiş və tanınmış qələm sahibləri Adilxan Bayramov, Qurban Bayramov, Əli Rza Xələfli və Cingiz Qurbanoğlu əhatəli resenziyalarında onun təhlilini vermişlər.

 

Rasimin şeirlərini oxuduqca bir məsələnin şahidi oldum ki,  onun çoxşaxəli elmi-ədəbi tədqiqatı qədər bədii təfəkkürü də zəngindir:

 

Dam üstündə bürünərdik, yatardıq,

Miçətkəni üstümüzdən atardıq.

Yuxumuza şirin nağıl qatardıq.

İndi hanı bürüncəyim, köynəyim?!

Dərəzarat, kəndim mənim, ürəyim!

 

Professor Məhərrəm Qasımlının "Ruhunu danışdıran adam"  "Ön söz"ündə deyildiyi kimi: "Bu misralardakı poetik ruh dədə Şəhriyarın "Heydərbabaya salam"ıyla eyni ovqatı paylaşsa da, Rasim Nəbioğlunun həm kövrək könüllü bir qardaş kimi, həm də əhli-qələm kimi birbaşa özüdür. Xəlqi kolorit, doğulduğu torpağın, elin folklor və etnoqrafiya dəyərlərinə bağlılığı da Rasim Nəbioğlunun yazılarına təravət gətirən əsas yaradıcılıq cizgilərindən sayılmalıdır".

 

Professor Adilxan Bayramov isə Rasimin bədii yaradıcılığını belə səciyyələndirir: " Bu etüd və esselər lirik qəhrəmanın dilindən söylənilsə də, bədii-fəlsəfi ümumiləşdirmələrə meyl göstərən və öz etik-estetik platformasından çıxış edən tədqiqatçı yazarın şəxsi qənaətləridir. Bu əsərlərdə müəllifin insanlıq, şəxsiyyət, özünüdərk və özünəqayıdışla bağlı mülahizələri ilə tanış oluruq".

 

Ədəbiyyatşünas alimlərimizin şeir yaradıcılığı haqqında fikrimizi yekunlaşdıraraq deyə bilərik ki, onların yaratdıqları poeziya nümunələrinin əksəriyyəti  ictimai-siyasi mühitlə nəfəs alan, bu mühitin bədii təcəssümünə nail olan, yaşadıqları dövrün hadisələrinə çevik, mütəmadi reaksiya verən, vətənpərvərlik duyğuları ilə coşub daşan, milli və əcnəbi ədəbi prosesləri izləyib onlara cavab verməyə, uyğunlaşmağa çalışan müəlliflərin əsasən dəyərli əsərləridir. Bu müəlliflərin yaradıcılığında istər tarixi, istər sosial, istər təbiət, istərsə də dini-fəlsəfi mövzuda və məzmunda şeir nümunələrinə rast gəlmək mümkündür.

 

Tədqiqatçı-alim və ədəbiyyatşünaslarımızın bir çox bədii-poetik qələm məhsulları milli ədəbiyyatımızın, ədəbiyyat tariximizin tərkibinə daxil olmağa, onun üzvü bir hissəsinə çevrilməyə layiq ədəbi prosesi təşkil edən sənət əsərləridir.

 

lll

 

Ədəbiyyat İnstitutunda çalışan elmi işçi heyətinin nəsr əsərlərinə nəzər saldıqda görürük ki, onların əksər hissəsində süjet və təhkiyə real həqiqətlərə söykənir. Bu qələm məhsulları ideya və qəhrəman, janr və üslub, məzmun və bədii təcəssüm baxımından epik növün tələblərinə xeyli dərəcədə və lazımi səviyyədə cavab verən, ürəkaçan, qənaətbəxş nümunələrdir.

 

SSRİ-nin dağılmasından və istiqlal qazanmağımızdan, Qarabağın işğalından sonra dövrün meydana gətirdiyi yeniliklər, münaqişə, müharibə atmosferi, beynəlxalq böhran, mənəvi təbəddülatlarnəsr əsərlərində də özünü büruzə verir.

 

İnstitutun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin baş elmi işçisi, filologiya  elmləri doktoru, tanınmış tənqidçi-ədəbiyyatşünas Rəhim Əliyev, eyni zamanda nəsr və publisistika ilə də məşğul olur. Nəsr əsərlərindən ibarət iki kitab müəllifi olan Rəhim Əliyevin dövri mətbuatda, sosial şəbəkələrdə mütəmadi olaraq hekayələri dərc olunur. Onun 2014-cü ildə çap olunmuş və əsas qəhrəmanı qadınlar olan "Zülmətdə çəhrayı" kitabında qadınlar "Çəhrayı", kişilər isə "Zülmət" başlığı altında təqdim olunur. "R. Əliyevin "Çəhrayı dünyası"na məxsus qadınlar idealsız, məqsədsiz yaşayır, nə istədiyini bilmirlər. Burada qadının ana kimi, övlad, dost, vətəndaş kimi mahiyyəti oxucu üçün qaranlıq qalır, ailədəki, cəmiyyətdəki yeri, ictimai statusu, dünyagörüşü bir çox hallarda pərdəarxası məqama çevrilir. O,metafizik başlanğıcı, sirri, dərkolunmazlığı ifadə etmir, əksinə, bu qadınlar demək olar ki, həmişə gözlənilən addımı atır, çıxış yolunu eyni nöqtədə tapırlar" (Mətanət Vahid).

 

Rəhim Əliyevin təsvir etdiyi qadınlar ədəbiyyatımızdakı ənənəvi qadın obrazlarından fərqlənir. Yazıçı-alimin bu səpkili bütün hekayələrində qadınlar onları atmış kişilərin ayrılığından iztirab çəkir, talelərindəki boşluğu kiminlə oldu, doldurmağa çalışırlar.

 

Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Mənzər  Niyarlı tanınmış yazıçılardandır. Mən hələ radioda çalışdığım illərdə Mənzər xanımın böyük xanəndəmiz Seyid Şuşinskiyə ithaf etdiyi "Qızıl qaval" hekayəsini efirdə musiqi fonunda dinləyicilərə təqdim etmişdim. Bu hekayə ilə də radio tarixində musiqili hekayə janrının əsası qoyulmuşdu.

 

Mənzər xanım 40 ildən çoxdur ki, yazıb-yaradır. Yazıçı-alimə xanımın nəsrinin özəlliyi ondadır ki, o gerçək həyat materiallarına realistcəsinə çox istinad edir. Mənzər xanımın hekayələrində bir cazibədarlıq, harmoniya var. Hekayələrinin süjet xətti dinamik şəkildə inkişaf edir, oxucunu həvəslə finala yetişdirir.

 

Onun povest və hekayələri öz təhkiyəsi və şirinliyi ilə oxucunu ələ alır. Müəllifin nəsrində psixoloji məqamlar üstünlük təşkil edir. Eyni zamanda Mənzər Niyarlı qadın psixologiyasına, qadın aləminə dərindən bələddir.

 

Yazıçının "Yola dikilən gözlər", "Yarımçıq məzuniyyət" və "Səhv atılan addımlar" povestlərində biz fikrimizin əyani şahidi oluruq.

 

Mənzər xanımın bütün hekayələri insan qəlbinə, ruhuna təsir edir. Xüsusilə də "Elə bil çay da susmuşdu" hekayəsi. Bu hekayədə obrazın keçmişi ilə bu günü üz-üzə qalır. İnsan bir vaxt səhv buraxır və bu səhvdən doğan  günah  onun həm özünü, həm də başqalarının taleyini korlayır.

 

Tənqidçi-ədəbiyyatşünas Aygün Bağırlı Mənzər xanımın nəsrinin özəlliklərini belə səciyyələndirir: "Mənzər Niyarlının əsərlərinin xoş təsir bağışlayan xüsusiyyətlərindən biri, bəlkə də birincisi yazıçının adi həyat gerçəklərini, hər gün rastlaşdığımız, çevrəmizdə baş verən, bəzən də yanından etinasız ötüb keçdiyimiz hadisələri yüksək bədii-estetik duyumla sənətə gətirə bilməsidir. Müəllifin maraqlı ifadə və üslub tərzi,təhkiyəsi hekayəçilik ənənələrimizin, bədii nəsrin mövcud ədəbi təcrübəsinin uğurlu davamı olmaqla yanaşı, həm də onun rəng palitrasına yeni bir çalar, yeni bir ştrix əlavə etmişdir".

 

Mərziyyə Səlahəddin (Nəcəfova) Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent, AYB-nin üzvüdür. Bir neçə elmi və bədii kitabların müəllifidir.

 

Qarabağda doğulan Mərziyyə xanımın istər elmi işinin (namizədlik), istərsə də bədii yaradıcılığının ana xətti Qarabağ mövzusudur. Mərziyyənin povest və hekayələrində xalqımızın başına gətirilən bəlalar, bu bəlaların törətdiyi faciələr bədii boyalarla təsvir edilir.

 

Real həyat həqiqətlərini canlandıran müəllifin nəsr əsərləri oxucu üçün dərin maraq doğurur. Mərziyyə xanımın  bədii yaradıcılığında ümumilikdə bir dərin kədər var. Nasirin "Şəhid anası", "Bir ovuc torpaq", "Buz heykəl", "Qapı ağzında ölüm" hekayələrini, "Ata ocağı" və "Bağışlanmaz günah" povestlərini həyəcansız oxumaq qeyri-mümkündür. Onun yaradıcılığında humanizm, vətənpərvərlik ruhu çox güclüdür.

 

Vaxtilə -15 il öncə unudulmaz görkəmli sənətkar Əlibala Hacızadə Mərziyyənin kitabına yazdığı "Ağrılı yazılar" adlı "Ön söz"də onun nəsrinə yüksək dəyər verirdi: "İstedadlı, sözə hakim olmağı bacaran, gələcəyinə böyük ümidlər bəslədiyim Mərziyyə xanım qardaşının adını öz adının yanına yazmasını alqışlayıram. İndi Mərziyyə xanımın tək öz adından yox, Səlahəddinin sözləri və arzuları ürəyində qalmış o nakam cavanın da adından danışır və danışacaq da. Mərziyyə xanım ağrılı-acılı yazıları ilə özünə də, qardaşına da, heykəl qoymaq kimi əbədiyaşar bir işlə nəşğuldur. Bu, sənət hekayəsidir. Sənət hekayəsini isə hətta zaman da yıxıb uçura bilmir".

 

Şahbaz Şamıoğlu (Musayev) mənim tələbə yoldaşımdır. Tələbə vaxtı ən gözəl dilçi-tələbə kimi nüfuz qazanmışdı. Tale elə gətirdi ki, peşəkar, istedadlı ədəbiyyatşünas alim oldu. Ədəbiyyat İnstitutunda Mühacirət ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktorudur.

 

Şahbaz vətənpərvərlik mövzusunda Qarabağın işğalına həsr etdiyi bir hekayəsini mənə mütaliə və fikir bildirmək üçün təqdim edib. Hekayəni birnəfəsə oxudum. Müəllifin gözəl dili,şirin təhkiyəsi var.

 

Onun təbiət təsvirləri ənənəvilikdən gəlsə də orijinallıq və simvolik yeniliklərlə zəngindir. Şahbaz Şamioğlunun hekayəsi "Əsrdən uzun gecənin səhəri" adlanır. Şahbaz gərgin süjet quraraq hekayədə erməniyə nifrəti açıq-açığa yox, real tarixi olayların bədii əksinə nail olmaqla verə bilib. Çörəyimizlə böyüyən erməni Axsaq Nişanın satqınlığını, naxələfliyini bədii boyalarla təsvir edə bilib. Hekayənin qəhrəmanı Sənəm arvaddır.

 

Sənəm arvad əsl Azərbaycan türk qadınıdır. Mərd, ölümdən qorxmayan bir xanımdır. Gəlini öz namusunu qoruyaraq intihar edir. Sənəm arvad düşmənlərin şərtinə saxta vəd verərək gəlinin dəfninə razılıq alır.

 

Yeganə sağ qalan qoca Heybət kişi qəbri qazır, gəlin mafi-qayda ilə dəfn olunur.

 

Ermənilər məşhur professorun Qarabağda gəbərən oğlunun xalçasını toxumağı Sənəm arvadla vədələşirlər. Hamı Sənəm arvadı nifrətlə süzür. Mərasim vaxtı Sənəm arvadın xalçası təqdim olunur və ermənilər bir-birinə dəyir: Sənəm arvad erməni dığasını yox, xalçada üç rəngli bayrağımızı təsvir etmişdir.

 

(Ardı var)

 

Vüqar ƏHMƏD

Filologiya elmləri doktoru

 

525-ci qəzet.- 2017.- 14 mart.- S.6.