İrəvan Dövlət Azərbaycan Teatrı: 1882 -
1927-ci illərdə
Teatr - 135
4-cü məqalə
Uzun fasilədən sonra Qərbi Azərbaycan ziyalılarının mütəşəkkil səyləri nəticəsində Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı 1967-ci ildə yenidən bərpa edildi.
Tələbə-aktyorlar Bakıdan gəlincə truppanın bir hissəsini müxtəlif dram dərnəklərində, xalq teatrında çalışmış yerli kadrlar təşkil etdilər. Onların sırasında qocaman sənətkar
Cəmil Əliyev, istedadlı və təcrübəli aktyor Abbasqulu Tağıyev,
həvəskar artistlər Səməd Abbasov və Raya Qafarova
vardı. Bakının Gənc Tamaşaçılar
Teatrından Tamilla Abdullayeva, Zərnişan Fətəliyeva,
Zemfira Sadıqova, Naxçıvan teatrından Aydın
Şahsuvarov, Tariyel Qasımov, Zemfira Əliyeva (əvvəllər
Gəncədə işləmişdi), Gəncə
teatrından Nisə Rzayeva aktyor ştatına işə
götürüldülər.
Mirzağa Əliyev adına Azərbaycan
Dövlət Teatr İnstitutunun son kurs Aktyorluq fakültəsinin
11 tələbəsi - Şamil Dəmirçiyev, Mərziyə
Məmmədbəyli, Qasım Qasımov, Ədalət
Ziyadxanov, Hacı İsmayılov, Qurban Ələkbərov,
Ramiz Məlikov, Hacı Xəlilov, Vidadi Əliyev, Sara
Əliyeva, Nəsimi Eminov ilin əvvəlindən dərslərdən
azad edilib İrəvana göndərildilər. İnstitutu bir il əvvəl bitirmiş rejissor Zülfüqar
Abbasov da truppaya daxil oldu. Cəfər
Cabbarlının "Sevil" dramının məşqlərinə
Bakıda başlamışdılar. İrəvana
qatarla mart ayının 16-da gəldilər. Həmin gündən də "Sevil"in
yaradıcı heyətinə əlavə ifaçılar
daxil olundular və pyesin məşqləri davam etdirildi. Premyera 28 aprelə təyin olundu. Tamaşanın göstərilməsi
üçün Erməni Dövlət Akademik Dram
Teatrının binası kirayə
götürülmüşdü. Açılışda
İrəvanda olan azərbaycanlı ziyalılar, həmçinin
Ermənistan hökumətinin rəsmi işçiləri
iştirak edirdilər. Quruluşçu
rejissor teatrın fəaliyyət prinsipini və truppanın tərkibini
nəzərə alaraq "Sevil" tamaşasında əksər
rollara ifaçıları dublyorlarla
hazırlamışdı. Rolları Nisə Rzayeva,
Gülçin və Zərnigar Fətəliyeva (Sevil), Tariyel
Qasımov, Vidadi Əliyev və Ramiz Məlikov (Balaş),
Zemfira Əliyeva və Sara Əliyeva (Gülüş),
Hacı Xəlilov və Qasım Qasımov (Atakişi), Cəmil
Əliyev və Nəsimi Eminov (Babakişi), Ədalət
Ziyadxanov və Hacı İsmayılov (Məmmədəli bəy),
Aydın Şahsuvarov və Şamil Dəmirçiyev (Əbdüləli
bəy), Mərziyə Məmmədbəyli (Dilbər), Raya
Qafarova (Tafta), Qurban Ələkbərov (Gündüz)
oynayırdılar.
Sabit Rəhmanın
"Əliqulu evlənir" komediyası kollektivə baş
rejissor təyin edilmiş Tofiq Ağayevin quruluşunda 11 iyulda
oynanıldı. Satirik məişət
komediyasında əsas rolları
Qasım Qasımov və Aydın Şahsuvarov
(Əliqulu), Nisə Rzayeva (Gövhər), Raya Qafarova (Qumral),
Şamil Dəmirçiyev (Xəlil), Ramiz Məlikov və
Vidadi Əliyev (Kamal), Tariyel Qasımov (Rövşən), Mərziyə
Məmmədbəyli (Nazlı), Sara Əliyeva (Humay), Zərnişan
Fətəliyeva (Yasəmən), Zemfira Sadıqova (Səadət),
Nəsimi Eminov (Səfər) ifa edirdilər. "Əliqulu
evlənir" tamaşası teatrın repertuarında layiqli
yer tutan uzunömürlü səhnə əsərlərindən
biridir. Tamaşa yumorunun səmimiyyəti,
aktyorların öz oyunlarında bədii mətnin dramaturji
mahiyyətini gözləmələri, ifadə vasitələrinin
əlvanlığı ilə daha çox maraq doğururdu.
1967-1988-ci illərdə İrəvan
Dövlət Azərbaycan Dram Teatrının
hazırladığı əksər tamaşaların
premyerası Musiqili Komediya Teatrının və Konstantin
Stanislavski adına Rus Dram Teatrının
binalarında göstərilib. Bir neçə
tamaşa isə Erməni Dövlət Akademik Dram
Teatrının və Zabitlər evinin binalarında
tamaşaçılara təqdim olunub. Çünki
teatra əlverişli səhnə şəraiti olan daimi bina
verilməyib. Bir sıra tamaşaların
premyerası isə Ermənistanın azərbaycanlılara məxsus
rayonlarında, bölgələrində, kəndlərində
oynanılıb.
Teatr keçən ilin sonunda
Cəfər Cabbarlının "Solğun çiçəklər"
melodramasını repertuar planına daxil etmişdi. Tamaşanın
quruluşu gənc rejissor Zülfüqar Abbasova
tapşırıldı. İlk tamaşa 1968-ci il martın 27-də (indiki Masis) rayonunun Zəngilər
kəndində oynanılıb. İrəvan şəhərində
isə premyera aprelin 16-da nümayiş etdirilib. Şıxəli Qurbanovun "Sənsiz"
dramının premyerası oktyabrın 28-də Musiqili Komediya
Teatrının binasında göstərildi və
tamaşaçılar tərəfindən rəğbətlə
qarşılandı. Quruluşu teatrın
baş rejissoru Tofiq Ağayev vermişdi. Kollektiv
komediyaları daha şövq və həvəslə, daha
coşqun ehtirasla repertuarında yaşadırdı. Belə tamaşalardan biri də Nəcəf bəy Vəzirovun
"Hacı Qəmbər" ("Yağışdan
çıxdıq, yağmura düşdük")
komediyasıdır. 10 dekabr 1968-ci ildə
göstərilən tamaşanın rejissorları
Zülfüqar Abbasov və Tariyel Qasımov idi.
1968-ci ildən etibarən gənc
kollektivə inzibati rəhbərlik iyirmi dörd yaşlı
filoloq-jurnalist, şair-dramaturq Hidayət Orucova
tapşırıldı. O, 1984-cü ilə kimi bu kollektivdə fədakarlıqla
çalışdı. Teatrın erməni millətçiləri
ilə bağlı bir sıra ciddi problemlərini cəsarətlə
və mətanətlə həll etmişdi. Onun "Hidayət" imzası ilə
yazdığı dram əsərləri həm İrəvan
teatrında, həm də respublikamızın bir sıra
qabaqcıl sənət ocaqlarında tamaşaya
hazırlanıb.
1969-cu ilin repertuarına
üç yeni tamaşa daxil oldu. 3 martda Mirzə İbrahimovun tərcüməsində
(Quruluşçu rejissor Tofiq Ağayev), 6 mayda Cəfər
Cabbarlının "Aydın" (rejissor Cahid Hilaloğlu),
15 oktyabrda Yusif Əzimzadənin "Nəsrəddin" (quruluşçu
rejissor Tofiq Ağayev, rejissor Cahid Hilaloğlu)
dramalarının tamaşaları göstərildi. Kollektiv Ermənistanda
fəaliyyət göstərdiyinə görə məcburiyyət
qarşısında vaxtaşırı hay dramaturgiyasına da
müraciət etməli olurdu. Belə müraciətlərdə
konyukturaya uymaqlar üstünlük təşkil edib.
Teatr Cəfər
Cabbarlının anadan olmasının 70 illiyi münasibətilə
"Aydın" dramını seçmişdi. Yaradıcı
heyət əsər üzərində diqqətlə, səmərəli
axtarışlar zəminində işləyirdi. İlk tamaşa İrəvandakı Zabitlər evinin
binasında göstərildi. Premyerada əsas rolları
Mübariz Əlixanoğlu (Aydın), Mərziyə Məmmədbəyli
(Gültəkin), Şamil Dəmirçiyev (Surxay), Rəhim Rəcəbov
(Dövlət bəy), Abbasqulu Tağıyev (Səlim), Cəmil
Əliyev (Qulam və Mirzə Cavad), Məlahət Mirbabayeva və
Nina Markarova (Susanna), Cahid Hilaloğlu (Balaxan və Pirqulu) ifa
edirdilər.
1970-ci ilin ilk premyerası
Üzeyir bəy Hacıbəylinin "Məşədi
İbad" musiqili komediyasının tamaşası oldu (2
mart) "Məşədi İbad" İrəvan
teatrında daha çox tamaşaya qoyulan əsərlərdəndir. Adi
quruluşları saymasam bu, əsərin yeddinci samballı səhnə
işləməsi idi. Tamaşanın
quruluşunu rejissor Tofiq Ağayev vermişdi. Bəxtiyar Vahabzadənin "İkinci səs"
lirik-psixoloji dramını hazırlamaq üçün
Naxçıvan teatrının baş rejissoru Vəli Babayev dəvət
edildi. Tamaşanın premyerası 1971-ci il
martın 25-də göstərildi. Teatrın səyyar
fəaliyyəti üçün kiçik həcmli məsxərələr
daha səmərəli sayılırdı. Georgi Xuqayevin "Arvadımın əri" məsxərəsi
də bu məqsəd və prinsipdə repertuara daxil
edilmişdi. Rejissor Ağakişi
Kazımovun tərcüməsi qəbul olunmuşdu. Quruluşçu rejissor Hilal Həsənov rəssam
Məmməd Qasımovla yüngül, ancaq koloritli tərtibatdan
istifadə etmişdilər. Kamil Misgərovun
seçdiyi musiqi parçaları da ritmik və şux təranələrə
əsaslanırdı. Komediya-məsxərənin
birinci tamaşası Musiqili Komediya Teatrının binasında
göstərildi (14 iyun 1971).
Teatrın 1971-ci ildə təhvil
verdiyi yeni tamaşa Mirzə Fətəli Axundzadənin
"Molla İbrahimxəlil kimyagər" komediyası oldu (15
noyabr). Komediyanın quruluşunu istedadlı gənc rejissor
Hilal Həsənov, bədii tərtibatını rəssam
Cabbar Quliyev verdilər. 1972-ci il yanvar
ayının 21-də oynanılmış "Arşın mal
alan" (Üzeyir bəy Hacıbəyli) operettasına səhnə
quruluşunu da rejissor Hilal Həsənov vermişdi. Teatra baş rejissor təyin olunmuş Baxşı Qələndərli
1972-ci ildə repertuarın məzmun və formasını əsaslı
dəyişməyə ciddi səy göstərirdi.
Kollektiv Hilal Həsənovun quruluşunda Məhərrəm
Əlizadə və Ağası Məşədibəyovun
"Toy kimindir?" (24 fevral) musiqili
komediyasını, Nəsir Sadıqzadənin rejissorluğunda
Georgi Xuqayevin "Elbrus evlənir" vodevilini (4 may)
dramını hazırladı. Baxşı
Qələndərlinin baş rejissor kimi ilk işi Cəfər
Cabbarlının "Yaşar" (22 yanvar 1973)
dramının tamaşası oldu.
Tamaşaçıların
musiqili komediya janrına marağını nəzərə
alaraq, teatr 1973-cü ildə "Ulduz" (dramaturq Sabit Rəhman,
bəstəkar Süleyman Ələsgərov) öz
repertuarına daxil etdi. Rejissor Hilal Həsənovun
hazırladığı tamaşanın premyerası aprelin 2-də
göstərildi. Tamaşada daha canlı,
daha şən, daha məzmunlu ifa tərzi Abbasqulu
Tağıyevə (Məhəmməd) və Marietta Kərimovaya
(Züleyxa) məxsus idi. Onların səhnəyə
hər gəlişi alqışlarla
qarşılandığı kimi, həm də hadisələrin
ovqatına təravətli həyatilik verirdi.
Bolqar dramaturqu Panço Pançevin
"Dörd əkiz haqqında nağıl" ("Əkizlər"
və "Əkizlərin nağılı" adları ilə
də verilib) uşaq əsərini bolqarıstanlı tələbə-diplomçu
Moni Abqarov (20 fevral 1974), Georgi Xuqayevin "Mənim səadətim,
hardasan?!" vojevilini (1 aprel 1974) və Sabit Rəhman
"Toy" komediyasını Hilal Həsənov (20 dekabr 1974)
hazırladılar. Uşaqların maraqla baxdıqları "Dörd əkiz
haqqında nağıl" tamaşası əlvan və rəngarəng
çalarlı idi, maraqlı aktyor ifaları vardı. Tamaşada əsərin qəhrəmanları olan
Ağpapaq, Qarapapaq, Gülpapaq və Çalpapaq əkiz
qardaşlarını Vidadi Əliyev və Şamil Dəmirçiyev
oynayırdılar. Aktyorlar hər qardaş
üçün xarakterik hərəkət tərzi və
danışıq ahəngi tapmışdılar. Maraqlıdır ki, aktyorların ikisi də əsas
ifaçı kimi uğurlu oyun nümayiş etdirirdilər.
"Toy"
komediyasının ilk premyerası dekabrın 20-də
Basarkeçərdə göstərildi. 1974-cü il
dekabrın 30-da isə Rus Dram Teatrının binasında yenə
premyera kimi təqdim edildi.
Şamil Dəmirçiyevin ifa etdiyi Kərəmov
obrazının səhnə yozumuna sırf ictimai-sosial tip
prizmasından yanaşması dəqiq və məzmuna
uyğun idi. Abbasqulu Tağıyevin riyakar və yaltaq,
simasız Salmanovu, Zeynal Paşayevin məsləksiz və əbləh
Mirzə Hüseyni, Vidadi Əliyevin işgüzar, məhəbbət
eşqinə düşmüş və bununla komik
situasiyalarla qarşılaşan səmimi dəmirçi
Musası, Tamilla Abdullayevanın hirsi-hikkəsi yerə-göyə
sığmayan, mənən təmiz duyğulu tipik kənd
arvadı təsiri bağışlayan Zalxası əsərdəki
canlılığı və yumor təravətini
artırırdı. Bütövlükdə
"Toy" tamaşasının satirasının və
yumorunun enerji nüvəsi ilk növbədə Kərəmov
və sonra Zalxa və Dəmirçi Musa obrazlarının
ifaları ilə bağlı idi.
Dramaturq Məcid Şamxalovun
və bəstəkar Zakir Bağırovun "Qaynana"
musiqili komediyası Azərbaycan Dövlət Musiqili Komediya
Teatrında böyük populyarlıq qazanmışdı. Xüsusilə
Nəsibə Zeynalovanın qaynana Cənnət xala rolundakı
ecazkar oyunu tamaşaçıların böyük rəğbətini
qazanmışdı. Quruluşçu
rejissor Hilal Həsənov "Qaynana" əsərini İrəvan
teatrında məişət-ailə komediyası kimi
tamaşaya qoymuşdu (10 fevral 1975). Premyera
Zabitlər evində oldu. "Qaynana"
tamaşasında aktyorlar Tamilla Abdullayevaya (Cənnət xala),
Elmira İsmayılova (Afət), Vidadi Əliyev və Məmməd
Bayramov (Ayaz), Marietta Kərimova (Sevda), Zeynal Paşayev
(İlqar), Nazlı Göyüşova (Mülayim), Sona
Cümşüdova (Sədaqət) ciddi-cəhdlə
çalışmışdılar.
Belorus dramaturqu Andrey Makayonok
müharibəyə həsr etdiyi "Tribunal" pyesininin
tamaşası 31 mart 1975-ci ildə göstərildi. Müəllif
əsəri iki hissəli tragikomediya adlandırıb. Üstəlik bu janr təyinindən sonra "xalq məzhəkəsi"
sözlərini də yazıb. Əslində
isə pyes yumorlu epizodlarla müşayiət olunan dramatik-psixoloji
əsərdir. İrəvan teatrı
"Tribunal" tamaşasını faşizm üzərində
qələbənin otuz illiyinə həsr etmişdi. Ancaq tamaşanın dəyəri təkcə tarixi
günə ithaf edilməsi ilə deyil, əsasən bədii
yaradıcılıq dəyərləri ilə qiymətləndirilməlidir.
Tərcüməçi Novruz Gəncəli də,
quruluşçu rejissor Hilal Həsənov da tamaşanı
faciəvi hadisələr zəminində, dramatik-psixoloji hekayət
janrında hazırlamışdılar. Belə
bir səhnə təfsiri həm bədii mətnə uyğun
idi, həm də mövzunun ictimai-siyasi motivini gücləndirmişdi.
Pyesdə "hərbi
tribunal" bir ailənin timsalında evin kişisinə və
atasına qarşı qurulub. Tamaşada isə
ictimai vurğu daha qabarıq
götürülmüşdü. Belə
psixoloji vəziyyətdə əsərin qəhrəmanı
Tereşkonun (Şamil Dəmirçiyev) dramatik daxili dəyişmələri
müəyyən gərginlik ovqatı doğururdu. Digər tərəfdən "tribunal quran"
Polinanın (Elmira İsmayılova) sarsıntılı həyəcanları,
qətiyyətli qərar çıxarması
üçün psixoloji zəmin yaranırdı.
"Tribunal"ın digər ifaçıları Tamilla
Abdullayevanın (Nadya), Marietta Kərimova və Esmira
Hacıyevanın (Qalya), Nazlı Göyüşova və Sona
Cümşüdovanın (Zina), Vidadi Əliyev, Rauf Əliyev və
Yunis Məmmədovun (Volodka), Zeynal Paşayevin (Sarodoyev),
Abbasqulu Tağıyevin (Komendant) oyunlarında da
quruluşçu rejissorun tamaşa üçün müəyyənləşdirdiyi
janrın estetik oyun-ifadə vasitələrinə ciddi əməl
olunmuşdu.
Adından da göründüyü
kimi, "Məhəbbət yaşayır hələ..." (Hidayət) tamaşaçının mövzusu
sevgidən götürülmüşdür. Konflikt bu mövzunun
dramatik həllində kəskinləşir, mübarizənin
ifadə vasitəsi olan dialoqlar məhəbbətin tələb
etdiyi poetik lirizmlə cilvələnir və nəhayət,
obrazların fərdi keyfiyyətləri, xarakterik cəhətləri
məhək daşında - sevgi ünsiyyətində
cilalanırdı. Şair-dramaturq və
İrəvan teatrının direktoru Hidayət "Məhəbbət
yaşayır hələ..." pyesində insanı
düşündürən, həyəcanlandıran bir
sıra problemlər qaldırmışdır. Gənclərimizi sevginin, sədaqətin keşiyində
dayanmağa, onun müqəddəsliyini,
paklığını qorumağa
çağırmışdır. Rejissor
Nəsir Sadıqzadə "Məhəbbət yaşayır
hələ..." əsərini iki hissəli poetik dram
janrında hazırlamışdı və sənət
ocağı ilk dəfə idi ki, bu üslubda pyesə
quruluş verirdi. Premyerası 1976-cı il
fevral ayının 9-da göstərilən tamaşada əsas
rolları Vidadi Əliyev (Zəfər), Abbasqulu Tağıyev
(Müqəddəs əmi), Zeynal Paşayev (Kərəməli)
oynayırdılar.
Quruluşçu rejissor Vəli
Babayev Cəfər Cabbarlının "Solğun
çiçəklər" dramını tamaşaya
yazıldığı janrda, yəni melodrama kimi
hazırlamışdı. Tamaşa teatrın
sürətlə hazırladığı və qısa
müddətdə təhvil verdiyi yaradıcılıq işlərindədir.
"Solğun çiçəklər"in premyerası Rus
Dram Teatrının binasında göstərilib (29 mart 1976). Əsərin qəhrəmanı
Bəhram rolunu gənc aktyor Əhməd Əhmədov ifa
edirdi. Onun lirik-psixoloji və bir qədər
dramatik səciyyəli oyunu obrazın səhnə təfsirinə
yenilik gətirmişdi. Pəri rolunun ilkin
ifaçısı Naxçıvan teatrının
aktrisası Sona Mirzəyeva olub. Psixoloji və
bir qədər lirik planda işlənmiş Sara
obrazını aktrisa Raya Qafarova zavallı aşiq kimi təqdim
edirdi.
Adətən İrəvan
teatrı payızda qastroldan qayıdanda ya premyera göstərir,
ya da ilk dəfə qastrolda oynanılmış əsəri
yeni tamaşa kimi təqdim edirdi. 1976-cı il
sentyabrın 30-da teatr mövsümə yenicə başlayanda
dramaturq Mirzağa Atəşin "Şərəfin
sandığı" komediyasını
tamaşaçılara göstərdi. Pyes
işlənmə texnologiyası baxımından vodevil-məsxərə
idi. Komediyaya quruluş vermək
üçün Azərbaycan Dövlət Musiqili Komediya
Teatrının rejissoru Rafiq Atakişiyev dəvət
edilmişdi. Tamaşanın əsas
dramaturji ağırlığını Şərəf rolunu
ifa edən aktrisa Tamilla Abdullayeva çəkirdi. Aktrisanın daxili temperamenti, çılğın
ifadə vasitələrini məharətlə tənzimləməsi
Şərəf obrazını bədii mətndəkindən
daha canlı və daha yapışıqlı etmişdi.
Xeyli müddət idi Tofiq
Ağayev yenidən teatrın baş rejissoru idi. Onun yeni təyinatda
ilk quruluşu "Sən nə üçün
yaşayırsan?" (İmran Qasımov və
Həsən Seyidbəyli) tamaşası oldu (6 dekabr 1977).
Premyera Konstantin Stanislavski adına Rus
Dövlət Dram Teatrının binasında göstəridi. Rejissor tamaşada lirik-psixoloji janr estetikasının
prinsiplərindən və oyun-ifadə vasitələrindən
cəsarətlə bəhrələnmişdi. O,
ifaçı aktyorlar Vidadi
Əliyevi (Rüstəm), Aydın Əliyevi (Pərviz),
Şamil Dəmirçiyevi (Səməd), Marietta Kərimovanı
(Leyla), Tamilla Abdullayevanı və Raya Qafarovanı (Şərqiyyə),
Səmayə İsmayılovanı və Şövkət
Əliyevanı (Pəri), Abbasqulu Tağıyevi (Los) də bir
növ lirik-psixoloji teatr poetikasının göstəriciləri əsasında oynamağa istiqamətləndirmişdi.
Nəticədə tamaşa aktyorların sənət
qələbəsi səviyyəsinə yüksəlmişdi.
Azərbaycan dramaturgiyasında
görkəmli lirika ustası, 31 yaşında "xalq
düşməni" iftirası ilə günahsız tutulub
güllələnən şair Mikayıl Müşfiqə həsr
olunmuş ilk dram əsərlərindən biri də "Səni
kim unudar..." pyesidir. Əsəri Bakıda
yaşayan şair Mustafa İsgəndərzadə nəzmlə
yazmışdı. Əsər ilk dəfə
İrəvan teatrında rejissor Hilal Həsənovun
quruluşunda tamaşaya qoyulub (4 aprel 1975). 1975-ci ildə
teatr həmçinin rejissor Tofiq Ağayevin quruluşunda
qırğız dramaturqu Mar Bayciyev "Hər evdə sevinc
olsun..." (6 iyun) pyesini də
tamaşaçılara təqdim edib. "Hər
evdə sevinc olsun..." əsərini Əkbər İrəvanlı
tərcümə etmişdi. Tərcümənin
dili səlist və rəvan idi, dialoqlar asanlıqla və fikir
dərinliyi ilə qavranılırdı. Əsər
ailə və cəmiyyət probleminə toxunan, onu xarakterik və
ibrətamiz şəkildə təcəssüm etdirən,
tamaşaçıları düşündürən, onlara
yüksək ideallar aşılayan, maraqla baxılan tamaşa
idi. Tamaşanın dramatik gərginlik xətti ilə
konfliktin fikir tutumu arasında sıx əlaqə
bağları vardı. Tamaşanın enerji
nüvəsinin, cazibə qüvvəsinin əsasında aktyor
ansamblı dururdu.
İfaçıların az
olmasına baxmayaraq, səhnədəki dramatik kolliziyalar kəsərdən
və ritm ahəngindən düşmürdü. İfaçı aktyorlar Raya Qafarova (Mədinə),
Vidadi Əliyev və Aydın Əliyev (Sarvan. Mədinənin əri), Şamil Dəmirçiyev
(Azad Sultanoviç. Mədinənin
atası), Abbasqulu Tağıyev (Tahir Musayeviç. Azadın köhnə dostu), Mehman Əlyarov
(Azdanışan qoca. Azad Sultanoviçin
atası) psixoloji-dramatik janr daxilində maraqlı oyun
nümayiş etdirirdilər.
"Aydın" (Cəfər
Cabbarlı) faciəsi 1978-ci ildə teatrı yenidən cəlb
etdi. Pyesin yeni quruluşunda rejissor ictimai-sosial problemləri,
mövzunun siyasi kəsərini bilavasitə Aydın (Şamil
Dəmirçiyev), Gültəkin (Tamilla Abdullayeva) və
Dövlət bəy (Abbasqulu Tağıyev)
üçbucağında təcəssüm etdirməyə səy
göstərmişdi. Ona görə də
bu obrazları ifa edən aktyorların oyunları ön plana
çəkilmişdi. Elmira
İsmayılova dürüst ifası ilə obrazın
ictimai-sosial boyalarını tündləşdirib
reallaşdırırdı. Kazinonun daha dinamik, daha
çevik, daha çılğın təsir
bağışlayan iştirakçıları Balaxan (Vidadi
Əliyev) və
Susanna (Raya Qafarova) obrazları idi. Raya Qafarova
Susannanın mənəviyyatsız, çürük əqidəsini,
əxlaqsız hərəkətlərini qroteskli satira ilə
oynamaqla epizodun siyasi-ictimai mahiyyətini
qabarıqlaşdırırdı. Aktrisa
özünün dinamik və coşqun ehtiraslı oyunu ilə
Dövlət bəyin riyakarlığının,
Aydının zavallı və miskin kökə düşməsinin
ictimai-psixoloji səbəblərini, Gültəkinin
aldığı mənəvi zərbələrin fəlsəfi
mahiyyətini bir qədər də
aydınlaşdırırdı.
Premyerası 10 iyul 1978-ci ildə
göstərilən "Qızıl zəncir" (Şamil
Xurşud və Əşrəf Hacıyev) tamaşasında
maraqlı rejissor tapıntıları, cazibəli və dinamik
kompozisiya vardı. Bununla belə,
tamaşa aktyor ifası ilə daha sanballı idi.
Müqayisədə aktyorlardan Tamilla Abdullayeva (Firəngiz -
Ceyniz), Vidadi Əliyev (Vasif), Elmira İsmayılova (Gülarə
- Mahuru), Aydın Əliyev və Nizami Ələkbərov
(Nazim), Əhməd Əhmədov (Mansur), Şamil Dəmirçiyev
(Kazım), Marietta Kərimova (Vəfa), Şövkət
Əliyeva və Səmayə İsmayılova (Ahru ana)
bir-birindən fərqli oyun nümayiş etdirirdilər. Lakin
bütövlükdə tamaşada ansambl səlistliyi hiss
olunurdu, ifaçılar quruluşçu rejissorun ali məqsədinin bədii icrasından kənara
çıxmırdılar.
1978-ci il noyabr
ayının 14-dən 27-nə qədər İrəvan
teatrı Bakıda qastrol səfərində olub. Bu, kollektivin Bakıya ilk böyük səfəridir.
Teatrın açılışı və
bağlanışı Musiqili Komediya Teatrının
binasında baş verdi. Kollektiv səkkiz
tamaşanı Musiqili Komediya Teatrında, altı
tamaşanı isə 26-lar adına Mədəniyyət
Sarayında göstərib. Qastrol repertuarına İmran
Qasımovun və Həsən Seyidbəylinin "Sən nə
üçün yaşayırsan?",
Şamil Xurşudun və Əşrəf Hacıyevin
"Qızıl zəncir", Yusif Əzimzadənin "Nəsrəddin",
Hidayətin "Məhəbbət yaşayır hələ...",
qırğız dramaturqu Mar Bayciyevin "Hər evdə sevinc
olsun...", bolqar ədibi Panço Pançevin "Əkizlərin
nağılı" pyeslərinin tamaşaları daxil
edilmişdi.
1979-cu ildə teatr
repertuarına iki orijinal, iki tərcümə əsəri
daxil etdi. Əkrəm Əylislinin "Bağdada putyovka
var" (19 mart. Quruluşçu rejissor Niyaz Şərifov,
rəssam Mübariz Əliyev), Anarın "Şəhərin
yay günləri" (28 may. Quruluşçu
rejissor Tofiq Ağayev, rəssam Fuad Qafarov), Aleksandr Ostrovskinin
"Cehizsiz qız" (6 dekabr. Quruluşçu
rejissor C.Rafael) tamaşaçılara göstərildi. Əkrəm
Əylislinin psixoloji üslubu və obrazların millilik ruhu
truppaya doğma idi. Üstəlik də
rejissor intensiv və səmərəli məşqlər
aparırdı. "Bağdada putyovka var"da Əhməd
Əhmədov (Qürbət Əzizov), Marietta Kərimova (Sitəmxanım),
Vidadi Əliyev (Muradov), Raya Qafarova (Mahnur), Elmira
İsmayılova (Kama), Səmayə İsmayılova (Məsmə),
Süleyman Nəcəfov (Həsən), Eldar Əliyev (Cəfər)
iştirak edirdilər. "Cehizsiz qız"da rolları Elmira
İsmayılova (Xarita İqnatyevna Oqudalova), Tamilla Abdullayeva
(Larisa), Şamil Dəmirçiyev (Sergey Paratov), İlham
Bağırov (Vasili Vojevatov), Vidadi Əliyev (Yuli
Kapitonıç), Süleyman Nəcəfov (Robinzon), Ramiz Məşədiyev
(Qavrilo), Əli Quliyev (İvan) oynayırdılar.
"Şəhərin yay
günləri" əsərinin tamaşası daha uğurlu
yaradıcılıq işi idi. Vidadi Əliyevin (Qiyas
Zeynallı) və Elmira İsmayılovanın (Dilarə)
ifalarında lirik-dramatik notlar üstünlük təşkil
edirdi. İfaçıların ritm ahəngləri
bir qədər tərəddüdə əsaslansa da, dinamik
idi. Tamaşadakı sevgi qolu ana xətlə
psixoloji əsaslarla bağlanmışdı. Əli Quliyev ilə Aydın Əliyevin (Namiq) və
Tamilla Abdullayevanın (Qumru) ifalarında poetik və həzin
lirizm, ülvi məhəbbət duyğusunu tərənnüm
edən kövrək emosionallıq üst qatda idi.
1980-1989-cu illərdə teatr
Üzeyir bəy Hacıbəylinin "Məşədi
İbad" (25 yanvar 1980), "Arşın mal alan" (20 may
1981), Anatoli Safronovun "Kişilərə inanmayın"
(30 dekabr 1980), Nəriman Həsənzadənin "İmzalar
içində" (28 aprel
1980), Aleksandr Gelmanının "Aləmlə üz-üzə"
(29 dekabr 1982), Əkrəm Əylislinin "Vəzifə"
(2 aprel 1982), Hidayətin "Məni qınamayın" (14
may 1982), Azad Abdulinin "On üçüncü sədr"
(23 fevral 1983), Altay Məmmədovun "Kişilər" (5
fevral 1983), Ramiz Ağayevin "Yeddi oğlan və bir qız"
(5 fevral 1983), Nəbi Xəzrinin "Əks-səda" (14
noyabr 1983), Karlo Qoldoninin "İki ağanın bir nökəri"
(30 dekabr 1983), Mirzə Fətəli Axundzadənin
"Müsyö Jordan və dərviş Məstəlişah"
və "Lənkəran xanının vəziri" əsərləri
"Komediyalar" adı ilə (2 aprel 1984), Karl Vittingerin
"Ulduzdan düşmüş adam" (11 may 1984), İlyas
Əfəndiyevin "Məhv olmuş gündəliklər"
(25 fevral 1985), "Atayevlər ailəsi" (30 mart 1975), Anton
Çexovun "Ayı" və "Təklif" (15 aprel
1985), Sabit Rəhman və Emin Sabitoğlunun "Hicran" (9
aprel 1985), Yucin O'Nilin "Qaraağaclar altında məhəbbət"
(30 dekabr 1985), Uilyam Şekspirin "Axırı xeyir olsun"
(3 aprel 1986), Əhmədxan Əbubəkrin "Şuburumda
qalmaqal" (30 mart 1987), Mar Bayciyevin "Ər və arvad"
(15 fevral 1988), Boris Rabkinin "Aya səyahət" (16 aprel
1988) əsərlərini tamaşaya hazırlayıb.
Bu tamaşaların əksəriyyətinin
quruluşçu rejissoru Tofiq Ağayev olub. Eyni zamanda dəvətlə
Ağakişi Kazımov, Vəli Babayev, Hilal Həsənov,
Hüseynağa Atakişiyev, Nəsir Sadıqzadə,
teatrın aktyoru Vidadi Əliyev də tamaşalar
hazırlayıblar.
"Aləmlə üz-üzə"də
Şamil Dəmirçiyev, Vidadi Əliyev və Əhməd
Əhmədov (Andrey Qolubov), Tamilla Abdullayeva, Marietta Kərimova
və Səyalı Teymurova (Qolubova), "Məşədi
İbad"da Şamil Dəmirçiyevin (Məşədi
İbad), Abbasqulu Tağıyevin və Fərhad Əsgərovun
(Rüstəm bəy), "Arşın mal alan"da Şamil
Dəmirçiyev (Vəli), Tamilla Abdullayevanın (Telli), Elmira
İsmayılova (Cahan xal), "Vəzifə" Əhməd
Əhmədov və Süleyman Nəcəfov (Nəbi), Elmira
İsmayılova (Nazlı), Raya Qafarova (Sona), Sayalı Teymurova
(Nənə), Vidadi Əliyev (Nazim), "İmzalar içində"də Şamil Dəmirçiyev (Nəriman
Nərimanov), Tamilla Abdullayeva (Gülsüm xanım), Aydın
Əliyev və İlham Bağırov (Hadi), Əhməd
Əhmədov (Nəsib bəy Nəsibbəyov), Süleyman Nəcəfov
(Xan Xoyski), Vidadi Əliyev (Əliağa Şıxlinski),
Abbasqulu Tağıyev (Polis rəisi), "Məni
qınamayın"da Ramiz Məşədiyev və Aydın
Əliyev (Şahin), Əhməd Əhmədov (Məmiş),
Raya Qafarova (Nərgiz), "Yeddi oğlan və bir
qız"da Raya Qafarova və Sayalı Teymurova (Nərgiz),
Ramiz Məşədiyev (Sabir), "Kişilər"də
Ramiz Məşədiyev (İnşallah), Süleyman Nəcəfov
(Çayçı Əliabbas), Əhməd Əhmədov
(Tumacov), "Əks-səda"da Şamil Dəmirçiyevə
(Qaynar), Vidadi Əliyevə (Şahmar), Tamilla Abdullayevaya (Samirə),
"İki ağanın bir nökəri"ndə Şamil Dəmirçiyev
(Pantaloni de Bizonyozi), Tamilla Abdullayeva (Beatriçe Rasponi), Vidadi
Əliyev (Florinda Aretuzi), Süleyman Nəcəfov (Brikello),
"Komediyalar"da Aydın Əliyev (Hatəm xan ağa və
Xan), Vidadi Əliyev (Müsyö Jordan), Elmira İsmayılova
(Şəhrəbanu xanım və Ziba xanım), Şamil Dəmirçiyev
(Vəzir Mirzə Həbib), Tamilla Abdullayeva (Şölə
xanım), "Məhv olmuş gündəliklər"də
Səmayə İsmayılova (Gövhər xanımı),
Süleyman Nəcəfov (Savalan), personajını Telli Məmmədova
(Anjel) maraqlı aktyor ifaları nümayiş etdirmişlər.
1988-ci il payıza dönəndə Ermənistanda azərbaycanlılara qarşı vəhşiliklər kütləvi şəkil aldı. Teatr noyabrın əvvəllərində "Mənim qaynanam" ("Elbrus evlənir", Georgi Xuqayev) və "Ekizlərin nağılı" (Panço Pançev) tamaşaları ilə Lənkəranda, Cəlilabadda, Neftçalada qastrolda oldu. Bir ay çəkən qastrol dekabrın 3-də başa çatdı.
Bu günlərdə artıq bütün Ermənistanda camaat silah və amansız qətllər gücünə dədə-baba yurdlarından didərgin salınırdılar. Buna görə də teatrın göstərilən tamaşalarda oynayan bəzi aktyorları qastroldan sonra İrəvana qayıda bilmədilər. İrəvanda bağlı qapının arasından benzin töküb Şamil Dəmirçiyevin evini yandırmışdılar.
Beləcə, teatr İrəvandan didərgin
salındı...
İrəvan teatrının
bütün dekorasiyalarını, rekvizitini, geyimlərini Azərbaycana
gətirmək mümkün olmadı. Çünki vəziyyət
o dərəcədə gərgin və dözülməz idi
ki, hərə yalnız öz ailəsinin hayına
qamışdı. Bakıda aramsız
mitinqlər davam edirdi. Teatrın müəyyən
aktyorları 1989-cu ilin əvvəllərində çox əziyyət
və çətinliklərlə Bakıda
görüşüb bir yerə toplaşdılar. (Qeyd
edim ki, həmin dövrdə Vidadi Əliyev, Elmira
İsmayılova və Əli Quliyev az
müddət "Azərbaycanfilm"ə işə
götürülmüşdülər). Lakin
ilin təxminən altı ayı kollektiv üçün
heç bir fəaliyyət imkanı yaranmadı.
İlham
RƏHİMLİ
525-ci qəzet.- 2017.- 16 mart.- S.6.