Fırtına - (şeir)

 

Respublikanın Əməkdar artisti, bədii qiraət ustası Ağalar Bayramova

 

Bəyənməsən, parçala-at,

(şairlik bir cür azar)

bu şerimnən əsər yarat-

mən oxusam anlamazlar!

 

Mən oxusam-Füzuli gözdən düşər,

misralara kotan salsam,

səpdiklərim üzdən düşər,

ay Ağalar, bəyaz xallar

qara saça öldürülən sözdən düşər.

 

hər şerimi özün oxu,

əriş məndən, arğac məndən,

naxışları çəmənimdən;

misralardan olan iplər yarıyarsa,

söz mülkümün xallarını özün toxu!

 

Naxoş sözə özün elə nə illac var,

gur səsinə, gül ətirli nəfəsinə,

hayqırtına, pıçıltına,

sükutuna, bağırtına-

 qırmalına, barıtına-

fırtınana ehtiyac var!

Ehtiyac var sənə qardaş,

qılınc, nizə korşalanda,

dövran zəlil, dövrançılar kor olanda,

ehtiyac var-yastıq, balınc daş olanda,

dünyada zülüm baş olanda,

namərd həyat bir köçəri quş olanda,

Ehtiyac var sənin kimi sənətkara,

bunu mənə əlimdəki qələm dedi:

Yazmaq azdı, yazılanı yaşatmaqçün

ehtiyac var Ağalara!

 

22 fevral 2017

 

Vahid ƏZİZ

 

525-ci qəzet.- 2017.- 16 mart.- S. 7.