Mir Cəlalın çap olunmayan hekayələrinə bir baxış

 

XX əsr Azərbaycan ədəbiyyatının klassikləri sırasında nasirlər xüsusi yer tutur.

Nasirlərimiz epik növün bütün əsaslarında - hekayə, povest və roman sahəsində böyük uğurlar əldə ediblər. Bütün yazıçılarımız hekayə yazmaq - hekayənəvislik sahəsində öz qələmlərini sınayıb, bir çoxları bədii yaradıcılığa məhz bu janrla başlayıblar. XX əsr Azərbaycan hekayəçiliyi sahəsində bir neçə nasirmiz xüsusilə fərqlənir : C. Məmmədquluzadə, Ə Haqverdiyev, Y.V.Çəmənzəminli və Mir Cəlal. Bu pleyadada görkəmli ədibimiz Mir Cəlal Paşayevin öz bənzərsiz yeri var.

Mir Cəlal həm hekayənin gözəl nümunələrini yaradıb, həm də nəzəriyyəçi alim kimi P.Xəlilovla birlikdə yazdıqları "Ədəbiyyatşünaslığın əsasları" kitabında onun janr xüsusiyyətlərini mənalandırıb: "Müasir, yeni, fəal realist bir janr olan hekayə quruluşca o qədər də mürəkkəb bir şəkil deyildir. Xarakter bir hadisə, yığcam bir süjet, ümumiləşdirici bir mətləb, müxtəlif şirin, sadə söyləmə, nəql etmə üsulu hekayə sənətində əsasdır". Məhz bu cəhətlər Mir Cəlalın özünün hekayələrinin poetik özəlliyini səciyyələndirir.

Professor N. Şəmsizadə yazır: "Mirzə Cəlilin "Poçt qutusu", "Usta Zeynal", "Qurbanəli bəy", Ə. Haqverdiyevin "Şeyx Şaban" və "Marallarım" silsiləsi, Y. Vəzirin "Cənnətin qəbzi", Veylabadlılar silsiləsini, Mir Cəlalın "Anlet Anketov", "Təzə toyun nəzakət qaydaları", "İclas qurusu"... hekayələri dünya hekayə janrının inciləri sayıla bilər. Bu hekayələrdə həm də Azərbaycan xalqının gülüş mədəniyyəti öz əksini tapıb".

Bu mülahizədə Mir Cəlalın hekayələrinə xas daha bir cəhət - olduqca səmimi yumor hissi, gülüş mədəniyyətimizin mənalı bədii əksi məsələsi ön plana çəkilir.  Mir Cəlal hekayə yaradıcılığında daim gülüşün estetik imkanlarından bacarıqla istifadə edib. Sovet dövrünün ədəbiyyat üzərində Marksist ideologiyanın müəyyən təzyiqlərini nəzərə alaraq ədib əsasən yumordan, ironik gülüşdən bəhrələnib. Yəni həlim və islahedici gülüş, yumor daha çox gizli mətləblərə yönəlmiş istehzalı, simvolik gülüş, kinayə yazının hekayələri üçün xarakterikdir. Dünyanın məşhur gülüş ustası Çarli Çaplin yazırdı: "Yumor həyat qabiliyyətimizi artırır və sağlam düşüncəni qorumağa kömək edir. Yumorun köməkliyi ilə biz bəxti dönüklüyə asanlıqla tab gətirə bilirik".

Gülən adam güldüyü obyektdən yüksəkdə dayanmalıdır. Hansı formada olursa olsun gülüş böyük hünərdir, istedadın, şəxsiyyətin ən güclü özünü təsdiqidir.

Mir Cəlalın həm çap olunmuş, həm də kitabların heç birinə düşməmiş hekayələri məhz belə yumoristik-kinayəli gülüş zəminində yazılıb. Kinayəli gülüş adi gülüş deyil, fəlsəfi gülüşdür. Ümumiyyətlə, gülüş xalq idrakının aydınlığını və dərinliyini ifadə edir. Gülüş mədəniyyəti kamillik mədəniyyətidir. Gülüş elə bir zirvədir ki, hər xalq, hər sənətkar çıxa bilməz. Gülmək üçün səmimiyyət və saflıq lazımdır. Gülüş bəşəriyyətin sübh şəfəqidir.

Ciddi bir şəxsiyyət, ağırtaxtalı kişi, pak və ləyaqətli türk oğlu olan Mir Cəlalın hekayələri və bütün əsərləri belə bir gülüş zəminində yazılmışdır.

1932-ci ildə gənc yazıçı Mir Cəlalın "Sağlam yollarda" adlı ilk hekayələr kitabı çap olunub. 1932-ci ildə 1978-ci ilədək 40 ilə yaxın bir dövrdə Azərbaycan ədəbiyyatının bənzərsiz hekayənəvisi Mir Cəlalın qələmi işlədi, heç zaman öz şəxsiyyətinə və bədii söz sənətinə xəyanət etmədi.

O, hekayə janrımızın, bütövlükdə ədəbiyyatımızın nüfuzunu qorudu, qalmaqallı XX əsrin qalmaqalsız ədibi, bütöv şəxsiyyət kimi ümumxalq hörməti qazandı.  Mir Cəlalın yaradıcılığı haqqında sanballı monoqrafiyanın müəllifi, ədəbiyyatşünas Yaqub İsmayılov ədibi təhlil edərək yazıb: "O, hər şeydən əvvəl, mahir hekayə ustasıdır. Sovet dövrü Azərbaycan ədəbiyyatında hekayə janrının inkişafında böyük xidmətlər göstərmişdir. İnsanda sağlam duyğular, xoş arzu, ümidlər oyadan, gerçəkliyə baxışda həqiqət işığı, tənqidi ruh və ayıqlıq hissi gətirən, haqsızlığa, nöqsan, eybəcərlik və mənfiliyə qarşı mübarizə keyfiyyəti aşılayan bədii gülüş ədibin yaradıcılığında mühüm tərkib hissə, əsas estetik əlamət və məziyyətlərdəndir".

Göründüyü kimi tədqiqatçı alim ədibin hekayələrində qabarıq görünən iki başlıca istiqaməti ön plana çəkir: gerçəkliyə baxışda həqiqət işığı, tənqidi ruh və gerçəkliyə qarşı mübarizə keyfiyyəti aşılayan bədii gülüş! Bu o deməkdir ki, tənqidi realizmlə romantik səmimiyyət vəhdəti Mir Cəlalın hekayələrinin poetik və estetik konsepsiyasını təşkil edir.

Azərbaycan  Respublikası Milli Arxiv İdarəsində Mir Cəlal müəllimin şəxsi arxivi çox aydın və sistemləşdirilmiş vəziyyətdə saxlanılır. Şəxsi arxivlə tanışlıq zamanı Mir Cəlal müəllimin ailə üzvləri ilə, dostları ilə məktublarını, romanlarının hekayələrinin əlyazmalar variantında, Mir Cəlal müəllimin xətti ilə olduğu kimi, orijinal vəziyyətdə oxumaq Mir Cəlal sevər üçün xüsusi bir hissdir.

Mir Cəlal müəllimin istər sağlığında, istər vəfatından sonra çap olunan kitabları ilə Milli Arxiv İdarəsində Mir Cəlal müəllimin şəxsi arxivində saxlanılan hekayələrlə tanış olduqdan sonra müqayisə zamanı və ən əsas da 2014-cü ildə çap olunan 5 cildliklə müqayisə etdikdən sonra araşdırma zamanı bizə məlum oldu ki, Mir Cəlal müəllimin nəşr olunmayan 11 hekayəsi var. Bizə belə gəlir ki, "Yanşaq", "Zirəklik", "Ölü soyan", "Qayğı", "Ulduz kəndinin şəfəqləri", "Tərpənir", "Söylənməyən nitq", "Sorağın gəlsin",  "Oturaqlar", "Xallı muncuq", "Sünbül" hekayələri nəşr olunmayıb. Mir Cəlal müəllimin tələbəsi və araşdırıcısı professor Təhsin Mütəllimov da bu hekayələrin çap olunmadığını qeyd etdi.

Bu hekayələrdən birini - "Tərpənir" hekayəsini sizin nəzərinizə çatdırmaq istəyirəm. "Tərpənir" hekayəsində hekayə bir nəfərin dilindən danışılır: "Səhər tezdən həmişəki kimi həyətdən müxtəlif səslər eşidilirdi. Kimisi gilas, kimisi göyərti, kimisi ərik satırdı. Bu səslər içərisində bir kişinin "tərpənir" var, "yaxşı tərpənir var" deməsi məni təəccübləndirdi. Düşündüm ki, yəqin təzə balıq gətiriblər. Pəncərədən boylandım ki,

- De görüm tərpənən nədir? Niyə tərpənir? Necə tərpənir? Balıq neçiyədir?

Kişi dedi:

- Balıq yoxdu, yoldaş!

-Təzə pənir gətirmişəm!

- Nə?

-Pənir? Yəni təzə pendir.

-Tərpənir deyirsən, biz də elə bilirik nəsə tərpənir.

Kişi matahını satıb həyətdən getdi, amma onun səsi hələ də mənim qulağımdadı".

3 səhifədən ibarət hekayədə təkcə bir ləhcənin ifrat işlənməsinin tənqidi deyil, həm də dilə münasibətin tənqidi verilib.

Olduqca lakonik novellaları - konkret və gözlənilməz sonluqla bitən bu hekayə bir qövmün xarakterini dəqiq səciyyələndirir.

Nəzəriyyəçi alim yazır: "Avropalılar hekayəyə novella deyirlər. Mənşəyi qədim olsa da novella XIII-XIV əsrlərdə formalaşa bilib. Novella öz mövzularının xalq arasında yayılmış əhvalat və sərgüzəştlərdən qəbul edilib. Novella sözünün lüğəti mənası yeni xəbər deməkdir. Sürətlə inkişaf edib, gözlənilməz sonluqla bitən hekayəyə novella deyilir.

Dünya ədəbiyyatında novellanın ən yaxşı nümunələrini məşhur "Dekameron" əsərində XIV əsrin italyan yazıçısı C. Bokaçço, fransız yazıçısı Mopassan, rus ədibi A. P. Çexov, Azərbaycan yazıçıları Ə. Haqverdiyev və Mir Cəlal yaradıb. Onun çap olunmamış 11 hekayəsinin bəzilərini nəzərdən keçirək: "Zirəklik" ədibin miniatür hekayələrindəndir. Onu novella da adlandırmaq olar. İncə yumorla yazılmış bu novella Mir Cəlal müəllimə doğma bir mövzudadır. Novellada bir ədəbiyyat müəlliminin  - Mehralı müəllimin "Zirəkliyindən" bəhs olunur. Hekayə ədəbiyyat müəllimi işləyən yazıçının ciddi mülahizələri ilə başlayır. "Zirəklik özü böyük bir qabiliyyətdir. Hər kəsdə olmaz. O adamın ki, zatında qoyulmayıb, ha çalışa, zirək ola bilməz. Lap bizim ədəbiyyat müəllimi ola. Bunun zirəkliyinin vəsf üçün bircə söhbət kifayətdir. Ədəbiyyat müəllimliyi də adamın allahı var, çox çətin işdir; qədimdən çətin işdir. Gərək yüzlərlə kitab oxuyasan, illah da indi; müəllim bir yazıçının tərcümeyi-halını keçənədək, bir də görürsən avtorun iki romanı çıxdı... Hardan alsın boş vaxtı ki, oturub cild-cild romanları oxusun." Burada hələ gülüş, yumor yoxdur, alim Mir Cəlal ədəbiyyat müəllimi haqqında xəfif eyhamlı mülahizələr var.

Mehralı müəllim belə bir fənn işlədir: yazıçı Bəxtiyarovun "Ağrılar" romanını tələbələrə oxudub sual-cavab yolu ilə onlardan romanın mövzusu, surət və tipləri, xarakteri, qəhrəmanın şəxsiyyəti, əsərin əsas ideyası, dili barəsində məlumat əldə edir. Birdən bir tələbə Mehralı müəllimə gözlənilməz sual verir: "Müəllim, orada Nadir obrazı var ha, Nadir fəhlə sinfinin əleyhinədir, yoxsa lehinə?" Mehralı müəllim bu əngəl sualdan qaçmağa çalışır: "Mən səndən soruşuram: Nadir necə adamdır?

- Müəllim, bilsəm sizdən soruşmaram ki...

Müəllim üzünü tələbələrə tutdu:

- Yaxşı kim deyər, Nadir necə adamdır?

Uşaqlar cavab verdi ki, Nadir geridə qalmış adamdır. Müəllim dedi:

- Deməli, Nadir fəhlə sinfinin ziddinədir".

Bu cavabla da romanın məzmunundan bixəbər olan Mehralı müəllim özünü möhkəm dolaşdırır.

"Ön cərgədən bir tələbə etiraz elədi:

-Yox, müəllim, Nadir fəhlə tərəfdarıdır, ancaq savadı yoxdur. Müəllim tələbələrə tünd baxdı.

-Bəs mən nə deyirəm, kilsəyə söymürəm ki..."

Müəllimin zirəkliyi bununla bitmir. O "Ağrılar" romanı haqqında sizə məlum təhlillərini bir tələbəyə "Ağrılar" romanı haqqında mülahizələrim" adlı məqalə tərzində yazdırıb çap üçün redaksiyaya göndərir. Yazıçı bu novellada: mövcud təhsil sistemini lağa qoyur, ziyalılıqdan uzaq, məsuliyyətsiz müəllimi tənqid edir. Verilən parçalardan da göründüyü kimi hekayənin dili sadə, lakonik və koloritlidir. Mir Cəlalın hekayələrində çox nadir hallarda mürəkkəb cümlələr işlənir, o sadə və obrazlı üslubun əvəzsiz ustasıdır. "Mir Cəlal yaradıcılığının müvəffəqiyyətli cəhətlərindən biri də onun dilinin yorucu olmaması və dinamikliyidir. Müəyyən bir fikrin sadə və xırda cümlələrlə ifadəli verilməsi, dialoqların təbii ölçüdə, qayda ilə qurulması, nəhayət, danışığın tiplərə müvafiq və onlar üçün xarakterik olması Mir Cəlalın dilinin bədii xüsusiyyətini təşkil edir.

Mir Cəlal, gənc nasirlərimiz arasında yoldaşlarına bənzəməyən müstəqil bir yazıçıdır. Oxucular Mir Cəlalı əsl sənət nümunələrilə daha da irəliləmiş, sosialist realizmi yollarında daha böyük müvəffəqiyyətlər əldə etmiş bir yazıçı kimi görmək istəyir". 1930-cu illərin sonunda gənc yazıçının ilk əsərləri haqqında tənqidi Orucəli Həsənovun uzaqgörənliklə yazdığı bu sözlər sonralar özünü doğrultdu. Dolayısı ilə əmək, istehsalat mövzusunda yazılmış "Sünbül" hekayəsi bədii cəhətdən bir qədər zəif olsa da Mir Cəlal üslubunun, yaradıcılığının maraqlı nümunəsi sayıla bilər. Burada əbədi yaddaşda qalan ecazkar uşaqlıq dövrünün sehrli romantikası ilə bərabər, Mir Cəlal üslubunun sadəliyi və təbiiliyi də var: " İnsanın ən yaxın dostu, sirdaşı, uşaqlıq yoldaşıdır. Bu dostluğun heç bir başqa niyyəti, məqsədi olmur.  Sünbül ilə bir məktəbdə, bir partada oturmuşuq. Bir müəllimdən dərs almışıq. Gündəlik normamızı bir yemişik, bir sevinmişik. Sünbüldən 10-12 yaşında ayrıldım..."

Mir Cəlal müəllimin yaşlı müasiri, XX əsr  Azərbaycan ədəbiyyatının klassiki Abdulla Şaiq yazırdı ki, "Mən yazıçılığıma görə müəllimliyimə borcluyam".  Bu sözləri Mir Cəlal barəsində də demək olar. Onun maarif, məktəbdarlıq mövzusunda yazdığı hekayələrinin qəhrəmanı məhz maarifpərvər ədibin özüdür.  Dahi şairimiz M.Ə. Sabirə ithaf olunmuş  "Ulduz kəndinin şəfəqləri" hekayəsi bu baxımdan nümunə ola bilər: "Mən müəlliməm, ömrümü uşaqlara dərs verməklə keçirmişəm. Özü də o yan-bu yana qaçmamışam. Həmişə bir kənddə - dağların qoynunda yerləşən Ulduz kəndində işləmişəm.

Bəzi yoldaşlar oturub-durub öz peşəsindən narazılıq edirlər. Biri deyir müəllimlik ömür çürüdən şeydir, biri deyir uşaq ilə çənə-boğaz olmaq çətin peşədir, biri deyir indi uşaqlar dərs oxumur, üzə dururlar...Mən müəllimliyə müqəddəs bir sənət kimi baxıram..."

Bu hekayənin bədii məziyyətlərindən çox, ideyası maraqlıdır. Müəllim peşəsinin, müəllim əməyinin lazımınca dəyərləndirilmədiyi, fəqət müəllim şəxsiyyətinin təkcə təhsildə yox, millətin tarixi taleyində mühüm əhəmiyyət kəsb etdiyi dövrümüzdə Mir Cəlalın bu tipli hekayələri müasirlik kəsb edir.

"Oturanlar"  hekayəsi təqaüdə çıxıb boş-bekar qalan, səhərdən-axşamadək idarədə oturub məsul işçi dostlarına göz işığı verməyən, öz mənasız söhbətləri ilə baş ağrıdıb vaxt alan üzdəniraq insanların ifasına həsr olunub. Hekayə Mir Cəlala məxsus kinayə və qəzəblə yazılıb.

"Sorağın gəlsin" Mir Cəlalın cəbhə hekayələrindəndir. Gözəl Şirvan elində böyük sevgi, səy və əsl müəllim ilə dərs deyən Hacıbaba müəllim bir yay məktəbi qoyub cəbhəyə getməli olur. Onu sevgilisi əvəz edir, Hacıbaba müəllimə layiq olmağa, onun şagirdlərini sevməyə başlayır. Hacıbaba Məmmədov da İsrafil Məmmədov kimi qəhrəmanlıq göstərir,  zabit rütbəsinə yüksəlir.

Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatında işıq fəlsəfi məzmun daşıyan mənbəyi ilahidən gələn gözəl obrazdır. "Avesta" abidəsində, "Məlik Məmməd" nağılında, İşraqilik fəlsəfəsində (Sührəvərdi) işıq gözəllik, xeyir, nəciblik, mənəvi güc kimi vəsf olunub. Hürufilər "insan həqdən qopmuş nur parçasıdır" deyirlər.  Mir Cəlal haqqında xatirələrin birində deyilir: "Mir Cəlal müəllimi yaxından tanıyanların hamısı yaxşı bilir ki, o, işığı çox sevirdi. Həm öz evlərində, həm də qonaq getdiyi yerlərdə içəri girən kimi bütün otaqlarda işıqları yandırardı. Çünki işıq, nur onun qəlbində, varlığında yaşayırdı, əsas, dəyişməz hobbisi idi. Onun üçün ilahi gözəlliyin mənbəyi, varlığın əsası idi. O, yaxşı bilirdi ki, işıq, nur insana daxili hərarət, inam mənbəyi, gözəllik bəxş edir. İşıqsız, nursuz gözəllik həyatda təzahür etməzdi, gizli qalardı və insanlıq bu ülvi nemətdən, əvəzsiz zövq mənbəyindən həmişəlik məhrum olardı, bir bioloji varlıq kimi başqa canlılardan seçilməzdi, kor qalardı".

Fikrimizcə, Mir Cəlalın sadəlik və müdriklik üstə köklənmiş, bədii elmi, pedaqoji fəaliyyəti öz enerjisini məhz bu işıqdan alır, zülmətləri dağıdıb işığa doğru can atır. Aləmi nura qərq etmək istəyir. Onun  çap olunmamış hekayələri də sadəlik işığında yazılıb.

 

Aytən HÜSEYNOVA

AMEA Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı

 

525-ci qəzet.- 2017.- 16 mart.- S.7.