Azərbaycan xalçaları: milli və bəşəri
dəyər kimi
Azərbaycan incəsənəti, xüsusilə,
dekorativ-tətbiqi-sənəti olduqca qədim və zəngin
tarixə malikdir.
Tətbiqi sənətimizin elə bir sahəsi yoxdur ki,
orada bəzək ornamentləri işlədilməmiş olsun. Xalça və
xalça məmulatlarında, tikmə, zərgərlik, şəbəkə
işlərində, kaşı və silahlarda, tətbiqi - sənətin
digər növlərində sadə və mürəkkəb
bəzək ornamentlərinə rast gəlinir.
Dekorativ-tətbiqi sənət növlərindən biri
xalçaçılıqdır. Xalçaçılıq
sənəti xalqın həyatını, onun adət və ənənələrini
özündə əks etdirir. Xalçaçılıq
milli mədəniyyət tariximizdə özünəməxsus
yer tutur. Arxeoloji qazıntılar zamanı
məlum olmuşdur ki, hələ tunc dövründən
başlayaraq Azərbaycanda xalçaçılıq sənəti
ilə məşğul olunmuşdur. Qazıntılar
zamanı at fiqurunun üzərində gül təsvirləri
ilə bəzədilmiş çul rəsmi, qızıl
camın üzərindəki üstünə çul
salınmış şir təsviri və başqa
tapıntılar Azərbaycanda xalça sənətinin nə
qədər qədim tarixə malik olduğunu göstərir. Qədim dünya tarixçiləri Herodotun,
Ksenofontun əsərlərində də xalqımızın hələ
eradan əvvəl xalçaçılıqla məşğul
olduğuna dair müxtəlif məlumatlar vardır. Xalçaçılıq kiçik kənd evlərində
yaranmış və zaman keçdikcə inkişaf edərək
incəsənətin əsas qollarından birinə
çevrilmişdir. Xalça firavanlıq
simvolu, yaşayış yerlərinin bəzədilməsi və
isidilməsi üçün ən qədim əşyalardan
hesab edilir. Xalçaçılıq qədim
xalq sənəti növlərindən biridir ki, bugünədək
məişətdə təkcə qiymətli əşya kimi
deyil, həm də istilik, gözəllik, hədiyyə,
müalicə vasitəsi kimi də istifadə olunur. Xalça, hətta xalqımızın adət - ənənələrinə
uyğun olaraq, bugün də qızlarımızın ən
vacib cehiz əşyası sayılır.
Xalçaçılığın inkişafı
üçün əsas amillərdən biri də ölkədə
xammal və müxtəlif növ yerli boyaların bol
olmasıdır. Qoyunçuluğun inkişafı ilə əlaqədar
yaranmış yun bolluğu sayəsində xalçaçılıq
inkişaf etmişdir. Azərbaycan
xalçaları gözəl və ahəngdar rəngləri
ilə şöhrət qazanmışdır. Onların rəngi olduqca saf, şux, parlaq və sabit
olur. Xalçalarda işlənən rənglər
əsasən bitkilərdən - gül, zoğ, yarpaq və
meyvə qabıqlarından hazırlanır. Azərbaycan xalçalarının rəng əlaqələri
xalqın bədii zövqünə görə meydana gəlmiş
və illər boyu inkişaf edərək təkmilləşmişdir.
Azərbaycan xalçaları yunun keyfiyyəti,
boya komponentləri, toxunma texnologiyaları və
naxışlarına görə həmişə bir - birindən
fərqlənmişlər.
Müxtəlif naxış və təsvirlərlə bəzədilən
xovlu və xovsuz xalça növlərindən çadır
və alaçıqların, habelə yaşayış evlərinin
divar bəzəklərində, döşəmələrində
istifadə edilirdi. Əsasən sarayların bəzədilməsində
dəst xalılardan istifadə edilirdi. Bədr
Şirvaninin "Divan"ında Şirvanşahlar
Sarayının divar və döşəmələrinin əsrarəngiz
xalılarla bəzədilməsi qeyd olunur. Sarayların bəzədilməsində əsasən
dəst xalılardan istifadə olunurdu. Dəst
xalı ortaya salınan mərkəz, iki kənarə,
başlıq və ayaqlıq kimi bir neçə hissədən
ibarət olurdu. Bu növ xalçaların
tərkib hissəsi olan kənarə xalçalar sarayda təşkil
olunan ekspozisiyada nümayiş etdirilir. Şirvan
məktəbinə məxsus olan bu nümunələr təkrarolunmazlığı
ilə göz oxşayır.
Azərbaycan xalçaları texniki xüsusiyyətlərinə
görə xovlu və xovsuz olurlar. Xovsuz xalçalar
toxuculuq sənətinin ən erkən dövrünə təsadüf
edir. Bu növ xalçalar öz toxunma
üsuluna, kompozisiya quruluşuna görə müxtəlif
olur. Xalça sənətinin
yaranışı əsasən onların ilk sadə nümunələri
olan həsir, palaz və kilimdən başlayır. Şirvanşahlar Sarayında qorunub saxlanılan
xalça məmulatlarının kiçik bir hissəsini məhz
həmin nümunələr təşkil edir. Məsələn, ekspozisiyada nümayiş edilən
məfrəş, duz kisəsi və heybə bu kimi xalça
məmulatlarındandır. Belə
xalça nümunələri insanların həyat və fəaliyyətlərində
mühüm yer tutmuşlar. Bu səbəbdən
onlar el arasında "məişət xalçaları"
da adlanır.
Azərbaycan xalçaları sənət sahəsi kimi həm
coğrafi mövqeyinə, həm də naxış,
kompozisiya, rəng həllinə görə bir neçə məktəbə
bölünür. Əvvəllər xalçaçılıq məktəbi
4 növə ayrılsa da, sonrakı dövrlərdə şərti
olaraq 7 ixtisaslaşmış məktəb fəaliyyət
göstərir: Quba, Bakı, Şirvan, Gəncə, Qazax,
Qarabağ və Təbriz. "Şirvanşahlar
Sarayı" muzeyində bu məktəblərə məxsus
qiymətli xalça nümunələri saxlanılır.
Onların ən gözəl nümunələri
yaşayış binasında təşkil olunmuş
ekspozisiyada sərgilənir. Həmin
xalçaların əksəriyyətini Quba, Bakı,
Şirvan məktəblərinə məxsus xalçalar təşkil
edir.
Quba,
Şirvan və Bakı məktəbləri texnoloji cəhətdən
bir - birinə yaxın olmasına baxmayaraq, ornament cəhətdən
bir o qədər də fərqlənirlər. Quba
məktəbinin xalçaları kompozisiyalarına görə
Bakı və Şirvan xalçalarından daha mürəkkəbdir.
Quba məktəbində toxunan xalçalar
yığcam kompozisiyaları ilə seçilir, onlarda
naxış həlli müxtəlifdir. Şər
qüvvələrdən qorunmaq, xeyir - bərəkət rəmz
və işarələrin, naxışların dili ilə əks
etdirilir. Quba məktəbinə daxil olan ən incə, zərif
toxunuşlu xovlu xalçalardan "Qımıl"ı,
"Şahnəzərli", "Pirəbədil",
"Qollu Çiçi"ni, xovsuzlardan
"sumaxlar"ı göstərmək olar. Xovsuz
xalçalardan palaz, kilim, cecim, hətta sumaxlar çox qədim
zamanlarda Şirvan ərazisi üçün səciyyəvi
olmuşdur. Şirvan
xalçalarının naxışlarında isə Bakı və
Quba xalçalarına nisbətən heyvan, bitki, məişət
əşyalarının təsvirlərinə daha çox
rast gəlinir. Bu növə daxil olan
xalçaların kompozisiyası mürəkkəb və zəngin
naxışlı, rəngləri ahəngdar və ağır
olur. Xalçalar kiçik və orta
ölçüdə, sıx, yumşaq və nazik toxunur.
Şirvana məxsus klassik kompozisiyalardan
"Bico", "Yolluq"çeşnilərinin ən nəfis
nümunələri fond saxlanclarımızı daha da dəyərli
edir.
Bakıda
toxunan xalçaların ara sahəsi
sürməyi, nadir hallarda qırmızı və şəkəri
rənglərdən ibarət olur. Bakı
xalçalarının kompozisiyasını adətən
böyük dördbucaqlı göllər təşkil edir.
Beləliklə, bu ərazilərdə toxunan
xalçalarda naxış və naxış elementləri
eyniyyət təşkil etdiyindən
xalçaçılıqda Bakı məktəbi
yaranmış və sonradan bu sahədə dəyişikliklər
baş vermişdi. Bakı nümunələrində
"buta" bəzəyinə çox tez - tez rast gəlinir.
"Buta" elementindən Şirvan
xalçalarında da istifadə edilir. Ekspozisiyada
sərgilənən xalçalardan biri də XIX əsrin sonu -
XX əsrin əvvəllərinə aid olan Bakı
xalçasıdır. Öz əsrarəngiz
quruluşu ilə çox maraqlı görünür.
Bakı xalçalarına məxsus sürməyi fonda orta hissədə zoğalı rəngdə
iri olmayan gül şəkilli göl var. Gölün ətrafında
nisbətən xırda güllər təsvir olunmuşdur. Xalçanın əsas bəzək elementlərini
"anagül"lər təşkil edir. Dörd
küncündə gölün yarım hissələri təsvir
olunmuşdur. Ara haşiyəsi ağ fonda əyri
butalarla toxunmuş, xalçanın kənarlarında qəhvəyi
və zoğalı rəngdə balahaşiyə təsvirləri
verilmişdir.
Azərbaycan xalçaçılığının ən
mürəkkəb məsələlərindən biri də
onun "oxunması"dır. Xalçanın
ümumi kompozisiyası, quruluşu, rəng harmoniyası ilə
birlikdə mənalarının açılması da
böyük əhəmiyyət kəsb edir. Əcdadlarımız bu sənət sahəsi ilə
çox qədim zamanlardan məşğul olmuşlar. Xalçalar üzrə işarələr müəyyənləşdirilmiş
və mənalandırılmışdır. Azərbaycan xalçalarında ən çox rast gəlinən
motivlərdən biri "əjdahalı" motividir ki, bu da
"Xətai" kompozisiyasına daxil edilir. Bu kompozisiya incəsənətin bütün sahələrində
tətbiq olunur, xüsusilə də
xalçaçılıqda. Quruluşuna
və bədii dolğunluğuna görə bu
"Əfşan", "Şeyx Səfi", "Ləçək
- turunc" kimi kompozisiyalar sırasına daxil edilir. Şirvanşahlar Sarayında təşkil olunmuş
ekspozisiyada sərgilənmiş xalçalar arasında "Xətai"
adlı xalça öz özəlliyi ilə seçilir.
Xalçanın kompozisiyasını uzunsov, bükük
formalı, enli, kənarları diş - diş olan budaqlar təşkil
edir. Budaqların içərisi "əfşan
gülü" adlanan elementlə bəzədilmişdir.Xalça
Şirvanşahlar Sarayının ruhunda toxunmuşdur. Onun haşiyə bəzəyində saray
portallarındakı nəbati və həndəsi ornamentlərdən
istifadə olunmuşdur. "Xətai"
xalçasında istifadə olunmuş açıq qəhvəyi,
yaşıl, göy rənglər xalçaya xüsusi ahəhgdarlıq
verir. Bu motiv, xüsusilə Şirvan, Quba,
Qarabağ və Qazax xalçaçılığında
daha çox işlənmişdir.
Azərbaycan xalçalarının dünya mədəniyyətinin inkişafına təsiri də danılmazdır. Azərbaycan xalçaları dünyanın məşhur rəssamlarının tablolarında, səyyahların əsərlərində təsvir olunmuş, gözəlliyi ilə hamını heyran qoymuşdur. Azərbaycan xalçaları zərif və parlaq yunu, yüksək keyfiyyəti, rəngarəngliyi, ecazkar naxışları ilə hələ orta əsrlərdən dünya miqyasında şöhrət tapmışdır. Artıq XIX əsrdə beynəlxalq sərgilərdə nümayiş etdirilən Azərbaycan xalçaları öz zərifliyi ilə diqqəti cəlb etmişdir. İndi də Azərbaycan xalçalarının sorağı dünya muzeylərindən gəlir. Azərbaycan xalçaları dünyanın bir çox məşhur muzeylərində nadir sənət nümunəsi kimi saxlanılmaqdadır. Məsələn, Təbrizdə toxunmuş "Şeyx Səfi" xalçası Londonun "Viktoriya və Albert", Qarabağda "Qoca", Şirvanda "Şamaxı", Təbrizdə toxunmuş "Ovçuluq" xalçaları Nyu York şəhərinin "Metropoliten", XIII - XVIII əsrlərdə toxunan müxtəlif xalçalar İstanbulun "Türk - islam eserleri muzesi", Bakının "Xiləbuta" çeşnili sürməyi yerli xalçası Moskvanın Dövlət Tarix Muzeyində və digər muzeylərdə nümayiş etdirilir. Bunlarla yanaşı xalqımıza məxsus olan qədim və qiymətli xalçalar öz muzeylərimizdə də qorunur. Eyni zamanda "Pirəbədil", "Şahnəzərli", "Qollu Çiçi", "Qımıl", "Bico", "Xilə - Əfşan", "Xətai" kimi xalçalar Şirvanşahlar Sarayında qorunub saxlanılır. Və zaman - zaman təşkil edilən sərgilərdə nümayiş etdirilir. Bununla da yaranışından xalqımızın özü qədər qədim olan xalçaçılığımız - maddi - mənəvi sərvətimiz həm ölkəmizə gələn turistlərə, həm də gənc nəsillərimizə təbliğ edilir.
Əsrlər boyu qazanılan maddi dəyər nümunələri zaman keçdikcə daha çox mənəvi dəyərlər hesab edilir. Uzun illər boyu yadelli qəsbkarların zülmü altında inləmiş olan Azərbaycan xalqı, çətinlik və məhrumiyyətlərə baxmayaraq öz milli sənət ənənələrini daha da saflaşdırmış və bu ənənələri nəsillərdən nəsillərə çatdırmışdır. "Milli ənənələrimizin nə qədr dəyərli olduğunu dünyaya gələn yeni nəsillərə çatdırmaq və onları bu ənənələr arasında tərbiyə etmək üçün muzeylər lazımdır və bu muzeyləri qoruyub saxlamaq vətəndaşlıq borcumuzdur" - söyləyən ümummilli liderimiz Heydər Əliyev muzeylərə böyük diqqət ayırmışdır.
Bu ənənəyə sadiq olaraq "Şirvanşahlar Sarayı Kompleksi" Dövlət Tarix-Memarlıq qoruq-muzeyi də öz fondunda Azərbaycan xalçalarının qədim və nadir nümunələrini qoruyur.
Fidan
ADIGÖZƏLOVA
"Şirvanşahlar
Sarayı Kompleksi" Dövlət Tarix-Memarlıq
qoruq-muzeyinin əməkdaşı
525-ci qəzet.- 2017.- 17 mart.- S.4.