İsi-İsgəndər, Saşa-Aleksandr,
Adamoviç...
İsgəndərin “prototipi” olan Aleksandr adı iki hissədən
ibarətdir.
Yunanca “aleks” müdafiəçi, “andr” isə insan, kişi deməkdir. Aleksandr - “insanları
müdafiə edən, təəssübkeş, havadar” deməkdir.
Əzizləyə-əzizləyə,
oxşaya-oxşaya “İsi, İsi, ay İsi, gözlərimin
ikisi...” deyib adına qafiyə
qoşduğu oğluna anası “İsgəndər” deyə
bilmədi. İsi yaşa dolub İsgəndər
ola-oldaydı ki, anası dünyadan qəfil
köçdü. Anadan yetim qalarlar, deyiblər.
Anasının yoxluğundan üzülüb
boynu bükük gəzən təkcə ağlıkəsən
İsgəndər olmadı. Sevib evləndiyi, ailə
qurduğu qadınının vaxtsız ölümündən
sonra vaxt-bivaxt qəbiristana gedib saatlarla başdaşı ilə
danışan, haldan-hala düşən cavan kişi
axır ki, bir gün soyuq ağılla burasını da
başa düşdü ki, belə getsə tezliklə
aman-zaman oğlu tək qalası olacaq... Çox
ölçüb biçəndən sonra bir gün Adəm kənddə
nəyi var dəyər-dəyməzinə satıb-sovdu,
qohum-qardaşla, yaxın-uzaqla halal-hümmət edib oğlu
İsgəndəri də qoltuğuna vurdu, qatara bilet alıb
Urusyet tərəfə üz tutdu.
...Neçə
il bundan qabaq cavanlığında oralarda əsgərlik
illərində bir rus qızı ilə məktublaşmışdı.
O rus qızının axırıncı məktubunu da İsgəndərin
atası Adəm nədənsə əvvəlki məktublar
kimi cırıb atmamış, nəsə qoruyub
saxlamışdı.
Sevgi, məhəbbət,
hicran, vüsal həsrətli sətirlərlə dolu əvvəlki
məktubları Adəm İsgəndərin anası ilə
toyundan bir neçə gün əvvəl əsgər
çamadanından çıxarıb təkrar-təkrar bir də
oxumuş, siqaret yandırıb dərindən
sümürmüş, daha sonra isə siqaretləri dalbadal
bir-birinə calamış və elə çəkdiyi siqaretlərin
külqabıya basdığı közündə də o məktubları
bir-bir yandırmışdı. Hərçənd ki, məktublar
həyat yoldaşı olacaq qadının əlinə
keçsəydi də heç bir qorxusu-təhlükəsi
yox idi; kənd qızı rusca hardan bilirdi ki, o məktubları
da oxuyub köhnə eşq macəralarına görə ərini
qısqanıb ondan inciyib küsəydi...
İsgəndərin
atası iş bunda idi ki, neçə il məktublaşdığı
o rus qızı ilə bircə dəfə də olsa
görüşməmiş, üz-üzə, göz-gözə
gəlməmişdilər. Bir-birlərinə
yalnız şəkillərini yollamışdılar.
İnsan olan kəs də nəinki bir günün, bəzən
hətta bir saatın içində belə dəyişir,
saçı-saqqalı ağarır, sir-sifəti
qırışır, o ki, qaldı indi aradan illər keçə...
İsgəndərin
atası beləcə “ya bəxtə-bəxt” deyib
axırıncı dəfə təxminən on il
bundan qabaq məktub aldığı ünvana üz tutdu,
qapını döydü, guya ki, bu qəsəbədə tanışını
axtaran yad, qərib bir yolçudur. Və indi də
təsadüfən onun üzünə qapını açan
bu qadından nəsə soruşacaqdı.
Qapını 35-40 yaşlarında bir rus qadını
açmışdı və o qadını görən kimi
İsgəndərin atasının ürəyi titrəmişdi. İsgəndərin
atası Nastyanı əlbəəl tanımışdı,
görünür, Nastyanın on il bundan
qabaq yalnız şəklini gördüyü İsgəndərin
atası dəyişmişdi ki, Nastya onu tanımadı,
qarşısındakı bu yad kişiyə təəccüb
qarışıq maraqla, heyrətlə baxırdı.
Kişinin lal-dinməz quruyub qaldığını,
haldan-hala düşdüyünü görən rus
qadını ilk əvvəl təşvişə
düşdü, sonrasa bu yad kişini nədənsə bu dəfə
mehribanlıqla süzərək “necə kömək edə
biləcəyini” xəbər aldı. İsgəndərin atası
heç telefonla da Nastya ilə bircə yol danışıb
hal-əhval tutmamışdı ki, Nastya onu səsindən də
olsa indi tanıyaydı...
Nastyanın onu tanımaması açığı
İsgəndərin atasını ilk əvvəl pərt eləyib
incik saldı, ona yer elədi və dərhal da
ağlını başına toplayıb günahı
özündə gördü. Ağır da olsa
başa düşdü ki, indi o, bir vaxt Nastyaya
yolladığı şəkildəki cavan, dünyanı
vecinə almayan sütül, əhlikef bir qarabala deyil.
Kim bilir, İsgəndərin atası bəlkə də o vaxt
Nastyaya mülki geyimli bir şəklini yollasaydı,
tanımadığı bu yad kişinin indi ona belə qəribə
bir tərzdə baxmağı Nastyanı da şübhəyə
salar, ona baxa-baxa haldan-hala düşən bu yad qonağa o da
diqqətlə baxar, yaddaşını səfərbər edər,
qarşısındakı kişinin sifətinin cizgilərində
bir vaxt əsgər məktubundakı şəkildəki
oğlana bənzər nəsə tapıb “Oy, Adam, ...to
tı?..” - deyə içini çəkib
elə o yad adamın yanındakı oğlan yaşda olan
doğma oğluna belə məhəl qoymayıb
özünü onun üstünə atardı...
Gəldiyi
bu yeni, yad yerdə İsgəndərin atasının
ümid-güman yeri bilib üz tutduğu yeganə,
özlüyündə doğma, yaxın bildiyi ünvan təkcə
Nastyanın indi döydüyü qapısı idi və
İsgəndərin atası da axır ki, qəhərli bir səslə:
- Nastə, ...to ə...Adam... - deyib boğuq-boğuq
öskürdü, əlini cibinə aparıb göz
yaşlarını silmək üçün yaylıq
çıxartdı.
Bu sözləri eşidən Nastya içini çəkib
özünü yad kişinin üstünə atdı.
lll
Anası Kolyaya başa saldı ki, həmyaşıdı
olan Saşa adlı bu oğlan onun qardaşıdır. Atasının dediklərindən
İsgəndər də belə anladı ki, Kolya da, demə,
onun qardaşı imiş...
Saşanın onun qardaşı, atasının elə
onun da atası olduğuna Kolyanı inandırmaq bir elə
çətin olmadı.
Amma Kolyanın onun qardaşı, Kolyanın
anasının da onun anası olduğuna isə İsgəndər
şübhə ilə yanaşdı. Əgər bu mehriban rus
qadını İsgəndərə- Saşa, Saşenka
deyirdisə, İsi adlı bu oğlan necə də
inanaydı ki, ona “Saşa” deyəndə ana ola
bilərmi? Bəs hələ indiyəcən yadında qalan o
sözlər: “İsi, İsi, ay İsi, - gözlərimin
ikisi...”
lll
Anası kimi mehriban, üzüyola bir oğlan olan Kolya
atasının, üstəlik də elə özü yaşda
olan qardaşının bu qəfil peyda olmalarından çox
məmnun, razı, şad idi. Nastya da sevincindən
yerə-göyə sığmırdı. Qadın kişinin başına pərvanə kimi
dolanırdı.
Qardaşı
Kolya da, kiçik qəsəbənin qonşu küçələrindəki
oğlanlı-qızlı həmtayları da öz mavi
göz, sarışın qardaşı Kolyadan göz-görəsi
seçilib fərqlənən qardaşını -
qaragöz, qara qaş, qarayanız oğlanı Saşa
çağırıdılar və İsgəndər də
yad yerdə beləcə Saşa adı ilə
böyüyürdü.
lll
Nədənsə son vaxtlar Adəm qəmli-fikirli gəzib
dolanırdı. Bəzən Adəm gecələr yuxuda
zarıyır, sanki- için-için ağlayırdı.
Belə gecələrin ertəsi günü Adəmə
çırtma vursaydın qanı damardı. Həmin gün Adəm dilinə nə su vurar, nə
də boğazından bir tikə çörək keçərdi.
Elə bil nitqi kəsilir, boğazı
quruyardı. Nastya bütün günü
nə qədər dilə tutub yalvar-yaxar edirdisə də, Adəmdən
bir söz qopara bilmirdi.
Təkcə
İsgəndər atasının bu pərişanlığının,
pəjmürdəliyinin səbəbini özlüyündə
belə yozurdu ki, yəqin, atası bu gecə də yuxuda kəndlərini,
anasını,yenə də onun qəbrini
görüb. Axı, İsgəndər
özü də hər dəfə gecə yuxuda kəndlərini,
anasının özünü, ya da ki, qəbrini görəndə
beləcə haldan-hala düşərdi. Kolya
onu nə qədər əyləndirmək, kefini açmaq
üçün min bir oyundan, hoqqadan çıxsa da, o
gün kefi açılmazdı. Kolya mehriban,
üzügülər oğlan idi. Saşa
üçün canından keçməyə hazır idi;
küçələrinin ən qəşəng
qızından da qardaşına görə imtina eləmişdi,
qardaşının da o qızdan xoşu gəldiyini
görüb məhəbbətini Saşaya qurban vermişdi.
Ancaq Kolyanın hərdən özünü
böyük qardaş kimi aparmaq istəməsi Saşaya
ağır gəlir, ona toxunurdu. Belə vaxtlarda
böyük qardaşını yerində oturtmaq
üçün əlindən bir iş gəlmədiyinə
görə isə hirsindən-acığından özünə
yer tapmırdı...
lll
Aylar
keçmiş, illər ötmüşdü... Məhrəm vaxtlarda Nastya qılığa girib ərini
dilə tutaraq, yalvarıb-yaxarıb Kolya və Saşa
üçün ya üçüncü qardaş, ya da bir
bacı dünyaya gətirmək arzusunu dilə gətirsə
də, Adəm qəti razı olmamışdı ki,
olmamışdı.
Bəlkə
də razı olardı; ancaq son vaxtlar az
qala hər gün yuxudan oyanıb yatağından qalxanda bir əli
sinəsində olardı... Kişini qorxudan da elə
bu idi. Qorxurdu ki, dünyaya gələsi körpə bu dəfə
atadan yetim qalar...
...Və...
Saşanın Aleksandr olacağı günü
atası Adəm görə bilmədi.
lll
Saşa böyüyüb Aleksandr, sonra da Aleksandr
Adamoviç olmuşdu. Öz ağlı-savadı, fərasəti ilə bu yad
yerdə həmin Aleksandr Adamoviç qulluq,vəzifə
yiyəsi idi, özünə fərli-başlı
gün-güzəran qurmuşdu. Bir vaxt
atasına, özünə arxa, dayaq durmuş analığı
Nastyadan, Nikolaydan da qayğısını-köməyini əsirgəmirdi.
...Və
bir gün bu yerlərdə indi Aleksandr Adamoviç olan İsgəndər
bir gün yatıb rahat yuxusundan səksəkəli oyandı.
Qəflətdəydi elə bil, oyanıb birdən
ayılmışdı, dərin fikrə dalıb
düşüncələrə qərq olmuşdu...
Sanki bir dərin, oyanmaq istəmədiyi bir yuxuda idi, top atılsaydı bəlkə də o yuxudan oyanmazdı, ancaq doğma, həlim, ustufca bir səs o dərin yuxusundan onu ayıldıb oyatmışdı: - İsi-İsi, ay İsi - gözlərimin ikisi...
Zəhmli kişi o həlim, doğma səsdən heyrətlənib əvvəlcə təəccüblənmişdi; Aleksandr Adamoviç hara, İsi hara?..
lll
Neçə gün dalbadal o həlim, doğma səs onun gecəsini gündüzə qatdı:- İsi-İsi, ay İsi-İsi- gözlərimin ikisi... Sonra o həlim, doğma səs haya, haraya çevrildi: - İsi, İsi, ay İsi!!!
lll
Aleksandr Adamoviç gec də olsa başa düşmüşdü ki, İsini axtarıb tapmayınca Aleksandr Adamoviçin günü it günü olacaq! Nə rahat kabinet, nə kreslo, nə katibə... gözündə deyildi. Yediyi-içdiyi zəhrimara dönəcək, burnundan gələcəkdi. Payız-qış bir yana, yayın cırhacırında canı qızmayacaq, soyuqdan üşüyüb donacaqdı...
Xülasə o İsini axtarıb tapmasa bu gen dünya başına dar olacaqdı!
...Və yaşlı Aleksandr Adamoviç rahat həyatına “əlvida” deyib o İsini tapmaq üçün yol tədarükünə başladı...
29.XII. 2016
Aydın
TAĞIYEV
525-ci qəzet.- 2017.- 18 mart.- S.18.