"Gələn bəzirgandı, gedən
xocadı..."
BÖYÜK DİLÇİMİZ, USTADIM AĞAMUSA AXUNDOVU BİR DAHA XATIRLARKƏN
Akademik Ağamusa
Axundovu fərqləndirən
cəhətləri, məziyyətləri
saymaqla bitməz.
O, elmi kadrların yetişməsində, dilçilik
elmimizin inkişafında
misilsiz xidmətləri
olan, məktəb yaradan, bu elmi
beynəlxalq aləmə
çıxaran, çoxşaxəli
zəngin yaradıcılıq
yolu keçən bir elm xadimi idi. Ağamusa müəllim iddiasız
yaşamağı bacaran,
mənalı və şərəfli ömür
yaşayan, həm də böyük amallarla yaşayan, ziyalılığı, yüksək
mədəniyyəti, nəcibliyi
ilə nümunə olan təkrarsız bir şəxsiyyət idi.
Məlumdur ki, XX əsrin əvvəllərində, daha
dəqiq desək 20-ci
illərin sonu, 30-cu illərin əvvəlində
müasir Azərbaycan
dilçiliyinin yaradıcılarından
olan Bəkir Çobanzadənin üç
aspirantı olmuşdu:
M. Şirəliyev, Ə. Dəmirçizadə,
M. Hüseynzadə. Bu üç elm korifeyindən
biri-professor Muxtar Hüseynzadənin XX əsrin
50-ci illərindən sonra
yetirdiyi dilçilər
nəslinin başında
akademik Ağamusa Axundov gəlir. A. Axundov da sələflərinə
layiqli xələf olmuş, elm aləmində
məktəb yaratmış,
böyük bir elmi irs
qoyub getmişdir. Mən fəxr edirəm ki, akademikin yetirdiyi tələbələrdən
biri də mənəm.
Unudulmaz müəllimim, gözəl
insan A. Axundovu mən 1966-cı ildə şəxsən tanımışam. Həmin ildə
onillik orta məktəbi başa vurub sənədlərimi Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin Azərbaycan
dili və ədəbiyyatı ixtisasına
vermişdim. İmtahanlar başa
çatmışdı. Qızmar avqust ayının sonları idi. Uzun intizardan sonra nəhayət, qəbul olunan tə əbələrin adlı
siyahısı divardan
asıldı. Onların içərisində
mən də var idim. Zarafat deyil, min nəfərə yaxın abituriyent Filologiya fakültəsinə
qəbul olmaq üçün sənəd
vermişdi. Onların içərisindən
ancaq əlli nəfər tələbə
adını qazana bilmişdi. Qəbul olunan filfak tələbələrilə universitet
kitabxanasının II mərtəbədəki
salonunda görüş
keçirilirdi. Yadımdadır
ki, bu yığıncaqda
tələbələrin görüşünə
Filologiya fakültəsinin
ağsaqqal professorlarından
Mir Cəlal müəllim,
Səlim Cəfərov,
Əlövsət Abdullayev,
Yusif Seyidov gəlmişdilər. Görüşü orta yaşlı, gülər üzlü, sifətindən nur yağan bir müəllim idarə edirdi. Dedilər, fakültənin dekanıdır, Ağamusa
müəllimdir. Tələbə
yoldaşlarım danışırdı
ki, onun iki ali təhsili var, Misirdə işləyib. Birinci kursda üstündə Nəsir Məmmədov və Ağamusa Axundovun adı yazılan “Dilçiliyə
giriş” kitabımızın
müəllifi kimi onu daha yaxından
tanıdıq. Dekan olduğuna
görə onunla ünsiyyətimiz var idi. Ağamusa müəllim sakit təbiətli, az
və astadan danışan, ancaq demokratik xarakterli, humanist və alicənab bir insan idi.
Mən bunu öz təcrübəmdə
daha yaxından müşahidə etdim.
Semestr imtahanının birində
iştirak edə bilməmişdim. Semestrin
sonunda göndərişlə
beş almışdım,
sənədi dekanlığa
verməli idim. Necə oldusa bir gün
yubatdım. Dekanın müavini
sənədi qəbul
etmirdi ki, vaxt dünən qurtarıb. Sən gec gətirmisən.
Sənədimi götürməsə idi, təqaüd ala bilməyəcəkdim. İstəyirdim kor-peşman otaqdan çıxam, elə bu zaman təsadüfən
Ağamusa müəllim
içəri daxil oldu. Nə olub, - deyə
soruşdu. Dekan müavini
giley elədi ki, vaxt dünən
qurtarıb, bu, göndərişi vaxt qurtarandan sonra gətirib. Ağamusa
müəllim ağayana
və amiranə bir tərzdə:Nə
olacaq eee. Al at ora, qəbul et, tələbədir də, - dedi. Müavin dekanın
sözünü qaytara
bilmədi, onunla ürəyində razı
olmasa da, göndərişi qəbul
etmək məcburiyyətində
qaldı. Ağamusa müəllim belə
alicənab, xeyirxah, həm də gözü, könlü tox insan idi.
Ağamusa müəllim tək fakültənin deyil, universitetin professor-müəllim
və tələbə
kollektivinin böyük
nüfuzunu qazanmışdı. Ona görə
də iki dəfə dekan seçildi. Onun birinci
dekanlığı dövründə
mən tələbə
idim. Fakültə Tələbə Elmi Cəmiyyətinin sədri -sonralar istedadlı elm adamı,
professor kimi tanınmış
rəhmətlik Vaqif Arzumanlı idi. O universiteti bitirdiyinə görə fakültə
TEC sədri vəzifəsini
mən əvəz edirdim. İclasda mən fakültə
tələbə elmi cəmiyyətinin fəaliyyəti
haqqında hesabat verdim. Çıxışımda
da fəaliyyətimizin
bir az
zəif olmasını
dekanlığın bizim
işimizə kömək
etməməsi ilə
əlaqələndirdim. Amma dekan
kimi o iclasda iştirak edən Ağamusa müəllim heç bir reaksiya vermədi, mənim sözümü kəsmədi. Mən gözləyirdim
ki, Ağamusa müəllim bunu yadından çıxarmayacaq,
onun hayıfını
məndən çıxacaqdı.
Amma nə oldu. Ustad V kursda bizə “Ümumi dilçilik” fənnindən
dərs dedi. Semestr imtahanında da mənə 5 yazdı.
Böyük idealları
olan Ağamusa müəllim xırda hisslərlə yaşamırdı,
xırdaçı adam deyildi. Bütöv şəxsiyyət idi.
Ağamusa müəllimin yaxşı
bədii zövqü var idi. Biz oxuyan dövrdə “Ümumi dilçilik” fənninə aid hələ mükəmməl
dərslik yox idi. Sonralar ilk dərsliyi də
Ağamusa müəllim
nəşr etdirdi.
Dərsdə biz mühazirəni yazırdıq. Tələbələr V kurs olmasına baxmayaraq bu gözəl
insanın dərsində
iştirak etməyə
çalışardı. Dərsi çox maraqlı olurdu. Özünəməxsus diksiyası, danışıq
və hərəkət
tərzi vardı.
Səsini heç vaxt
ucaltmazdı. Tələbələr yorulanda haşiyə çıxardı. Yaxşı şeirlər
deyər, şərh edərdi. Məsələn,
Rəsul Həmzətovun
şeirini deyirdi, öz dilimizdə nəql edirdi: səni dünyada beş nəfər
sevən varsa, biri mənəm, dördü sevirsə biri mənəm, üçü sevirsə
biri mənəm, ikisi sevirsə biri mənəm, əgər səni sevən artıq yoxdursa... Axırını
orijinalda olduğu kimi deyərdi: Qde to v qorax poqib Rasul Qamzatov
(O vaxtlar - 1969-1970-ci illərdə
Dağıstan şairi
Rəsul Həmzətovun
“Mənim Dağıstanım”
kitabı bizim nəsil gənc oxucular arasında çox populyar idi).
Mən fürsət
düşəndə bu
abidə şəxsiyyətin
hər hərəkətinə,
ağzından çıxan
hər sözə fikir verərdim, göz qoyardım.
Akademiyanın bir nəfər əməkdaşı qoltuğunda
kitabı fakültəyə
gəlmişdi. Kitabını Ağamusa müəllimə
təqdim elədi.
Sonra yadına düşdü ki, avtoqraf yazsın.
Dayan, üstünü yazım,
-dedi. Ustadın o qədər vaxtı
hardaydı. Ona görə müəllifin
xatirinə dəyməmək
üçün gülə-gülə:
lazım deyil, indi avtoqraf yazmaq
moddan düşüb,
- deyərək canını
qurtardı.
Bu işıqlı insan
mənim namizədlik işimdə birinci opponent
idi. Dilçilik İnstitutunun direktor
otağında dissertasiya
işinin müdafiəsi
keçirilirdi. Ağamusa müəllim
rəyini oxudu. Məni təbrik etdi. Nə qədər təkid etsək də, banketə qalmadı.
Vacib işim var, - deyib getdi.
Səhv etmirəmsə, keçən
əsrin 70-ci illərinin
sonları idi. Ağamusa müəllimin
“Azərbaycan dilinin fonetikası” monoqrafiyası
Azərbaycan Dövlət
Mükafatına təqdim
edilmişdi. Bu münasibətlə mən
Naxçıvanda çıxan
“Şərq qapısı”
qəzetində geniş
məqalə çap
etdirdim. Öz vəfa
borcumu yerinə yetirmək istədim.
Ağamusa müəllim sonralar uzun müddət AMEA-da çalışdı. Dilçilik İnstitutunun
direktoru, akademiyanın
humanitar və ictimai elmlər bölməsinin akademik-katibi
oldu. Mən akademiyanın üzvü
seçiləndə çox
sevindi, koridorda bir qrup həmkarı
ilə söhbət edirdi, siqaretin külünü çırpıb,
məni yanına çağırdı, təbrik
etdi, ata kimi alnımdan öpdü. Bu fenomen insanın bu səmimi davranışını necə
unutmaq olar.
Bu görkəmli elm xadimi
ilə bir neçə dəfə xarici səfərlərdə,
beynəlxalq konfranslarda
birlikdə olmuşuq. Bu səfərlərdə mən
Ağamusa müəllimin
böyüklüyünü, alicənablığını daha
yaxından görmüş,
onun nəzakətinə,
insani münasibətinə
heyran qalmışdım.
Ağamusa müəllim mənim
üçün mənəvi
saflıq, yüksək
insani keyfiyyət nümunəsi idi.
Akademik A. Axundov bacarıqlı elm təşkilatçısı idi. Hər məqamda adını iftixarla çəkdiyimiz bu böyük insan elmi və pedaqoji fəaliyyəti ilə ölməzlik qazanan azsaylı alimlərimizdəndir.
Ustadımız akademik Ağamusa Axundov fani dünyadan köçdü, o, cismən öldü, ruhu bizimlədir, onu sevənlərin qəlbində yaşayır. Məkanın cənnət olsun, ustad. Gələn bəzirgandı, gedən xocadı...
Əbülfəz QULİYEV
AMEA-nın müxbir üzvü
525-ci qəzet.- 2017.- 18 mart.- S.19.