Ailə-məişət labirinti  

 

 

 

Uşaq vaxtı tez-tez soruşardılar: “Atanı çox istəyirsən, yoxsa ananı?” Mən yenə ata deyərdim, anamı çox istədiyimin fərqində olsam da.

 

Sual bəlkə ciddi səslənmir. Buna görə çox-çox sonralar sualın yanını-böyrünü dəyişib, səsimə fəlsəfi ton verib, onu evli-uşağlı bir kişiyə ünvanladım: “Arvadını çox sevirsən, yoxsa uşaqlarını?” Püşk atsa bundan yaxşıydı. Ziddiyyət içində qıvrılıb irişdi hıqqına-hıqqına cavabladı: “Demək çətindir”.

 

Əlbəttə, çətindir. Elə suallar var, adam düşünməsə yaxşıdır.

 

Söhbət ki, ailədən, uşaqlardan gedir, onda heç! Seçim şansı? Əsla.

 

Sevgi müvazinət istəyir. Dünyanın da tərəzisini oynatsan, oxunu buraxıb qaçar.

 

Amma gəlin ailələrimizin əsas funksional vasitələrini sadalayaq: xalta, zəncir, iti caynaqlar... İstiqanlılıq, ailəcanlılıq bizdə sərhəd tanımır. Elə bir uşaq böyüdəcəksən ki, sənin bir parçana çevriləcək, əlin-ayağın olacaq. Bu mənada qızlar şanslıdır. Vaxtı çatanda dabanlarına tüpürüb qaçırlar.

 

Vəfa, sədaqət, utanc, xəcalət duyğularımız çox püxtələşib. Adamın üstündə Allah var. O qədər püxtələşib ki, içimizin səsini eşitmirik.

 

Hərdən qərbin ailə modelini qısqanıram. Sərbəstlik, seçim şanslarının, özünü gerçəkləşdirmə imkanlarının çoxluğu. Övlad sadiq köpək roluna girmir. Asılılıq yoxdur. Ailənin tələbləri yetişdirilən vətəndaşın müstəqilliyinə qənim kəsilməyib. Sözsüz, sosial şərait səviyyəsi inkişaf etmiş ölkələrdə yüksəkdir...

 

lll

 

Adam BruksQətiyyən, bəlkə filmini 2008-ci ildə ekranlaşdırıb. Film romantik komediya janrındadır. Açığı, film boyu o qədər öpüşürlər ki, adam boğaza yığılır. Bu mənada film dərin ideya-məzmun axtaranlar üçün vaxt itkisidir. Ancaq niyə izləməyə dəyər?

 

Vill Heyz reklam şirkətində işləyir. Boşanma ərəfəsindədir Maya adlı bir qızı var. Heyz qızını dərsdən götürəndə məlum olur ki, müəllimi bu gün ona kişi-qadın ilişkisi ilə bağlı hər şeyi izah edib. Ancaq beynində düyünlü suallar qalıb onları atası açmalıdır.

 

İki nəfər bir-biri ilə mazaqlaşıb qadın uşağa qalıb. Maya bu məlumatı beyin süzgəcindən keçirə bilmir: “Bir uşaq təsadüfən necə doğula bilər axı?” Heyz qızına başa salmağa çalışır ki, bu, atanın banan qabığında sürüşüb yıxılması kimi bir qəziyyə deyil. Qəza qadının hamilə qalmasıdır. Azyaşlı Maya isə müdrikcəsinə soruşur: “Bəs uşaq istəmirdilərsə, niyə bir-birlərinə yaxınlaşırdılar?”

 

Heyz qızının təkidi ilə ona həyat hekayəsini danışır. Ata evlənənəcən hansı qadınlarla tanış olub?

 

Əlbəttə, göründüyü kimi o dərəcə etik deyil. Ata qızına eşq macəralarını nəql edir. İyrənclikdi. Kişinin bir şükürlü tərəfi var. Yatdığı qadınların sayını unutmayıb. Hətta bunları Maya da dilə gətirir: “Siqaret çəkdiyinə, içki içdiyinə bu qədər əxlaqsız davrandığına inana bilmirəm”.

 

Amma bütün bunlara dəyər. Çünki Maya cinsiyyət prosesi ilə bağlı bilgiləri sonradan öyrənmir, ata-anadan xəlvət, utanc hissi ilə kəşf etmir.

 

lll

 

Belə məqamlarda çox vaxt dünyanın boşanma sayına görə qabaqcıl ölkələri yada düşür: Belçika, Portuqaliya, Macarıstan, İspaniya, Lüksemburq, Estoniya... Arxasına yapışdırırlar: keçəl dərman bilsə, öz başına sürtər. Yəni ki, hansı nümunəvi ailədən söz gedir?

 

Avropa kültürü insanı fəzalara qaldırır. İçdən-içə deyirsən: “Mən bu dünyaya aidəm ikiüzlülük etmədən ehtiraslarımla barışmaq istəyirəm”.

 

Necə ki, “Anna Karenina”da Stepan Arkadiç evin xidmətçisiylə yatsa da, peşmanlıq duyub arvadı Dollidən bütün səmimiyyətilə üzrxahlıq etməkdə çətinlik çəkirdi. Çünki o, doğruçu adam idi, özünü haqlı sayırdı özünü aldatmağı bacarmırdı.

 

Bax eyni səmimiyyətlə öz-özünə belə olsa etiraf etmək lazımdır ki, statistik göstəricilər mənə lazım deyil. Boşanmalar artacaqsa da, deməli, başqa yol qalmayıb. Onsuz da sən ömür boyu intim pərdələr, cinsi çərçivələr ardından ehtirasını cilovlamaq üçün məqsədsizcə uydurduğun bir sürü əxlaqi ehkamlar, cəfəngiyyatlarla yaşayacaqsan. Misal: adam da qaynata yanında arvadını qucaqlayar? Əşi, qucaqlayar da, lap belə bağrına basıb öpər ... Bir yerindən nə uydurursan bu “qaydaları”?

 

lll

 

Bəli, səmimiyyət önəmlidir. Hətta yolagəlməz, tərs bir uşağın qəlbini qazanmaq üçün də həlledici bir silahdır. Rejissor Piter Boqdanoviçin “Kağızdan ay” filmində olduğu kimi...

 

İnsanlara dini ehkamlar sırımaqla, əlləm-qəlləmçiliklə dolanan Mouz Prey doqquz yaşlı kimsəsiz Edini də özüylə götürüb yola çıxır. Qızı xalasının evində düşürməlidir. Ancaq yol uzundur. Macəra da...

 

Edi daha çox oğlan uşağına oxşayır. Siqaret çəkir. Qaşqabaqlı, sərt baxışlıdır. Tünd xasiyyətinə, adam yovuşmazlığına baxmayaraq Mouzla nəinki ata-bala, hətta yaxın bir dosta çevrilirlər. Başlanğıcda yola getməsələr də, sonradan Mouzun işləri Edinin sayəsində daha da irəliləyir. Çünki Edi ağıllı, zirək və ədalətlidir.

 

Qaçaqmal içki ticarətində dostlar uğursuzluğa düçar olur. Polislər Mouzu yaxşıca kötəkləyirlər. Onu qan-rəvan içində tapan çoxbilmiş qızcığaz dilli-dilavər bir yetişkinə çevrilir və böyüklər kimi başlayır Mouza ürək-dirək verməyə. Mouz deyir: “Ağlama!” Edinin baxışlarından onsuz da güclü, iradəli biri olduğu oxunur: “Ağlamaram!”

 

Mövlud Süleymanlının “Dəyirman”ındakı balaca Ayat kimi Ediyetimdir. Amma maraqlıdır ki, Ayatda yetimlik hər an sezilir, Edidə bunu hiss etmək hardasa mükünsüzdür... Anasının Ayata yazdığı məktub kövrək notlarla bitir: “Ağlama ha, möhkəm ol! Ağlayanda adam yekəlmir!” Edinin isə bunlara ehtiyacı yoxdur. Amma görünür, yetimlər möhkəm olmağa əvvəlcədən məhkumdurlar.

 

İnsan övladına, insan ruhuna azadlıq lazımdır. Özünü axtarmaq, tapmaq üçün dünyaya gələnlər, uzun bir yola çıxdığını anlayanlar atalı-atasız, analı-anasız öz kimsəsizliyini dərk edir. Görünür ki, ailə tərbiyəsi də şərti anlam daşıyır. İnsanı özü, ancaq özü tərbiyə edir.

 

Mouz Prey Triks adlı yüngül xasiyyət bir qadınla tanış olur. Qadının geyim-keçimini, yeyib-içməyini təşkil edir və əvəzində qadın münasibətdən məmnun halda onunla vaxt keçirir. Ancaq bu, Edinin heç könlüncə deyil. Çünki Triks elə gəldiyi ilk gündən Edinin yerinə keçib. Edi bəlkə də qısqanır? Ola bilər.

 

Edi daim Mouzun maşınının qabaq oturacağında əyləşib. Ancaq günlərdir - Triks gəldiyindən bəri onu arxaya atıblar... Bir gün istirahət üçün biçinlikdə dayanırlar. Asudə vaxt bitir, ancaq Edi geri qayıtmaq istəmir. Səbəb isə ön oturacaqdır.

 

Nəhayət, Triks Edinin saqqızını oğurlamalı və onu razı salmalıdır. Nə illah edir, mümkün olmur. Edinin üzündə bir nöqtə də tərpənmir. “Axı geri qayıtmalıyıq Edi. Sənə makiyaj ləvazimatlarımı verəcəm, dodaqlarını boyamağı öyrədəcəm. Gəl gedək”. Qızın cınqırı da çıxmır. Bax bu vaxt səmimiyyət öz işini görür. Triks açır sandığı, tökür pambığı. Bütün görünməyən - əslində Edinin eşitmək istədiklərini - təfərrüatları açıqlayır. “Mən biriylə uzun müddət yaşamağı bacarmıram. Onsuz da Mouzdan ayrılacam” deyir: “Həyat çətindir, Edi. Mouz bir paltar alsa, yaxud bir ayaqqabı, bəlkə üzüm gülər. Bir az gözləməyin lazımdır. Hər şey bitəcək. Amma sən bu səfehliyi uzatmağa çalışsan, nə sən, nə mən, nə də o bir şey qazanar. Nə deyirsən, əzizim? Bir müddətlik? Qoy bu yekə məməli Triks öndə otursun”.

 

Axır ki, Edinin üzü gülür.

 

lll

 

Ata qızına düşkün olur, ana oğluna?

 

Məndən soruşsanız, əksər valideynlər oğlan uşaqlarını üstün tutur. Amma nəbadə sevgidə hüdudu keçəsiniz. Yoxsa Corc Bankzın gününə düşərsiniz.

 

Rejissor Çarlz ŞayerGəlinin atasıfilmində övlad sevgisinin maksimal çertyojunu çəkir. Corcun ata məhəbbəti qısqanclığa çevrilir. Yazıq ata. Qızı yedir-içir, böyüt, boya-başa gətir, sonra ver getsin.  

 

Eni artıq evlilik yaşına çatıb. Həyat belədir, Corc. Qızının bir gün nişanlısını qoltuğuna vurub evinə gətirəcəyi ağlına gəlməzdi. Amma əldən nə gələr? Kürəkəni qucaqla.

 

Bax burda qərb-şərq qütbləşməsinin məsələyə aidiyyatı yoxdur. Mənim mental düşüncəm okeanın o tayına keçir. Sevgi, ehtiras, hərislik, acgözlük, ülvi duyğular... Bunlar ki daşa-torpağa hopmayıb?

 

Eninin nişanlısı atasının gözü qabağında qızının dizlərini sığallayır. Corc dəliyə dönür. Amma gülümsəyir.

 

Corcun yanaşması nə qədər kütləvidir, görəsən? Fəlsəfəsini bu cür şərh edir: “Sizə örnək olan və xəyallarınızın belə o tayında sizə tapan gözəl bir qızınız olur. Balaca əlini əlimə sıxdığını xatırlayıram. Qucağımda oturub başını köksümə qoymağı sevərdi. Mənə qəhrəman olduğumu söylərdi. Sonra sırğa taxmağa başlayır. Onu kinoteatra bir küçə qalmışacan ötürməyinizi istəyir. Sonra birbaxarsan, gözlərinə makiyaj sürüb, dikdaban ayaqqabılar geyib. Bax o vaxtdan etibarən mütəmadi təlaş içində yaşayarsınız”.

 

Övlad sahibi olmaq dəhşətdi, Corc!

 

Gün gələr, qızcığaz böyüyər.

 

Atanı isə fikir götürər: “Yanlış bir oğlanla görüşəcək deyə əndişə duyarsınız. Ağlında tək bircə fikir olan sarsaq biriylə... O “bircə fikrinolduğunu çox yaxşı bilirsiniz. Çünki onların yaşındaykən sizin də ağlınızda bircə “o fikir” vardı.  Sonra böyüyər və yanlış seçim edəcəyindən duyduğunuz narahatlıq sovuşar. İndi isə düzgün kişini tapacaq deyə təlaşa düşərsiniz. Bu da qorxuların ən böyüyüdür, çünki artıq onu itirmək zamanıdır”.

 

Müşfiq ŞÜKÜRLÜ

 

 

525-ci qəzet.- 2017.- 18 mart.- S.14.