Qəhər dolu
aydınlıq
Neçə saat keçib bu xəbəri eşitdiyimdən... İnana bilmirəm
və uzun müddət bəlkə də qəbul etməyəcəm. Sevimli
müəllimim bunu Sizə heç yaraşdırmadım...
Bir neçə
gün öncə Attestasiya blankını təqdim edəndə mənə müsbət rəyinizi elə coşqu ilə vermişdiniz ki, bütün kafedra eşitmişdi. İndi məni bu çətin
yolda tək qoydunuz... Bu necə elmi rəhbərlik , bu necə
müəllimlikdi... Xatirələrim
o qədər çoxdur
ki... və o qədər yaxşı tanıyırdım ki, sizi... Hələ də belə
bir gediş etdiyinizi ağlıma gətirə bilmirəm.
6 illik tələbəlik
vaxtımda yeganə
“4”-ü sizdən almışam
və bu mənim üçün çox “əla”lardan yüksək qiymət oldu. Çünki Sizdən “5” almaq
o qədər də asan məsələ deyildi. Amma buna da nail
oldum. Sizin dissertantınız oldum və dönə-dönə
“sən mənim ən yaxşı tələbəmsən” sözlərini
eşitdim. Mən
sizi bir müəllim kimi örnək göstərdiyim
kimi, siz də məni tələbələrinizə nümunə
çəkirmişsiniz... Bircə
təsəllim var ki, elmi işimin
ilk variantı ilə tanış olub müəyyən tövsiyələrinizi vermisiniz
və indi onlarla məşğul oluram.
Məsləhətlərinizin ömrü həyatınızdan
uzun oldu, müəllimim və bu hər zaman
belə də davam edəcək. Qürurla
deyirəm və həmişə də səsləndirəcəm... Mən Aydın
Dadaşovun tələbəsiyəm.
Sizdən öyrəndiklərim çoxdur və bu biliklər yolumda işıq olacaq. Tez-tez sual verərdiniz
ən müxtəlif təriflərlə bağlı.
Məsələn, “Xarakter nədir?”
Mən də tez “İdeyası uğrunda ölümə
gedən... “ cavabını
verərdim. “Afərin” deyərdiniz. Və bunun kimi
bir çox suallar... Axı sizin xarakterinizdə Sözünüzdən qaçmaq,
dostunu yarıyolda qoymaq yox idi...
Axı Siz həm də bir dost idiniz mənim üçün.
Ən çox da mübahisələrimiz
üçün darıxacam...
Siz təkcə bir tələbə, alim yox, Siz həm
də bir vətəndaş yetişdirirdiniz.
Mənə verdiyiniz söz hələ də xatirəmdədi, sonuncu təbəssümünüz
kimi...
Gözlərinizdəki kədər həyat yoldaşınızı
avtomobil qəzasında
itirdikdən sonra sanki daha da sezilən olmuşdu. Bu kədərin
adı “Şuşasızlıq”
idi. Amma tale sizə ömür-gün
dostunuzu itirib ayaqüstə dayanmağı
da qismət etdi. O ayaqlar ki, qəzada kifayət qədər zədə görmüşdü... İndi facebook səhifənizə
baxıram, Şuşada
yaşadığınızı qeyd etmisiniz... Duyğularınız həmişə orda idi, indi
ruhunuz da ora pərvazlandı.
Bəzən saatların necə
keçdiyindən xəbərimiz
olmazdı... Müzakirələr,
mübahisələr və
gəlinən nəticələr...
Halbuki siz vaxtınızın qədrini
bilən adam
idiniz. Elə ona görə
də ölümünüz
vaxtsız oldu. Novruz bayramından sonra
görüşəcəkdik, müəllimim, indi hara gedəcəyimi bilmirəm.
“Ekran dramaturgiyası”
kitabınız indi mənə baxır, mən isə onu götürüb oxuya bilmirəm. Amma dayanmaq, durmaq olmaz. Axı mənim də
Sizə verdiyim bir söz var
idi. Axı siz məni qoçaq bilirdiniz. Axı... Çoxdu axılar...
Yadımdadı, həmişə deyirdiniz
ki, cümləyə elmilik gətirmək üçün
əvvəl
səbəbləri, sonra nəticəni bildirməlisən. İndi
o öyrətdiyiniz tərzə
bir cümlə qurmağa çalışacam . - Aydın Dadaşovun tələbələrə
fərdi yanaşması,
yaltaqlıq və riyadan uzaq olması, gənclər arasında işıqlıları,
ziya sahiblərini görə bilməsi, onları anlaması və dəstək olub yol göstərməsi
necə bir şəxsiyyət, adında
ehtiva olunduğu kimi necə bir Aydın olduğunu göstərir və bütün bunlardı onu bizim sevimli müəllimimiz
edən.
Qəhər boğur məni,
müəllim, halbuki güclü
olmağı öyrətmisiniz hər zaman. Nə olursa olsun, gələcəyə baxmağı...
Sizə söz verirəm! Elmi
işimi tez bir vaxtda müdafiə etmək
üçün əlimdən gələndən
də artığını edəcəm. Və təşəkkür
edirəm Sizə, elmi rəhbərim!.. Qədərdə
Sizin sonuncu
dissertantınız olmaq da
var imiş...
Bəhruz
NİFTƏLİYEV
525-ci qəzet.- 2017.- 18 mart.- S.15.