Arzusu ürəyində qalan şair: Sabir Sarvan
Sabir Sarvanın adını çox eşitsəm, “Çaldıran ağrısı”
şeirini əzbər
bilsəm də hələ tanış
olmamışdıq. Tanışlığımızınsa qəribə tarixçəsi
var.
2013-cü ilin sonlarıydı. Dostum şair Əjdər Ola:
- Kırşehirdə Beynəlxalq
Aşıq Paşa Şeir Festivalı təşkil olunur, Azərbaycandan da iki şair dəvət
etmək istəyirlər,
vaxtın olsa bir şair dostunla
sən də gəl, yoxdusa, kimi tövsiyə edirsən de, onları dəvət etsinlər, kim gələcəksə,
pasportlarını mail adresimə
göndərsinlər, - dedim.
Əjdər bəy də:
- Sabir Sarvan Türkiyəni
heç görməyib,
amma görməyi çox istəyir, Məmməd İlqarı
da qeyd elə,
ikisi gəlsinlər, deyərəm, pasportlarının
surətini göndərərlər
– cavabını verdi.
Festivalın tərtibçisi Zibeydə
xanıma zəng etdim:
- Azərbaycandan Sabir Sarvan və Məmməd İlqar gələcəklər, pasport
surətlərini də
bir-iki günə sizə göndərəcəm...
İki gün sonra əziz dostumuz Həmid Ormanlı sənədlərin
surətlərini göndərdi,
mən də elə həmin maili Zibeydə xanıma yolladım. Zibeydə
xanımın sənədləri
gözləmədən Sabir
Sarvan və Məmməd İlqar adına bilet
aldığını hardan
biləydik?!
O aralar mən də Türk Dünyası Ədəbiyyatı
Dərgiləri Konqresi
üçün Qazaxıstana
gedirdim. Məmməd İlqar və
Sabir Sarvanı qarşılamağı, gəzdirməyi
dostlarıma tapşırmışdım.
Onlar Türkiyəyə
uçmaq üçün
gəlib sənədlərini
göstərəndə, limanın
işçisi onlara “adınıza bilet alnmayıb, uça bilməzsiz” deyib. Qiyamət
də ondan sonra qopmuşdu... Onlar Əjdər bəyə, Əjdər bəy mənə, mən Zibeydə xanıma zəng edirdim. İki saata yaxın telefon danışığından sonra
anlaşıldı ki,
biletləri pasport qeydlərinə görə
deyil, mənim Zibeydə xanıma söylədiyim kimi Sabir Sarvan və
Məmməd İlqar
adına alınmışdı! Əjdər
bəy yenidən bilet alıb, onları Türkiyəyə
göndərmək istəsə
də bunu qəbul etməmişdilər...
İki il sonra,
2015-ci ilin sonlarında
bir ziyarət üçün Azərbaycana
getmişdim. O günlərdə
nazir Səlim Müslümovun dəstəyilə
Sabir Sarvan üçün Ağsuda
böyük tədbir
keçirilirdi. Əjdər
Ol, məni də dəvət etdi, dostlarımız Rəşad Məcid, Ağalar Bayramov, Mövlud Toprak və bir qrup
jurnalistlə birlikdə
Ağsuya getdik.
Sabir bəy ilə hələ canlı olaraq tanış
deyildik. Toplantını
Əjdər Ol idarə edirdi: “Sabirin gəldiyindən xəbəri yoxdur, sənə də söz verəcəyəm”,
dedi.
Söz sırası mənə gələndə səhnədə
oturan Sabir bəyə xitab edərək bir az da zarafatla: “Ay Sabir bəy! Gördüm ki, Məmməd İlqarla Türkiyəyə
gələ bilmirsiz! Ona görə də özüm gəlmişəm! Xoş gördük”,
deyib yaradıcılığı
haqqında qısaca danışdım.
Həyəcanla məni alqışlayanlara
qoşulmuşdu. Daha sonra söz aldığında: Türkiyəyə
niyə gələ bilmədiklərini izah etdi və gənc
dostumuz Həmid Ormanlının pasportların
surətini vaxtında
göndərmədiyini söylədi.
Ondan sonra söz alan Həmid
Ormanlı isə özünü müdafiə
etdi: “İmdad müəllim, mən pasportların surətini sizə mail ilə göndərdim. Siz də aldığınızı
dediz. Ancaq iş bu yerə
gəlincə, Məmməd
İlqarla Sabir bəy məni danladılar ki, “bəs pasportlarımızı
niyə göndərmədin?”
Mən də mail hesabımın göndərilən məktublar
bölməsini açaraq
onlara göstərdim.
Ancaq Məmməd İlqar pasportların surətini mənim kompüterimdə görəndə
daha da hirsləndi,
dedi ki: “Göndərməyib ayə!
Görmürsən, pasportlarımız burda durur!”
Əjdər bəy də söhbətə son nöqtəni
qoydu, Sabir Sarvana: “Darıxma, a kişi, səni Türkiyəyə bir də göndərərik!”
– dedi.
O gün Məmməd İlqarla yan-yana oturmuşduq. Hər 5 dəqiqədən bir adımı soruşurdu. Həmid
Ormanlı yavaşca qulağıma pıçıldadı:
“Ustad alzeymerdir”. Bir şair üçün
yaddaşsızlığın nə demək olduğunu dərindən
hiss etmişdim…
Sabir Sarvan üçün təşkil
olunan o tədbir Elnarə Abdullayevanın möhtəşəm konsertiylə
sona çatdı. Sabir Sarvanla Türkiyədə
görüşmək şərtiylə
vidalaşdıq...
Bundan
4-5 ay öncə, telefon
danışığımızda Əjdər Ol: “Bugünlərdə bir tədbir olsa Sabir Sarvanı ora göndərək, Türkiyəni görməyi
çox istəyir”,- dedi. Əjdər bəylə
sözləşdik. 2016-cı
ilin son günlərində
Kayseridə “Erciyəz
Şeir Axşamları”
proqramı vardı.
Sabir Sarvanı dəvət etmək istədim. Əjdər bəyi yığdım: “Sabir bəy gəlsin, həm şeir axşamlarına qatılar,
həm də universitetdə tələbələrlə
görüş tərtib
edərik, iki-üç
gün boyunca bu bölgədə gəzdirərəm”.
Əjdər Ol bu səfər kədərliydi:
“Havalar çox soyuqdu”, dedi. Sabir də bir
az xəstələnib,
qoy bahar gəlsin, havalar isinsin, bəlkə o zaman gələr…”
Bahar gəldi… Ancaq Sabir Sarvan getdi. Bahar hər il
yenə gələcək.
Amma Sabir
Sarvan nə Azərbaycana, nə də Türkiyəyə bir daha gəlməyəcək…
Əjdər bəylə 2011-ci ildən bəri nəyi planlaşdırmışdıqsa gerçəkləşdirmişdik. Ancaq əcəl atına zamansız minən şair bu dəfə planlarımızı alt-üst etdi… Ölüm təkcə Sabir Sarvanı alıb getmədi; Əjdər bəylə qurduğumuz planları da yelə verdi.
Sən bir şeyi nə qədər istəsən, nə qədər arzulasan da; sən bir yola baş qoysan da, iradənin, gücünün fövqündə başqa bir güc var. O güc taledən başqa şey deyil! Və qismətdən o tərəfə yol yoxdur...
“Hər ölüm erkən ölümdür!” Şairin vaxtsız ölümü isə sözləri insanın boğazında düyünləyir. Torpaq bir-bir udur dostlarımızı… Əgər ölümün çarəsini tapacaq biri olsa, ona Sabir bəyin misralarıya səslənərdim:
“Qoyma bu vərdiş yerisin!”
Dostumuz Ağalar Bayramov 2013-cü ilin yanvarında “20 Yanvar”ın ildönümü münasibətilə Kayseriyə gəlmiş və onun “Çaldıran ağrısı” şeirini oxumuşdu. Tamaşaçıların israrı ilə Ağalar bu şeiri dəfələrlə söylədi. O gündən bəri türk dünyası ilə bağlı konfranslarımda bu şeiri mən də oxuyuram.
O, çox arzulamasına rəğmən Türkiyəyə gələ bilməsə də şeirləri, misraları Türkiyə səmalarında qanad çalıb uçacaq.
Ruhu şad olsun.
(Cavid Qədir çevirib)
İmdat
AVŞAR
525-ci qəzet.- 2017.- 18 mart.- S.15.