Səməni, saxla məni
Təkcə insanların deyil, fəsillərin də
doğuluş günləri var. İyunun 22-si ilin ən uzun
gündüzü - yayın doğum günüdür.
Sentyabrın 22-si - ötüb keçmiş yayın
doğum günü - payızın ilk günüdür. Dekabrın 22-də
- ilin ən uzun gecəsində qış girir. Payızın axır aylarında baş alıb gedən
cilovsuz küləklər qış günlərində daha
da şiddətlənir. Gündüzlər
qısaldıqca qısalır, gecələr uzandıqca
uzanır. “Qara bax, qara, gör necə yağır”...
Qapıları
kip bağlı eyvanlarda qar yığımları,
troleybusların, maşınların təpələrində ağ qar papaqları, budaqları
ağırlaşdırıb əyən qar yükləri... Buz bağlamış səkilər. “Dərsə
gedən bir uşaq” buz üstünə çıxır... Küləklərin acı qırmancı, qardan
ağarmış gecələrin göynədici
sazağı, axşamın erkən çağında
qarışan şər, tutqun səhərlərin gec durulub
aydınlaşan toranlığı - bütün bunlar
hamısı - yay səmasının göz işlədikcə
işləyən ənginliyini, qızıla-zərə
tutulmuş payızın yumşaq həzinliyini uzaq xatirələrə
çevirir. İlin bu fəsli elə bil
başqa mövsümlər kimi, üç ay deyil, daha
çox çəkir, uzandıqca uzanır, bitib qurtarmaq
bilmir. Amma yaşıl, zərif bir ümid
təki, ağır-ağır qış yuxusundan oyanan torpaq
kimi təqvimin bir yarpağı yaxınlaşır - 22 mart -
gündüzlə-gecənin tarazlaşdığı gün,
ötüb keçən qışla son vida günü -
baharın doğum günü. Min illərin
dibindən qaynayıb gələn bir ənənəylə
xalqımız bu günü bayram edir. Şərəfli
və məşəqqətli tariximizin, keşməkeşli
keçmişimizin ən ağır, dözülməz,
iztirablı çağlarında belə bu gün xalq ruhunda,
xalq yaddaşında, xalq məişətində ilıq bir fərəhlə,
kövrək bir ümidlə, ürkək bir gümanla
bağlı yaşayıb. Kasıbların
ən kasıbı da ayından-oyundan bir şey düzəldib
süfrə açıb. Küsülülərin ən
tərsi, inadcılı da bəhanə tapıb
barışıb, bu çağacan üzünə
bağlı qapıları açıq görüb, “xoş
gəldin”, “xoş gördük”, “xoş günün olsun”
eşidib.
Gəlinlərin ən pintisi belə bayır-bacanı səliqə-sahmana
salıb, silib-süpürüb, kişilərin ən tənbəli
“qeyrətə gəlib” divarını, barısını əhəngləyib
ağardıb.
Bu gün qonşu-qonşuya olanından pay göndərib,
tanıyan tanıyanı, tanımayan tanımayanı təbəssümlə
salamlayıb, itkisi, dərdi olan bir günlüyə də
olsa ağrısını-acısını ovudub. Bu gün hamı bir-birinə “bayramın mübarək
- deyib, neçə belə bayramlara çıxasan” - deyib.
Səməni,
saxla məni
İldə göyərdərəm səni.
Körpəlikdən
qulaqlarımızda sırğa olmuş sözləri hər
bahar, masalarımızın üstünü bəzəyən,
kiçik-böyük boşqablarda cücərib baş
qaldıran yaşıl alova - od topasına baxarkən yenidən
xatırlayıram və düşünürəm ki, bu sadədil
şeirin, ən ibtidai “səni-məni” qafiyəsinin
içində dərin bir hikmət gizlənir və bu hikmət
yaşadığımız günlərdə necə də
müasir, təzə-tər, yerində deyilmiş ifadə
kimi səslənir.
İnsan güclüdür, qüdrətlidir, hünərlidir,
amma həm də bəşəriyyətin ta ilkin
çağlarından bəri zəhmli, qorxunc, izahsız
dünya qarşısında, həyat və ölüm müəmması
qarşısında acizdir, köməksizdir, tək-tənhadır. İnsanın min dostu,
yüz havadarı, əzizi ola bilər,
amma ölmək məqamında təkdir, yalqızdır,
yardımsız və həyansızdır. Taleyin
gözlənilməz sınaqları zamanı onun gözü,
qəlbi bir imdad yeri, bir ümid çırağı,
güman yolu axtarır, qulaqları harayına hay verənin səsini
gözləyir. Yəqin elə bu cür zəiflik
anlarında insan ilahi qüvvələrə pənah
aparıb. Amma bütün allahlardan,
bütlərdən, ehram və məbədlərdən daha
qabaq insan təbiətdən kömək umub, ona
sığınıb, ona tapınıb. Bəşər
zəkasının ilk oyanış dövründə insan
heç vaxt üzünü görmədiyi allahlara yox, hər
gün gördüyü günəşə, oda, torpağa,
ağaca, ota inanıb, onlara sitayiş edib.
Xəzəl olub tökülən viranə
bağların qış ölüm yuxusundan sonra yazbaşı
yeni doğuluşunu müşahidə edən insan öz
ömrünün də müvəqqəti olduğuna inanmaq
istəyib, yenidən diriləcəyinə, dirçələcəyinə,
yer altında çürüməyib cücərərək
yer üzünə təzədən qayıdacağına
inanıb. Elə
buna görə də xalqımız səmənini
ölümsüzlüyə sübut və işarə bilib,
rəmz bilib - torpağın, yenidən oyanışın,
ölüb-dirilib, gömülüb baş qaldıran, gedib
qayıdan əbədi həyatın yaşıl rəmzi...
Ona görə də xəfif, həzin bir yalvarışla: Səməni
saxla məni - deyib.
Amma xalq onu da dərk edib ki, torpağın insanı saxlaması
üçün insan da torpağı qorumalı, əzizləməli,
bəsləməlidir. Torpağın nazını çəkməlidir...
Torpağa incə, aşiqanə bir nəvazişlə: ildə
göyərdərəm səni - deyə vəd verməlidir. Həm də bu, yalnız yaşanılan
günün, saatın, məqamın keçəri,
ötücü haqq-hesabıyla düşünən zirək
bir vədəxilafın etibarsız sözü yox, anamız
torpağın əbədi ömrünə sadiq qalan
övladın dəyişməz əhdi olmalıdır.
Bu vəd bir ilin, bir dövrün, bir əlverişli şəraitin
yalançı öhdəliyi deyil; insanın torpaq, bərəkət,
gələcək nəsillər qarşısında pozulmaz
andıdır: ildə, yəni hər il, hər
hansı zəmanədə, göyərdərəm səni...
Dövrün bütün keşməkeşləri
içində torpağa borcunu qaytarmağa həmişə
hazır olan insan heç vaxt bu torpağın
insafsızcasına istismar olunmasıyla barışmaz,
torpağı yormaz, usandırmaz, verə biləcəyindən
qat-qat artıq pay ummaz ondan. O sevdiyi, doğma, əziz
bildiyi torpağı elmin hansı nəhs saatdasa
yaratdığı zəhərlərlə zəhərləməz,
təbiətin köhnə bazarına təzə nırx
qoymaz, onu bildiyi kimi, ağlına batdığı kimi dəyişdirməz
- çayı çaylığında, meşəni meşəliyində,
dənizi dənizliyində qoyar qalsın. Köçəri
quşları qərib, yurdsuz-yuvasız quşlara çevirməz,
balıqları didərgin salmaz, ceyranları cəlayi vətən
etməz.
Təbiətin, torpağın səbri
böyükdür, amma tükənməz deyil. Təbiət
babaların, ataların özbaşınalığını
qisassız qoymur, amma bu hayıfı nəvələrdən,
nəticələrdən çıxır.
Səməni
bizi saxlamağa - əbədi saxlamağa,
ömrümüzü həmişə bəzəməyə,
bərəkətimizi kəsməməyə hazırdır,
bir şərtlə ki, biz də onu hər il
göyərdək, hər il zəhmətinə qatlaşaq. Uşaq məsumluğu, uşaq sadədilliyiylə
köklənmiş bu qədim sətirlərdə ən
böyük müasir ekoloji problemin məğzi
yaşayır.
lll
Xalqın sifətini, milli mənliyini müəyyənləşdirən
nədir? Onun
tarixi taleyi, coğrafi mövqeyi, dili, əmək vərdişləri,
sevdiyi, seçdiyi, bacardığı peşələr,
doğma torpağının ətri, günəşinin hərarəti,
çaylarının gücü, zəmilərinin bərəkəti,
yeraltı və yerüstü sərvətləri, sənət,
gözəllik anlayışları, zövqləri, göz
açıb gördüyü ağaclar, bitkilər,
çiçəklər, alışdığı xörəklər,
ədviyyat, bəyəndiyi boyalar, xoşladığı rəqslər,
çalıb oxuduğu musiqi, qoşduğu sözlər,
şeirlər, laylalar, ağılar, tapmacalar, daşdan yonub
tikdiyi, düzdüyü, süslədiyi yaşayış
yerləri, daha nə bilim nələr, nələr... Dədə Qorqud demişkən, saymaqla tükənsə
olmaz. Bir də bayramlar. Novruz bayramı - xalqımızın ən qədim
dünya anlayışlarıyla, əməkçi
insanların zəhmət mövsümləriylə,
torpağın şumlayıb həyat mayasının qəbul
etməyə hazır olmasıyla, qapıların, pəncərələrin
insanlara, günəşə, havaya taybatay
açılmasıyla bağlı bayramdır. Əməkçi
həyatının, əkinçilik məişətinin ən
dərin qaynaqlarından doğulmuş bu bayramı əsrlər
boyu din xadimləri, müxtəlif təriqət nümayəndələri,
siyasət ideoloqları, onun həqiqi köklərindən
ayırmağa çalışırlar, ona dindarlıq,
mövhumat libası geyindirməyə cəhd etmişlər,
el gözəlləri kimi onu da siyah çadralara bürümək
ya adını belə unutdurmaq, yasaq etmək istəmişlər
- amma heç vaxt, heç kim bu bayramı xalqın əlindən
ala, dilindən çıxara, qəlbindən, zehnindən
qopara bilməyib. Çünki bu bayram xalqın
təməl keyfiyyətlərini əks edir - ümidlə
yaşamaq ehtiyacını, sevincə, bərəkətə,
gələcəyə nisgilini, sədaqətini,
etibarını, ürəkaçıqlığını,
qonaqsevərliyini, ünsiyyət, ülfət,
mehribançılıq, dostluq duyğularını. Əlbəttə, bütün bu keyfiyyətlər
başqa xalqlara da məxsus olan dəyərlərdir və ona
görə də Novruz bayramı - bizim bayramımız
olduğu kimi, həm də beynəlmiləl bayramdır.
Bahara sevinən, yazın gəlişini gözləyən
adamların bayramıdır. Yadımdadır,
Moskvada oxuduğum illərdə təhsil
yoldaşlarımız müxtəlif xalqların nümayəndələri
- ruslar, yəhudilər, ukraynalılar, gürcülər və
digərləri martın 22-də baharın ilk günündə
məhz bizi - azərbaycanlıları təbrik edərdilər,
məhz bizim tələbə süfrəmizin başına
yığışardılar. Biz də fəxr
edirdik ki, bu ilk bahar günü dostlarımıza məhz biz
süfrə açırıq və həmin süfrədə
nə olmasa da Bakıdan göndərilmiş sovqatlar,
yamyaşıl səməni - baharın maketi, boyanmış
yumurtalar, əlvan şamlar hökmən olasıydı.
Yaşıl səməni bizim tərəflərdə
çöllərə yaşıl çəkmiş
yazın nəfəsini gətirirdi otağımıza, əlvan
şamlar içinə üzərlik atılan uzaq
tonqalların şöləsiydi elə bil, rəngbərəng
yumurtalar leysan yaz yağışlarından sonra üfüqdən-üfüqə
sarınmış Nənə qurşağının
bütün çalarlarına boyanmışdı...
Hərəmiz öz yurdumuzdan-yuvamızdan, doğma şəhərlərimizdən
söz açardıq, hamımıza mehriban məskən
olmuş Moskvadan söz açardıq, hər xalqın mərasimlərindən,
bayramlarından, adət-ənənələrindən, ayinlərindən
danışardıq, ədəbiyyatdan, sənətdən,
şeirdən danışardıq. Yeseninin Xəzər
dalğalarına, Bakı baharına, Balaxanı mayına həsr
etdiyi misralarını xatırlayardıq.
Dostlarımıza deyərdik ki, iki min kilometr məsafədən
o yana, bəmbəyaz şam meşələri,
ucsuz-bucaqsız çöllər, zirvələri bulud
köpüklərində itən sıra dağlardan o tayda -
Azərbaycanımızda bu günlər bahar hərarətiylə
buğlanan torpaqdan ilk bənövşələr
başlarını qaldırıb, ürkək-ürkək
günəşə sarı boylanırlar və bugünkü
görüşümüzdən dörd əsr qabaq
yaşamış dərdli sənətkar - Aşıq Qurbani
həmin bu bənövşələr haqqında ölməz
sözlər deyib:
Ayrılıqmı çəkmiş boynu əyridir
Heç yerdə görmədim düz bənövşəni.
Neçə il bundan qabaq idi o Novruz görüşlərimiz. O yaz günləri. Ömrümüzün də yaz günləri, gənclik illəri idi. Payız pərişan xatirələr fəslidirsə, yaz tükənməz ümidlər, qaytansız arzular bir-birindən qəribə niyyətlər fəslidir.
lll
Torpağın, həyatın, planetimizin yaşıl ciyərlərinin rəmzi olan səməniyə inanaq. Bizi hər bəladan hifz edəcəyinə, hər fəlakətdən qoruyacağına, müsibətlərə düçar olmayan Yer kürəmizdə həmişə bizimlə qalacağına və deməli, bizi - insanları da saxlayacağına inanaq və ona qəti söz verək:
Səməni, saxla məni
İldə göyərdərəm səni...
ANAR
Xalq
yazıçısı, Azərbaycan Yazıçılar
Birliyinin sədri
525-ci qəzet.- 2017.- 18 mart.- S.11.