Riyaziyyat və Mexanika İnstitutunun tarixi: keçmişə, bu günə və gələcəyə bir baxış

 

 

 

(əvvəli ötən sayımızda)

 

Hörmətli oxucular, bu instituta Azərbaycanın görkəmli riyaziyyatçı alimləri, sayılıb-seçilən şəxsiyyətləri rəhbərlik ediblər. Fürsətdən istifadə edib onlar haqqında sizlərə qısaca məlumat vermək istəyirəm.

 

İnstitutun ilk direktoru görkəmli riyaziyyatçı alim, akademik Zahid Xəlilov olub. Azərbaycanda funksional analiz məktəbinin yaranmasında və sonrakı inkişafında əvəzsiz xidmətləri olan Xəlilov Zahid İsmayıl oğlu 14 yanvar 1911-ci ildə Tiflis quberniyasının Borçalı mahalında anadan olub. 1929-cu ildə Tbilisi şəhərində Nəriman Nərimanov adına Pedaqoji Texnikumu, 1932-ci ildə Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun riyaziyyat fakültəsini bitirib. 1937-1940-ci illərdə Tbilisi Riyaziyyat İnstitutunun aspirantı olub.

1940-cı il aprelin 22-də Tbilisi Dövlət Universitetində professor S. Berqmanın rəhbərliyi ilə “Klebş məsələsi və onun ümumiləşməsi” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. 1945-ci ildə Azərbaycan Elmlər Akademiyasının Fizika və Riyaziyyat İnstitutunun riyaziyyat sektorunun rəhbəri təyin olunub.

 

O, 1946-cı ildə 35 yaşında “Sərhəd məsələlərinin parametrdən asılılığının tədqiqi” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş və riyaziyyat üzrə ilk azərbaycanlı elmlər doktoru olub. Zahid Xəlilov keçmiş Sovet İttifaqında funksional analizin yaradıcılarından biri hesab olunurdu və təsadüfi deyil ki, bu sahədə keçmiş SSRİ-də rus dilində ilk dərsliyin (“Funksionalnıy analiz”) müəllifidir. O, 1950-1957-ci illərdə Fizika və Riyaziyyat İnstitutunun direktoru, 1957-1959-cu illərdə Azərbaycan SSR Elmlər Akademiyasının vitse-prezidenti, 1959-1962-ci illərdə isə akademik katib vəzifələrində çalışıb. Zahid Xəlilov 1962-1967-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının prezidenti, 1967-ci ildən isə ömrünün sonunadək Riyaziyyat və Mexanika İnstitutunun direktoru olub.

 

O, Sovet riyaziyyatçıları, mexanikləri Milli Komitəsinin və SSRİ Ali Attestasiya Komissiyasının, sovetlər ittifaqqında riyaziyyat üzrə ən nüfuzlu jurnallardan biri olan “Funksionalnıy analiz” jurnalının redaksiya heyətinin üzvü idi. Onun əməyi dövlət tərəfindən layiqincə qiymətləndirilmiş-iki dəfə Qırmızı Əmək Bayrağı ordeni və Şərəf Nişanı ordeni ilə təltif olunub, Əməkdar Elm Xadimi fəxri adına layiq görülüb. O, çox saylı Beynəlxalq Elmi Konfrans və Forumların (İsveç-1962, Çexoslovakiya-1963, Avstriya-1964, Honq-Konq-1964) iştirakçısı olub. Zahid müəllimin rəhbərliyi ilə riyaziyyat və mexanika sahəsində 30 nəfər elmlər namizədi hazırlanıb. Onun tədqiqatları funksional analiz, diferensial və inteqral tənliklər, riyazi fizika tənlikləri və mexanikanın müxtəlif problemlərinə həsr edilib. O, 4 fevral 1974-cü ildə 63 yaşında vəfat edib və birinci Fəxri Xiyabanda dəfn olunub.

 

Hörmətli oxucular, 1959-1963-cü illərdə Riyaziyyat və Mexanika İnstitutuna Azərbaycanda funksiyalar nəzəriyyəsi məktəbinin yaradıcısı, görkəmli riyaziyyatçımız akademik İbrahim İbrahimov rəhbərlik edib. İbrahimov İbrahim İbiş oğlu, Azərbaycanda funksiyalar nəzəriyyəsi məktəbinin yaradıcısı, funksiyalar nəzəriyyəsi, yaxınlaşmalar nəzəriyyəsi sahəsində görkəmli alim 28 fevral 1912-ci ildə Azərbaycanın Füzuli rayonunun Qarğabazar kəndində anadan olub. 1935-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun Fizika-riyaziyyat fakültəsini riyaziyyat ixtisası üzrə fərqlənmə diplom ilə bitirib. 1935-1936-cı illərdə Azərbaycan Dövlət Universitetində, 1936-1938-ci illərdə isə Moskva Dövlət Universitetinin aspiranturasında təhsil alıb. O, 1939-cu il iyun ayının 20-də dünyada məşhur olan riyaziyyatçı alim A.O. Gelfondun rəhbərliyi ilə Moskva Dövlət Universitetində “Bəzi analitik funksiyalar sisteminin tamlığı haqqında” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. İbrahim İbrahimov azərbaycanlılar arasında riyaziyyat üzrə ilk elmlər namizədi olub. 1947-ci il dekabrın 12-də Moskvada Rusiya Elmlər Akademiyasının V.A. Steklov adına Riyaziyyat İnstitutunda “Funksiyaların interpolyasiya və aproksimasiya nəzəriyyəsinin bəzi problemləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. O, əmək fəaliyyətinə 1935-1936-cı illərdə Mühəndislərin İxtisasartırma İnstitutunda başlayıb, 1939-1947-ci illərdə Azərbaycan Dövlət Universitetinin “Funksiyalar nəzəriyyəsi” kafedrasının müdiri, 1947-1958-ci illərdə isə Pedaqoji İnstitutun “Riyazi analiz” kafedrasının müdiri vəzifələrində çalışıb. 1958-ci ildən onun elmi fəaliyyəti Azərbaycan Elmlər Akademiyası ilə bağlı olub. 1958-1959-cu illərdə Fizika və Riyaziyyat İnstitutunda şöbə müdiri, 1959-1963 illərdə AEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru vəzifələrində çalışıb, 1963-cü ildən ömrünün sonunadək həmin institutun “Funksiyalar nəzəriyyəsi” şöbəsinin müdiri işləyib. 1977-ci ildə Azərbaycan Riyaziyyat Cəmiyyətinin sədri seçilib. O, 1968-ci ildə Azərbaycan EA-nın həqiqi üzvü seçilmiş və Əməkdar Elm Xadimi fəxri adına layiq görülüb. Qeyd edim ki, akademik İbrahim İbrahimov dünyanın böyük riyaziyyatçıları M. V. Keldış, S. N. Bernşteyn və A. O. Gelfondla birlikdə elmi məqalələrin müəllifi olmuşdur. Akademik 170-dən çox elmi əsərin, 3 monoqrafiyanın, 5 dərsliyin müəllifi olmuş, rus dilindən azərbaycan dilinə 2 dərslik tərcümə edib. Onun rəhbərliyi ilə 40-dan çox elmlər namizədi hazırlanıb, sonralar 6 tələbəsi elmlər doktoru olub. O, 6 oktyabr 1994-cü ildə vəfat edib və birinci Fəxri Xiyabanda dəfn olunub.

 

1963-1967-ci illərdə Mexanika və Riyaziyyat İnstitutunun direktoru vəzifəsini professor Həşim Ağayev icra edib. Ağayev Həşim Nizam oğlu1916-cı ildə Lənkəran rayonunda anadan olub, 1941-ci ildə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin fizika-Riyaziyyat fakültəsini bitirib, 1943-cü ildən SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının fizika sektorunda əmək fəaliyyətinə başlayıb.1947-ci ildə akademik Zahid Xəlilovun rəhbərliyi ilə xüsusi törəməli diferensial tənliklər sahəsində namizədlik dissertasiyası müdafiə edib. 1948-ci ildən 1954-cü ilə qədər Azərbaycan Elmlər Akademiyasının fizika və riyaziyyat institutunda baş elmi işçi, 1954-1957-ci illərdə riyaziyyat şöbəsinin müdiri, 1957-1964-cü illərdə institutun elmi işlər üzrə direktor müavini vəzifəsində işləmişdir. 1964-1967-ci illərdə isə direktoru vəzifəsində çalışıb. 1970-ci ilin iyulundan 1981-ci ilə qədər V. İ. Lenin adına Azərbaycan Dövlət Pedaqoji institutunun rektoru vəzifəsini icra edib. 1981-ci ildə o Riyaziyyat və Mexanika institutuna qayıdıb, orada “Qeyri xətti operator tənliklər” şöbəsinə rəhbərlik edib. Həşim Ağayev riyaziyyatın aktual problemlərinə həsr olunan 70-dən çox məqalə və bir neçə kitabın müəllifi olub. O, 1988-ci il avqustun 2-də vəfat edib.

 

1974- 2000-ci illərdə akademik Fərəməz Maqsudov institutun direktoru olub. Maqsudov Fəraməz Qəzənfər oğlu, Funksional analiz, diferensial tənliklər və funksiyaların spektral nəzəriyyəsi sahəsində tanınmış alim, 20 mart 1930-cu ildə Naxçıvan Muxtar Respublikasında anadan olub. 1954-cü ildə Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib, 1954-1957-ci illərdə Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun aspirantı olub, 1959-cu ildə akademik Zahid Xəlilovun rəhbərliyi ilə “Öz-özünə qoşma olmayan diferensial operatorların spektrinin diskretliyi, məxsusi və qoşma funksiyaların tamlığı mövzusunda namizədlik dissertasiyasını, 1974-cü ildə “Kəsilməz spektrli polinomial operatorlar dəstəsinin spektral nəzəriyyəsinin bəzi problemləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. Onun bütün əmək fəaliyyəti Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutu ilə bağlı olub, institutun kiçik elmi işçi vəzifəsindən (1957) direktor vəzifəsinədək (1974) yüksəlib. O, 1976-cı ildə Elmlər Akademiyasının müxbir üzvü, 1980-ci ildə həqiqi üzvü seçilib, 1981-ci ildə Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi vəzifəsinə təyin edilib. 1997-ci ildə AMEA-nın prezidenti seçilmiş və ömrünün sonuna qədər həmin vəzifədə çalışmışdır. Fərəməz Maqsudovun əməyi dövlət tərəfindən layiqincə qiymətləndirilib, o, 1983-cü ildə SSRİ Nazirlər Sovetinin mükafatına layiq görülüb, 1986-cı ildə “Dostluq ordeni” ilə təltif olunub, 1990-cı ildə Əməkdar Elm Xadimi fəxri adına layiq görülüb, Beynəlxalq İslam Akademiyasının həqiqi üzvü seçilib. O, 209 məqalənin, çoxsaylı dərslik və monoqrafiyaların müəllifi olub. Onun rəhbərliyi ilə 65 nəfər namizədlik dissertasiyası müdafiə edib. Fərəməz müəllim Azərbaycanın müstəqilliyinin ilk illərində Parlamentin üzvü kimi də fəaliyyət göstərib. Onun instituta rəhbərlik etdiyi illərdə elmlər doktorlarının hazırlanması işində böyük bir canlanma yaranıb. Belə ki, 1959-1974-cü illər ərzində institutda cəmi 3 nəfər doktorluq dissertasiyası müdafiə edildiyi halda, sonrakı 15 ildə institutun əməkdaşlarından 15 nəfəri doktorluq dissertasiyası müdafiə edib. Bunlar Fərəməz müəllimin gənc nəsilə göstərdiyi diqqət və qayğının nəticəsi idi. Fərəməz Maqsudov 30 avqust 2000-ci ildə vəfat edib və birinci Fəxri Xiyabanda dəfn olunub.

 

2001-cü ildən 2004-cü ilə qədər instituta istedadlı riyaziyyatçı, gənc yaşında elmlər namizədi və elmlər doktoru olmuş İlham Məmmədov rəhbər olub. Məmmədov İlham Tofiq oğlu 1 iyul 1955-ci ildə Bakı şəhərində anadan olub. 1975-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının tətbiqi riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1976-cı ildə fizika-riyaziyyat elmləri namizədi, 1981-ci ildə fizika-riyaziyyat elmləri doktoru elmi dərəcələrini alıb. 1988-ci ildə professor, 2001-ci ildə AMEA-nın müxbir üzvü seçilib. 1974-1975-ci illərdə M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin “Hesablama riyaziyyatı və kibernetika” fakültəsində təcrübə keçib. 1975-1982-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasının “Tətbiqi riyaziyyat” kafedrasında assistent, 1982-2001-ci illərdə AMEA Riyaziyyat və Mexanika İnstitunda böyük elmi işçi, elmi işlər üzrə direktor müavini, şöbə müdiri, 2001-2003-cü illərdə İnstitutun direktoru vəzifəsində işləyib. İlham Məmmədov xüsusi törəməli diferensial tənliklərin keyfiyyət nəzəriyyəsi sahəsində tanınmış mütəxəssis idi. İlham müəllim 1982-ci ildə elm və texnika sahəsində Azərbaycan Lenin Komsomolu Mükafatı Laureatı adına layiq görülüb. 1999-2002-ci illərdə NATO-nun elmi komitəsinin eksperti vəzifəsində işləyib, 80-dən çox elmi məqalənin və bir kitabın müəllifidir. Onun rəhbərliyi ilə 16 fəlsəfə doktoru və 1 nəfər elmlər doktoru hazırlanıb. İlham Məmmədov 1992-2001-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin üzvü, Azərbaycan Riyaziyyat Cəmiyyətinin üzvü, “Transactions of NASA” və “Proceedings of IMM of NASA” jurnallarının baş redaktorunun müavini olub. O, 10 dekabr 2003-cü ildə Bakıda vəfat edib.

 

2004-2013-cü ilin may ayına qədər institutun direktoru akademik, əməkdar elm xadimi, f-r.e.d., professor Akif Hacıyev olub. Hacıyev Akif Cəfər oğlu, funksiyalar nəzəriyyəsi sahəsində tanınmış alim, 1937-ci ildə Bakı şəhərində, görkəmli tənqidçi, ədəbiyyatşünas alim, professor Cəfər Xəndanın ailəsində anadan olub. Bakıda 3 nömrəli orta məktəbi bitirib, 1955-1960-cı illərdə Azərbaycan Dövlət Universitetinin mexanika- riyaziyyat fakültəsində təhsil almış, əmək fəaliyyətinə 1961-ci ildə Azərbaycan Elmlər Akademiyası Riyaziyyat və Mexanika institutunda başlayıb. 1964-cü ildə Bakı Dövlət Universitetində “Nekotorıe semeystva operatorov, kak apparat prelojeni” mövzusunda namizədlik, 1982-ci ildə SSRİ EA-nın V.A.Steklov adına Riyaziyyat İnstitutunda “İssledovanie po teorii mnoqomernıx operatorov tipa svertki” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. 1985-ci ildə professor, 1989-cu ildə Azərbaycan SSR EA-nın müxbir üzvü, 2001-ci ildə isə AMEA-nın həqiqi üzv seçilib. 1960-1992-ci illərdə Azərbaycan SSR EA-nın Riyaziyyat və Mexanika İnstitutunda kiçik elmi işçi, elmi katib, şöbə müdiri, 1992-1999-cu illərdə Ankara Universitetinin dəvətli professoru (Türkiyə), 1999-2001-ci illərdə AMEA RMİ-nin şöbə müdiri, 2001-ci ildən AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi və 2013-cü ildə AMEA-nın vitse-prezidenti seçilib və eyni zamanda AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi vəzifəsini davam etdirib. 2004-2013-cü illərdə ictimai əsaslarla AMEA RMİ-nin direktoru olub. 2004-cü ildə “Şöhrət” Ordeni, 2005-ci ildə “Əməkdar elm xadimi”, 2002-2005-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının riyaziyyat və mexanika üzrə ekspert şurasının sədri, 2010-cu ildən Azərbaycan Riyaziyyat Cəmiyyətinin prezidenti olub. O, RMİ-nin Elmi Şurasının üzvü, AMEA RMİ-nin nəzdində dissertasiya şurasının sədri, “Transactions of NASA” (riyaziyyat və mexanika seriyası) və “Azerbaiyan journal of Mathematics” jurnallarının baş redaktoru, “Mexanika maşin, mexanizmov i materialov” (Minsk. Belarusiya) jurnalının redaksiya heyətinin üzvü olub, 100 dən çox elmi əsərin və 4 monoqrafiyanın müəllifidir. Onun rəhbərliyi altında riyaziyyat üzrə 27 fəlsəfə və 1 elmlər doktoru hazırlanıb.

 

Akif Hacıyev qeyri-məhdud oblastlarda bir və çoxdəyişənli funksiyaların xətti müsbət operatorlar ardıcıllıqları ilə çəkili fəzalarda yaxınlaşması nəzəriyyəsini qurub, analitik funksiyalar fəzalarında xətti  k-müsbət operator anlayışı verib və bu operatorların müxtəlif oblastlarda analitik funksiyaların yaxınlaşmasında mühüm rolunu göstərib. O, çoxölçülü sinqulyar inteqralların simvollarının hamarlıq nəzəriyyəsini yaradıb, onun Furye multiplikatorları nəzəriyyəsində tətbiqini öyrənib, çoxdəyişənli tam funksiyaların indikator diaqramları vasitəsilə Bernşteyn tipli bərabərsizliklər isbat edib. Akif Hacıyev 2015-ci ili fevralın 3-də vəfat edib, ikinci Fəxri Xiyabanda dəfn olunub.

 

Qeyd edim ki, AMEA-nın Riyaziyyat və mexanika İnstitutunda görkəmli alimlər akademik Azad Mirzəcanzadə və akademik Mirabbas Qasımov şöbə müdiri vəzifəsində işləyiblər.

 

(ardı var)

 

Misir MƏRDANOV

AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor

 

525-ci qəzet.- 2017.- 18 mart.- S.10.