"İlahi kəlamlar və nəsihətlər"in işığında

 

 

 

 

"Kaş, bu bahar yaylaqlara gedəydim..." (525-ci qəzet. 1 oktyabr 2014) başlıqlı məqaləmdə Hacı İlham Qurbanoğlunun kitabını çapa hazırladığını yazmışdım.

 

Bugünlərdə qələminə və şəxsiyyətinə hörmət və izzətlə yanaşdığım yaxın dostumun "İlahi kəlamlar və nəsihətlər. II cild" kitabını oxudum. Kitabda müəllifin son dövrlərdə yazdığı şeirləri və dini kəlamları və nəsihətləri öz əksini tapıb. O, həmişəki kimi bu kitabında da yenə vətənə, millətinə sevgisini, sədaqətini, həmçinin, ilk növbədə sözün aliliyinə münasibətini bildirir.

 

Kitab müəllifin seçdiyi həyat materiallarına, Qurani-Kərimdən tutmuş bir çox dini kitablara əsaslanır və maraqla oxunur. İlk baxışda adama sadə gələn ifadələrin necə vacib olduğunu duyursan. İlahi sözlər, nəsihətlər sanki göz önündəcə dirilir, ifadələrin inversiyası, yəni öz üslubuna uyğunlaşdıraraq sözlərin adi sırasının dəyişdirilməsi, İlham Qurbanoğlunun dilini daha səmimi və yaddaqalan edir. Mən oxucularımızı müəllifin yazdığı kitabın içindəkilərlə İlahi kəlamlar və nəsihətlərlə tanış etmək qərarına gəldim.

 

Hacı İlham olduqca sadə insandır. Qeyd etdiyim kimi böyük şair, böyük yazıçı olmaq iddiası da yoxdur.

 

Sadəcə olaraq ürəyindən keçən sözlərini oxucularına,öz ətrafındakı insanlara çatdırmaq niyyətindədir.

 

Doğma elimizin-obamızın layiqli övladlarından biri olan Hacı İlhamla tanış olandan onu səmimi, mehriban, qayğıkeş bir insan kimi tanımışam. Bu qəlbi Laçın dağları görkəmindəki vüqar-əzəmət, təbiətindəki doğmalıq, mehribanlıq, səmimiyyət bütünlüklə hopub onun şəxsiyyətinə, xasiyyətinə. Üstəlik, bu əvəzsiz yurdlarımızın  füsunkar gözəlliyi, ab-havası, əsrarəngiz təbiəti öz doğma oğluna həm də istedad verib. Bu istedadlı insan indi Bakı şəhərində yaşayır. Laçında qoyub gəldiyi bir çiçəyin, bir gülün, diş göynədən bir bulaq suyunun, bir udum dağ havasının həsrətini çəkir. Beyləqanda dünyaya göz açdığın bir evlə bağlı xatirələrlə yaşayır. Min illər boyu sinəsi üstündə babalarımızın at oynatdığı dağlarımız, səsli-küylü elatlı yollarımız xəyalından əl çəkmir Hacı İlhamın.

 

Kitabı oxuyandan sonra bu qənaətə gəldim ki, Hacı İlham Qurbanoğlu bütün insanlara, ilk növbədə öz oxucularına davranış qaydalarını xatırladır, hər kəsə nizam-intizamlı, savadlı olmağı, vətəninin tarixini, coğrafiyasını, mədəniyyətini, milli adət-ənənələrini bilməyi, doğma yurdumuz Azərbaycanımızı sevməyi tövsiyə edir. Müəllif dönə-dönə ürəkyanğısıyla vurğulayır ki, yetişən nəsl, gənclərimiz savadlı olmalı, məsuliyyətli, vicdanlı, mübariz olmalı, pis niyyətlə, əliəyriliklərlə barışmamalıdır:

 

Həyatın yolları eniş-yoxuşdur,

Bu yolun ağrısı-acısı çoxdur.

Yolunun sarvanı ağılla-ürək,

O yolu getməyə dözümün gərək.

 

Azərbaycanın hazırkı, əxlaqi və mənəvi həyatı müəllifi qane eləmir. Hacı İlham Qurbanoğlunun "İlahi kəlamlar və nəsihətlər" kitabında yazılanlar bu günümüzün əyər-əskiklərinə, zamanın və dünyanın ədalətsizliklərinə həsr olunur. Müəllif zəmanəmizin belə nəsihətamiz sözlərə ehtiyacı olduğunu görür, haqsızlığa, yalana, iftiralara dözə bilmədiyindən yönünü bu səmtə tutur, qələminin gücünü bu janrda sınayır. Deyir ki, "İlahi kəlamlar və nəsihətlər" kitabım hardasa, mənəviyyatımızın, bugünkü həyatımızın ehtiyaclarından yaranmışdır. İndiki zamanda mənəvi dəyərlərin aşılandığı bir vaxtda hər kəsdə sanballı sözə, nəsihətə ehtiyac duyulur.

 

Azərbaycan xalqı tarixin ən keşməkeşli mərhələlərində belə mənəviyyatını, əxlaqi dəyərlərini İslam dini dəyərlərini özündə qoruyub saxlayıb. İndi bizə nə olub görəsən? Milli mənəviyyat yad elementlərlə dolduğu bir vaxtda mənəvi mühitin qorunması üçün bir qələm sahibi nə etməlidir?

 

Dünyada haqsızlıq barəsində, demək olar ki, əsrlər boyu əksər şairlərimiz, yazıçılarımız, qələm sabibləri yazıb və dünyanın düz olmadığını, ədalətsiz olduğunu yazıb, haqdan çox nahaq hadisələr olduğundan, dünyanın nizam  tərəzisinin pozulduğundan həmişə şikayətləniblər. Bu baxımdan İlham Qurbanoğlu da dünyanın mizan tərəzisinin düz olmadığını, pərsənginin pozulduğunu görür və bunları öz kitabında qeyd edir.

 

Haqsızlıqların səbəbini dünya düzəninin pozulmasında görən müəllif qeyd edir ki, dünya həmin dünyadır, dövr edə-edə yaşamaqdadır, Ay da yerindədir, Günəş də. Yəni, dünya elə də dəyişməyib - əvvəlki kimi yazdan sonra yay gəlir, yaydan sonra payız və nəhayət qış gəlir. Gecədən sonra gündüz gəlir. Bu dünya demək olar ki, bizim düşündüyümüz kimi o qədər də pis tərəfə dəyişməyib. Dəyişən, yolunu azan insanlardır, dünyanı haqsızlığa, ədalətsizliyə, müharibələrə, qırğınlara sürükləyən elə insanların özləridir,- deyir İlham Qurbanoğlu.

 

Hacı İlhamın nəzərində düzlük də ədalətdəndir. Əqidəsi düz olan insanın sözü, əməli də düz olur. Özü üçün düzlük yolu seçmiş insan ədalətsizlikdən uzaq olur. Yalnız düzlüklə bütün çətinliklərə qalib gəlmək olar. Öz gücünü və qüdrətini düzlükdə görən insan heç vaxt məğlub olmur, çünki bütün hərəkətlərində insaflı, mürüvvətli olur.

 

Hacı İlham insanları düzlüyə və təmizliyə, mərdliyə səsləyir, onlara çirkin əməllərdən, zərərli məşğuliyyətlərdən əl çəkməyi tövsiyə edir. Onun fikrincə, insan üzüağ yaşamalı, mərhəmətli olmalı, hər işdə düzlük və sədaqət nümunəsi göstərməlidir. Bütün güc və qüvvəsini xalqa xidmətə və faydalı işlərə sərf etmək, bir-birinə köməklik və yardım göstərmək onun nəzərində insanların mənəvi borcudur. Sədaqəti insan mənəviyyatının aynası kimi qiymətləndirən Hacı İlham, insanı öz əqidəsindən dönməməyə çağırır.

 

Bu müdrik kəlamlar Hacı İlhamın təsadüfi mülahizələri deyil. Bu, onun həyat təcrübəsinə malik, həyatın bəzi ağrı-acılarını dadmış haqsızlıqlarla, sarsıntılarla üzləşmiş bir insanın ürək çırpıntıları, geniş dünyagörüşlü adi bir vətəndaşımızın mövqeyidir. Hacı İlhamın fikrincə, bütün insanlar bir-birinin qarşılıqlı köməyinə və yardımına möhtacdır. Hərisləri, acgözləri, nəfsini saxlamayanları qınayır, onları barama qurduna bənzədir:

 

Hərislik barama qurduna bənzər,

Sarıyar özünə ipəkdən çəpər.

O qədər sarıyar, ətrafı hörər,

Hərislik üzündən içində ölər.

 

Yaxud:

 

Min bir əzab çəkər dünyada insan

Toplayar durmadan dünya malından.

Yetişər sonunda ölüm mələyi,

Yığdığı dövlətin qalmaz gərəyi.

 

Yaxud:

 

Sərvət odur, abırını qoruya,

Sərvət odur, xeyrə-şərə yarıya.

 

Yaxud:

 

Gəl nəfsini hakim eylə gözünə,

Nəfsə uyan zülm edəcək özünə.

 

Müəllif oxucularını təkrar-təkrar doğru yola, şər-böhtandan, pis əməllərdən uzaq olmağa çağırır. Şərə-böhtana, qeybətə, yalana, yaltaqlığa, ikiüzlülüyə xidmət edən kəslər şeytana qulluq edirlər və gec-tez onlar öz əməllərinin bədəlini ödəyəcəklər. Xalqın, xüsusən yazığın, fağırın malını mənimsəyib yetimlərin puluna göz dikənlər bir gün öz cəzalarını alacaqdır. Dünyanın mal və dövlətinə arxalanmaq olmaz, dünya malı elə dünyada da qalacaq.

 

Bir qarış qumaşa şəri satanlar,

Koru da aldadıb sərvət tapanlar,

Bilsinlər, sorular bir gün hesabı,

Cəzasız qapanmaz onun kitabı.

 

İnsan yaşamaq və arzularını yerinə yetirmək üçün mübarizə aparmalı, mübarizə aparmaq üçün də iradəli olmalı, ümidini üzməməli, gələcəyə inamını itirməməlidir. Ümidini itirən insan hər şeyi itirmək təhlükəsi ilə üz-üzədir. Gələcəkdən ümidini üzən insan həyatda necə yaşaya bilər? Buna görə insan çətinliyə, sıxıntılara düşən kimi ruhdan düşüb Allahdan ümidini kəsməməli, öz taleyindən də küsüb inciməməlidir. Əksinə, səbir etməlidir ki, Allahın xoşuna gəlsin. Ümidini itirən insan çox yaşaya bilməz. Boş yerə demirlər ki, sağlamlığı olanın ümidi, ümidi olanın hər şeyi var.

 

Hər bir xəstəliyin vardır əlacı,

Ümidsiz insanın olmaz əlacı.

 

Neçə illərdir,  övladlarımız düşmən güllələrinə tuş gəlir, şəhid olurlar. Nə qədər analarımız, bacılarımız gözüyaşlı, atalar belibükük, cavan gəlinlərimiz dul, uşaqlar atasız qalıb. Biz hər gün şəhid veririk, ancaq onlar ölmürlər, şəhidlik zirvəsinə ucalırlar - deyib özümüzə təskinlik veririk. "Vətən sağ olsun" deyib ağrılarımızı içimizdə saxlayırıq. Amma onu da bilirik ki, şəhid vermədən bir qarış Vətən torpağı alına bilməyəcək, gözü yolda qalan dağlarımıza qayıda bilməyəcəyik. Şuşamıza, Laçınımıza, Kəlbəcərimizə gedə bilməyəcəyik. Həm də Allaha yalvarırıq ki, təki insanlar, xüsusən də gənclərimiz döyüş ruhunu, qələbə arzusunu itirməsinlər.

 

Deyirlər ki, qədim türklər igidin qisası, torpağın öcü alınmayınca, şəhidi dəfn etməzdilər. Biz döyüşməsək, qan tökməsək, o torpaqları geri almasaq, şəhidlərimizin ruhu rahat olmayacaq.

 

Göz yaşı tökməyin şəhid dalınca,

Şəhidlər şad olar öc alınınca.

 

Hər şey bu dünyada qalacaq, özümüz lə heç nə aparmayacağıq. İnsanı varlı və ya kasıb olduğuna görə ayırmazlar. Bu gün hər yerdə tuğyan edən rüşvətxorluqdan yığılan var-dövlət onu yığanları məhşər divanından xilas etməyəcək.

 

İlham Qurbanoğlu ilahi kəlamlarda insanların dünyada gözü tox olmasnı, hər şeyə tamah salmamasını istəyir, onları nəfsini saxlamağa, tamahkar olmamağa çağırır. Atalar sözündə deyilən "Dünya malı dünyada qalar!" ifadəsini özünəməxsus şəkildə deyir:

 

Dünyaya hər gələn yurd-yuva salar,

O gedər yurd-yuva özgəyə qalar.

Çoxları meyl edər dünya malına,

Öləndə yetişməz onun dadına.

 

İlham Qurbanoğlu ilahi kəlamları ümumiləşdirir və onu nəzmə çəkərək daha da oxunaqlı edir. İşlətdiyi bədii ifadələr oxucuya yaxşı təsir bağışlayır.

 

Təsbehi fırlama boşu-boşuna,

Zikr elə, Allahın gəlsin xoşuna.

 

Sevincini bölüşərsən azalmaz,

Sevincini bölən kəs tənha qalmaz.

 

Səbr adlı ağacın meyvəsi dadlı,

Səbrsiz bəndənin günü təzadlı.

 

Hər kəsə dost demə, dostun dostu var,

İnsanın dostu bir, ya iki olar.

 

Haqq-hesab gününə inanmayan kəs,

Allaha imanlı qul ola bilməz.

 

Ən böyük cəsarət nəfsini tutmaq,

Nəfsini tutmayan axmaqdır, axmaq.

 

Təbiət boyanır al-əlvan rəngə,

Gərək o boyanı pozmasın bəndə.

 

Aldanma dünyanın min bir rənginə,

Düşərsən şeytanın bir gün fəndinə.

 

Allahın əmrindən çıxarsa insan,

Mütləq cəzasını alacaq, inan.

 

Ataya-anaya olan insan,

Behiştdən nəsibin almaz heç zaman.

 

Seçə bilməlisən ağı qaradan,

Çünki ağıl verib sənə yaradan.

 

Çox təəssüf ki, Azərbaycanda gənclərimizin böyük bir qismi bilik və bacarıqlarını artırmaq əvəzinə daha çox sosial şəbəkələrdən, gündəlik əyləncələrdən yapışırlar. Bu da istər-istəməz gənclərimizin savadlı və vətənpərvər yetişməsinə mane olur.

 

Gənclərimizin həyat tərzi, gündəlik ictimai-siyasi proseslərdən bixəbər olması, dünyada baş verən hadisələrdən uzaq düşməsi, bu proseslərə laqeyd qalması bizim gəncliyimizin əsas problemidir

 

Şüursuz olarsa bəşər övladı,

Mənasız geçəcək onun həyatı.

 

Yaxud:

 

İftira, xəyanət çox evlər yığar,

Yıxılan evlərdə çox qanlar axar.

 

Yaxud:

 

İftira atmağı zəfər sanmayın,

Şeytanın şərinə tez aldanmayın.

 

Bu yaxınlarda "Yeni avaz" internet kanalının Bakıda 20 yanvar hadisələri ilə bağlı apardığı sorğu hamımızı düşündürməlidir. Uşaq və yeniyetmələrin tariximizin qanlı səhifələri barədə gülərək, zarafatlaşaraq danışmaları heç bir çərçivəyə sığmırdı. Bunun nəticəsidir ki, 20 Yanvar hadisələri ilə bağlı sorğuda cavab verənlər Xaçmazın işğal altında olduğunu deyib.

 

Ziyalıların, tanınmış sənət, söz adamlarının, ictimai xadimlərin, millət vəkillərinin cəmiyyətdə baş verən olaylara səssiz qalması, mövqe sərgiləməməsi, yaxud görməzdən gəlməsi bir çox insanlarda qıcıq yaradır. 

 

Düzü, son illərdə televiziyaların bizə belə münasibət bəsləməsinə məəttəl qalırıq. Verilişlərinin adının yanına ovqat sözünü qoşsalar da, ovqatımız korlanır. Düşünürəm ki, bu cür səviyyəsiz telekanallarda olmaqdansa, olmamaq yaxşıdır. Çünki bu gün televiziya kanallarının əksəriyyəti cəmiyyətimizə qarşı birbaşa mənəvi cinayət törədir. Onlar cəmiyyətimizi tənəzzülə, cılızlaşmaya aparan bir istiqaməti tutublar. Nə bir maarifləndirici veriliş var, nə də ciddi intellektual proqram. Olanda onları elə vaxtda göstərirlər ki, heç kim görmür. Ancaq qalmaqallar, onun-bunun dalınca danışan neqativ verilişlər, əksəriyyətinin dünyadan xəbəri olmayan müğənnilərimizin savadsız danişıqlarını göstərirlər.

 

Bu baxımdan gənclərimizin, uşaqların və yeniyetmələrin inkişafı və tərbiyəsi yönündə İlham Qurbanoğlunun təqdim etdiyi "İlahi kəlamlar"ın mühüm rol oynayacağı qənaətindəyəm.

 

Moskva

19.02.2017

Nəsib NƏBİOĞLU

 

525-ci qəzet.- 2017.- 28 mart.- S.8.