Düsen Kaseinovun 70 yaşına

 

 

 

TÜRKSOY-un baş katibi Düsen Kaseinovu ilk dəfə 2012-ci ildə Qazaxıstanın paytaxtı Astana şəhərində görmüşəm.

 

O vaxt Astana Türk dünyasının mədəniyyət paytaxtı elan olunmuşdu Avrasiya Yazarlar Birliyinin hər il təşkil etdiyi Dərgilər Konqresi bu şəhərdə keçirilirdi. Həmin tədbirin bizlər üçün daha bir əlamətdar tərəfi o idi ki, Anar müəllim Türk Dünyasının Ədəbiyyat adamı ödülünə layiq görülürdü. Beləliklə, mənim üçün yazılmalı çoxlu mövzu, hazırlanmalı xeyli material vardı. qəzetimizin ciddi tapşırıqlarından biri TÜRKSOY baş katibindən müsahibə götürmək idi. Lev Qumilyov adına Pedaqoji Universitetdəki Konfransda Düsen Kaseinovun hər kəslə mehriban davranışını, səmimi çıxışını müşahidə edib xeyli ürəklənmişdim. Ona görə elə balaca bir fasilə yaranan kimi müsahibə götürmək istədiyimi bildirdim. Düsen bəy sanki məni , qəzetimizi çoxdan tanıyan adam kimi özü söhbətə başladı əsas vurğunu o ərəfələrdə TÜRKSOY-un Azərbaycan ədəbiyyatı, mədəniyyəti, incəsənətinin təbliği ilə bağlı gördüyü işlərin üzərinə qoydu.

 

O zaman hələ bu işlərə çox da yaxından bələd olmayan adam kimi deyilən faktlara, musiqimizin, ədəbiyyatımızın dünyada tanıdılması üçün görülən işlərə, keçirilən tədbirlərin miqyasına xeyli təəccüblənmişdim. Həm Düsen Kaseinovun bütün bunlar haqqında necə şövqlə danışması, hər kiçik məlumatı dəqiqliyi ilə çatdırmağa çalışması düşündürmüşdü məni. İndi isə, artıq bir neçə ildir ki, TÜRKSOY-un tədbirlərini işıqlandıran, Düsen Kaseinovdan dəfələrlə müsahibə alan adam kimi təəccüblənmirəm. Çünki artıq zamanla bütün bu işlərin, həm türk dünyasının hər yerində, həm Avropada, həm Amerikada keçirilən tədbirlərin, qazanılan uğurların səbəblərini anlayıram. Səbəb TÜRKSOY komandasının, başda Düsen Kaseinov olmaqla, türk dünyasına böyük sevgisi, türk mədəniyyətini təbliğ etmək üçün ruhunu, enerjisini, zamanını əsirgəməməsidir.

 

Bu il Qazaxıstanın Türküstan şəhəri Türk Dünyasının Mədəniyyət paytaxtı elan olunub. Bu şəhərdə keçirilən möhtəşəm açılış mərasimi Novruz şənliyi barədə ayrıca məqalə yazacağım üçün bu məqamda sadəcə Düsen Kaseinovla bağlı bəzi müşahidələrimi bölüşmək istərdim. Açılış mərasimində öz doğma qazax dilində çıxış edən Düsen bəy xeyli fərqli görünürdü. Dinlədikcə Türkiyədə, Azərbaycanda müxtəlif tədbirlərdəki çıxışlarını yadıma salıb düşünürdüm ki, onun TÜRKSOY baş katibi kimi əsas üstünlüyü ümumtürk mədəniyyətinə aidliyidir. Yəni Düsen Kaseinov TÜRKSOY-a daxil olan ölkələrin dillərinə, mədəniyyətlərinə eyni münasibəti bəsləyir. Daha doğrusu eyni, bütöv sevgini... bu sevgi özünü ən müxtəlif məqamlarda, bəzən kiçik, bəzən böyük detallarda göstərir.

 

Xatırlayıram ki, 2016-cı ildə Şəkidə "İpək yolu" Musiqi festivalının açılış mərasimində kiçik bir texniki problem yaranmışdı. Səhnədə TÜRKSOY Xalq Çalğı Alətləri Ansamblı çıxış edirdi. Düsen bəy yerindən durub yuxarı qalxdı, səs rejissoruna yanaşdı, onunla söhbət edib problemi aradan qaldırmağa kömək etdi, xeyli gözləyib, hər şeyin düzəldiyinə əmin olandan sonra yenidən qayıdıb yerində əyləşdi. Bu kiçik hadisə məni xeyli təsirləndirmişdi. Sonra müsahibəmizdə bu haqda soruşmuşdum. Müsahibim gülüb demişdi ki, ayrı cür mümkün deyil, əgər hər kiçik problemin həlli ilə şəxsən məşğul olmasa, sonadək hər şeyə nəzarət etməsə, alınmaz. mən Avropanın möhtəşəm salonlarında verilən konsertləri, türk dünyasının çeşidli yerlərində keçirilən tədbirləri, böyük layihələri bir anlıq düşünüb xərclənən enerjinin, zamanın, əsəbin, sağlamlığın da həcmini təxmin etmişdim.

 

Bütün bunlar bir insanın gücü yetməyəcək məsələlərdir. Elə ona görə "bəs gücü nədən alırsız?" - deyə soruşmuşdum... Düsen Kaseinovun bu suala son dərəcə səmimi, həm dərin, düşündürücü cavabı: "Vəfalı adamlardan. Minnətdarlıq duyğusundan. Məsələn, ucqar Sibirdən gənc bir musiqiçini dəvət edirik konsertimizə. Parisdə konsert veririk, bu gənc bəlkə yalnız xəyal edə biləcəklərini yaşayır. Öz sənətini ən məşhur salonlarda təqdim etmək şansı əldə edir. Üstəlik birdən-birə Avropaya çıxır, Avropa tamaşaçısının diqqətini, heyranlığını görür. konsertdən sonra yaxınlaşıb minnətdarlıq edir, xoş sözlər deyir. Bax bu cür insanların sevincini görmək, emosiyalarını duymaq, minnətdarlığını eşitmək çox böyük güc verir mənə... Həm də yorğunluqlarımı unutdurur".

 

Əslində bu cavabı ilə Düsen bəy istedadlı gənclərə münasibəti, onların inkişafı üçün gördüyü işlər barədə düşündürür. Elə o müsahibəmiz zamanı TÜRKSOY Gənclər Xorunun uğurlarından danışarkən necə kövrəlməsi də  yadımdadı. Məlumat üçün deyim ki, Beynəlxalq Gənclik Kamera Xoru türk musiqisinin dünyaya tanıdılması məqsədi ilə Türkdilli ölkələrin öndə gələn konservatoriyalarından seçilən istedadlı gəncləri bir araya toplamaqla qurulub. Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Tatarıstandan (RF) qatılan tələbələrdən ibarət xor 2015-ci ildən fəaliyyətə başlayıb. Çox qısa zamanda inanılmaz uğurlara imza atıb bu xor. İlk böyük sınaqlardan Avropa Xor müsabiqəsində keçib. Almaniyada baş tutan yarışmada 3 qızıl medal qazanıb. Ötən ilin avqust ayında isə Gənclik Xoru Almaniyanın müxtəlif şəhərlərində ondan çox konsert verib. Həmçinin TÜRKSOY-un Gənclik Kamera Orkestri də Avropanın müxtəlif şəhərlərində, Britaniyanın Oksford Universitetinin Konsert salonunda, Şotlandiyanın Edinburq şəhərində, Qlazqo şəhərində İSME (Beynəlxalq Musiqi Təhsil Birliyi) dünya konfransı çərçivəsində verdiyi konsertlərlə böyük uğurlara imza atıb. Bütün bu sadaladığım faktlar bir tərəfdən ümumtürk musiqisinin, mədəniyyətinin təbliğindən, hansı səviyyədə təqdim olunmasından xəbər verirsə, digər tərəfdən də TÜRKSOY-un, şəxsən Düsen Kaseinovun istedadlı gənclərin, türk övladlarının dünyaya çıxması, tanıdılması yolunda gördüyü böyük işlərin göstəricisidir.

 

TÜRKSOY-un əsas təbliğat istiqaməti musiqi olsa da, ədəbiyyatla da bağlı xeyli uğurlu işlər görülür. Bu təşkilat Avrasiya Yazarlar Birliyi ilə maraqlı ədəbi layihələr gerçəkləşdirir. Buna Dərgilər Konqresini, Mahmud Kaşğarlı hekayə yarışmasını, Haldun Taner pyes müsabiqəsini, Türk Dünyasında İlin Ədəbiyyat adamı mükafatını misal gətirmək olar. Həmçinin hər ilin TÜRKSOY tərəfindən bir yazıçının, şairin, söz adamının adı ilə bağlanması və il boyu bu qələm adamı ilə bağlı tədbirlərin, konfransların türk dünyasının müxtəlif yerlərində təşkil olunması da xüsusi vurğulanmalıdır. Bu il Molla Pənah Vaqif ili elan olunub. Və artıq türk dünyasının fərqli yerlərində böyük şairimizin 300 illiyi ilə bağlı tədbirlər keçirilir.

 

Bu il mart ayının 10-da Düsen Kaseinovun 70 yaşı tamam oldu. Yubiley yazısı kimi düşündüyüm bu məqalədə onun özünün bioqrafiyasından, şəxsi keyfiyyətlərindən daha çox TÜRKSOY-un layihələrindən, qazandığı uğurlardan söz açdım. Əlbəttə, bəlkə yubiley yazısında tərifli ifadələr, dəbdəbəli sözlər daha çox olmalıdır, bilmirəm. Amma mənə görə Düsen Kaseinov TÜRKSOY-dan ayrı deyil. Yəni rəhbərlik etdiyi qurumun uğurlarından danışmaq, gördüyü işləri dəyərləndirmək elə onun özündən danışmaq, onun özünü tərifləmək deməkdi. Ona görə, məncə, 70 yaşlı Düsen bəyin ən böyük qazancı, missiyası, nailiyyəti TÜRKSOY-dur, onun uğurlarıdır. heç şübhəsiz ki, onun türk dünyasına, mədəniyyətinə bu böyük sevgisi, işinə bu cür şövqlə yanaşması TÜRKSOY-a yeni-yeni nailiyyətlər qazandıracaq.

 

70 yaşınız mübarək, Düsen aqa!

PƏRVİN

 

525-ci qəzet.- 2017.- 28 mart.- S.7.