İrəvan Dövlət Azərbaycan Teatrı: 1882 - 1927-ci illərdə - Teatr - 135

 

5-ci məqalə

 

 

 

Akademik Milli Dram Teatrının direktoru və bədii rəhbəri, o dövrdə SSRİ Ali Sovetinin deputatı olan Həsən Turabovun qayğıkeşliyi və ötkəm prinsipiallığı ilə İrəvan Teatrı akademik sənət ocağının nəzdində teatr-studiya kimi 1989-cu il iyul ayının 4-də fəaliyyətə başladı.

 

Abşeron rayonunun Xırdalan qəsəbəsindəki mədəniyyət evinin bir neçə otağı teatra verildi. Direktorluq və bədii rəhbərlik vəzifələri Vidadi Əliyevə həvalə edildi. Akdemik Milli Dram Teatrı, Mirzə Fətəli Axundzadə adına Azərbaycan Dövlət Opera və Balet Teatrı, Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrı kollektivə xeyli rekvizit, dekorasiya, geyim köməkliyi etdi.

 

Lakin bütün bunlara baxmayaraq, Azərbaycanda da siyasi vəziyyətin qeyri-sabit olması sayəsində teatr beş ay maaşsız işlədi. Akademik İmam Mustafayevin rəhbərlik etdiyi "Qayğı" cəmiyyəti truppanın aktyorlarına əmək haqqı almadıqları ayların maaşını verməklə onların maddi durumlarını xeyli yaxşılaşdırdı. İrəvan Dövlət Azərbaycan Dram Teatrının didərginlik dövründə ilk tamaşası 1989-cu il noyabrın 4-  Georgi Xuqayevin "Elbrus evlənir" ("Mənim qaynanam" adı ilə) əsəri oldu. Bu minvalla teatr fasiləsiz beş il Xırdalanda teatr-studiya kimi fəaliyyət göstərdi.

 

Nəhayət, Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının fəaliyyətini yaxşılaşdırmaq tədbirləri haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 avqust 1994-cü il, 320 saylı əmri oldu. Əmrdə yazılmışdı: "Ermənistanda yaşayan azərbaycanlılara qarşı başlanmış soyqırımı nəticəsində 1988-cı ildən daimi fəaliyyət yerini məcburi tərk edərək Bakı şəhərində məskunlaşmış Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının yaradıcılıq-istehsalat fəaliyyətini yaxşılaşdırmaq, kollektivə dövlət himayəsini gücləndirmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti qərara alır:

 

1. Azərbaycan Respublikasında Dövlət teatrlarının yaradıcılıq-istehsalat fəaliyyətini tənzimləyən və müəyyən edən bütün şərtlər Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrına şamil edilsin.

 

2. Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının maliyyələşdirilməsi Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən Mədəniyyət Nazirliyinə yeni teatrların yaradılması üçün ayrılmış vəsait hesabına ödənilsin.

 

3. Bakıda məskunlaşdığı müddətdə Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı Nəsimi rayonundakı Hüseynqulu Sarabski adına Mədəniyyət evində yerləşdirilsin".

 

Bu əmrə əsasən İrəvan teatrı Bakının Nəsimi rayonundakı Hüseynqulu Sarabski adına Mədəniyyət evinin bir guşəsində yerləşdi (Bakı, Mirəsədulla Mirqasımov küçəsi, 13). Teatrın aktyoru Vidadi Əliyev 2000-ci il iyul ayına kimi burada da teatrın direktoru və bədii rəhbəri işlədi.

 

Bu illər ərzində teatr dəfələrlə tamam tənəzzül səviyyəsinə çatıb. Xüsusən 1988 - 1992-ci illərdə respublikadakı ciddi siyasi qarışıqlıq, gündən-günə güclənən inflyasiya teatrın çətin maliyyə vəziyyətini daha da kəskinləşdirib. Ancaq fədakar aktyorların qətiyyətləri ilə kollektiv dağılmaq təhlükəsini aradan qaldırıb. Güclü repertuar olmayıb, əsasən əvvəllər oynanılmış tamaşalar bərpa edilib və yaxud truppaya tanış əsərlər, zəif də olsa, təzə qurluşda göstərilib. Elə tamaşalar var ki, yalnız bircə dəfə oynanılıb. İki və ya üç dəfə oynanılan tamaşalar isə hər dəfə təzə heyətdə təqdim olunub. Bütün bunlara baxmayaraq, 1989 - 1996-cı illər İrəvan Dövlət Azərbaycan Dram Teatrının 125 illik tarixinin ayrılmaz və parçalanmaz bir dövrüdür.

 

1997-cı ilə qədər teatr əsasən yığcam həcmli bərpa tamaşaları oynayıb. Bununla belə, repertuarda "Şəppəli" (İsa Hüseynov), "Didərginlər" (Zəlimxan Yaqub), "Molla Nəsrəddin və əzrayıl" (Şəhrabi Əliyev), "Mənim Ərdəbilim", "Allah onlara rəhmət eləsin" (Süleyman Rəşidi), "Tənha payız yarpağı" (Akif  Həsənoğlu), "Madam Badam" (Vidadi Əliyev), "Dəli Domrul" (Aydın Haqqarar), "Dəmir qadın" (Şərəf  Başbəyov), "Abbasqulu bəy Şadlinski" ("Xoş amallar qurbanı". İnqilab Vəlizadə) kimi yeni tamaşalar da olub.

 

Sənətkarlıq axtarışlarının uğurlu nəticəsi prinsiplərindən yanaşanda 1997-ci il də İrəvan teatrının həyatında əlamətdar ola bilmədi. İl boyu kollektivin repertuarında yeni səhnə əsəri görünmədi. Yalnız ilin axırlarında, oktyabrın 20-də uşaqlar üçün "Sehrli alma" (Jozef Ladanın əsəri əsasında) və dekabrın 17-də "Kor döyüşü" (Tuncər Cucənoğlu) tamaşalarının premyeraları göstərildi.

 

Teatr 1998-ci ildə Hidayətin vaxtilə oynanılmış "Məhəbbət yaşayır hələ..." pyesini rejissor Vaqif Əsədovun quruluşunda oynadı. Yeni səhnə yozumunda və daha qabarıq mənəvi-əxlaqi problem zəminində tamaşanan premyerası iyun ayının 1-də Akademik Milli Dram Teatrında göstərildi. Rejissor geniş məkanda hərəkət dialoq və monoloqları ilə sözün vəhdətində dramatik-psixoloji tamaşa yaratmaq cəhdində bulunmuşdu. Buna görə də onun rəssam Rza Avşarovla işində həmin prinsip gözlənilmiş və yığcam, lakin ifadəli səhnə tərtibatı verilmişdi. Milli xalq tamaşalarının poetika göstəricilərindən olan hərəkət monoloqlarının və hərəkət dialoqlarının sözün psixoloji mahiyyəti ilə üst-üstə düşməsi üçün xüsusi pontomim səhnələr qurulmuşdu. Əliş Vəlişoviçin ifası üçün Gənc Tamaşaçılar Teatrından Tariyel Qasımovu dəvət etmişdi. O, bu rolu bir neçə dəfə oynadı. Əliş Vəlişoviçin əsas ifaçısı Vidadi Əliyev idi.

 

"Məhəbbət yaşayır hələ..." tamaşasında mürəkkəb psixoloji Mehriban rolunu Elmira İsmayılova təmkinlə və mənalı pauzalarla oynayırdı. Xatirə rolunda isə Dilarə Əliyeva (Murtuzəliyeva) həzin və lirik, kövrək və emosional ifadə vasitələrinə üstünlük vermişdi. Bu, obraza tamaşaçı rəğbətini artırmaqla yanaşı, dramaturq və rejissor fikrinin mahiyyətinə uyğun gəlirdi.

 

Yüksək sənət meyarları, ciddi və səmərəli yaradıcılıq axtarışları baxımından 1999-cu il də teatrın həyatında ciddi iz qoymayıb. Truppanın heyətində sabitlik yox idi. Gənc aktyor və aktrisalar bir neçə ay işləyib kollektivdən uzaqlaşırdılar. Belə bir durğunluq dövründə teatr mətləbsiz şəkildə Georgi Xuqayevin vaxtilə oynadığı "Mənim qaynanam" ("Elbrus evlənir") əsərini yenidən tamaşaya hazırladı. 1999-cu il dekabrın 20-də teatrın aktyoru Azər Şabanov   Mehman Musabəyovun "Dev oğlu dev" nağıl-tamaşasına quruluş verdi. Rəssam Cabbar Quliyev tamaşanın bədii və Xatirə Şabanova isə musiqi tərtibatını işləmişdilər. Düzdür, bu tamaşanı uşaqlar maraqla qarşılayırdılar. Ancaq nə bu, nə də digər iki tamaşa teatrın yaradıcılıq dirçəlişi və sənət nailiyyəti kimi dəyərləndirilməyə layiq olmadı.

 

Fransız dramaturqu Marsel Birkye Marinyenin məşhur "Oğru" komediyasının repertuarda görünməsi maraqla qarşılandı. Əsəri Vaqif Rəsuloğlu tərcümə etmişdi və ona səhnə quruluşunu Vidadi Əliyev vermişdi. İki hissəli məzhəkə janr prinsipində hazırlanmış tamaşada teatrın populyar aktyorları Dilarə Əliyeva (Mişlin), Azər Şabanov (Dominik), Ramiz Əliyev (Klud), Elnur Məmmədov (Dede Lepelüon) çıxış edirdilər. "Oğru" tamaşasında maraqlı aktyor oyunu vardı. Lakin heyf ki, əsər cəmi bir dəfə göstərildi. Əsas ifaçılardan birinin teatrdan getməsi və digərinin analıq məzuniyyətinə çıxması ilə əlaqədar olaraq tamaşa repertuardan çıxarıldı.

 

İstedadlı aktyor, son dərəcə dəqiq ifadəli, emosional, təsirli və zərif plastikası olan Azər Şabanov (Azər Axşam) özü yazdığı "Arxası sizə" psixoloji dramını tamaşaya hazırlayandan (4 fevral 2000) sonra teatrdan uzaqlaşdı. Tamaşada rolları Ramil (Musiqiçi) və Ramiz Əliyev (Qonşu) ifa edirdilər.

 

Hüseyn Cavidin "Maral" romantik-dramatik səpkili faciəsini rejissor Elmira Məlikova tamaşaya hazırladı. Tamaşa (10 mart 2000) ümidlər doğrultmadı, Hüseyn Cavidin poetik teatr estetikasından uzaq idi. Quruluşçu rejissorun avanqard teatr prinsiplərinə üstünlük verməsi məzmun və formada bədii təsdiqini tapmamışdı. Aktyorların təqdim edilən oyun estetikası ilə tamaşanın üslub prinsipləri bir-birini tamamlamırdı. Nəsrlə yazılmış dram sanki ədibin romantik nəzmlə işlənmiş pyeslərinin pafosunda təqdim olunmuşdu. "Maral" tamaşasında Cavid ruhundan, Cavid fəlsəfəsindən sapıntılar da vardı. Bütövlükdə dramaturqun möhtəşəm romantik ruhu sıxılıb kiçildilmişdi.

 

Sabit Rəhmanın anadan olmasının 90 illiyi münasibətilə Bəhram Osmanovun hazırladığı "Yalan" tamaşasının premyerası noyabr ayının 30-da Gənc Tamaşaçılar Teatrının binasında göstərildi. Tənqid teatrın ilk dəfə neçə il əvvəl oynadığı əsərin yeni quruluşuna xüsusi diqqət yetirmişdi. Tamaşanın daha canlı və dinamik, xarakter baxımından tipik obrazı Tamilla Abdullayevanın ilhamla oynadığı Tərlan xanım obrazı idi. Hadisələrin inkişaf xətti və konfliktin kəskinləşməsi baxımından Tərlan xanımla bağlı olan Şəlalə (Könül Yusifqızı) surəti  aktyor ifası baxımından Tamilla xanımın oyunu ilə müqayisədə nisbətən sönük alınmışdı. Mənalı yumor, ritmik ahəng, mənəvi aləmlə hərəkətlərin bağlılığı baxımından Ramiz Əliyevin (Aslan), Vidadi Əliyevin və Süleyman Nəcəfovun (Saleh) ifalarında tamlıq vardı. İfaçılar satirik çalarlardan, qrotesk elementlərindən həssaslıqla istifadə etməyə çalışırdılar. Obrazın psixoloji aləminə düzgün müdaxilə və onu orijinal şəkildə ifadə etmək  baxımından Dilarə Əliyevanın (Xumar) oyununda işıqlı məqamlar kifayət qədər görünürdü.

 

Rejissor Bəhram Osmanovun quruluş verdiyi Ağarəfi Rəhimovun "Əsgər anası" pyesinin birinci tamaşası 2000-ci il dekabr ayının 28-də Gənc Tamaşaçılar Teatrında oynanıldı.  Müəyyən çətinliklərlə (əsasən texniki təchizatla əlaqədar) bağlı olaraq İrəvan teatrı 2001-ci ildə cəmi bir yeni tamaşa hazırladı. Vaqif Əsədov Hidayətin "Durnalar qayıdanda" pyesinə maraqlı və orijinal səhnə quruluşu verdi (1 may). Gənc aktyorlar Mehman Piriyev (Şahin), Dilarə Əliyeva (Günay), Vəfa Zeynalova (Nərgiz), həmçinin Bürcəli Əsgərov (Vəli Qulamoviç), Elmira İsmayılova (Harayxanım), Vidadi Əliyev (Salahov) bitkin ansambl yarada bilmişdilər. Qeyd edim ki, Akademik Teatrın aktyoru Bürcəli Əsgərov bir neçə il paralel olaraq İrəvan teatrında da işləyirdi.

 

Teatr 2002-ci ildə Ramiz Abdullayevin "Olacağa çarə yoxdur" (15 yanvar. Quruluşçu rejissor Yusif Əkbərov, rəssam İlqar Əkbərov, bəstəkar Nəriman Məmmədov), İmir Məmmədlinin "İşıq tozu" (9 aprel. Quruluşçu rejissor Bəhram Osmanov, rəssam İlqar Əkbərov, bəstəkar Salman Qəmbərov), Anarın "Telefon gecələri" (8 iyun. Quruluşçu rejissor Firudin Məhərrəmov, musiqi tərtibatçısı Kamil Tağıyev), Kamal Abdullanın "Elə bil qorxa-qorxa" (14 noyabr. Quruluşçu rejissor Mahumənzər Hüseynova, rəssam İlqar Əkbərov), 2003-cü ildə Ağarəhim Rəhimovun "Məhəbbət və cinayət" (22 fevral. Quruluşçu rejissor və səhnə tərtibatçısı Mərahim Fərzəlibəyov), Marsel Birkye Marinyenin "Oğru" (23 mart. Tərcümə edəni Vaqif Rəsuloğlu. Quruluşçu rejissor, səhnə və musiqi tərtibatçısı Vidadi Əliyev), Əbülfəz Bərəkətin "Tufanda yanan çıraq" (5 may. Quruluşçu rejissor və səhnə tərtibatçısı Bəhram Osmanov), Məmməd Gülün "Allah betərindən saxlasın" (22 may. Quruluşçu rejissor, səhnə və musiqi tərtibatçısı Vidadi Əliyev), İlyas Əfəndiyevin "Məhv olmuş gündəliklər" (20 iyul. Quruluşçu rejissor və səhnə tərtibatçısı Firudin Məhərrəmov, bəstəkar Cavanşir Quliyev), Marat Haqverdiyevin "Qısqanc ürəklər" (10 noyabr. Quruluşçu rejissor, səhnə və musiqi tərtibatçısı Vidadi Əliyev), Əli Əmirlinin "Müqəddəs Valentin günü" (15 noyabr. Quruluşçu rejissor və səhnə tərtibatçısı Bəhram Osmanov, bəstəkar Cavanşir Quliyev), Firuz Mustafanın "Adsız" (3 dekabr. Quruluşçu rejissor Həsən Əsgəri, bəstəkar Cavanşir Quliyev) əsərlərini tamaşaya hazırlayıb.

 

Teatr 2004-cü ildə 7 tamaşa hazırladı. Culio Okarnaççi və Renço Farabuzinin "Sənətim cəmiyyət sinyorudur" (11 aprel. Tərcümə edən, quruluşçu rejissor, səhnə və musiqi tərtibatçısı Vidadi Əliyev), Əziz Nesinin "Toros canavarı" (16 noyabr. Tərcümə edəni Vahid Şirinov. Quruluşçu rejissor və səhnə tərtibatçısı Vaqif  Əsədov, rejissor Vidadi Əliyev), İlyas Əfəndiyevin "Unuda bilmirəm" (22 dekabr. Quruluşçu rejissor, səhnə və musiqi tərtibatçısı Loğman Kərimov) tamaşalarında müəyyən rejissor və aktyor uğurları vardı.

 

"Sənətim cəmiyyət sinyorudur" komediyası italyan del-arte komediyasının və vəziyyət satirasının bədii üslub-formaları əsasında yazılmış əsərdir. Rejissor tamaşanı iki hissəli Neapol komediyası adlandırmışdı. Çünki əslində o, del-arte oyun ifadə vasitələrindən imtina etmişdi. Əvəzində bütün diqqətini təzadlı və gülməli, gözlənilməz və dramatik hadisələr üzərində qərar tapmış ictimai-sosial komediya hazırlamaq istəyində olmuşdu. Ancaq aktyor oyunlarında müxtəlif teatr estetikaları hiss olunmurdu. Bunun da səbəbi müəyyənləşdirilmiş janrın sonadək bütün ifaçılara şamil edilməməsi idi. Vidadi Əliyev (Leonardo Papaqatto), Tamilla Abdullayeva (Qrafinya) və Rəşad Səfərov (Marçello) dramatik-komik personajlar yaratmışdılar. Digər ifaçılar həm məsxərə, həm vodevil, həm də məişət dramı elementlərinə üstünlük vermişdilər. Bütöv şəkildə bu tamaşada janr prinsiplərinin vacib şərtlərinə tam əməl olunmamışdı.

 

Əziz Nesinin "Toros canavarı" dramının tamaşası daha çox rejissor işinin mahiyyəti və mənalı tapıntıları ilə yadda qalırdı. Müəyyən mənada Arif Quliyev (Komissar Nicat Əfəndi), Vidadi Əliyev və Süleyman Nəcəfov (Ziyad Calaqçı), Bürcəli Əsgərov (Duman Osman), Rəşad Səfərov (Həmdi bəy), Midhət Aydınov (Nuru Sayaner) öz oyunlarında yeniliklər göstərməyə çalışmışdılar. Lakin bu cəhd bütün səhnələrdə özünü doğrultmamışdı.

 

"Unuda bilmirəm" tamaşası aktyor oyunlarının bir rjissor üslubu zəminində olması baxımından teatrın uğuru kimi dəyərləndirilməlidir. Bürcəli Əsgərovun müdrik və xeyirxah Möhsünzadəsi, Elmira İsmayılovanın təkəbbürlü və hikkəli, bir qədər meşşan təbiətli Səadət xanımı, Vidadi Əliyevin səmimi və sadə, azacıq da saya görünən Kərəm dayısı, Mehman Piriyevin  mətin, məhəbbətinə sadiq, vətəninə vurğun Kamranı tamaşada xarakter əlvanlığı yaratmışdı.

 

Teatr 2005-ci ildə repertuara dörd tamaşa daxil etdi. Aleksandr Makayonokun "Tribunalı" təkrar quruluş idi. Mərkəz Qacarın "Kömürçü oğlu" dramı qüdrətli Azərbaycan dramaturqu Cəfər Cabbarlının həyat və yaradıcılığından bəhs edir. Əsəri tamaşaya Həsən Əsgəri hazırlamışdı və premyera yanvar ayının 29-da göstərildi. Baş qəhrəman Cəfər Cabbarlının rolunu Mehman Piriyev oynayırdı.

 

Son illər müxtəlif teatrlar Hüseynbala Mirələmovun psixoloji faciə və dramlarını, Qarabağ müsibətlərinə həsr olunmuş dram əsərlərini həvəslə tamaşaya hazırlayıb. Dramaturqun maraqlı səhnə əsərlərindən biri də "Ləyaqət" dramıdır. Bu əsərə İrəvan teatrında Azərbaycan Televiziyasının (AzTV) istedadlı rejissoru Ələkbər Kazımovski quruluş verib (3  iyun 2005). Rejissor iki hissəli çağdaş faciə hazırlamışdı və əsər insanı daxili duyğularını titrədən səhnələri ilə maraqla baxılırdı.

 

Elçinin "Poçt şöbəsində xəyal" psixoloji dramı Firudin Məhərrəmovun quruluşunda tamaşaçılara göstərildi (10 dekabr 2005). İlk tamaşası Gənc Tamaşaçılar Teatrının binasında oynanılan bu əsəri teatrın maraqlı işlərindən saymaq olar. Tamaşada baş rolları Elnarə Heydərova (Ədilə) və Vüsal Mehrəliyev (Kişi) ifa edirdilər.

 

2006-cı ildə teatr Hidayətin "Bu dünyanın adamları" (21 fevral. Quruluşçu rejissor Vaqif Əsədov, rəssam Elxan Novruzov),  İftixar Piriyevin "Dan yeri söküləndə" (26 aprel. Quruluşçu rejissor Gümrah Ömər, rəssam Rəşid Şerif), Üzeyir bəy Hacıbəylinin "O olmasın, bu olsun" (14 mart. Quruluşçu rejissor Hüseynağa Atakişiyev, rəssam Vüqar Əli), Ağarəhim Rəhimovun "Əsgər anası" (26 oktyabr. Quruluşçu rejissor Vidadi Əliyev, rəssam İlqar Əkbərov) əsərlərini tamaşaya hazırladı.

 

İlin daha uğurlu və yaradıcılıq baxımından maraqlı işi  "Dan yeri söküləndə" tamaşası idi. Teatrın direktoru İftixar Piriyevin pyesinin tamaşası İrəvan teatrının və Gənc Tamaşaçılar Teatrının birgə layihəsi əsasında hazırlanıb. Səhnə əsərində İrəvan və Gənc tamaşaçılar Teatrının aktyorları ilə yanaşı Musiqili Komediya Teatrının, Dövlət Gənclər Teatrının, Milli Dram Teatrının aktyorları da çıxış edirdilər. Maraqlı aktyor ansamblını Rafiq Hüseynov (Cəlil Əfəndi), Yasin Qarayev (Dul Alı), Tünzalə Əliyeva (Nanı kişi), Rahib Əliyev (Molla Qasım),  Süleyman Nəcəfov və Tofiq Hüseynov (Muncuqlu Mahmud), Tamilla Abdullayeva və Elmira İsmayılova (Lüdmila), Sabir Sultanov və Qurban İsmayılov (Sülə Sülöymən), Vaqif Kərimov (Obolo Bəşir), Vahid Əliyev (Yetim Bayram), Arif Quliyev (Dambat Dursun), Elnarə Heydərova (Nataşa), Elxan Quliyev və Elxan Qurbanov (Givi Daduladze), Məhərrəm Musayev (Rafik Barbaryan) təşkil edirdilər.

 

"O olmasın, bu olsun" tamaşası daha çox kinostudiyadan dəvət edilmiş Ramiz Əzizbəylinin Məşədi İbad, Arif Quliyevin Hambal, estrada aktyorları Rafael İsgəndərovun Həsən bəy, Coşqun Rəhimovun Əsgər bəy rolları ilə maraq doğururdu. Məşədi İbad rolunda tipajçılıqdan qaçan aktyor ifadəli, məzmunlu, koloritli və real səhnə surəti yaratmağa çalışmış və buna uğurla müvəffəq olmuşdu.

 

Mövzu əlvanlığına və janr müxtəlifliyinə diqqəti artıran müəyyən cəsarətli yaradıcılıq addımları atan teatr 2007 - 2017-ci illərdə Loğman Kərimovun quruluşunda Elçin Hüseynbəylinin "Hamının günahı", İlyas Əfəndiyevin "Boy çiçəyi", Ramiz Abdullayevin "Biznesmen", Oruc Qurbanovun (İzzətoğlu) quruluşunda Taufiq əl Hakiminin "Hərraca qoyulmuş sultan", Aqşin Babayevin "Xilaskar", Ejen İoneskunun "Stullar", İftixar Piriyevin "Qurtuluş dastanı", Vaqif Əsədovun səhnə yozumunda İftixarın "Körpü", Turqut Özakmanın "Ocaq", Vüsal Mehrəliyevin rejissorluğunda Əlibala Hacızadənin "Məhəbbət ölmür", Kamilə Məcidovanın səhnə təfsirində Ramiq Muxtarın "Qıl körpü", Nazir Rüstəmovun rejissorluğu ilə Elçin Hüseynbəylinin "Adəm və Həvva", Mirzə Fətəli Axundzadənin "Lənkəran xanının vəziri", Firudin Məhərrəmovun səhnə təfsirində Hidayətin "Buradan min atlı keçdi", Anarın "Təhminə və Zaur", İsi Məlikzadənin "Subaylarınızdan görəsiniz", Vidadi Əliyevin işləməsində Əhməd Orucoğlunun "XXB", İftixar Piriyevin rejissorluğunda "Qurtuluş" (İftixar), Fəridə Məmmədovanın səhnə təfsirində  Fridrix Şillerin "Məkr və məhəbbət", Nicat Qəribin quruluşunda Demet Çizmeli və Pinar Çelebioğlu "Cümhuriyyətin ilk sədası", Nicat Mirzəzadənin quruluşunda Hidayətin "İrəvanda xal qalmadı" əsərlərinin və digər pyeslərin tamaşalarını oynayıb.

 

İlham RƏHİMLİ

 

525-ci qəzet.- 2017.- 28 mart.- S.6.