MƏNİ

 

Bakıdan, müalicədən qayıdıb Bərdəyə gələndə həmişəki kimi Vaqif doktorla görüşmək üçün onun kabinetinə getdim. İşçiləri dedilər ki, doktor Bakıda müalicədədir. Qəribsədim.

 

İlk dəfədir gəlib onu görmədim,

Xəyallar uzağa apardı məni.

Elə tufan qopdu hər tərəfimdə,

Tərpədib kökümdən qopardı məni.

 

Dedim ki, tez ötsün - qədəri olsa,

Atlansın, atının yəhəri olsa,

Dostumun azacıq xəbəri olsa

Axtarıb göylərdən tapardı məni.

 

Xalı toxuyardı ilmələr ilə,

Heyrətə salardı cümlələrilə.

Ürəyimə yaxın kəlmələrilə

Şəkərə, şərbətə qatardı məni.

 

Dekabr, 2016

 

BAŞIMDA

 

Vaqif həkimin “Getdi” rədifli ş eirinə o zaman yazdığım cavabın bəzi hissələrini heyf ki, unutmuşam.

 

Ay sağ olmuş, heç kəs uzaq getməyib,

Gözəllər yenə də cəmdi başımda.

Bir hay desəm mələk kimi cəmləşər,

Elə fikirləşmə kəmdi başımda.

 

Bağçamızda indi bahar var, yaz var,

Birinin əlində sədəfli saz var,

Nəğməli dillərdə neçə avaz var,

Bir dəsgahdı, bir aləmdi başımda.

 

Hər kəs nəğməsinə gözəl ad verir,

Qəlbə ləzzət verir, dilə dad verir.

Mənə fərəh verir, qol-qanad verir,

Demərəm kədərdi, qəmdi başımda.

 

Yenə qaldırırsan hay-haraydı,

Busələr Qənbərə qızlardan paydı.

Elə fikirləşmə halım qolaydı,

Durumum əladı, dəmdi başımda.

 

AY KƏRİM

 

Qəmgin ləqəbli tələbə yoldaşım Kərim müəllimə

 

Aldım məktubunu, bu kiçik kağız

Mənə böyük töhfə oldu, ay Kərim!

Gənclik illərimi yadıma saldı,

Həsrətdən gözlərim doldu, ay Kərim!

 

Tez-tez Papravəndə birgə gələrdik,

Yol uzunu elə deyib-gülərdik,

Qohumların pay-püşünü görərdik,

O günlər harada qaldı, ay Kərim?!

 

Min doqquz yüz əlli üçün mayında,

Firudin kişinin nəvə toyunda,

Az qaldıq qərq olaq Xaçın çayında,

Xatirələr necə baldı, ay Kərim!

 

zaman ki, azuqəmiz qurtaqdı,

Gözəl nənə bilib təndir yapardı.

Bu yaxşılıq əlimizdən tutardı,

Keçdiyimiz uzun yoldu, ay Kərim!

 

Dünya daimidir, ömür gödəkdir,

Həyatımız əsib keçən küləkdi,

Dədə Şəmşir toyda bayatı çəkdi,

Gördük ellər xoşəhvaldı, ay Kərim!

 

Qəvvas olub ümmanlarda üzmüsən,

Qəmgin adı ilə kitab yazmısan,

Kəlmələri mirvaritək düzmüsən,

Misraları şəkər-baldı, ay Kərim!

 

Şən olmusan, qəmgin olma özünə,

Oxunu at erməninin gözünə,

Sapand ilə bircə daş at yüzünə,

Axı qolun güclü qoldu, ay Kərim!

 

Əzəldən bilirdik nücə toxumdu,

Biz onlara dedik dostdu, qohumdu,

Ruslar göz elədi, erməni cumdu,

Gəlin-qızlar saçın yoldu, ay Kərim!

 

Yanvar, 2017

 

QARIŞMADI

 

Dostum həmkarım Azay Pənah oğlu mənim arılarımı aparıb öz təsərrüfatına qatıb, yaxşı məhsul becərir. Hər il bal payımı artıqlaması ilə göndərir. 2015-ci ildə yenə xeyli bal gətirmişdi. Həyat yoldaşım Diləfruz xanım balı yerbəyer edəndə dedi:

 

- Ay kişi, Azay müəllimin builki balı ilə keçənilki balı bir-birinə qarışmır.

 

Azay lələ, sağ ol, payın çox olsun!

Çalışdıq bir-birə bal qarışmadı.

Mən özüm arıçılıq etmişəm,

Tapmadım ayrı bir yol, qarışmadı.

 

Kəlbəcərli arıçılar yığışsın,

Dolaşan kələfi qoy biri açsın,

Bilməyənlər bir-birindən soruşsun,

Danəndələr olsun hal, qarışmadı.

 

Tutub gəldiyimiz haqqın yoludu,

Balımız Azayın halal balıdı,

Diqqət etdim qab-qacaqlar doludu,

qədər olsa da bal qarışmadı.

 

Artıq yola salıb iki baharı,

Dostluğa sadiqdi, var etibarı,

Yönünü çevirdi dağlara sarı,

Keçdi dərə-təpə, yal, qarışmadı.

 

Dedim: - Arvad, gəl bu sirri açmayaq,

Heç kəsə bildirib, danışmayaq,

Bir akt yazaq, müqavilə bağlayaq,

Firuzə çəkmədi qol, qarışmadı.

 

2016

 

DÜNYADA DOSTLUĞU QOYUB GEDİRƏM

 

Bu gün Saleh lələ Türkiyədən zəng edib halımı soruşdu.

 

Saleh lələ, bura Ankara deyil,

Bura Azərbaycan: Qubadı, Quba.

Hər tərəf bağ-bağça, hər yan çil-çıraq,

Yaxşı hörmət edir bizə el-oba.

 

Gəzdik sənin ilə Klivlenddə biz,

Niaqaranı da ziyarət etdik.

Bütün tədbirləri gördük özümüz,

15 gün ərzində çox yerə getdik.

 

Burda həbəş yoxdu, ingilis,

Rəqsə dəvət edək, ya söhbət edək.

Kök sala bilməyib erməni iblis,

Satqınlıq eşidək, əyrilik görək.

 

Şahdağı nər kimi durub arxada,

Başında papaq, üstündə qar var.

Elə bil dil açıb qışqırır o da,

Əzəldən bu elə arxadı dağlar.

 

Sizə istirahət arzu edirəm,

Gününüz xoş olsun, canınız sağlam.

Dünyada dostluğu qoyub gedirəm,

Əməl edərsiniz - mən ümidvaram.

 

Quba rayonu, Qəçreş kəndi.

04.04.2016.

 

OXŞAR MƏNZƏRƏLƏR

 

Rəhmətlik Aşıq Alının şeirlərinin birində belə bir misra var: “Yaylaq, bizim yaylaqlara bənzərsən.”

 

Quba rayonunun Qəçreş kəndi mənim doğulub boya-başa çatdığım Kəlbəcər rayonunun Ağdaban kəndinə çox oxşayır: arxada dağlar, sağı solu dərin qalın meşəli dağlardan ibarət olan axar çay. Bizim kəndin çayı bu çaydan kiçik olsa da, axar məsafəsi eyni olar...

 

İlahi, hökm edib, xəlq eyləmisən,

Bu qədər oxşarmı onlar bir-birə?!

Elə dəqiq oxşarlıqdı, vermisən,

Bir özün bələdsən yəqin bu sirrə.

Hər tərəf yamyaşıl, hər tərəf meşə,

Meşə ətəkləri obadı, eldi.

Ürəyi oxşayan bu gözəl guşə

Bağçadı, bağlardı, çəməndi, güldü.

 

Kəndin arxasında qoşadı dağlar,

Kənd dağa söykənib, dağa güvənir.

Elə bir-birilə bəhs edir onlar,

Qucub ortasını nəhəng qayalar.

 

Necə ad verəsən bu oxşarlığa,

Dağlar da eynidi, meşə eyni.

İstəyir sola dön, istəyir sağa,

Çökək eynidir, guşə eyni.

 

Bulaqlar o qədr gur deyil burda,

Süzülüb, süzülüb çaya çevrilir.

Axar sular olsa qədər xırda,

Çaya bu ayrıca gözəllik verir.

 

Bənzər varlıqlara edib tamaşa,

Oxşar məskənlərdən danışdıq  nəsə.

Dünyada çox şeylər olurlar qoşa,

Eşq olsun xilqəti Yaradan kəsə.

 

İyul, 2016

 

SƏPİB

 

Qubanın Xınalıq kəndindən mənzərə

 

Xınalıq kəndində, dağların üstə

Təbiət əlilə xınalar səpib.

Qurd yalından süzüb gələn çayların

Qoynunda üzüşən sonalar səpib.

 

Gözəllik görərsiz - gəlib bu kəndə,

Şirin nəğmələrlə kəklik ötəndə.

Şənliklər zamanı toyda, düyündə

Bəzəkli gəlinlər, analar səpib.

 

Fəlakəti uzaq edib özündən,

Ustaca yayınar şahin gözündən.

Vətənə dönəndə Bazar düzündən

Qatara düzülən durnalar səpib.

 

Quba rayonu, Xınalıq kəndi,

 

Avqust, 2016.

 

VAR

 

El sözünü mən deyim:

Hər axşamın səhəri var.

Elə tut, qınaq olma,

Hər işin öz təhəri var.

 

Diqqət edən yaxşı görər,

Göstərəcək necə hünər.

Arı dosta bal becərər,

Düşmənlərə zəhəri var.

 

Ocaq vaxt həddin aşır-

Xaşıl da tavada daşır.

Ulağa palan yaraşır,

Köhlənlərin yəhəri var.

 

Əlin yaxşı gətirirsə,

Şükürlər de, tale versə.

Əgər Tanrı qəzəblənsə

Yüz qəhri, yüz qəhəri var.

 

Neməti boldu Xudanın,

Gözü doymayır insanın,

Üstü genişdi dünyanın,

Həm kəndi, həm şəhəri var.

 

Yanvar, 2017

 

BELƏCƏ ÖLÜM MƏN

 

Mənə kəhər gəti rin,

Sonra yəhər gətirin,

Yəhərləyin mindirin,

Qoyun aşım çəpərdən,

Keçim Çiçəkli düzdən,

Çıxım dağın qaşına,

Sarıdağın başına.

Kəndimizə baxım mən.

 

Bir bülbülə dönərək,

Məhləmizə dönüm mən.

Budaqlara qonum mən.

Doyunca cəh-cəh vurub,

Sonra geri dönüm mən.

Yurd-yuvamı görüm mən.

 

Dədəmin, qardaşımın

Məzarını seyr edim.

Sonra nakam Çimnazın

Öpüm məzar daşından.

Bax beləcə ölüm mən,

Bax beləcə ölüm mən!

 

Qənbər ŞƏMŞİROĞLU

 

525-ci qəzet.- 2017.-11 mart.- S.23