Çilovdan yazıram yazdıqlarımı
(“Ada, adanın adamı, dəniz, külək və göyüzü” silsiləsindən)
Çilovdan yazıram
yazdıqlarımı,
Helikopterlə uçub
gəlirəm
həftədə bir kərə
Çilov adasından
Pirallahıya
ordan şəhərə
və
Hər gün qulaqlarımda helikopter səsi
2013
***
Burda körpüləri
çoxdan söküblər,
uçulub tökülüb
estakadalar.
Burda balıqçılar
vaxt öldürürlər
-
Nə kütüm, nə kifal, nə berj tapılar.
Dənizin dibi də aydın görünməz -
Nə balıqqulağı, nə
də süngərlər.
Gözü ayağının
altını görmür
Uçan təyyarələr, üzən
gəmilər.
Burada adamlar...
qaraqabaqdı -
Bir üzü ağ olur,
bir üzü qara.
Adamın gülməyi gəlir, hərdənbir
Sifəti qarsımış bu adamlara.
Hərdən bu adamlar baş girliyirlər,
bir az oxşayırlar qara buluda.
Ağına-bozuna baxmır
nədənsə,
Bir ayağı suda, biri quruda.
***
Tarlası yox, zəmisi yox,
Qurdu yox, quşu yox.
Bir ağız gülləyə tuş olar
“Durna dimdiyi” adlanan yerdə
Vəhşi ördəyi, qazı.
Dənizin kölgəsi
düşər adaya,
buludu ayrıdı,
günəşi ayrı
-
Qabığı partlamış nardı göyüzü.
Xoruzun banı
yox səhərlərində,
İl bizi çanaqsız, ziyili qansız,
İtləri zarıncı, pişiyi mavrıdı Adanın.
Yazı iydə
ətirlidi, payızı
yovşan,
Qışı qar-çovğunlu, səsli,
haraylı.
Gündüzü mələklər
dilli, ağızlı,
gecəsi Allahdan xəbərsiz fələk.
Dalğalar yalquzaq kimidi burda,
elə səssiz-səssiz
insan ovunda.
Dənizin dəlilik
vaxtına düşsə
sonu qərənfildi
sahil boyunda -
Ya adsız məzardı yol kənarında.
***
Suya təslim olub qumsallı torpaq,
Üşüyür, isinir, amma bətnindən
dəvətikanı çıxır
yerin üstünə...
***
Qapqara örtüklü yollar uzanır
gecənin adamsız
izinə düşür.
Telsiz dirəklərin
lampa işığı
Zeytun bağlarının gözünə
düşür.
Elə də uzaq deyil
Bu yolun uzunluğu,
Oqtayın dükanıdı
köhnə parkın
ayağı -
Əvəzin quzuluğu,
bir də şəhid qəbridi -
yolun sonluğu...
***
Allahın altında
Bir axşam gedib
gözünlə görəsən,
Biləsən Çilovdan
nələr danışır
yerli adamlar.
- Dənizində
adam batır...
- Nöyüt düşüb girovuna...
- Toruna yosun dolaşır...
- Xərçənginin
rəngi çıxıb
tilovuna...
***
Allahından dönüb,
dinindən dönüb
canından bezib özünü dənizə
atıb bu Ada -
dalğaların qoynuna...
xəbərin olmadı
sənin, Alyona
Tabut düzəltdilər qız
kölgəsinə.
Qara bağladılar salxım söyüdə.
Sarı-sısqa hörüyünün
altında -
karsetli kürəyində
soyuq su ilanları,
qarnı yarılmış
kütüm balıqları,
xırda-xırda pulcuqları...
Qız bala, yalqız bala,
dənizi sevmək
sənəmi qalıb...
***
Burda evliliyini evə dəyişir
tənha qadınlar,
gülüşlə yola verir sevgisinin yasını,
özü çoxdan
unudub sevgi əlifbasını.
Sevə bilməz
yenidən - unudub eşq dərsini,
tənhalıq nigah evi,
üzüyü saxta,
gəlinlik paltarı
koftası-baftası
baş örtüyü-fatası,
çantası
isti oda-yengəsi...
cehizi - nişastalı,
soyuq yataq dəstləri...
Saçıyla salama gəlməyib hələ,
üzü dan yerinə ağlamaz belə,
nə gecəsi
var, nə də gündüzü
bircə silahı
var o da göz yaşı.
***
Ümidinə od
vurur hər gün,
hər gün arzusuna əl qatır
zibil qutusuna çevirib arxa.
Pırtlaşıq saçları
həsrət tumara
-
Çilov adasında pişik
Tamara.
Dəniz boyunca, bostan yerində,
Özünü verib gecə qaranlığına
Turş şərab,
quru balıq qatıb yavanlığına
gözünə təpir
bu ara
Çilov adasında pişik Tamara.
Köhnə-küləş nə varsa
kəm olmaz ətəyindən,
torbasında süd,
qatıq
pişikləri yedirdər
-
gedər nahara
Çilov adasında pişik Tamara.
Gözünün ucuyla da baxmaz,
-Allah səni öldürsün - deyə
Yava-yava danışan
astagəl adamlara,
bir də əynindəki çirkli nimdaş paltara -
Çilov adasında
pişik Tamara...
***
Allah insaf versin
qərib qocaya...
Allah insaf
versin dul qadınlara.
Allah versin yenə
bir çimdik
duzdan
yanıb qaralan
çanaqsız ilbizlərə,
qana yerikləyən
zəlilərə.
Allah versin
sünnətə oxşayan
soxulcanın felinə
düşən
kütüm balıqlarına
və mal təzəyi
kimi yollara döşənən pıspısalara.
Allah versin
dilsiz-ağızsız
su ilanlarına
və qırxayaqlara,
birillik efemerlərə,
dombalana,
şampionlara,
qazayağına
və əl-ayağa
dolaşan
dəvətikanına -
Allah versin
torpağının yeraltı
səltənətinə.
***
Ayların-illərin sapı
sökülən,
səksəndə-doxsanda dişi
tökülən,
hələ xaç
çevirən, beli bükülən,
ölmək istəmiyən
qocalar ölür.
Qibləsi bilinmir bu məzarlığın,
qəbirlər üstündə
xaç şəkilləri,
bir də ana məzarına tərəf
sürünən ilbiz kölgəsi.
***
Burda ulduzlar
yuxudan ötrü
ölür gecələr.
Arabasız küçələr
darıxır səhərə
qədər.
***
Burda yağıntı
yox, burda dar vaxtı,
Burda dan yerində günəş görünməz.
Küləklər şellənir,
bulud sürünür,
Limanı şimallı, cənublu ada.
Dənizin dibindən
Günəş çıxır,
Göylərin kölgəsi düşür
sulara.
Dənizə baxanın
qamaşır gözü,
Adamlar səhv salır gecə-gündüzü.
***
Tanrı ailəsindəndi külək,
Vətəni Xəzər,
İki qolu (növü) var -
biri xəzri,
biri gilavar.
Birisi saç
yolur - gözə qum dolur,
o biri küf asır, nəğmə oxuyur.
***
Yenə külək
əsəcək,
Yenə də fırtına var.
Gəmilərin fit səsi
Çilovda lövbər atar.
Yenə külək,
yenə külək,
yenə külək
əsəcək,
ləpələrin mahnısı
yenə kökdən
düşəcək.
Yenə külək
əsəcək,
yenə xəzri,
gilavar.
Ağappaq dalğaların
Yenə köpü alınar.
Quzuya dönər
dəniz,
Yenə dayanar külək...
Limanda qələbəlik...
Qağayılar güləcək...
***
Göy üzü - dan yeri
təzə-təzə ağarmışdı,
Ulduzu, ayı,
günəşi təzə-təzə
sağalmışdı,
Qara əsmər buludları təzə-təzə
sağılmışdı,
Göyüzünün göysu
göyü
Göyüzünün göy süfrəsi qəttəzəcə açılmışdı.
Yaralara məlhəm
olan
Ulu günəş göydən
göyə yurd salmışdı.
Qonaqları qanadının
altına almışdı
Göyüzünün mələkləri...
Çilov
adası, 2016
Xosrov NATİL
525-ci qəzet.- 2017.-11 mart.- S.22