“Həvəskar”ın peşəkarlığı
Şeir yazmaq, bütün qarşısıalınmaz daxili (mənəvi-ruhi) tələbatı ilə birlikdə, nə qədər ağrılı prosesdirsə, kiməsə oxunması, çap etdirilib cəmiyyətə çatdırılması, əslində, ondan da ağır, məsuliyyətli bir işdir.
Təbiidir ki, insan öz hisslərini, yaşantılarını, dünyaya, həyata emosional münasibətlərini kiminləsə bölüşdürmək istəyir. Və bölüşdürür də... Ancaq bu, hamıya
müyəssər olmur ki, onları poetexnoloji modellərlə,
poeziyanın təsirli, yadda (və həmişəlik
dünyada!) qalacaq dili ilə desin. Hər sahədə
olduğu kimi burada da bir həvəskarlar var, bir də peşəkarlar...
Adəm Asnının şeirlərilə
tanış olduqdan sonra ona,
özünün təvazökarlıqla israr eləməsinə
baxmayaraq, “həvəskar” deməyə dilim gəlmədi. Adəm
Asnı şairdir...
Giley dolu, tənə dolu sözlərin
Sinəmə çəkdiyi
dağına qurban.
Çatma qaş altında ahu
gözlərin
Qarasına qurban,
ağına qurban.
Adəm zəngin etnoqrafik, etnocoğrafi yaddaşı
olan qələm adamıdır.
“Allah sənə rəhmət eləsin,
ustad Şəhriyar”
epiqrafı ilə başlayan “Xatirə” şeirində yazır:
O barlı-bəhrəli yaşıl
bağların,
Hər daşın andığım
uca dağların,
Doğma kəndimizin -
Qarabağların
Qoynunda yenidən uşaq olaydım,
Yenidən boy atıb yaşa
dolaydım.
Dədəm evdə olsa, sakit
duraydım,
Olmayanda əlli oyun quraydım,
Ev- eşiyi bir- birinə vuraydım,
Nənəm gəlib baxaydı, hirslənəydi:
“Cəhrənin iyini yenə kim əydi?”
...Günəşli,
bürkülü bir iyun ayı
Dəllək İbrahimlə Məhəddin
dayı
Oturub eyvanda samavar çayı
İçə- içə deyəydi
ki, hazırlaş,
Müsəlman edirik səni, ay
qaqaş...
Böyük Şəhriyar məşhur
“Heydərbaba”sı ilə Azərbaycan poeziyasının ruhunu
təzələdi, ona güclü etnik enerji gətirdi. Və yüzlərlə
söz ustasının qələminə qüvvət verdi ki, biri də Adəm Asnıdı... o Adəm
Asnı ki, “Qarabağlarım” şeirində deyir:
Ana qucağıtək isti qucağı,
İlk görüş yerimin
sığınacağı,
Atamın- babamın dədə
ocağı,
Xatirəyə dönmüş
şirin çağlarım -
Qarabağlarım.
Burada da “Heydərbaba” ruhu
var. Ancaq şeirin özünəməxsus poetik ritmi,
intonasiyası da hiss ediləcək qədər qabarıq,
inkar olunmazdır. Bu isə o deməkdir ki, müəllif klassikanı hərfi-
hərfinə təkrar etmir, ondan aldığı təbii
impulsla öz qəlbinin, ruhunun, daxili dünyasının
şərqilərini yaradır. Aydın (və ünvanlı)
genotipi ilə...
Adəm öz ədəbi təxəllüsünü
Asnı çayının adından alıb. Xatırlayır ki,
uşaqlıq illərində ziyarətə gedərkən Asnı
çayının mənbəyinə diqqətlə
baxar, bu qədər gur suyun bir yerdən necə
çıxdığına, haradan əmələ gəldiyinə
məəttəl qalar, rəhmətlik nənələrimi
bu barədə verdiyim suallarla təngə
gətirərdim. Onların
Asnının suyunu göz yaşına bənzətmələri
məni daha da təəccübləndirər, yerin altında göz
yaşının necə yarandığı barədə...
verdiyim suallara uşaq təxəyyülümün qavraya biləcəyi
sadə cavablar alardım”...
Nənəm deyərdi, qayalar,
Başı qarlı uca dağlar,
Yeraltı pünhan dəryalar
Kim bilir nədən ağlayır...
Göz yaşıdır ki,
çağlayır,
Asnıçaya dönüb axır,
Məcrasında bərq vurduqca,
Sanırsan ki, şimşək
çaxır.
Adəmin poeziyasında
etnoqrafiya nə qədər zəngin olsa da, bu, onu müasir
dünyanın mürəkkəb proseslərinə həssas
münasibətdən ayırmır. “İndi başqa zamandı” şeiri
şairin geniş dünyagörüşündən, ictimai-
siyasi hadisələrə çevik ədəbi müdaxiləsindən,
düzgün nəticələr çıxarmasından xəbər
verir... “1992- ci ilin axırları, 1993- cü ilin əvvəlləri...
Bu yaxın
keçmişimizi, yəqin ki, hamı yaxşı
xatırlayır. Ölkədə xaos idi, xalqda bir ruh
düşkünlüyü var idi, sabah nə
olacağını heç kim bilmirdi... Danışanın da
adını demokratiyanın, aşkarlığın,
xalqın düşməni qoyurdular”...
Uşaq kimi xəyallara dalmağa,
Bu yaşımda ələ qələm
almağa,
Qırxımda öyrənib gorda
çalmağa
Məcbur edən ömrə
çökmüş dumandı,
Qağa, zaman indi başqa
zamandı.
Adəm Həvvasızdı, Həvva
Adəmsiz,
Millət iməkləyir, qolsuz, qədəmsiz...
Beş- on nadan isə kədərsiz,
qəmsiz,
Verdiyi ata ət, itə samandı,
Qağa, zaman indi başqa zamandı...
- bəndləriylə
başlayan bu iri həcmli şeirdə “yaxın
keçmişimiz”in mənzərəsi bütün obyektivliyi (və təfərrüatı)
ilə canlandırılır.
Burada diqqəti cəlb edən əsas
cəhət müəllifin yalnız haqqında bəhs etdiyi
hadisələrin, proseslərin sosioloji təfsilatına varması
deyil, həmin hadisələrin, proseslərin əxlaqi mahiyyətini
ortaya çıxarması, onlara milli mənəvi dəyərlər
səviyyəsindən baxmasıdır...
Adəm Asnının “Təzadlar”ı
ideya- məzmunca mənalı,
düşündürücü olduğu qədər də
şairanədir:
Bu dünyada ziddiyyətlər,
Əksliklər xalvar- xalvar...
Dostluq varsa, düşmənçilik,
Sevgi varsa, nifrət də
var.
...Həyatda bu, bir qaydadır -
Kim aldanır, kim
aldadır...
Vüsalı şərbət olsa da,
Hicranı zəhrimar
dadır.
...Bu bir duyğu, bir hissdir,
Nəsə yaxşı, nəsə
pisdir...
Gül açırsa solacaq da,
Yaxşı- pis var, olacaq da.
Böyük sələflərindən
- Hüseyn Caviddən, Məhəmməd Hadidən Bəxtiyar
Vahabzadəyə, Nəriman Həsənzadəyə qədər
gələn (və bütövlükdə müasir
poeziyamızın ruhuna hopan) fəlsəfi təfəkkür
Adəmin şeirlərində də həm ənənəvi,
həm də özünəməxsus şəkildə təzahür
edir. Ənənəvilik sələflərə ehtiramın,
özünəməxsusluq isə cəmiyyət həyatının
yeni təcrübələrinə
istinadın nəticəsidir. Və əminliklə
demək olar ki, Adəm filosofluq eləməyə qüdrəti
çatan, bundan çəkinməyən fikir, mühakimə
adamıdır.
İslam dininin fəzilətlərindən
gələn mənəvi dəyərlər Adəm
Asnının şeirlərində həm tərənnüm
olunur, həm də bu dəyərlər mövqeyindən
bugünkü “dünyanın işi”nə, sözün
geniş miqyasında “əxlaq”ına, əgər belə demək
mümkünsə, şərh verilir:
Gör nə günə qalıb
dünyanın işi,
Evlənir qızla qız, kişiylə
kişi.
Ki dayansın deyə belə
gedişi,
Qoy dağılsın dünya birdən,
naqafil,
Ya Rəbb, əmr et,
surun çalsın İsrafil!
...Qoy çıxsın mənsəbdən
dənizlər, çaylar,
Qərq olsun sularda ahlar, haraylar,
Ötsün üstümüzdən əsrlər,
aylar...
Xəlq eylə yenidən təzə,
pak nəsil,
Ya Rəbb, əmr et, surun
çalsın İsrafil!..
Bu cür kəskin etiraz
nihilizm, yaxud dünyadan küskünlük deyil, əksinə,
eybəcərliklərin tənqidi ilə dünyanın əbədi
dəyərlərinin təqdiridir. “Lənət” şeirində
yazır:
Lənət düz kimsəyə qara
yaxana,
Özündən kasıba xorla
baxana,
Yaxşılıq eyləyib başa
çaxana,
Yaltaqlıqla mənsəblərə
çatana!..
Lənət şeytana!..
İnsan həm bu dünyaya niyə gəldiyini,
həm də bu dünyadan niyə getdiyini bilmək istəyir...
Daha çox da niyə getdiyini... Çünki dünyaya niyə
gəldiyini bilmir (və bunun üçün heç bir məsuliyyət
daşımır!), ancaq niyə getdiyini bilmək istəyir.
Ona görə ki, artıq
boynunda “min ilin yükü” var,
bu dünyanın haqq- hesabı, o dünyanın
sorğu- sualı var. Və Xəstə Qasım təsadüfi
deməyib ki, “gələn bəzirgandı, gedən
xocadı”... O mənada “xocadı” ki, artıq o dünyanın
“sorğu- sual”ında “nə bilim, necə oldu” deyə bilməzsən.
Adəm Asnının mənsub
olduğu xalq İslam dinini Tanrıçılıq əsasında
(və heç bir siyasi, ideoloji konyuktura əyilmədən,
ilk növbədə, mənəvi dəyər kimi) qəbul
etmiş, onun tələblərinə
böyük ehtiram, sədaqət göstərmişdir. Bu
gün də İslamın dünyada xüsusi nüfuz qazanmasında
türklərin, o cümlədən, Azərbaycan türklərinin
rolu əvəzsizdir.
Çünki islam bu xalqın ruhuna,
qanına, ədəbiyyatına, poeziyasına elə hopub ki,
ibadət funksiyasının kanonik hüdudlarını
çoxdan aşıb.
Adəm Asnının “ailə
şeirləri” adlandıra biləcəyimiz olduqca səmimi, məzmun-
mündərəcəli bir poetik silsiləsi var...
İyirmi il
öncə rastlaşdıq qəfil,
Ömrümə gül
açdı lalə, qərənfil.
Eşqi üçün oldum avara, səfil;
Tale üzüyündə qiymətli
daşım -
Həyat yoldaşım.
Bu illərə birgə sinə gərmişik,
Birgə alovlanıb cüt közərmişik,
Sevinc meyvələrin qoşa dərmişik;
Dar gündə, xoş gündə
dostum, sirdaşım -
Həyat yoldaşım.
...Öndə görüləsi
çox işlər durur,
Hələ çox yoxuşlar,
enişlər durur,
Bilirəm ki, qəlbi qəlbimlə
vurur;
Qoymaz bu işlərdən qorxum, ya
çaşım -
Həyat yoldaşım.
Ailənin sütunu, əlbəttə,
həyat yoldaşıdır... Sonra övladlar gəlir... Sonra
isə, təbii ki, nəvələr...
Nəvənin səsi babanın səsidi,
nənənin səsidi... Ona görə deyirlər ki, atalar
üçdən deyib... Biz
gördüyümüzə inanırıq.
Gördüyümüz də nəvəmizdi... Ata oğluna
nəsihət verir (Seyid Əzimi xatırlayın), nəvəsini
isə sevir, nəsihətsiz- filansız, çünki iş nəsihətdən
keçib, indi oğulun nəvəyə nəsihət
verən vaxtıdır... Böyük filosof
Həmid İmanov demişkən,
baba ilə nəvə təxminən eyni ağılda olurlar. Və onun bir sözü də
vardı: baba övladlarına, nəvə də valideynlərinə yovuşmur; nəvəyə “can!” deyən baba
ilə nənə olur, ata ilə ana yox. Baba ilə nənənin
övladlara “gecikmiş” məhəbbətinin
mükafatını nəvələr aldıqları kimi,
övladların ata- analara artıq “ayıb” bildikləri
sevgini də bütün açıqlığı, məhrəmliyilə nəvələr göstərirlər...
Həyat belədir, yazan belə yazıb... Nəticəyə,
kötücəyə vaxt çatmır, o da olsun yadıca...
Gözümün
işığı, qızımın qızı,
Babanın şəkəri,
çörəyi, duzu,
Ata- anasının ilk dan ulduzu,
Rəbin bəxş etdiyi ilk bar, ilk
sünbül,
Ömrüm- günüm, təkcə
nəvəmdi Nurgül.
...Ağlamağı muğamatdı,
segahdı,
Çığırtısı
şur ilə cahargahdı,
Qığıltısı
heyratıdı, dügahdı;
Dinləyib, ey könül, zövq
al, sevin, gül,
Nənən gözlərinə
qurban, a Nurgül.
Həmişə eşitmişdim ki,
məşhur atalar sözümüzdə “övladda nəvə,
dövlətdə dəvə” deyilir, ancaq həmişə də
buradakı “dəvə” sözü mənə şübhəli
gəlirdi. Bu günlərdə görkəmli xalça
mütəxəssisi, professor Vidadi Muradov həmin atalar
sözünü “övladda nəvə, dövlətdə dəvə”
şəklində işlədəndə “həə” dedim...
Adəmin “ailə şeirləri”ni ayrıca kitab halında nəşr etmək,
müxtəlif dillərə çevirmək pis olmazdı. Və
“ailə böhranı” keçirən müasir dünya, ola bilsin ki, şairin səmimi, zərif (və
bəşəri!) hisslərindən bir az təsirlənərdi.
“Körpə qığıltısı”nı, fikrimcə, bu mövzuda qələmə
alınmış (və sayı heç də çox
olmayan) ən yaxşı poeziya nümunələrindən
biri hesab etmək olar:
Bilmirəm tilsimdir, ovsundur, nədir,
Sədasından könül
bir divanədir.
Şirin bir nəğmədir,
xoş təranədir -
Körpə
qığıltısı.
...Yaşamaq, yaratmaq, eşq həvəsidir,
Sevən ürəklərin
zənguləsidir.
Uca Tanrımızın şah bəstəsidir
-
Körpə
qığıltısı.
Adəm Asnının “Köhnə,
keçmiş kişilər”i, elə bilirəm ki, dəyərli,
ibrətamiz bir el nağılıdır... Həm məzmunu, həm
də forması ilə...
Əvvəllər hər kənddə,
eldə, mahalda,
Hər vəziyyət, hər şərait,
hər halda,
O ki öndə gedər, başda
durardı,
“Köhnə”, “keçmiş”,
müdrik kişilər vardı -
Bütöv el- obaya mədəd
kişilər,
O köhnə kişilər, o mərd
kişilər.
...Sözünün dalında nəsil
durardı,
Kənd adından demək hüququ
vardı,
Hər müşkül işləri
sahmanlayardı,
Cəza verə bilər,
bağışlayardı -
Çiynində bir mahal, bir yurd
kişilər,
O köhnə kişilər, o mərd
kişilər.
Adəm Asnının
“dördmisralıq”ları - istedadla, ilhamla və idrakla qələmə
alınıb:
Araz axar köç eylər,
Ümidləri puç eylər.
Neçə savab əməli
Bircə minnət heç eylər.
Və bəzən hisslərin təlatümü “dördmisralığ”a sığmayıb onu “beşləş”dirir:
Niyə gəldin, körpə qəm,
Çağamı gəzdirəcəm?
Qayıt, böyü, sonra gəl,
Dağ boyda qəmlərimə
Gəlib də olma əngəl.
Adəmin şeirlərinin
əksəriyyəti mənə böyük zövq verdi, zənginləşdim...
Və bir daha əmin oldum ki, Azərbaycan poeziyasında
özünü “həvəskar” sayan elə peşəkarlar
var ki, ədəbi prosesi
onlarsız təsəvvür etmək, sadəcə,
mümkün deyil...
Nizami
CƏFƏROV
525-ci qəzet.- 2017.- 11 mart.- S. 19.