Nizami Gəncəvinin milli və ədəbi kimliyinə Rəsulzadə baxışı

 

 

Azərbaycan mühacirət ədəbiyyatşünaslığının araşdırdığı məsələlərdən biri də milli klassik irsdir, divan ədəbiyyatıdır.

 

Mühacirətdə yaşayan alimlər, ədəbi şəxsiyyətlər, ictimai-siyasi xadimlər qədim və orta əsrlər Azərbaycan ədəbiyyatının problemləri, ayrı-ayrı nümayəndələri ilə bağlı bir sıra əsərlər yazmışlar. Bu araşdırmalar sırasında Azərbaycan ictimai-siyasi, elmi-ədəbi fikir tarixində önəmli yeri olan Məhəmməd Əmin Rəsulzadənin "Azərbaycan şairi Nizami" monoqrafiyası xüsusi yer tutur. O, bu əsəri 1941-ci ildə Nizami Gəncəvinin anadan olmasının 800 illiyi münasibətilə yazıb, "müharibənin doğurduğu çətinliklər üzündən çapı gecikib", 1951-ci ildə Ankarada nəşr olunub. Qeyd edək ki, Sovet dövründə Azərbaycanda bu monoqrafiyaya birtərəfli, əksər hallarda mənfi münasibət bildirilib. "Rəsulzadənin mühakimələri əksərən səhv və nöqsanlı olub, özünə qədər fikir söyləmiş Avropa burjua müəlliflərinin yanlış mülahizələrindən kənara çıxa bilməmişdir, o, burjua tədqiqatçılarının məhdud və qeyri-elmi fikirlərini təkrar etmişdir".

 

Azərbaycan dövlət müstəqilliyini qazandıqdan sonra M.Ə.Rəsulzadə irsinə, o sıradan alimin "Azərbaycan şairi Nizami" adlı monoqrafiyasına obyektiv qiymət verilib. Azərbaycan mühacirət ədəbiyyatı və ədəbiyyatşünaslığının tədqiqi ilə ardıcıl, sistemli məşğul olan, sanballı monoqrafiyalar yazan, tanınmış alim Nikpur Cabbarlı "Mühacirət və klassik ədəbi irs" adlı elmi əsərində M.Ə.Rəsulzadənin adı çəkilən əsərini hərtərəfli araşdırıb, bu əsərlə bağlı yazılmış bütün fikirləri dəyərləndirib, təhlil və tənqid edib. Alimin qənaəti budur: "... M.Ə.Rəsulzadənin "Azərbaycan şairi Nizami" monoqrafiyası mühacirət ədəbiyyatşünaslığında orta əsrlər ədəbiyyatımız haqqında ən sanballı tədqiqat olmaqla yanaşı, dünya nizamişünaslığının mühüm nailiyyətlərindəndir". 

 

M.Ə.Rəsulzadənin "Azərbaycan şairi Nizami" adlı monoqrafiyası başlanğıc, dörd fəsil, son söz, əlavələrdən ibarətdir. Alim kitabın sonuna Nizaminin əsərlərində işlədilmiş türk sözlərinin lüğətini əlavə etmişdir. Bu lüğət üç hissədir. Birinci hissədə iyirmi altı türk sözü və onların izahı (müəllif qeyd edir ki, bu türkcə sözlərin kiçik bir hissəsidir), ikinci hissədə türk şəkilçiləri ilə düzəlmiş fars sözləri verilmişdir. Bu tipli sözlərin sayı beşdir (bu, son rəqəm deyil). Lüğətin üçüncü hissəsində Nizaminin əsərlərində məcaz və rəmz kimi işlədilmiş Türküstan şəhərlərinin bəzilərinin adları təqdim olunmuşdur. Bu məkan adlarının sayı da altıdır.

 

M.Ə.Rəsulzadə bu monoqrafiyanı zəngin qaynaqlar əsasında yazmışdır. O, Nizami Gəncəvi ilə bağlı yazılmış türkcə, farsca, rusca, Avropa dillərində olan mənbələri diqqətlə oxumuş, təhlil etmiş, sistemləşdirmiş, tənqidi münasibət bildirmişdir. Alim fars dilini mükəmməl bildiyindən Nizamini orijinaldan oxumuş, istifadə etdiyi nümunələri öncə farsca, sonra da Azərbaycan türkcəsində vermişdir.

 

Monoqrafiyanın girişində bu başlıqlar var: "Şərq islam mədəniyyətinin üç ortağı", "Şərq islam mədəniyyətinə mənsub şəxsiyyətlər üçün keçirilən yubileylər", "Şərq islam mədəniyyətində Azərbaycanın rolu", "Türk hakimiyyəti altında fars ədəbiyyatı", "Azərbaycan XII əsrdə", "Milliyyət baxımından ədəbiyyatda forma və məzmun", "Nizami Azərbaycan şairi", "Nizaminin yaradıcılığı", "Unudulmuş Nizami", "Nizamiyə borcumuz".

 

Alim monoqrafiyanın birinci fəslində "Nizami kimdir" sualına cavab vermək üçün dörd bölmə yazmışdır: "Nizaminin tərcümeyi-halı", "Şairin Azərbaycan hökmdarları ilə münasibətləri", "Nizami öz gözü ilə", "Nizaminin dünya ədəbiyyatında mövqeyi".

 

Monoqrafiyanın ikinci hissəsi "Xəmsə"nin tədqiqinə həsr olunmuşdur. Alim bu fəsildə "Xəmsə"yə daxil olan əsərləri bir-bir təhlil etmişdir.

 

Kitabın üçüncü fəsli Nizaminin mövzuları ilə bağlıdır və beş başlıq var: "Nizamidə farslıq", "Nizamidə türklük", "Nizamidə Qafqaz", "Nizaminin ruslar haqqında təsəvvürü", "Nizaminin qadına münasibəti" (bu fəslə nəticə də yazılmışdır).

 

Monoqrafiyanın dördüncü fəsli Nizami irsində sənət və ideologiya məsələsinin araşdırılması ilə bağlıdır. Bu fəsildə səkkiz başlıq var: "Nizami şeirinin özünəməxsusluğu", "Nizami sənətinin başlıca mənbəyi", "Nizaminin yaradıcılığının təkamülü", "Nizaminin həyata və insana münasibəti", "Nizamidə eşq fəlsəfəsi", "Nizaminin dinə münasibəti və ictimai idealı", "Nizaminin dövlət haqqında görüşləri", "İdeal hökmdar İskəndər və onun möcüzəsi".

 

M.Ə.Rəsulzadə elmi araşdırmasında Nizami Gəncəvinin tərcümeyi-halını, ədəbi kimliyini, əsərlərinin mövzu və ideyalarını, dünya ədəbiyyatındakı yerini şərh etməzdən öncə Şərq islam mədəniyyətinin özəlliklərini açıqlamış, bu yolla da şairi ortaya çıxaran elmi, ədəbi, mədəni, dini qaynaqları göstərmişdir. Nizaminin düşüncəsi köklü bir mədəniyyətin ölməz dəyərləri ilə formalaşmışdır. Şairin yetişdiyi Azərbaycan mühiti də Şərq islam mədəniyyətinin ayrılmaz bir parçasıdır. Bu mədəniyyət ərəblərin, türklərin və farsların birgə yaratdığı "ümmət mədəniyyəti"dir. Azərbaycan öz alimləri, şairləri, sənət adamları ilə bu mədəniyyətin içində önəmli yer tutmuşdur.

 

Alim Nizaminin yetişdiyi mühitin sərhədlərini müəyyən edərkən Şərq islam mədəniyyəti ilə birgə, Azərbaycanın XII əsrdə mövcud olmuş siyasi, iqtisadi, elmi, ədəbi, mədəni kimliyini də araşdırmışdır. Araşdırmada Rəsulzadənin üzərində durduğu məsələlərdən biri Nizaminin farsca yazması və milli kimliyi ilə bağlıdır. O qeyd edir ki, "ümmət mədəniyyəti" dövründə milli kimlik və milli dil önəmli məsələ deyildi: "Nizaminin dövründə formanın bizim zamanda olduğu qədər milli bir əhəmiyyəti yox idi. Fars dili yalnız farsların deyil, müəyyən bir coğrafi ərazidə yaşamış bütün millətlərin oxuyub yazanlarına, ziyalılarına məxsus bir dil idi. Eyni zamanda, o dövrdəki "milli ruh"lar da bugünkü qədər kəskin şəkildə bir-birindən ayrılıb büllurlaşmamışdı".

 

M.Ə.Rəsulzadə türk yazılı ədəbi dilinin gec formalaşmasının səbəbini türklərin köçəri həyat tərzinə bağlayır, bir millətə məxsus olub, ancaq başqa bir dildə yazan şairlərə dünya ədəbiyyatından örnəklər verir, Nizaminin duyğu, düşüncə, şüur, mövzu, məna, məzmun baxımından Azərbaycan şairi olduğunu vurğulayır, "hissiyyatca türk və müsəlman olan" şairin milli kimliyi ilə bağlı bu nəticəni açıqlayır: "Gözəl ilə böyüyə türk, gözəllik ilə böyüklüyə türklük, gözəl və böyük sözə türkcə, gözəllik və böyüklük diyarına Türküstan deyən bir şairə hansı ağız "o, türk deyildir" deyə bilər?".

 

Alim milli kimlik məsələsini araşdırarkən Nizami ilə Firdovsini müqayisə edərək bu fərqləri göstərir: Firdovsidə fars təəssübkeşliyi var, Nizamidə fars təəssübkeşliyindən heç bir əsər-əlamət yoxdur, Nizami bir müsəlman təəssübkeşidir, Firdovsi qədim İran tarixini canlandıran altmış min beytlik "Şahnamə"sini yazmaqla "parsi ilə əcəmi" diriltdiyinə işarə etmişdir, Nizamidə belə bir məqsəd və öyünməyə təsadüf edilməz, Firdovsi müxtəlif dastan, əfsanə və hekayələrini İran tarixini, fars ənənələrini canlandırmaq, yaşatmaq üçün istifadə etmişdir, Nizami isə tarixi hadisələrdən həqiqət naminə, gözəllik yaratmaq üçün faydalanmışdır, Firdovsidə qatı bir irq təəssübü var, Nizami üçün mühüm olan qan deyil, imandır, Nizamini maraqlandıran İran və fars qanı deyil, təkallahlılıq (tövhid) əqidəsi və ədalət anlayışıdır, Firdovsidə ərəb və türk düşmənliyi var, Nizamidə bu düşmənliyin bir zərrəsi də yoxdur, Firdovsi "fars millətçiliyinin şair ideoloqudur", onun fikrincə, İran xeyirin başlanğıcı olan Hürmüz, Turan isə şərin başlanğıcı olan Əhriməndir, müsəlman Nizami bu dualist çoxallahlılığa qətiyyən əhəmiyyət vermir, İran, Turan istilahını bir-iki yerdə coğrafi ərazi kimi işlədir, Firdovsi İran milliyyətçiliyi və fars təəssübü ilə yanır, ərəbləri, islam dinini təhqir edir, müsəlman Nizami isə peyğəmbərin məktubunu cıran atəşpərəst Pərvizi "quduz" adlandırır, Xosrov şair üçün bir tarixi şəxsiyyət kimi maraqlı deyil, eşq dastanının qəhrəmanı kimi maraqlıdır, o, "Xosrov və Şirin" dastanına "islami rəng" vermişdir, "... şair müsəlman peyğəmbərinə qarşı kobudluq edən atəşpərəst hökmdarının yalnız maddi fəlakət və süqutunu verməklə kifayətlənməyib, eyni zamanda, İran imperiyasının mənəvi tənəzzülünün tarixçəsini də əsərinə daxil etmişdir". Firdovsi ilə Nizami arasında "hiss başqalığı" var, Firdovsi farsların İskəndərə məğlubiyyətini qəbul edə bilmir, vəziyyətdən çıxmaq üçün İskəndərin damarlarında fars qanı axdığını söyləyir (rəvayət uydurur), Nizami bu uydurmanı rədd edir, İskəndərin zəfərinin səbəbini onun imanında, düşüncəsində, dövlət idarə sistemində axtarır. Nizaminin farspərəstlikdən uzaq olmasının açıq dəlillərindən biri də atəşpərəstliyə düşmən olmasıdır, o, məcusiliyi alçaqlıq sayır, onun zərərindən danışır, İskəndəri atəşpərəstlərin düşməni kimi təqdim edir, "dünyanı məcusilikdən təmizlədiyini" xüsusi qeyd edir. Alim Nizaminin atəşpərəstliyə düşmən olmasının səbəbini bu sözlərlə açıqlayır: "...Sözün həqiqi mənasında Nizamidə farslıq duyğusu yoxdur. O, bütün duyğu və şüuru ilə müsəlmandır, tək Allaha inanır. Təkallahlılıq mövqeyindən də o, hər cür ikilik və çoxluğu rədd edən vəhdaniyyətçidir, müvəhhiddir, Allahın təkliyinə inanır, farsca yazsa da, duyğu və şüuru farslıqdan uzaqdır, bu uzaqlığı onun zamanında olduqca qüvvətli olmuş ismailiyyə məzhəbinə qarşı gizlətmədiyi düşmənçilik və nifrəti də göstərməkdədir...".

 

M.Ə.Rəsulzadə araşdırmasında Nizaminin türklüyünü bu faktlarla sübut edir: heç bir yerdə, farsca yazılmış heç bir əsərdə "türk" məfhumu Nizamidə olduğu qədər sevgi və məntiqi bir silsilə ilə ifadə edilməmişdir (alim "Xəmsə"də bu iddianın səksəndən çox dəlili olduğunu söyləyir), "türk" sözü Nizamidən əvvəl həqiqi mənada, nadir hallarda "ağlıq" və "gözəllik" mənasında işlənmişsə də, məcazi olaraq yalnız onun dövründə "yüksəklik", "paklıq", "gözəllik" mənalarını kəsb etmişdir. Nizami "türk" deyir, gözəl, mərd, qəhrəman, döyüşçü, sərkərdə, bilici, ər, rəhbər, başçı nəzərdə tutur, "türklük" deyir, gözəllik, yaxşılıq, təmizlik, doğruluq, mərdlik, qəhrəmanlıq, sərkərdəlik, başçılıq demək istəyir, "Türküstan" deyir, vəfa, doğruluq, vüsal nəzərdə tutur. Nizamidə "türk" gözəl deməkdir, o,"dilbər" sözünün yerinə çox zaman "torke-delestan", "torke-tənnaz", "torke-nazənin əndam" ifadələrinə yer verir, Nizami gözəl gözə "türk gözü", canalıcı gülüşə "türk gülüşü" deyir, bu gülüş o qədər şirindir ki, "şəkər belə ona həsəd aparır". Şair "Yeddi gözəl" poemasındakı gözəllərin hər birini türk gözəlinə bənzədir: "Rum şahzadəsi rum nəslindən olan türkdür", "kürd qızının gözləri bir türk gözü qədər gözəl idi", "ərəb gözəli türkə bənzəyirdi", "Leylinin ətrafındakı ərəb qızları Ərəbistanda yaşayan türklər idi", "ərəb əndamlı türklər hamını məftun edirdi", gözəllərin yaşadığı sarayın adı Türküstandır, zərif bədənli "türk kraliçasının adı Türknazdır". Nizaminin üslubunda türklük gücün rəmzidir, şairin lüğətində türk başçıdır, İskəndər "rum papaqlı türk"dür, peyğəmbər merac gecəsi bir türk kimi at çapır. Nizamiyə görə, türk ədalətin simvoludur, alim Nizaminin işlətdiyi türkcə sözlərin bir qisminin siyahısını çıxarır, hər birinin mənasını açıqlayır, lüğət tərtib edir, Nizamidə Qafqaz mövzusuna önəmli yer verir, Nizaminin təriflədiyi, əsərlərini həsr etdiyi hökmdarlar "Azərbaycan atabəyləridir" deyir.

 

M.Ə.Rəsulzadə monoqrafiyasında Nizaminin ədəbi kimliyini də tanıtmışdır. Alimə görə, Nizami Şərq islam mədəniyyətinin yetişdirdiyi şəxsiyyətdir, o, irfan şairidir, düşüncəsi Qurani-Kərimin dəyərləri ilə yoğrulmuşdur, tövhid əqidəsinə sahibdir. XII yüzillikdə Şərq islam mədəniyyətinin mərkəzi Azərbaycan olmuş, Nizami də bu zəngin elmi, ədəbi, dini mühitdə yaşamışdır, o, bağlı olduğu Azərbaycanın və bütün insanlığın şairidir, əsərlərində fikir nizamı var, "məzmun, hissiyyat nöqteyi-nəzərindən azərbaycanlı bir türk təfəkkürünə malikdir". O, müdrikdir, alimdir, şeyxdir, irfan tərbiyə sisteminə bağlıdır, "seyr və sülük təhsili almışdır", təvazökardır, "bütün poemalarını Gəncədəki dərvişxanəsinin dörd divarı arasında kimsədən bir şey ummadan yazmışdır". O, irfan əhlinin mənəvi ziyarətgahı olmuşdur, idealistdir, mücahiddir, cəmiyyət adamıdır, Nizami "epik janra gətirdiyi lirik səciyyə ilə özünə xas olan bir əfsanə üslub yaratmışdır", fars və türk məsnəvi yazanlarının ən böyük ustadıdır, dahidir, incə zəkası var. Nizami insanlara uca Allahı tanıdır, sağlam tövhid inancının formalaşmasına çalışır, islam peyğəmbərinə sevgisini ifadə edir, insanın dəyərini açıqlayır, ağıllı, imanlı, elmli insan tərbiyə etmək üçün dinin önəmini vurğulayır.

 

M.Ə.Rəsulzadə Nizaminin sənətkar kimliyini tanıdarkən bu məsələləri önə çəkir: Nizamidə qəhrəmanlıq mövzuları da, didaktika da, lirika da var, o, məsnəvi yaradıcılarının ən böyüyüdür, dastan dilinə lirik, emosional çalar bəxş etmişdir, məsnəvi yazanların şeyxidir, misilsiz təhkiyəçidir, əsərlərində müasir romançılığa xas keyfiyyətlər var, təbiət təsvirində onun tayı-bərabəri yoxdur, şair təbiət təsviri ilə əsərin ideyasını, obrazların duyğu və düşüncələrini ustalıqla bir-birinə bağlayır, təbiət Nizami şeirinin canlı ünsürüdür, o, simvolun, istiarənin misilsiz ustasıdır, şair əşyaları canlı təsvir edir: "... Gül Nizami şeirində sadəcə açmır, "köynəyini yırtır", bülbül yalnız ötmür, "eşqini bəyan edir", yasəmən bir çiçək ikən "türk" olur, səhrada "çadır qurur", lalə bir hindudur...".

 

Nizaminin yaradıcılığında elmin rolu böyükdür, o, dövrünün elmlərini, bədii əsərləri, folkloru, mifologiyanı, tarixi, dini, fəlsəfəni, astronomiyanı, etnoqrafiyanı, əxlaqi təlimləri, qədim, yeni dilləri bilirdi, şair dövrünün ensiklopediyasıdır, öyrənməyi çox sevir, gecə-gündüz çalışır, kainatın sirlərini oxuyur, məna xəzinələrinin qapısını açır. O, filosof, alim, fazil, orijinal şairdir, hikmət sahibi, mücahid, məktəb yaratmış şəxsiyyətdir. Nizaminin şeirləri sevgi ilə doludur, o, bu dünyanı tanıdır, axirət mərkəzli həyat yaşamağı təbliğ edir, iki dünyanı bir-birinə bağlayır, insana axirət səadətini qazandıracaq yol və işləri göstərir, deyir ki, sən tövhid qapısını döy ki, xoşbəxtliyin qapıları üzünə açılsın.

 

Nizamidə ruh bütövlüyü var, o, özünü uca Allaha təslim etmiş mömindir, sözü ilə işi birdir, kainat nizamı ilə uyum içərisindədir, qənaətkar və təvazökardır. Şairin metodunun əsasları bunlardır: orijinal olmaq, az, ancaq öz söyləmək, "namdar olmayınca namizəd olmamaq", fələk kimi yüksəlmək üçün fələk kimi dayanmadan fırlanmaq (çalışmaq), çəki ilə almaq, ancaq çəkmədən vermək.

 

M.Ə.Rəsulzadə qeyd edir ki, Nizami zahid olsa da, həyatı çox sevir, bədbin deyil, səbirlidir, eqoizmdən uzaqdır, kamil insan tərbiyə etmək istəyir, ağıla çox dəyər verir, ruhun ölməzliyinə inanır, ilahi eşqi tərənnüm edir, deyir ki, varlıq eşqin məhsuludur.

 

Nizami dindar, səmimi, fədakardır, tövhid inancına sahibdir, dualizmi rədd edir, "atəşpərəstliyin iki Allah ideyasını kökündən kəsib atır, o, atəşpərəstlərin amansız düşmənidir".

 

M.Ə.Rəsulzadə Nizami ilə bağlı yazdığı monoqrafiyaya bu sözlərlə yekun vurur: "Nizami təbiətin bir fenomenidir, təbiətin bir parçasıdır, fikri və sənəti arasında təzad yoxdur, ən parlaq xüsusiyyəti həyatsevərlik və eşqdir, onda atom enerjisi var, o, bu enerjiyə, özündəki dinamizmə qurucu bir istiqamət verə bilmiş, onu özündə mövcud olan zühd, təqva və ideyalılıq sayəsində müəyyən bir qəlibə sala bilmişdir", o, təbiət qədər coşqundur, nikbindir, ümid və cəsarət aşılayır, ilahi sənətkardır, bəşər mədəniyyətinin bayraqdarıdır.

 

Siracəddin HACI

 

525-ci qəzet.- 2017.- 30 mart.- S.6.