Şeirimizin ağ
baxtısan...
ŞAİR PAŞA QƏLBİNURUN 65 YAŞINA
Bu gün 65 yaşın tamam olur, əziz
qardaşım! Düz
otuz il bundan
əvvər qürub çağının sehrli
rənglərinə büküb
göndərdiyin "Payız
məktubu"na illər
keçəndən sonra,
bu əziz günündə bənövşə
ətriylə süslənmiş
"bahar məktubu"mla
cavab göndərirəm.
Bu məktubum əslində
keçib gəldiyimiz
bu yollarla, bizim arxamızca uzanan əllərlə, yolumuza çıxan yağışlarla, sellərlə
olan söhbətimdi.
Mən bir dəfə yazmışdım: "Bizi
tanış edən, yüz ilin dostu
edən bu qos-qocaman Bakıya ilk dəfə gələndə
"Canavar ağzı"ndan
keçib gəldik. Yuxarıdan şəhər əl içi kimi görünürdü. Canavar gözləri
kimi alışıb-yanan
milyon-milyon işıqların
içində biz kimi
axtarırdıq? Heç özümüz
də bilmirdik. Əlimizi əlinə almış qaraçı
qızının ovcumuzun
içindəki xətlər
kimi qarmaqarışıq
pıçıltılarını dinləyə-dinləyə başa
düşdük ki, bizi al dilə çəkə-çəkə bu doğma , bu "qərib"
şəhərə gətirib
çıxaran da əllərimizdi". Bu əllərlə
biz tanış olduq, yuva qurduq,
dost hayına, harayına
çatdıq, övladlarımızın
başına sığal
çəkdik, şeir
yazdıq, ağac əkdik, ac göyərçinlərə
dən səpdik, bir yetimi sevindirdik.
Amma sənin sirli, sehirli, heykəli qoyulası əllərin möcüzələr
yaratdı, əziz qardaşım!
Bu qeyri-adi əllər
yüzlərlə bəşər
övladını zülmətin
pəncəsindən xilas
etdi, dua etdi, tanrı dərgahına doğru uzandı.
Ulu Şəmkir
çayına 13 yaşında
pıçıldadığın "Gözlər"i sular alıb aparsa da, o gözlərin işığı, nuru səni çox, çox uzaqlara apardı.
Nəslindən, nəcabətindən gələn genetik saflıq, təmizlik, halallıq, aydan arılıq, sudan
duruluq, aristokratlıq,
ağayanalıq, qəlbini,
gözünü, könlünü
işıq, nur daşqınlarına çevirdi.
40 ildən çoxdur ki, xalqımız səni Qəlbinur kimi sevir, bağrına
basır, səninlə
qürur duyur, şöhrətinin kölgəsində
yatan, gözü ayağının altını
görməyən, yuxulu
doğulub, yuxulu da bu dünyadan
köçən xəbis,
xain, cılız nadanlar üçün tərs şapalaq olan hər addımınla,
hər şeirinlə,
hər nəğmənlə
sən dostlarının
qəlbində Savalan dağı kimi ucalardan ucasan, əziz qardaşım!
Şairlər içində sən
bir incisən,
Dostların içində sən
birincisən, -
dediyim günlərdən
düz qırx il ötüb. Bu illər ərzində dünyaşöhrətli oftalmoloq,
Azərbaycanın görkəmli
şairi, böyük
uğurlarıyla hamının
qürur duyduğu Paşa Qəlbinur "bir santim" belə dəyişməmiş,
sadəliyi, səmimiliyi,
xeyirxahlığı, nəcibliyi
ilə az qala hamının and yerinə çevrilmişdir.
Qaşların gibləgahdır,
Ucun əymə
günahdır.
Şuşaya duman gəlsə,
Bil ki mən çəkən ahdır.
1984-cü
ildə yazdığın,
bu bayatını epiqraf kimi verdiyin
bir şeirində sən nə qədər uzaqgörən,
öncəduyan, fəhmlə,
duyğuyla hiss edən,
narahat olan ürək adamısan, əziz qardaşım!
Qarabağ dərdiylə, Böyük
Azərbaycan taleyilə
bağlı nə qədər bənzərsiz
şeirlərin var. Sən
onları ürəyinin
qanıyla yazmısan.
Barlı budaq kimi ancaq
ana torpağa əyilən məğrur,
mərd, mətin, istedadlı qardaşım,
sənin uğuruna qısqananlar, narahat olanlar, yuxusu ərşə çəkilənlər
də oldu bu illər ərzində. Kölgənin kölgəsi olmağa belə layiq olmayan bu adamlar
sənin işığından
yaman qorxdular. İşıqdan qorxan yarasalar.
Sən özün bir nəğməndə nə
gözəl demisən:
Yer üzündə bir it olsa,
Gəlib tapıb qapar məni.
O əniklərə ən böyük zərbə sənin uğurların oldu, əziz qardaşım! Zaman o itlərin qulağını
bu gün olmasa da, sabah mütləq kəsəcək. Sənin
istər sevgi, istərsə də döyüş meydanında
kişi kimi, qladiator kimi döyüşün buna ən tutarlı
cavabdır.
Bir Paşa min olar!!!
Şimşəklərə qoşular!
Sökər
Başının üstündə daş pərdələri.
Bu illər uzunu redaktoru olduğum neçə-neçə kitablarında
getmiş bir-birindən
gözəl, qeyri-adi şeirlərinlə sən
müasir poeziyamızın
ən qüdrətli şairlərindən biri olduğunu təsdiq etdin. Bu, sənin ana südü kimi pak, halal haqqındır,
əziz dostum!
Qurd kimi yalnızam, şir kimi güclü,
Sən mənim
yoluma çıxa bilməzsən.
Sən deyən deyiləm, sən olammaram -
Pul kimi hamının xoşuna gələm.
Mənim
bir az
Günnən yaxınlığım
var,
Mənim
bir az
Aynan yaxınlığım
var.
Ayın
nurundan çox üzdə həyam var,
Kürün suyundan çox ilham payım var.
Düşmənim, dostlarım saysız-hesabsız,
Taleyim -
Cənabi Haqqın nurunda!
Sən mənim haqqımı tapdayammazsan!
Aya, göyə, suya atılan güllə,
Gücün nə olsa da, zərrəsən, tozsan,
Sən mənim
haqqımı tapdayammazsan.
Sən həqiqətən beləsən,
ürəyi qızılgül
ləçəyi Paşa
Qəlbinur dostum!
Şairlərin ən ərköyünü,
ən xeyirxahı, ən ucası, həkimlərin ən istedadlısı, ən sadəsi.
Qapın hamının üzünə
açıq oldu həmişə. Mən sənin doğulduğun
Çinarlıda olduğumuz
günləri xatırlayıram.
El-oba səni
necə də sevir, səninlə qürur duyur. İllər uzunu qoruyub saxladığın
üzündəki o işıq,
o nur, çöhrəndəki
utancaq təbəssüm,
uşaq saflığı
halalın olsun, qardaşım! İllər uzunu şeirlərinlə,
nəğmələrinlə ürəklərə yol tapdın.
Dost olduğumuz bu
40 ildə mən sənin "yox" kəlməni eşitmədim. Zülmətdə
yol azanları işığa çıxaran
Məlikməmməd qardaşım!
Azərbaycanımızın ən görkəmli şəxsiyyətləri, elm, ədəbiyyat,
incəsənət adamları
sənin yaradıcılığın,
büllur şəxsiyyətin
haqqında söz dedilər. Bu yubiley
günündə onlardan
bəzilərini yada salmaq Allaha da
xoş gedər.
Yusif Səmədoğlu: - Paşa
Qəlbinur şəxsiyyəti
nurla dolu istedadlı şairimizdir.
Ramiz Rövşən: - Mən
həkim olmasam da, Paşa Qəlbinurun
şeirlərini oxuyandan
sonra, onun sənəti haqqında aydın təsəvvürüm
oldu və təkrar edirəm ki, onun poeziyası
məndə belə bir inam yaratdı
ki, lazım gəlsə, mən öz gözlərimi onun cərrah bıçağına etibar
edə bilərəm.
İmam
Mustafayev: - Dünyada böyük alimlər çox olub, dahi şairlər də. Ancaq Paşa Qəlbinur
hər iki ağır yükün nəhəng daşıyıcısıdır.
Mirəli
Seyidov: - Paşa Qəlbinur söykökü
minillərdən gələn
xalqımızın etik
normalarının, genetik
istedadının, qan yaddaşının uğurlu
daşıyıcısıdır.
Qəhrəman Qəhrəmanov: - Paşa
Qəlbinur bütün
zamanlar üçün
Azərbaycanımızın ən böyük alimlərindən biridir, minillik Azərbaycan poeziyasının bənzərsiz
şairidir. Vətənimizin bu çətin
günlərində Azərbaycanımızı
dünyada tanıdan tək-tək oğullarımızdan
biridir.
Mən bir fizioloq kimi
deyirəm: Paşanın
qanından damla-damla xalqımızın övladlarının
qanına paylamaq - peyvənd etmək lazımdır.
Yevgeni Reyn: - Mən ömrümdə, yaxşı mənada, bir neçə dəfə heyrətlənmişəm. Onun biri Paşa Qəlbinuru oxuyub tərcümə edəndə olub. Qəlbinurun poeziyasında tanıdığım böyük şairlərdən daha güclü şeir enerjisi və dünyanın heç bir şairini yada salmayan bənzərsizlik var. O, əsl şairdir.
Mən bu yazımı "Şeirimizin ağ baxtısan" adlandırmışam. Sən həqiqətən yaşadığın şərəfli ömürlə şeirimizin ağ baxtısan. Afaqınla, Ayselinlə, Turalınla, Ayanınla xoşbəxt ol, əziz qardaşım! Sənin xoşbəxt olmağa çox, lap çox haqqın var. Uzun-uzun illər qabaq mən sənin üçün nə yazmışdım, xatırlayırsan?
Tanrıdı, taledi, göylərdən gəlib,
Könlündən süzülən Günəşdi, Aydı.
Mənim ürəyimdə bu yer üzündə
Oxuyan ən ulu nəğməli çaydı.
Körpədi, kövrəkdi bir duyğu kimi,
Yarpaqdı, dənizdi, səsdi, sədadı.
Heç zaman susmayan, nəğmə oxuyan
Ən yaxın, ən uzaq yaşıl adadı.
Bu gün də elə o fikirdəyəm. Ad günün mübarək böyük insan, böyük dost, böyük şair!
Zülfüqar
ŞAHSEVƏNLİ
525-ci qəzet.- 2017.- 30 mart.- S.7.