Macarları müsəlmanlaşdırmalımı,
yoxsa...?!
(Publisistik hekayə)
Bugünlərdə Qaqauzlarla bağlı bir tədbirə getmişdik. Dostlardan biri çıxışında
bir hadisəni xatırlatdı. Mən də
düşündüm ki,
bu hadisəni düşüncələrimlə birgə sizin üçün nəql edim.
Deməli,
iki ildir ki, Macarıstanda keçirilən "Macar-Turan
Qurultayı"na qatılırıq. Hər dəfəsində
də macarlara olan heyranlığımız
artır. Ölkəmizə
xoş duyğularla dönür və bunun təsiri ilə az
qala qılınc götürüb Avropanı
fəth etmək keçir könlümüzdən.
Nəsə, bu cür pafoslu sözlərlə yormayım sizi.
Buqacda (Macarıstanda
bir bölgə adı) keçirilən tədbir zamanı günəşdən qorunmaq
üçün bir kənara çəkilib özümüz özümüzlə
dərdləşirdik. Tədbirin təşkilatçılığından,
türk xalqlarının
birliyinin labüdlüyündən
ağız dolusu danışırdıq. Xoşbəxtlikdən
yanımızda olanlardan biri də elə macar qardaş idi. Biz onları
tərifləyir, ala-yarımçıq
ingiliscə ilə aramızdakılardan biri də çevirirdi.
Bu zaman bizimkilərdən
biri dedi ki, burda hər
şey yaxşıdır.
Hətta
bunların özlərini
türk oğlu adlandırmaları lap ürəyimcədir.
Kişilər Avropanın
göbəyində "biz Atillanın torunlarıyıq"
- deyib fəryad edirlər. Amma... Dostumuzun bu "amma"sı, elə mahircə deyildi ki, diqqəti başqa yerdə olanların hamısı susdu və "amma"nın nə olduğunu anlamaq üçün diqqət kəsildi. Hə, onu da deyim
ki, bu dostumuz
bizdən fərqli olaraq, Macarıstana birinci dəfə idi gəlirdi. Dini tərəfi bir az ağır basdığından
arada bir onunla zarafat da edirdik. Hətta bizim
səfərimiz orucluğa
düşdüyündən xristian macarların bizə sunduğu axşam yeməyi zamanı kiçik bir mübahisə də etmişdi Türkiyədən gələn
qardaşlarla. Belə ki,
Türkiyədən gələn
qonaqlardan biri təşkilatçıya bildirmişdi
ki, biz müsəlmanıq,
axşam yeməyini elə salın ki, iftara düşsün.
Yazıq xristian türklər də müsəlman türk qardaşlarını məmnun
etmək üçün
yeməyi bir az yubadaraq
iftara salmışdılar.
Yemək
zalına təzəcə
keçmişdik ki, Türkiyədən gələn
biri ucadan "Allahu əkbər" deyib namaz qılmağa
başladı. Nə etmək
olar, ta Koreyadan, Tuvadan, Moldovadan tutmuş Əfqanıstana qədər
ərazilərdən gələn
hər kəs ya onlara qoşulmuşdu,
ya da kənarda
durub xristianlar kimi bunların namazının bitməsini
gözləmişdi. O zaman da məhz
bu "amma" deyən dostumuz etirazını bildirmiş,
iftarın vaxtı olmadığını demişdi.
Biz də zarafatca
dedik ki, bu macarlar sünni
xristianlardır, fikir vermə. Çünki dostumuz şiə
idi və sünnilərin oruc vaxtı ilə şiələrinki üst-üstə
düşmürdü.
Ağsaqqallardan biri - oğul, o "amma" nədir elə, - deyə müraciət edərək,
dostumuzu fikrini cəsarətli şəkildə
deməsinə kömək
etdi sanki.
- Bilirsiz, bəli, bunlar bizim qardaşlardır,
türklərdir, amması
odur ki, məncə, bunları müsəlman etməyin vaxtıdır. Adamları göz görə-görə
cəhənnəmə yola
sala bilmərik. Haqq dinini onlara
təbliğ etməli,
İslamın gözəllikləri
ilə tanış
etməliyik. Axı
biz qardaşıq bunlarla,
qanları qanımızdan,
canları canımızdandır,
- deyərək bir
"ah" da çəkdi.
Hə, bəlkə
də siz bu dəqiqə oxuyanda bu cümlələri
özümdən quraşdırdığımı
düşünəcəksiniz. Əlbəttə ki, düşüncəmiz
yaxındırsa, yox, əgər onunla eyni düşüncədəsinizsə,
burda nə var ki, deyib,
mənə ironiya ilə güləcəksiniz.
Bəlkə də uzun zaman olduğu üçün mən onun dediklərini tam ifadə edə bilmədim, amma bundan da kəsərli
söyləmişdi qardaşımız
o vaxt.
Aramızdakı Qaraçöplü qardaşın
şirin atmacalarından
səfər boyu feyz almışdıq o zaman. Elə bu məqamda da dinc qalmadı: "Deyirsən, bu macarları da müsəlman edək?"
Adını demək istəmədiyim
"amma"lı dostumuz
məsələni elə
ciddi qoymuşdu ki, bundan artıq
zarafat etmək etik olmazdı. Kiçik
bir sükutdan sonra orta yaşlılarımızdan
biri dedi ki, bunlar Osmanlı
zamanında dinlə tanış olublar. Hətta burda türbə-filan
da var. Türkiyədən
gələn missionerlərin
əli ilə bu işi görmək
olar. Onsuz da bunlardan xristian olmaz. Fikir vermisinizmi, bunlardakı xristianlıq digər avropalılardakı kimi deyil. Heç düz əməlli
kilsələri də
yoxdur. Məsələn, təkcə Gürcüstanda
addımbaşı kilsə
var və ora gələn hər qonağı ilk olaraq kilsəyə aparırlar. Amma bunların
heç yadına düşmür ki, xristiandırlar. Çox asanca
təbliğ etmək
olar və tez bir zamanda
da İslam burda yayılar.
Bunu deyərək, bələdçi
macarların xristianlıqla
tanış olduğu zamanda baş vermiş bir əhvalatı xatırlatdı bizə. Siz mövzuya əcəm qaldığınız üçün
sizə də mən danışım yenə. Deməli, macarlar Budapeştin
ən hündür təpələrindən birində,
üzü asta-asta axan Dunay çayına
sarı, şaman məclisi keçirirlərmiş.
Bir xristian missioneri də bu törəndə
imiş. Törən
bitəndə başlayıb
bunları xristianlığa
dəvət etməyə
və deyib: "Siz yanlış yoldasınız. Əsl din, tək Allahın
dini olan İsanın dinidir ki, Allahın ona göndərdiyi bu İncillə hamımız qurtulacağıq.
Xilasımız sadəcə bu
kitaba inanmaqla olacaqdır. Bizi qurtarsa,
qurtarsa bu kitab qurtarar". Bir çılğın macar
bu məqamda ayağa qalxıb və missoneri uçurumun yanına gətirərək - "deyirsən
ki, bu kitab
hamımızı qoruyar
və xilas edər?" -Bəli,
deyib missioner. O zaman səni bu uçurumdan
atıram, kitabı da əlində saxla, əgər səni qurtarsa, biz də tapınarıq bu kitaba, - deyib
və missioneri uçurumdan aşağı
atıb. Sonralar isə zəifləyən
macar ordusunun sərkərdəsi Arpad məcburi
olaraq siyasi evlilik edib papa ilə. Beləcə macarlar xristian
olublar".
Artıq ala-yarımçıq tərcümə
işə yaramırdı. Bir də
necə başa salardıq ki, ay macar qardaş, səni dinimizə dəvət edirik. Belə birbaşa olmazdı axı. Gərək üsulunca, "fetoçular
kimi" asta-asta edərdik bunu, qızılgüldən, lalədən
başlayaraq. Tərcümə qırıldığı üçün
macar qardaşımız
da gözlərin döyüb bizim mübahisəmizi, sadəcə,
mimikalardan anlamağa çalışırdı.
Uzun sözün qısası, "amma"lı dostumuz buna etiraz etdi. Türklərin əli ilə olmaz, çünki orda sünnilər artıq camaatlara bölünüb, din hədəqəsindən çıxıb, ən yaxşı halda bunlara bizim Azərbaycandakı kimi təmiz İslamı-şiəliyi təbliğ etməliyik. Hətta Şah Xətayi qızılbaşlığı ilə təbliğata başlasaq, daha tez effekt verər. Bir də onu qeyd etdi ki, İran da kitabla-filan ciddi dəstək verər bu işdə.
Elə bunu demişdi ki, digər bir həmyerlimiz onun sözünü ağzında kəsib dedi: "Xahiş edirəm, İran şiəliyi ilə Şah İsmayıl qızılbaşlığını qarışdırma. Ayrı-ayrı şeylərdir bunlar".
Nəsə, bizim söhbət yarızarafat, yarıciddi əməlli-başlı müzakirəyə, mübahisəyə döndü. Bu macarları müsəlman etməyin yolların arayaraq ortaq məxrəcə gələ bilmədik ki, bilmədik. Söhbətimizə Türkiyədən gələn qardaşlardan da qoşulan oldu və həmin adam o tərəf, bu tərəfə baxıb, "Türkiyənin dərin dövlətinin bununla bağlı bir proje hazırladığını" da dedi.
Söhbətin elə bir nəticəsi olmadığı üçün mən də burda dayandırıram, çünki macarları sünnimi, şiəmi etməyin qərarına gələ bilmədik.
Yenə axşam yeməyindən sonra adətimizlə şəhərə gəzməyə getdik. Gecə saatları idi. Budapeştin şən küçələrində gənclərin bir-biri ilə sərbəst gəzişməsini, əylənməsini görür, keflərinin saz olduğunun şahidi olurduq. Və ordaca belə qərara gəldik ki, yox, qardaş, gəlin bunlara dəyməyək, qoy elə yalançı xristian kimi yaşayıb getsinlər, birdən bunlar da dönüb olar müsəlman və birdən də bizdən əməlisaleh olarlar, bəs onda biz o dünyada cənnətdə yer tapa bilməsək, nə olacaq. Yaxşısı budur, qoy elə onlar kafir olaraq qalsınlar.
P.S. Hərdən yadıma
düşəndə bu hadisə vicdan əzabından yerimin
içində dik atılır,
Allahımıza etdiyimiz bu
əməlimizə görə yalvarıram ki,
bizi bağışlasın: onlara haqq yolu
göstərmədiyimiz üçün bizi, onlar da
haqq yola gəlmədikləri
üçün onları.
Şəmil SADİQ
525-ci qəzet.- 2017.- 30 mart.- S.8.