Erməni canilərin
Naxçıvanda törətdikləri qırğınlar
Fərman Kərimzadə yaradıcılığında
Fərman Kərimzadənin 1960-cı ildə qələmə
aldığı, 1963-1964-cü illərdə isə Beyləqan
rayonunun "Yüksəliş" qəzetində hissə-hissə
çap etdirdiyi "Qızıl külçəsi"
yazıçının ilk povestidir.
Əsər Azərbaycanın ilk realist rəssamı,
boyakar və qrafik Bəhruz Kəngərlinin (1892-1922) xatirəsinə
ithaf olunub. O,
uşaq yaşlarında ikən səhhətində yaranan
problemlə əlaqədar olaraq təhsilini
yarımçıq qoymağa məcbur olmuş və rəssamlıq
yolunu seçmişdir. B.Kəngərlinin
yaradıcılığında 1918-1920-ci illərdə erməni
daşnaklarının Azərbaycanda törətdikləri faciələri
əks etdirən, öz torpaqlarından zorla qovulmuş və
Naxçıvana pənah gətirmiş
qaçqınların portretlərinin təsvirindən ibarət
silsilə əsərlər mühüm yer tutur.
"Qaçqınlar", "Qaçqın qız",
"Qaçqın oğlan", "Qaçqın
qadın", "Yurdsuz ailə", "Ayaqyalın
qaçan oğlan" və s. Bu silsiləyə daxil olan
portretlər həm sənətkarlıq baxımından, həm
də tarixi sənəd kimi əhəmiyyətlidir.
F.Kərimzadə Bəhruz Kəngərli ilə
bağlı arxiv materiallarını, tarixi sənədləri
diqqətlə araşdırmış, rəssamın
maraqlı və yaddaqalan obrazını yaratmışdır. Rəssam
çəkdiyi portretlərin daxili-psixoloji aləmini
ustalıqla açıb göstərmişdir. O,
qaçqın uşaqların simasındakı vətən həsrətini,
gözlərindəki qəm-qüssəni sənətkarlıqla
əks etdirmişdir.
Povestdə erməni daşnaklarının keçən
əsrin əvvəllərində Naxçıvanda törətdikləri
vəhşiliklərdən, ədalətsizliklərdən və
yerli əhalinin səngərlərdə gecə-gündüz
torpaqlarını müdafiə etmək üçün
göstərdikləri mərdlik, qəhrəmanlıq və rəşadətdən
söhbət açılır. Öz ev-eşiklərindən
uzaq düşüb səngərlərdə qalmağa məcbur
olan günahsız insanlar bu müharibənin
qurtaracağı, isti ocaqlarına qayıdacaqları
günü səbirsizliklə gözləyirlər.
Əsərdə Bəhruz, İsmayıl, Məşədi
Muxtar, Qənbər, Cümsün, Küsgün və başqa
yaddaqalan obrazlar vardır. Yazıçı
povestdə iki şəxsin fəaliyyətini daha qabarıq
şəkildə nəzərə çarpdırır.
Bunlardan biri Bəhruz, digəri isə
İsmayıldır. Əgər Bəhruz
yaratdığı tablolarda xalqın başına gətirilən
müsibətləri, xarabazara çevrilmiş vətənin
ürəkparçalayan lövhələrini əks etdirməklə
həmvətənlərinin dərdlərini göstərməyə,
onlarla həmfikir olmağa çalışırsa,
İsmayılda xalqı müharibəyə səfərbər
etməkdə, döyüş səngərlərində
daşnaklarla mübarizə aparan yerli əhalinin hərbi
sursatla və ərzaqla təmin olunmasında əsl vətənpərvərlik
göstərir.
Səngərlərdə bütün çətinliklərə
sinə gərən əsgərlər gün ərzində
bir ovuc arpa qovurması yesələr də, düşmənə
qarşı mərdliklə vuruşurlar. Onlar
Naxçıvanı alınmaz bir qalaya çevirir, hər
gün Vedidən, Şərildən, Dərələyəzdən
gələn qaçqınları orada yerləşdirirlər.
Povestdə istedadlı rəssam kimi şöhrət
qazanmış Bəhruzun kamil obrazı
yaradılmışdır. O, xəstə olduğu
üçün səngərlərdə vuruşa bilmir. Onun səhhəti elə vəziyyətdədir ki,
yaşamağa da ümidi yoxdur. Buna görə
də anası cavan oğlunun uğursuz taleyini
düşünərək göz yaşı tökür.
Bəhruz ağrılar içərisində əzab
çəkib çətin, üzüntülü anlar
yaşasa da, yalnız vətəni, xalqı, doğma
el-obasının erməni daşnaklarından necə təmizlənəcəyi
haqqında düşünür. Məşədi Muxtar
kimi namərdlər özləri üçün
yaşayıb cəbhəyə heç bir köməklik
göstərməyəndə Bəhruz öz nişan
üzüyünü, anası isə gümüş kəmərini
cəbhəyə göndərir.
Əsərdə Bəhruzun humanistliyini, insanpərvərliyini
göstərən cəhətlərdən biri də erməni
əsirliyindən xilas edilmiş Cümsünə münasibətdə
daha dolğun əks olunmuşdur. Belə ki, Bəhruzun
ailəsi maddi ehtiyac içərisində yaşasa da o, bu
yetim, kimsəsiz qızı evlərinə aparır və
öz anası, bacısı kimi onun qayğısına
qalır. Bəhruz əsirlikdə ikən saçına
həftələrlə daraq dəyməmiş bu bədbəxt
qızın portretini çəkmək haqqında
düşünür: "Onun portreti Bəhruzun ən gözəl
əsəri olacaqdır. Bu portretdə o, öz
zəmanəsini, dövrünü, insanların əzab-əziyyətini
təsvir edəcəkdir".
Ailələrini dolandırmaq üçün Bəhruz
öz varlığı qədər sevdiyi şəkilləri
satmaq məcburiyyətində qalır. Bu məqsədlə
də üzərinə "Naxçıvan yadigarı"
yazılmış albomu şair dostu Küsgünə verir.
O isə çox qiymətli albomu cəmi bir manata Məşədi
Muxtarın oğluna satıb, pulu Bəhruza verir. Sənətinə verilən bu ucuz qiymətdən Bəhruz
çox sarsılır. Lakin çox
çəkmir ki, bir manatı dasanki ona çox görürlər.
Məşədi Muxtar oğlunun ondan xəbərsiz
aldığı albomu gətirib təhqiramiz şəkildə
pulunun geri qaytarılmasını tələb edir. Bəhruz çıxılmaz vəziyyətdə
qalır. Artıq həmin pul evə xərclənmişdir.
Cümsün belə bir məqamda ona kömək
əlini uzadır. Bəhruzdan gizli olaraq
anasından yadigar qalmış üzüyü Məşədi
Muxtara verib onu yola salır.
Bütün bu çətinliklər, məhrumiyyətlər
içərisində ikən Bəhruz xəstə vücudu
ilə yenə də yaratmaq əzmi ilə yaşayır. Müharibənin insanlara
vurduğu dəhşətli mənzərələrə
baxdıqca vəhşiləşmiş ermənilərə
nifrət edir, yüzlərlə, minlərlə insanların məhvinə
səbəb olan, gözəl yerləri, obaları xarabazara
çevirən bu mənfur cəlladların törətdikləri
cinayətləri ürək ağrısı ilə öz
tablolarında əks etdirməyə çalışır:
"Bəhruz qayışının altından şəkil dəftərini
çıxartdı. Qara, yumşaq karandaşla
gördüklərini çəkmək istədi. Ancaq nədən başlaya idi? Yorğan-döşəyi
yanmış yük yerindənmi? Ağacdan
asıla qalmış boş beşikdənmi? Bir belə xarabanı kiçik bir kağıza yerləşdirmək
olarmı? Olmaz. Ancaq lazımdır...
Qoy adamlar bu şəklə baxanda fikirləşsinlər
ki, dünyada ağıllı yaşamaq lazımdır".
Yazıçı əsərdə Bəhruz,
İsmayıl, Cümsün və başqa müsbət
obrazlarla yanaşı, onlara zidd mövqedə dayanan baqqal Məşədi
Muxtar kimi tipik bir surət də yaratmışdır. Ömrü
boyu qızıl, var-dövlət yığmaqla məşğul
olan Məşədi Muxtar yalnız özünü və nəvə-nəticəsini
düşünür. Cəbhəyə
heç bir köməklik göstərmir. Təbrizdən patron, taxıl almaq üçün
qızıl lazım olanda da İsmayıl nə qədər
israr etsə belə o, qızılı olduğunu boynuna
almır, yardım göstərməkdən imtina edir.
Məşədi Muxtarın tamahkarlığı o həddə
gəlib çatır ki, o cinayətə də əl
atır. Mərənd
şəhərinə mal gətirməyə gedən Məşədi
özü ilə gətirdiyi ustaya ev tikdirərkən
qızıl küpünü gizlətmək üçün
divarda boş yer saxlatdırır. Sonra sirrin
üstü açılmasın deyə mərəndli ustaya zəhər
verib öldürür.
Səngərdə daşnaklara qarşı vuruşan Qənbərə
bir dürmək yuxa verib əvəzində ondan qızıl
alır. Qənbər düşmən gülləsindən
ölərkən dürmək əlində qalır. Məşədi Muxtar üçün vətən,
yurd, torpaq anlayışı yalnız məhdud ailə çərçivəsində
başa düşülür. Haram yollarla əldə
etdiyi qızılları gizlədərkən
öz-özünə deyir: "Bu sarının
etibarını mən yaxşı bilirəm. Adəmdən
xatəmə qədər hörmətli olub. Həmişə də olacaq. Qoy
qalsın. Özümə qismət olmasa
da, nəvəmin, nəticəmin dadına yetər".
Əsərin sonunda Məşədi Muxtar öz
tamahkarlığının qurbanı olur. Evin damında
gizlətdiyi qızıl küpünü düşürərkən
ermənilərin atdığı toplar Məşədi
Muxtarı qızıllarla birlikdə havaya sovurur. Beləliklə də, hərisliklə,
acgözlüklə, xalqın qanını soraraq
topladığı qızıllar bu mənfur simanın
özünə qənim kəsilir.
Müəllif əsərdə iki şəxsin
qızıl külçəsinə sahib olduğunu göstərir. Bunlardan biri - Məşədi
Muxtar sözün həqiqi mənasında, ikincisi - Bəhruz
isə məcazi mənada var-dövlətə sahib olan adamlar
kimi təsvir olunur: "Bəhruz heç kimin diqqətini cəlb
etməyən xəzinəsindəki cavahirlərin arasında
dayanmışdı. O, əllərini qoynuna qoyub
baxırdı. Bu xəzinəyə təzə əlavə
elədiyi qızıl külçəsinə baxırdı.
Bu qızıl külçəsi sarı
deyildi, onu kisəyə yığmır, küpələrdə
gizlətmirdilər. Bu elə bir
qızıl idi ki, çətin günlərdə dizlərdəki
taqəti, ürəklərdəki ümidi, gözlərdəki
işığı qoruyub saxlamış, adamları bahara
çıxarmışdı.
Bu, ayağı çarıqlı, papağı ulduzlu,
dizi yamaqlı, gözləri isə ümidlə parıldayan
İsmayılın şəkli idi".
Yazıçının "Qızıl külçəsi"
povestində təsvir etdiyi tarixi hadisələr XX əsrin
sonlarında yenidən təkrarlandı. Ermənilərin
zaman-zaman Azərbaycan xalqına qarşı torpaq iddialarında
olmaları nəticəsində günahsız
insanlarımız soyqırıma məruz qalmış, öz
ata-baba yurdlarından didərgin düşmüş, nəticədə
vətənimizin gözəl guşələri
yağıların əlinə keçmişdir. Son onilliklərdə Qarabağ torpaqları da məhz
ermənilərin əsrlərlə davam edən xəyanətkarlığının
qurbanı olmuşdur. İstedadlı
yazıçımız Fərman Kərimzadə çox
böyük uzaqgörənliklə qələmə
aldığı bu əsərində bir daha ermənilərin
təcavüzkarlığından, fitnəkarlığından
bəhs etmiş, düşmənə qarşı mübarizədə
öz həmvətənlərini vahid mövqedən
çıxış etməyə, birləşməyə səsləmişdir.
Bu mənada Fərman Kərimzadənin
"Qızıl külçəsi" povesti
çağdaş dövrümüz üçün də
olduqca aktual və əhəmiyyətlidir.
Gülbəniz Babayeva
Filologiya üzrə fəlsəfə
doktoru
525-ci qəzet.- 2017.- 31 mart.- S.4.