Mənəviyyat ocağımızın
işığı və istisi: Nizami adına Ədəbiyyat
İnstitutunda ədəbi proses
Ədəbi proses bütövlükdə real, canlı ədəbi həyatı təcəssüm etdirir, ədəbi inkişafın, ədəbiyyatın müxtəlif meyl və təmayüllərini, nəsillərin qarşılıqlı əlaqələrini özündə əks etdirərək toplayır.
Yazılan bütün əsərləri ədəbi prosesə daxil etmək olmaz. Mütəmadi olaraq yazılan bədii nümunələrin estetik tutumu, keyfiyyəti, poetik səviyyəsi, ədəbi çəkisi olmalıdır ki, ədəbi tənqidin diqqətini cəlb etsin. Yüksək sənətkarlıq tələblərilə yazılan, çap və nəşr edilən əsərləri izləmək, onları ictimaiyyətə təqdim etmək tənqid və ədəbiyyatşünaslığın vəzifələrindən biridir. İstedad və sənətkarlıqla yazılan əsərlər ədəbi qiymətini almalıdır.
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, burada çalışan ədəbiyyatşünas alimlər, tənqidçilər daim ədəbi prosesin inkişaf dinamikasının izlənməsi, tənzimlənməsi, təhlili,tənqidi və təbliğində böyük rol oynayırlar. Bu gün də həmin tarixi ənənə davam etməkdədir.
Eyni zamanda Ədəbiyyat İnstitutunda çalışan tənqidçi və ədəbiyyatşünaslar elmi-tədqiqat işləri ilə bərabər, bu və ya digər miqyasda, səviyyədə və müəyyən (az-çox) məhsuldarlıqla ( bütün mədəni dünyada, həmçinin Azərbaycanda çoxdan yazıçı-alim, alim-şair tipi vardır), bədii ədəbiyyat nümunələri yaratmışlar və bu gündə müxtəlif janrlarda əsərlər yazırlar.
Son üç ildə Ədəbiyyat İnstitutunda canlanma göz önündədir. İnstitutun rəhbərliyinin burada elmi fəaliyyəti yeni bir yüksək mərhələyə qaldırmasını vurğulamaqla yanaşı, qeyd edək ki,bədii yaradıcılığa məhəbbəti analoqu olmayan hadisədir. Rəhbərlik mütəmadi olaraq orijinal təşəbbüs və təşkilati yenilikləri ilə hamını sevindirib, təəccübləndirir.
Bu yaxınlarda Ədəbiyyat İnstitutunun direktoru, hörmətli ədəbiyyatşünas alim, akademik İsa Həbibbəylinin təşəbbüsü ilə institutun nəzdində “Elmi Şuranın 29 oktyabr 2016-cı il tarixli qərarı ilə “Ədəbiyyatşünaslıq+” Yaradıcılıq Birliyi yaradıldı. Birliyin ətrafında iyirmi nəfərə yaxın ədəbiyyatşünas alim cəmləşdi. Bu birlik üzvləri həm tədqiqatçı kimi istedadlı alimlər, həm də bədii ədəbiyyatın müxtəlif janrlarında qələmlərini sınayaraq uğur qazanmış şairlər, nasirlər, publisistlər və tərcüməçilərdir.
Tez bir zamanda Birlik üzvlərinin ədəbi-bədii materiallarının toplanmasına və onların əsərlərinin tərəfimizdən növ və janrlar üzrə təsnif olunmasına başlandı (nəsr, poeziya və tərcümə).
Bu tədqiqatda məqsədimiz institutumuzdaki ədəbi prosesi üzə çıxarmaq, burada fəaliyyət göstərən alimlərin yaradıcılıq nümunələrini izləmək, araşdırmaq və təhlil etməkdən ibarətdir.
Ədəbiyyat İnstitutundakı ədəbi prosesi yaradan alim şəxsiyyətlərdən söz açmaq istəyirəm. Bu sırada İsa Həbibbəyli, Orxan Paşa (Məhərrəm
Qasımlı), Bahar Bərdəli, Məhəmmədhəsən
Qənbərli, Rəhim Əliyev, İslam Qəribli, Nizami
Tağısoy, Elçin Mehrəliyev, Cavanşir Yusifli, Baba
Babayev, Mərziyyə Səlahəddin, Rasim Nəbioğlu,
Salidə Şamədqızı, Leyli Əliyeva, Şahbaz
Şəmioğlu, Fəridə Hicran, Təranə Məhəmmədqızı,
Təhminə Bədəlova, Nərgiz Cabbarlı, Fidan Abdurəhmanova,
Xədicə Murad və başqalarını göstərmək
olar.
***
Ədəbiyyatşünas və tənqidçi
şairlərimizin yaradıcılığına ümumi bir nəzər saldıqda
görürük ki, onlar ədəbiyyatındaha çox əbədi-əzəli
mövzularına müraciət edirlər. Ümumi xətt-leytmotiv
Vətəndir,onun ağrı-acılarıdır,
itirilmiş torpaqlarımızın həsrətidir. Ana
mövzusunda da şeirlər ənənəvi olaraq
çoxluq təşkil edir.
Şübhəsiz, bütün əsərlər,
şeirlər məhəbbətdən doğur: Allaha, Vətənə,
Anaya, Sevgiliyə olan eşq.
Nəzər saldığımız
poetik nümunələr arasında Azərbaycanda baş verən
ictimai-siyasi olaylarla bağlı şeirlərə rast gəlirik.
Vaxtilə ermənilərlə “dostluq”dan yazardı şairlərimiz.
Bu gün isə müəlliflər
reallıqdan çıxış edərək
Qarabağın qədim Azərbaycan torpağı və musiqi beşiyi, habelə sənətkarlar yurdu
olmasını şeirlərində vurğulayırlar.
Görkəmli alim akademik İsa Həbibbəyli
AMEA-nın vitse-prezidenti olmaqla və Ədəbiyyat
İnstitutuna rəhbərlik etməklə yanaşı, bədii
ədəbiyyat sahəsində də uğurlar qazanır.
İsa müəllimin ötən il
işıq üzü görən “Əsərləri”nin X
cildində (1) müxtəlif illərdə yazdığı
şeirləri və digər bədii ədəbiyyat nümunələri
toplanmışdır.
Ədəbiyyat İnstitutunun direktor
müavini, Azərbaycan Aşıqlar Birliyinin sədri,
professor Məhərrəm Qasımlı uzun illərdir ki,
“Orxan Paşa” təxəllüsü ilə şeirlər
yazır. Onun iki şeir kitabı çıxıb. Sonuncu
şeirlər kitabı “Yağmur qoxusu” adlanır. Orxan
Paşa yazır:
Düşünürəm
Bəlkə yenidən qurulmaqdı,
Dünyanın qəsdi-
Bəlkə bu bahar leysanı,
Bizim bilmədiyimiz
Bir ismarıçdı,
Bir səsdi...
Hər nədirsə,
Söykəndiyim qurumuş
ağacın da
Canına oyanıb təzədən
yaşamaq
Duyğusu gəlir.
Yoxsa bu nə arınmaq,
Nə durulmaqdı?!
Ruhun titrəyiş içində
Havadan Tanrı qoxusu gəlir.
Müəllifin oxucularına
müraciətlə yazdığı “Bir neçə kəlmə”
adlı ürək sözlərində oxuyuruq: “2004-cü ildə
“Sənə sözüm var” adlı ilk şeirlər kitabımı gec də olsa duyğularına
ünvanlamışam. Aradan on ildən çox keçib. Bu
on ildən adlayıb bir daha sənə yetişməyim asan
olmadı. 2009-cu ildə ağır ürək əməliyyatı,
2014-cü ildə beyin-qan dövranının kəskin
pozulması kimi çətin tale imtahanları ilə üzbəüz
qaldım, sağalmağım aylar çəkdi. Həkimlərin,
ailə üzvlərimin diqqət və qayğısı, eləcə
də dava-dərmanla yanaşı isti duyğular, mehr-məhəbbət
dolu sözlər canıma təpər verib yenidən yolumu
davam etmək üçün qolumdan tutdu. Sənin sevgin də
yolumu gözlədiyini bilirəm. O səbəbdən də bu
dəfə “Yağmur qoxusu” ilə qarşına
çıxıram. Kitabı, oxuyub qurtarandan sonra çəkinə-çəkinə
bircə söz soruşacağam: “ Yağmur qoxusu” ürəyincə
oldumu?!”
Üz-üzə söhbətdaşım
kimi aldığım bu suala cavab vermək istəyirəm:
“Orxan Paşa,həm tədqiqatçı, həm də oxucu
kimi-bəli, Məhərrəm bəy, həm şeirlərinin
“yağmur qoxusu”, həm də şeirlərinin bədii ətri
ürəyimcə oldu”.
Ədəbiyyat İnstitutunun əməkdaşlarının
şeir yaradıcılığı poetik mövqelərin,
mövzuların, üslubların əlvanlığı ilə
diqqəti cəlb edir. Həqiqəti etiraf edək ki, Azərbaycanımızın
istiqlal qazanması poeziyada sərbəstlik
yaratmışdır və bu, qələmə alınan poetik
nümunələrdə də öz bədii təzahürünü
göstərməkdədir.
“Azərbaycan şeirinin müasir
uğuru milli varlığın ifadəsini poetik palitra ilə
verə bilməsindədir. Milli şeir doğma xalq vəzni
heca, klassik əruz və XX əsrin sərbəst şeiri zəminində
inkişaf etdiyindən, poetik məcazların, fiqurların,
ritm və tədqiqlərin bolluğundan, janr-üslub
çalarları, forma və
struktur çevikliyindən, şeir dilinin sərrastlığından
şikayətlənməyə dəyməz. Bunun nəticəsidir
ki, Azərbaycan şeiri bu gün fərdi üslub və dəst-xətlərin
parlaqlığı, təkrarsızlığı ilə
seçilir, müasir oxucuların zövqünü oxşaya
bilir”.
Xədicə Murad (İsgəndərli)
İnstitutunun Yeni dövr Azərbaycan
ədəbiyyatı şöbəsinin aparıcı elmi
işçisi vəzifəsində çalışır,
filologiya üzrə fəlsəfə doktoru, dosentdir, “Məlhəm”
Humanist Qadınlar İctimai Birliyinin sədridir. AYB-nın və
AJB-nin üzvü, 9 kitab müəllifidir.
Filologiya elmləri doktoru, professor
Nizami Tağısoyun poetik yaradıcılığı da diqqətə
layiqdir. Vaxtilə Nizami müəllimin “Axtaracaqsan məni”
(2000) və “Bəlkə dünya öz yolunu
çaşıbdı” (2004) şeir kitabları nəşr
edilmişdir. Bugün də yazıb-yaradan alimin poetik
dünyası zəngindir. N. Tağısoy qələmini
müxtəlif mövzularda və irili-kiçikli lirik-epik
janrlarda sərbəst işlədir. Onun poemaları yüksək
ideya-bədii məziyyətləri ilə oxucu
zövqünü oxşayır. Nizami müəllimin çap
olunmuş şeirləri, İdris Hacızadənin dediyi kimi,
“onun poeziya aləmində daha da püxtələşdiyini,sözü
daha xəsisliklə, yerində işlətməyə
çalışdığını, həyatın dibinə
daha dərindən nüfuz etdiyini göstərir”.
***
Canımın canı ana, canım
ana,
Yanıram yoxluğuna, yanım ana!
Getdiyin haqq yoluna göz yaşı
yox,
Damla-damla tökülür qanım,
ana,
Ay ana, canım ana,
Canımın canı ana.
Bu bir bənd şeirin müəllifi
filologiya üzrə fəlsəfə doktoru, institutun Qədim
dövr Azərbaycan Ədəbiyyatı şöbəsinin
aparıcı elmi işçisi Leyli Əliyevadır.
Xanım-xatınlığı və möminliyi ilə seçilən alimə-şairə
Leyli Əliyeva incə qəlbli, sözü duyan və sözə
məhəbbətlə yanaşan bir ziyalı Azərbaycan
qadınıdır. Şeirləri 1972-ci ildən dövri mətbuatda
çap olunur.
Leyli xanım poeziyanın müxtəlif
janrlarında qələmini sınamış, fars dilindən,
o cümlədən, ulu Şəhriyardan, habelə ingilis dilindən tərcümələr
etmişdir. Leyli xanım əsasən heca vəznində
şeirlər yazsa da, qələmini əruzda da
sınayır. Şərq poeziyası və dillərinə dərindən
bələd olduğundan bu vəzndə də məharət
göstərə bilir. Müxəmməslərinə nəzər
saldıqda fikrimiz öz isbatını tapır:
Heyrətdə qalan bil bütün aləm
bura gəlmiş,
El oğlu, Sənə eşqini-yazan
nə gözəlmiş.
El axtaracaq itkisini, Leyli də söylər,
Vallahi bizim Azərbaycan nə gözəlmiş.
Qədim dövr Azərbaycan ədəbiyyatı
şöbəsinin daha bir əməkdaşı, filologiya elmləri
doktoru, ərəbşünas Məhəmmədhəsən Qənbərli
də ara-sıra şeirlər yazır. O, “İncimə məndən”
adlı bir şeir kitabçasının müəllifidir. M.
Qənbərli ərəb filologiyası sahəsində
tanınmış mütəxəssis olsa da bədii təfəkkürünün
məhsullarını da ara-sıra kağıza
köçürməyi unutmayıb:
Zalım fələk nə istəyir
bizlərdən,
Yaş əskilmir bu intizar gözlərdən,
Acısı çox,şirini yox
sözlərdən,
Aman Allah, aman Allah, amandır!
Ayrılığın intizarı
yamandır.
İndiyədək bir çox
elmi-publisistik və bədii əsərləri, kitabları
işıq üzü görmüş filologiya üzrə fəlsəfə
doktoru, Türk xalqları ədəbiyyatı şöbəsinin
aparıcı elmi işçisi Fəridə Hicranın (Vəliyeva)
hələlik sonuncu olan “Məni görməmisən...”
kitabında Qarabağ nisgili ilə yazılmış şeirləri
və poemaları toplanmışdır. Fəridə xanım
yazır:
Qarabağın döndü bəxti,
Arzuların ötdü vaxtı,
Qəlb evimin uçan taxtı,
Özüm kimi ağlar oldun.
Professor Məhərrəm
Qasımlı şairin tale və yaradıcılıq yolunu
lakonik şəkildə belə
dəyərləndirir:
“Vətənimizin ərazi
bütövlüyü uğrunda gedən qanlı
döyüşlərdə onun cəbhə bölgəsinə
can atdığı və hətta bir dəfə
yaralandığını da xatırlayıram. Qələminə
sarılan Fəridə Hicranın can yanğısı ilə
yazdığı oçerklərini də unutmamışam.
Şeirlərindən də bəlli olur ki, onun yurd həsrəti
ilə döyünən rövnəq qəlbində Vətən
sevgisi o qədər böyükdür ki, o qəlbə bu
sevgidən artıq heç nə sığmaz.
Fəridə xanım yaradıcı
olduğu qədər də mübarizdir, həsrətə
köklənmiş şeirlərində sabah, uğura
açılan bir şəfəqli səhər də izlənir.
Sanıram ki, o səhəri görəcəyik...”.
Aşağıdakı kövrək misralar da F. Hicranın
ağrı dolu qəlbindən oxucu ürəyinə
süzülür:
Qarabağım talan oldu,
Çox çalışdım
üzülməyim,
Bacarmadım...
Bu dünyadan bac almadım,
Məni dərdə
Salan oldu.
Arzularım yalan oldu,
İstədim ki, tez doğruldam,
Alınmadı....
Təranə Məhəmmədqızı
(Abdullayeva) Yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin
böyük elmi işçisi, filologiya üzrə fəlsəfə
doktoru, Azərbaycan Yazıçılar Birliyinin
üzvüdür. Üç şeir kitabının müəllifidir.
Sonuncu şeirlər kitabı ötən
2016-cı ildə çap olunub. “Bahara düşən yarpaq”
adlanır.Şeirlərin əksəriyyəti nakam bir
ömrün-lirik qəhrəmanının fəci hiss və düşüncələrini,
həyata bir qədər də bədbin münasibətini ifadə
edir:
Dünya özü bir yalandı,
Yalan gerçəyi qorxudur.
Şər xeyirə tələ qurur,
Şeytan mələyi qorxudur.
İçimdəki neyin səsi-
Yerin səsi, göyün səsi,
Ömrün, günün xoş vədəsi,
Xəzan çiçəyi qorxudur.
(Ardı var)
Vüqar ƏHMƏD
AMEA Nizami adına Ədəbiyyat İnstitutunun
“Ədəbiyyatşünaslıq+”
Yaradıcılıq Birliyinin sədri,
filologiya
üzrə elmlər doktoru, professor
525-ci qəzet.-2017.-
11 mart.- S. 12.