“Zaman
və Teatr” adlı elmi-praktik konfrans keçirilib
Martın 10-da Azərbaycan Teatr Xadimləri İttifaqında
“Zaman və Teatr” adlı elmi-praktik konfrans olub.
AZƏRTAC xəbər
verir ki, konfrans Mədəniyyət
və Turizm Nazirliyi, Mədəniyyət
və İncəsənət
Universiteti və Teatr Xadimləri İttifaqının birgə
təşkilatçılığı ilə keçirilib. Tanınmış mədəniyyət və
teatr xadimlərinin iştirakı ilə gerçəkləşən konfrans
Azərbaycan Milli Peşəkar Teatrının
yaranmasının 144 illiyinə
həsr edilib.
Tədbirdə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru, Xalq artisti Azərpaşa
Nemət çıxış
edərək konfransın
əhəmiyyətindən danışıb. Milli teatrımızın keçdiyi tarixi inkişaf yoluna nəzər salan A.Nemət deyib ki, bu illər
ərzində Azərbaycan
Milli Peşəkar Teatr məktəbi əxlaqi-mənəvi keyfiyyətlərə
yiyələnərək vətənpərvər
ruhlu sənətkarların
formalaşmasında müstəsna
rol oynayıb.
Bildirilib ki, hazırda ölkəmizdə milli dəyərlər sisteminə
əsaslanan yeni teatr tipi və səhnə mədəniyyəti
ilə seçilən
aktyorlar məktəbi
mövcuddur.
Azərbaycan teatrına və mədəniyyətinə göstərilən
dövlət qayğısından
söz açan natiq bildirib ki, son illərdə onlarla sənət adamına dövlətimizin
başçısının sərəncamları ilə
yüksək fəxri
adlar verilib. Hər il 100 nəfər
istedadlı sənət
adamı Prezident təqaüdünə layiq
görülür. Yüzlərlə insanın mənzil və digər problemləri həll olunur. Bütün bunlar teatr xadimlərinə göstərilən
diqqətin bariz nümunəsidir.
Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Azərbaycan Milli Peşəkar Teatrının
qısa zaman kəsiyində keçdiyi
professional inkişaf yolundan
danışıb.
Ulu öndər Heydər Əliyevin milli mədəniyyətimizə və
incəsənətimizə böyük diqqət ayırdığını söyləyən
nazir müavini bu sahədə müvafiq siyasətin Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirildiyini bildirib.
Diqqətə çatdırılıb ki,
dövlət başçısı
teatr sahəsinin inkişafı ilə bağlı olduqca önəmli addımlar ataraq bu yöndə
müvafiq sərəncamlar
imzalayıb. Belə ki, 2006-cı ildə
Azərbaycanda “Teatr və teatr fəaliyyəti
haqqında” Azərbaycan
Respublikasının Qanunu
qəbul edilib. Bu qədim yaradıcılıq
sahəsinin çağdaş
inkişaf mərhələsini
əks etdirən Qanunda dövlətin teatr sənətinə xüsusi əhəmiyyət
verməsi rəsmən
bəyan edilib. 2007-ci ildə Prezident
İlham Əliyev teatr sənəti ilə bağlı daha bir mühüm
sənəd - “Azərbaycan
teatr sənətinin inkişaf etdirilməsi haqqında” Sərəncam
imzalayıb. 2009-cu il mayın 18-də isə dövlət başçısı “Azərbaycan
teatrı 2009-2019-cu illərdə”
Dövlət Proqramını
təsdiq edib.
Nazir müavini əlavə edib ki, bu gün
Azərbaycan teatrının
10 illik inkişaf perspektivlərini müəyyənləşdirən
Dövlət proqramı
öz fəaliyyəti
ilə milli-mədəni
sərvətə çevrilən
teatrımızın zəngin
bədii irsinin və yaradıcılıq
ənənələrinin qorunması,
Avropa mədəniyyətinə
inteqrasiya olunması, teatrların maddi-texniki bazalarının modernləşdirilməsi,
teatr binalarının
dünya standartlarına
uyğun təmiri, informasiya və maliyyə resurslarından səmərəli istifadə
edilməsi və repertuarın günün tələblərinə uyğun
formalaşdırılması məqsədlərinə xidmət
edir.
Ə.Vəliyev deyib: “Hazırda ölkəmizdə 28 teatr fəaliyyət göstərir. Son 10 ildə Azərbaycan teatrı 30 ölkəyə qastrol səfəri edib. 30-dək rejissorumuz beynəlxalq sənət mübadiləsinin iştirakçısı olub. O cümlədən, bu illər ərzində regionlarda və mərkəzdə islahat xarakterli yeniliklər sınaqdan keçirilib. Teatrlarımızda 1000-dək tamaşa nümayiş olunub ki, bunun 250-si dövlət sifarişi ilə, 750-si isə təsdiq olunmuş plan üzrə hazırlanıb. Eyni zamanda, teatr sahəsinə aid 40-dək kitab işıq üzü görüb”.
Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Fərəh Əliyeva çıxış edərək rəhbəri olduğu ali təhsil ocağında teatr sahəsinin tədrisinə göstərilən diqqətdən və bu sahədə görüləcək işlərin vacibliyindən danışıb.
Sonra Əməkdar incəsənət xadimləri İlham Rəhimlinin “Zaman və Teatr”, Məryəm Əlizadənin “Teatr prosesi: Zamanın hərəkəti”, Aydın Talıbzadənin “Postdramatik teatrın zamanı teatr epoxasının sonu kimi”, sənətşünaslar Aida Qafarovanın “Teatr Xadimləri İttifaqı zaman müstəvisində” və Vidadi Qafarovun “Teatrın zamanı, zamanın teatrı” mövzusunda məruzələri dinlənilib.
Sonda Azərbaycan teatr sahəsində uzunmüddətli və səmərəli
fəaliyyətlərinə görə bir
qrup sənət adamına Mədəniyyət
və Turizm Nazirliyinin
“Əməkdar Mədəniyyət İşçisi”
döş nişanı və Fəxri fərmanı
təqdim olunub.
525-ci qəzet.-
2017.- 11 mart.- S. 13.