Mənəviyyat ocağımızın işığı və istisi: Nizami adına Ədəbiyyat İnstitutunda ədəbi proses

 

(Əvvəli ötən sayımızda)

 

"Ədəbiyyatşünaslıq+" Yaradıcılıq Birliyinin sədri, Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin baş elmi işçisi, professor Vüqar Əhmədin bədii yaradıcılığı respublikada və xaricdə yaxşı tanınır.

"Vüqar Əhməd yaradıcılıq dövründə tanınmış ədəbiyyatşünas-şair olmaqla yanaşı, həm də roman və hekayələr, dram əsərləri, publisistik məqalələr qələmə almışdır. Vüqar Əhməd nəsr dünyamıza hekayə ilə gəlib. Çox qədim dövrlərdən geniş yayılmış bu janrda formaca dinamik, mənaca yığcam hadisələri ümumiləşdirən, dil baxımından sadə surətləri ilə seçilən hekayələr qələmə almışdır". Alim-yazıçının son illərdə üç geniş həcmli nəsr əsəri işıq üzü görüb: "Qarabağ yuxusu və yaxud yuxuda qələbə" (avtobioqrafik roman) Bakı, "MBM", 2013; "Son nəfəsədək Azərbaycan" (roman) Bakı, "MBM"-2014; "Qaradağlılar" (roman-trilogiya), Bakı, "MBM",2014.Ədəbi ictimaiyyətin diqqətinə səbəb olmuş bu üç romanın geniş təqdimatı və müzakirəsi keçirilmişdir. Romanlar haqqında görkəmli tənqidçi və ədəbiyyatşünaslar mətbuatda geniş resenziyalarla çıxış etmişlər.

Eyni zamanda Vüqar Əhmədin şeirləri də dövri mətbuatda müntəzəm çap olunmuş, sözlərinə nəğmələr yazılmışdır.

Salidə Şəmmədqızı (Şərifova) AYB-nin üzvüdür, Rusiya Yazıçılar Birliyinin Q.R.Derjavin adına medalı ilə təltif edilmiş və M.A.Şoloxov adına beynəlxalq mükafat laureatıdır. O, Ədəbiyyat İnstitutunda baş elmi işçi, filologiya üzrə elmlər doktorudur. Hekayələrindən ibarət nəsr nümunələri toplusu vardır. "Əriyən Şam" adlanan kitabında ictimai-siyasi, sosial-iqtisadi, milli-mədəni proseslərdə baş vermiş problemləri bədii təhlillə oxuculara təqdim edir. "Ön söz" müəllifi, Xalq yazıçısı Çingiz Abdullayev Salidənin hekayələri haqqında belə yazır: "Salidə xanım hekayələri, bir tərəfdən milli nəsrə aid ənənələri davam etdirsə də, o biri tərəfdən janr quruluşu baxımından yeni axtarışları əks etdirir. Bu baxımdan "Əriyən şam" toplusu bizim kiçik nəsr janr formalarının inkişafının davamı kimi qiymətləndirilməlidir. Eyni zamanda müəllif aktual və kəskin suallara toxunur, qısa həcmli əsərlərində bəşəri və ümummilli xarakter daşıyan problemləri açıqlayır. Bu xüsusiyyətlərinə görə Salidə xanımın yaradıcılığı aktual və müasirdir".

Yeni dövr ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi, filologiya elmləri doktoru Baba Babayev satirik nəsri araşdırır və eyni zamanda  satirik hekayələr qələmə alır. Bizə belə gəlir ki, klassiklərimizin satirik əsərlərini tədqiq etməsi ona bu janrda nümunələr yazmağa həvəs oyadıb. Baba müəllim satirik janrda yazdığı hekayələrdə bədii uğur qazana bilib. Onun lirik-psixoloji üslubda da hekayələri vardır. Baba Babayev mütəmadi olaraq müxtəlif səpkili hekayələri ilə dövri mətbuatda çıxış edir.

Babanın vətənpərvərlik mövzusunda yazdığı hekayələrindən biri yadımdadır- "Namus". "Namus" hekayəsinin əlyazmasını mənə oxumuşdu. Əsərin əsas ideya və məzmunu erməni vəhşilərindən bəhs edir.

"Deputat xəstəliyi", "Yalan" və b. satirik hekayələrində ifşa etdiyi ictimai nöqsanlar, insanlardakı mənfi sifətlər yumoristik səpkidə gülüş doğurur.

Araşdırmamızın əvvəlində Rasim Nəbioğlunun şeirlərindən bəhs etdik. Rasim müəllim hekayə və esselər də qələmə almışdır. Orasını da deyim ki, Rasim Nəbioğlunun yazı üslubu özünün canlılığı ilə seçilir. Səbəbi odu ki, o, elə danışdığı kimi yazır, yazdığı kimi də danışır. Səmimiyyət, ədəbi mehr-məhəbbət üçün bundan doğru yol yoxdur. Rasimin hekayə-nəsr dili bu mənada gözəl bir söhbətdir. O, öz oxucusu ilə söhbət eləməyi bacarır. Ədəbiyyat adamı üçün bundan vacib keyfiyyət yoxdur" (Məhərrəm Qasımlı). R. Nəbioğlunun bədii cəhətdən uğurlu alınan "Ağ gün", "Bəstə-nigar", "Sınmış ütü", "Yaxşı əmi" kimi hekayələrinin adını çəkə bilərik.

Elçin Mehrəliyev filologiya elmləri doktoru, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun baş elmi işçisidir.

Bədii yaradıcılığa ötən əsrin 70-ci illərində başlamış, istedadlı nasir və dramaturq kimi tanınmışdır. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Bir sıra əsərləri "Azərbaycan gəncləri", "Bakı",  "Savalan", "Azərbaycan müəllimi", "Azərbaycan", "Ulduz", "Ədəbiyyat və incəsənət" kimi dövrü mətbuat orqanlarında dərc edilmişdir. "Hekayə və nağıllar" (1982), "Pərvin" (1989), "İttiham" (1991), "Hər kəs öz taleyini yaşayır" (1998), "Doxsanıncı illər" (2004), "Tale döyüşü" (2011) adlı kitabları oxucular tərəfindən maraqla qarşılanıb. Bir çox əsərləri respublika radiosu verilişlərində səslənmiş, "Yurd yeri" pyesi əsasında televiziya tamaşası çəkilmişdir. Onun əsərlərinizdə saf məhəbbət, insan taleyi, torpaq sevgisi, yurd həsrəti kimi motivlər özünü qabarıq surətdə əks etdirir.

Tənqidçi-ədəbiyyatşünaslardan akademik B.Nəbiyev, müxbir üzv N.Cəfərov, professor C.Mustafayev, filologiya elmləri doktorları V.Yusifli, Ş.Xəlilov, S.Şərifova və başqaları E.Mehrəliyevin bədii yaradıcılığından bəhs etmiş, əsərlərinin özəllik və keyfiyyətlərini yüksək qiymətləndirmişlər.

Akademik Bəkir Nəbiyev Elçin Mehrəliyevin "Tale döyüşü" romanına  yazdığı "Ön söz"də yazıçının Qarabağ mövzusuna müraciətini belə səciyyələndirir: "Qeyd etməliyik ki, Elçin Mehrəliyev  ağır və çətin mövzunu təsadüfən qələmə almayıb. O, Qarabağ mövzusuna tez-tez müraciət edən, problemin istər elmi, istərsə də bədii-publisistik səpkidə həlli yollarını ciddi-cəhdlə axtaran müəlliflərdəndir. Onun "Tale döyüşü" əsərini həyəcansız oxumaq, təsirlənməmək, ümummilli mətləblər, problemlər üzərində düşünməmək mümkün deyil".

Yazının əvvəlində Bahar Bərdəlinin (Məmmədova) şeir yaradıcılığından söhbət açdıq. Bahar xanım ədəbi ictimaiyyətə şair kimi daha yaxşı tanış olsa da, bir nasir kimi də qələmini sınayıb və hekayələri ilə oxucu rəğbəti qazana bilib.

"Bahar Bərdəlinin "Dünya bir pəncərədir" hekayəsi mövzu-ideya, qaldırılan problemlərin xüsusiyyətləri və ya dil-üslub, süjet-kompozisiya baxımından öz bədii-estetik cəhəti və həlli ilə diqqəti çəkir. Hekayədə qoyulan problem çoxcəhətli, çoxşaxəlidir. Pillə-pillə və ya əzablı-əziyyətlə elmin yollarında addımlayan və akademik rütbəsinədək yüksələn hekayənin qəhrəmanı əsər boyu müxtəlif vəziyyət və hadisələrdə müşayiət olunur ki, onun konkret real, gerçək görüntüsü bədii mətn arxasında qalır. Buna baxmayaraq hadisə, vəziyyət, obrazlar aləmi, qaldırılan problemlər bütünlüklə əsər boyu və qəhrəman ətrafında cərəyan edir" (Xanverdi Turaboğlu).

Ədəbi tənqid  şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Fidan Abdurəhmanova elmi fəaliyyət göstərməklə yanaşı bədii yaradıcılıqla da məşğuldur. Onun "Göyərçin və büllur" (2005) və "Xəyal gəmisi" (2010) adlı iki hekayələr kitabı nəşr olunmuşdur. Fidan Abdurəhmanova yaradıcılığında göstərdiyi fəaliyyətə görə AYB-nin təqdimatı ilə Prezident təqaüdünə layiq görülmüşdür (2011).

Son illər Fidan xanım uşaq hekayələri ilə dövrü mətbuatda müntəzəm çıxış edir. "Göyərçin" jurnalında onun xeyli sayda uşaq hekayələri işıq üzü görmüşdür. Bu hekayələr göstərir ki, müəllif uşaq aləmini, psixologiyasını yaxşı bilir.

Bizim alim ədəbiyyatşünasların nəsr əsərləri haqqında yekun olaraq deyə bilərik ki, bu povest və hekayələrin ideya-bədii dəyəri onlardakı istedad və səmimiyyətin gücündədir. Yazıçı-alimlərin nəsri öz təbiiliyi və səmimiyyəti ilə seçilir. Bu əsərlərdə lirik ruh, romantik vüsət vardır. Əsərlərin dili axıcı, şəffaf və poetikdir. İnanıram ki,  milli və əcnəbi ədəbiyyatı təhlil və tədqiq edən alimlərimizin istər poeziya, istərsə də nəsr əsərləri çağdaş ədəbi tariximizin səhifələri ola biləcək...

 

***

 

Alim-ədəbiyyatşünaslarımızın tərcüməçilik fəaliyyətləri haqqında da qısaca danışmaq istəyirik. Ədəbiyyat İnstitutunda elmi işçi heyətinin tərcüməçilik fəaliyyəti onların yaradıcılıqlarının bir qismini təşkil edir. Onlar başqa xalqların ədəbiyyatından bədii əsərləri ana dilimizə çevirməklə ədəbi əlaqələrimizi genişləndirirlər.

"Tərcümə zamanı əsərin milli koloritini saxlamaq prosesi obyektiv çətinliklərlə qarşılaşır. Bu zaman tərcüməçi əsərin orijinalına diqqət yetirməli və çalışmalıdır ki, tərcümə əsərin orijinalında verilən səviyyədə olsun və edilən dəyişikliklər mənaca səhvə və təhriflərə gətirib çıxarmasın".

Yüksək orijinallıqla tərcümə olunmuş əsərlərindən biri də Qazax xalq qəhrəmanlıq eposu "Koblandı-batır"dır. Professor  Məmməd Əliyevin redaktorluğu ilə çapa hazırlanan əsəri dilimizəTürk xalqları ədəbiyyatı şöbəsinin baş elmi işçisi, əməkdar müəllim, tanınmış ədəbiyyatşünas alim Nizami Tağısoy tərcümə etməklə "Şifahi sənət nümunələri"nin yetərincə orijinal olduğunu bir daha sübut etmişdir.

Mütərcimin tərcüməyə verdiyi şərhlər, "Koblandı-batır" dastanı ilə bağlı iş prosesi, o cümlədən, bir neçə dillə təqdim olunmuş xülasələr əsərin geniş auditoriyada rəğbət qazandığına şübhə doğurmur.

Rasim Nəbioğlunun şeir və hekayələrinin bədii məziyyətləri barədə söhbət açmışıq. İndi isə onun tərcümələri haqqında danışmaq istəyirəm. R. Nəbioğlu ingilis-rus-Azərbaycan dillərində danışıq kitabçasının, tədris və metodik vəsaitlərin müəllifidir. Ali məktəblərdə bir sıra humanitar fənlərlə yanaşı,  ingilis dili və ədəbiyyatını da tədris etmişdir. Tanınmış yazıçılar Əmir Pəhləvanın, Ağarəhim Rəhimovun  povest və romanları onun ingilis dilinə tərcüməsində Berlində və Bakıda nəşr edilmişdir. R. Nəbioğlu Xalq yazıçıları Anarın və Yusif Səmədoğlunun bir neçə hekayəsini ingilis dilinə tərcümə edib. Həmin tərcümələr ABŞ-da nəşr olunmuş "Azərbaycan nəsri antologiyası"na (1913) daxil edilmişdir. Eyni zamanda ingilis ədəbiyyatından U. Şekspir, Ç.Makey, L. Hyuz, C. Törber kimi müəlliflərin şeirlərini, hekayə və  yumoristik novellasını, habelə B. Şounun və U.Həzlitin ədəbi-tənqidi əsərlərini orijinallıqla, bədiiliklə, məharətlə dilimizə çevirmişdir.

İnstitutun əməkdaşlarından olan tənqidçi və professional tərcüməçi filologiya elmləri doktoru, Ədəbiyyat nəzəriyyəsi şöbəsinin baş elmi işçisi Cavanşir Yusifli son üç ildə məhsuldar işləmişdir: A. Kamu. Seçilmiş əsərləri. 3 roman, 1 hekayə, 1 esse və Nobel nitqi (150 cildlik dünya ədəbiyyatı) - 2015 - fransız dilindən; T.S. Eliot. "Bəhrəsiz torpaq" poeması -ingilis dilindən; T.Transhomer. "Seçilmiş şeirlər" - 2016 - fransız və İsveç dillərindən; Eqzüperi. "Balaca şahzadə" -2016-fransız dilindən; A. Kamu. Gündəliklər - 2016-fransız dilindən; Çeslav Miloş. "Seçilmiş şeirlər" - 2016 fransız, rus və polyak dillərindən; Adonis (ərəb şairi) "Seçilmiş şeirlər" və "Ərəb şeirinin poetikası" traktatı -2016 -fransız dilindən; Edmon Jabe. "Şeirlər" - 2016 -fransız dilindən; Anarın "Göz muncuğu" romanının Polşa nəşrinə ön söz (polyak dilində) - 2015. Fərid Hüseyn -10 şeir ingilis dilinə tərcümə - 2016. ABŞ-da çap edilib; Memar Rasim Əliyev. Xatirələr (Memories) ingilis dilinə tərcümə. 380 səhifə -2016; Səlim Babullaoğlu. 12 Şeir. İngilis dilinə tərcümə-2016; Vislava  Şimborskaya. Şeirlər -2016-fransız dilindən; Ejen Qilvik "Yarpaq gülə bilsəydi, çiçək olardı" -2016-fransız dilindən.

Bizə belə gəlir ki, Cavanşir Yusiflinin tərcümə yaradıcılığı xüsusi araşdırma və təhlilə layiqdir.

İnstitutumuzdakı ədəbiyyatşünas alimlərimizdən tərcümə ilə məşğul olan yaradıcı insanlardan biri də Ədəbi tənqid şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Nərgiz Cabbarlıdır. Onun səkkiz tərcümə kitabı dərc edilib: Luis Sinkler "Seçilmiş əsərləri", "Şərq-Qərb"(2012); Fransuaza Saqan "Seçilmiş əsərləri", "Şərq-Qərb" (2013); Dünya yazıçılarının nağılları, "Şərq-Qərb" (2014); Falih Rıfkı Atay "Atanız Atatürk" "Xan nəşriyyatı" (2015); Svetlana Aleksiyeviç "Müharibə qadın simalı deyil", "Xan nəşriyyatı" (2015); Rünoske Akutaqava "Seçilmiş əsərləri" "Şərq-Qərb" (2016); Günter Qrass "Mənim yüzilliyim", "Şərq-Qərb" (2016); Marsel Prust "Savana doğru", "Şərq-Qərb"(2017). Bunlardan altısı Prezidentin sərəncamı ilə nəşr olunan "Dünya ədəbiyyatı" 150 cildliyinə daxildir.

Nizamişünaslıq şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Təhminə Bədəlova peşəkar tərcüməçidir. Onun tərcümələrinin əhatəsi geniş və mündəricəsi zəngindir: Ş.Anderson, Bredberi, Kiplinq, İrvinq Şou, Heminquey, Stendal, Dikkens, N. İ. İbsen, Balzak, J. Vern, Meterlink, Hüqo, Flober. Təhminə xanımın tərcümələri rus, ingilis, fransız, Amerika və digər xalqların ədəbiyyatının nəsr nümunələrini peşəkar səviyyədə əhatə edir.

Təhminə xanımın iri tərcümə kitabı çap olunmuşdur. Qeyd etdiyimiz tərcümə nümunələri "Mən səni elə axtarıram ki..." adlı ikinci kitabda toplanmışdır.

Tərcümə əsərləri həm milli mədəniyyətlərin yaxınlaşması üçün, həm də millətlərin qarşılıqlı ünsiyyəti üçün zəmin yaradan vasitədir.

Ədəbiyyat İnstitutundakı ədəbi proses ölkə miqyasında formalaşan, inkişaf edən milli ədəbi prosesin tərkib hissəsidir, çünki çağdaş Azərbaycan ədəbiyyatı dərin tarixi köklərə, ənənələrə, milli zəminə malikdir  və coğrafiyası çox genişdir.

Tənqidçi və ədəbiyyatşünasların bədii yaradıcılığı onların elmi-tədqiqatçılıq fəaliyyətini və Ədəbiyyat İnstitutunun bütöv mənzərəsini tamamlayır.

 

20.01.2017

 

Vüqar ƏHMƏD

Filologiya elmləri doktoru

 

525-ci qəzet.- 2017.- 15 mart.- S.4.