Ölümsüz insan

 

Professor Aydın Dadaşovun əziz xatirəsinə

 

Aydın müəllimlə şəxsi tanışlığım yenicə başlamışdı.

Ötən ilin sonlarında, dekabrın axırında BDU-nun Televiziya və radio jurnalistikası kafedrasında elmi işimin ilkin müzakirəsi keçirilməli idi. Kafedradan bildirdilər ki, professor Aydın Dadaşova da müzakirənin vaxtını xəbər verim. Onu sosial şəbəkədə axtarıb tapdım, dissertant olduğumu söylədim və çalışdığım mövzunu elektron poçtuna göndərdim. İki gündən sonra ilk dəfə onunla kafedranın toplantısında görüşdüm.

Əlində çəlik içəri daxil olan bu insanın  ilk görünüşdən qeyri-adi danışığı diqqətimi  cəlb etdi. "İşin müəllifi sənsən?" deyə bariton səslə soruşdu. Kəskin davranışı ilə canıma üşütmə saldı. "Başdan-ayağa oxumuşam" deyə sözə başladı. Bir-bir iradlarını söylədi. "Publisistika dövrün gerçəkliyidir, sən onu elə yaratmalısan ki, informasiya ilə musiqinin sintezini verərkən o mühüt dəqiq təsvir olunsun..."  deyə tövsiyələrini söylədi.

Vaxtilə "Ekranın informasiya gerçəkliyi"ndən Moskvada namizədlik dissertasiyası, sonra  "Ekranın mövzu, srtuktur, janr problemi"  mövzuzunda doktorluq işini müdafiə edən bir alim kimi bu mövzunun ona doğma olduğunu dilə gətirdi. Mən radiopublisistika üzrə, informasiya ilə musiqinin bağlılığı, "Audiopublisistikada ifadə vasitələrinin sintezi problem"ni araşdırmışdım. Aydın müəllimin bəzi fikirləri istisna olmaqla, bir neçə iradı ilə razılaşmasam da, ona düşündüyümü deməyə ürək eləmədim. Çünki ilk baxışdan zənn etdiyim xasiyyətindəki ötkəmliyindən dilim tutuldu və qarşımdakı böyük  şəxsiyyətə söz deməyə cürətim çatmadı. 23 ilik radiodakı təcrübəmdə rastlaşdığım musiqili efir nizamlamalarından, "Qızıl Fond"da saxlanılan unikal səs yazılarının təhlilindən danışmaq istəsəm də, onun divarları silkələyən səs tonunun içərisində eşidilməz olan pıçıltılarımı ancaq özümdən başqa kimsə duya bilmədi. Ekran və kinonun  radio publisistikasından  tamamilə fərqli olduğunu bilə-bilə mənimlə  niyə razılaşmamasını öyrənməyə belə cəsarətim çatmadı. Ucadan danışığı, odlu-alovlu çıxışı, düz gözlərimin içinə baxa-baxa dediyi fikirlərdən elə düşünürdüm ki, sanki illərimin bəhrəsi olan  zəhmətimin üzərinə bir xətt çəkilir. Birdən Aydın müəllim üzünü həmkarlarına tutub dedi. "Yoldaşlar, bu qız dünyada məşhur olan Azərbaycan alimindən, göz cərrahı Ümnisə Musabəylidən kitab yazıb. Kitabını dünən gecə internetdən bir nəfəsə oxudum. Bu qızda istedad var və onunla zarafat etmək olmaz.  Mən inanıram ki, dediyimiz iradları da tezliklə düzəldib,  üç aydan sonra  mövzunu mükəmməl şəkildə təqdim edəcək. Onun potensialını görürəm..." Bəli, sonda dediyi bu sözlərdən ürəyimdə təpər duydum, sanki  dizimə taqət, ruhuma qüvvət gəldi...

Müzakirədən  bir gün keçmişdi. Yenidən sosial şəbəkədə bağlantı yaratdım. Məni düşündürən məsələləri və mövzu ilə bağlı gəldiyim qənaəti ona bildirdim. Hiss elədim ki, yavaş-yavaş fikirlərimi ona çatdırır, əsaslı şəkildə düşündüklərimin elmi izahına inandırmağa müvəffəq oluram. Bir neçə alimin adlarını çəkərək onların əsərlərinə   baxmağı tövsiyyə etdi, istənilən vaxt mənə kömək etməyə hazır olduğunu dönə-dönə söylədi. Onun əsl pedoqoq olduğunu, vaxtı qızıl kimi dəyərləndirən bir insanın sosial şəbəkədə adicə bir dissertantın fikirlərinə hörmətlə yanaşmasını, sırf ürəkdən məsləhətlər verməsini görəndə heyrətə gəldim. Başa düşdüm ki, Aydın Dadaşov göründüyü kimi deyil, qəlbi nazik bir insandır və bu universal zəka sahibindən bütünlükdə çox şeyi öyrənmək mümkündür.

Onu daha yaxından tanımaq istəyi ilə kompüterdə axtarış aparmağa başladım. Əlindəki çəliyin səbəbini öyrəndim.  Son dövrlərdə qəzaya düşdüyünü, ayaqları zədələndiyindən yatağa düçar olmasını və həyat yoldaşının daima qulluğunda durduğunu və xanımının günlərin birində gözlənilməz halda Aydını tərk etdiyini,  qəfil dünyadan köçdüyünü eşitdim. Məhz həmin gün İlahidən güc alaraq ayağa qalxıb ömür-gün sirdaşını son mənzilə aparan ziyalımızın dramatik həyatından xəbər tutdum.

Ancaq bir neçə gün öncə  toplantıda rastlaşdığım  Aydın Dadaşovun çöhrəsində son illər yaşadığı ağır faciələrin işartısını, heç bir ağrı-acının, iztirabın izini hiss edə bilməmişdim. Onu ilk görüşümdə həyata nikbin baxışlı bir insan kimi tanıdım. Yaxın keçmişdə başına gələnləri  çox tez unutduğunu, ağır situasiyaları dəf edə bilən güclü şəxs olduğunu düşünmüşdüm...

Özüm Azərbaycan radiosunda "Xəbərlər" redaksiyasında çalışıram. Daima orijinal fikirli insanlarla təmas qurar və illər boyu məntiqli danışan ziyalılardan  efirə söhbətlər hazırlayıram. Yenicə tanıdığım Aydın Dadaşovdan da müsahibə almaq istəyimi özünə bildirdim. Həm də martın 1-də alimin 65 yaşı tamam olmuşdu. Bu münasibət ilə onun ömür dünyasını işıqlandırmaq qərarına gəlmişdim. Çünki onun Azərbaycan kinosu ilə bağlı yazdığı kitabları, dünya kinosunun təhlili ilə bağlı əsərlərini görəndə sevinmişdim ki, öz  maraqlı söhbətləri ilə efir üçün axtardığım  ən yaxşı müsahiblərdən biri olacaq. Təbii ki, yubileyini dilə gətirməyə lüzum görmədim ki, birdən təvazökarlıq edərək danışmaqdan vaz keçər. Ona görə də AMEA-nın Tarix institutunun qərarı ilə çap olunacaq Məhəmmədhəsən Hacınski haqqında yazdığı monoqrafiyası ilə bağlı görüşmək istədiyimi bildirdim. Radioya sayğı ilə yanaşdığını və BDU-da görüşə biləcəyimiz vaxtı dedi...

Üç ay öncə gördüyümdən fərqli olaraq, Aydın müəllim tamamilə dəyişmişdi. Əlindəki əsanı atmasını, düz qamətli və iti  yerişini görəndə gözlərimə inana bilmədim. Onun belə tez sağalmasına təəccüb etsəm də, daxilən çox sevindim. Fakültənin dəhlizində rastlaşdıq və çox böyük nəzakətlə məni kafedraya dəvət etdi. Həmin vaxt kafedrada iqtisadiyyat üzrə fəlsəfə doktoru  Anar Köçərli magistirlərə dərs deyirdi. Hər iki insan ilk dəfə idi ki, görüşürdü. "Sizə mane olmarıq ki..?", deyib içəriyə keçərkən  icazə istədi və məni də həmkarına, tələbələrinə təqdim etdi. Şahidi oldum ki, qısa müddət ərzində Anar müəllimlə ünsiyyəti  ona yeni hüsnü rəğbətin yaranmasına səbəb oldu. "Professor mən sizinlə tanışlığıma çox şad oldum, sizin mühazirələrdə böyük məmnuniyyətlə oturaram, olduqca maraqlı fikirləriniz var,..." Anar Köçərlinin bu sözlərinə səmimi yanaşan Aydın Dadaşov özünün  adi müəllim olduğunu, sadəcə dahilərdən sitat gətirdiyini  söylədi. İqtisadiyyatı əsas amil kimi dəyərləndirməsi, alimin menecmentlik, marketinq və reklam işi ilə bağlı söhbətləri,  hətta bu sahənin mütəxəssisini ovsunlamışdı...

Radio üçün müsahibə sakit, səssiz  yerdə alınmalıdır. Aydın müəlimi görən kimi başına yığışan gənclərin onu "üzük qaşı" kimi dövrəyə alması planlarımı alt-üst edir və lazımi məqamı gözləyirdim. Professorun tələbələrinə ayrılıqda göstərdiyi münasibət, hər  birinə fərdi yanaşması diqqətimdən qaçmadı. Suallara cavab verməsi, "açın dəftərinizi yazın, hadisənin tərifi budur, fabula nəyə deyilir..." və s. tərfiləri qeydə aldırması xeyli vaxt apardı.  O, dərsdən, elmdən əlavə, başqa mövzularla  da gənclərlə söhbət edirdi. Hətta saç düzümü yerində olmayan bir qıza iradını bildirdi. Zövqsüz geyiminə görə bir tələbəsini hamının içində danlaması heç də xoşuma gəlmədi. Lakin sözü birbaşa deyən bu  müəllimdən inciyən hər hansı tələbəyə rast gəlmədim. Şahidi oldum ki, Aydın Dadaşov  tələbələrinin, həmkarlarının böyük sevgisini qazanıb...

Bəli, mən otağın boşalmasını gözləsəm də, onu sevimli tələbələrinin əlindən ala bilmədim və hiss elədim ki, Aydın Dadaşov da onlardan  ayrılmaq fikirndə deyil...

Naəlac qalıb tələbələrin əhatəsində ondan radioya müsahibə almağa başladım və xahiş etdim ki, tam sakitlik olsun, səsin efirə veriləcəyi nəzərə alınsın.

Söhbətin istənilən səviyyədə olması verilən suallardan çox asılıdır. Yəni deyirlər ki, müsahibə zamanı hər iki tərəf mövzuya hazır olmalıdır. Mən də əvvəlcədən müsahibimin  kim olduğunu dərk etdiyimdən alim haqqında kifayət qədər bilgi toplamışdım.

Yubileyindən, 65 yaşından başladım, keçdiyi ömür yolundan, yazdığı qalaq-qalaq kitablarından söz saldım və bir alim ömrünün bütün həyatına işıq düşəcək məqamları incələmək istədim. "Sizin gördüyünüz işləri, məqalələri sayıb qurtarmaq mümkün deyil, yaman məhsuldar çalışırsınız, xüsusilə son bir ildə...", bu sözləri eşidəndə dedi ki, ömür yarıda qırıla bilər, hər şey yarımçıq qalar, ona görə də əcəl gələnə kimi hazır olmağa çalışıram. Nazim Hikmətin bir  əsərindən misal gətirdi ki, əzrayıl gələndə kimin adını çəkirsə, deyir əlimdə işim var, ancaq o işə baxmır axı, aparıb gedir və hər şey yarımçıq qalır.  O, Difainin üzvlərinə həsr etdiyi monoqrafiyalarından, Məhəmmədhəsən Hacınskininin, Məmməd Əmin Rəsulzadənin və Qarabəy Qarabəyovun yaxınlığından danışdı. Hacınskinin qızının dramatik həyatından, onunla görüşlərindən, Minurə xanım Hacinskayanın nəşinin kimsəsiz götürülməsindən nəql etdi. Belə hadisələrin onun yaradıcılığında xüsusi çəkisi olduğunu söylədi...

Onunla növbəti dəfə Milli Radioda görüşmək arzumu, studiyada həmsöhbət olmaq istəyimi bildirdim. "Böyük mənuniyyətlə gələrəm" dedi. Bu yaxınlarda Mədəniyyət kanalında bir layihəsi olacağını, reallaşarsa, daha çox söhbətləşə biləcəyimizi söylədi. Ceyhun Mirzəyevi yada salmağı xahiş etdi, onun haqqında, Gündüz Abbasov barədə ürəyində çoxlu sözü olduğnu xatırlatdı...

Jurnalistika fakültəsinin yerləşdiyi 3-cü mərtəbədən birinci mərtəbəyə kimi Aydın müəllimlə bərabər addımladıq. Dedi ki, bayaq sual verdin ki, niyə belə çox işləyirsiniz, uşaqların yanında cavab verə bilmədim. Mənim həyat yoldaşım qəfil dünyadan getdi, ona görə ölümün məni də qəfil aparacağını hiss edirəm və çalışıram ki, əlimdəki işləri tez yekunlaşdıram.  O darmacalda imkan tapıb mənim elmi işimdən də söhbət açdı, birdən mən iştirak edə bilmərəm, sənin Nəsir Əhmədli kimi rəhbərin var, çox rahat və layiqli müdafiə edəcəksən, get yaxşı hazırlaş, o kişinin nüfuzu var və inandığı adamlara elmi rəhbərlik edir. Mən də sənin gücünə inanıram...

Universitetin həyətində sağollaşdıq. Həyat yoldaşı ilə bağlı pilləkənlərdə yavaşca ayaqüstü pıçıltılarından, müdafiəmdə iştirak edə bilmərəm deməsindən, efir üçün yazdığım söhbətində də əcəldən, ölümdən söz salmasından  s. nüanslardan nəsə  nigaran qaldım...

Düz yarım saat onunla radiosöhbəti etmişdim və montaja ehtiyacı olmayan müsahibəni iki hissəyə bölərək ayrı-ayrı süjetlər  hazırladım.

Yubileyi ilə bağlı birinci süjetim efirə həftənin üçüncü günü getdi. Efirə gedən andan heç  bir dəqiqə keçməmiş radioya zənglər gəldi ki, müsahibiniz kinorejissor Aydın Dadaşov bir neçə saat qabaq dünyasını dəyişib. Xəbərdən bütün heyətimiz sarsıldı. "Ola bilməz" - deyə telefonunu yığdım. Zəng çatmadı...əfsus ki, xəbər doğru imiş. Süjet bitən kimi aparıcılar Rövşən Sabiroğlu və Dilşad Tahirqızı efirdən təəssüf hissi ilə  alimin gecə dünyasını dəyişdiyini söylədilər. Dinləyicilərə bildirdilər ki, kinorejissor Aydın Dadaşovun Azərbaycan Radiosuna bu, son müsahibəsi idi və onun yadigar səsi  efirimizdə yaşayacaq. Aydın Dadaşovun itkisi  onu yaxından tanıyanları mütəəssir etdi. Aqil Abbas yazdı ki, "o atasının milyonlarından imtina edən oğul idi", Şərif Ağayar professorun qeyri-adi ölümünə, içi təlatümlərlə dolu olan bir ziyalının dünyadan köçmə səhnəsinin də təəccüblü olduğuna diqqət çəkdi... "Filmin sonu" deyib sosial şəbəkədə  həmkarları, yaxın dostları, tələbələri özünəməxsus səviyyədə ruhuna ehtiram göstərdilər....

Ruhunuz şad olsun, əziz Aydın müəllim, sizinlə tanışlığımızı geniş şəkildə qələmə aldım ki, daxili bir rahatlıq tapım.  Ruhunuza ayan olsun ki, siz tələbələrinizin, həmkarlarınızın, sizi tanıyanların qəlbinə köçmüsünüz və çoxlarının  ürəyində əbədi məskən salmısınız. Haqqınızda yazılmış  "Filmin sonu" adlı yazıda deyildiyi kimi, bundan sonra xatirələrdə yaşayacaqsınız.

Məkanınz cənnət olsun.

 

Şəlalə MƏHYƏDDİNQIZI

Azərbaycan Radiosunun redaktoru

 

525-ci qəzet.- 2017.- 29 mart.- S.8.