"XX əsr Güney Azərbaycan epik şeiri" - dəyərli tədqiqat nümunəsi

 

Filologiya üzrə fəlsəfə doktoru, ədəbiyyatşünas Esmira Şükürova, son illərdə Esmira Fuad imzası ilə çıxış edir ki, bu da səbəbsiz deyil.

Belə ki, Esmira Şükürova dünyasını vaxtsız dəyişmiş oğlu Fuadın adını yeni formalaşdırdığı antroponimik modelində işlətməklə sanki onu yaşatmağa, ona yeni nəfəs, yeni həyat verməyə çalışır… Heç şübhəsiz ki, o, hər dəfə Esmira Fuad adını eşidəndə istər-istəməz dünyalar qədər sevdiyi, "görər gözüm aydını", deyə oxşadığı oğlu Fuadı xatırlayır, ağrısını, acısını, kədərini unutmağa çalışır. Bəlkə   bu, onun yeganə təsəllisidir!

Elə buradaca vurğulayaq ki, qadın və kişi adlarının sintezindən ibarət "Esmira Fuad" ad modeli daşıyıcısını mətinləşdirib, kişi qeyrətli bir qadına çevirib. Bu məqamda Esmira Fuad Nizaminin Nüşabə obrazını, daha doğrusu, "Aslanın erkəyi, dişisi olmaz", deyən Nüşabəni xatırladır, onun mənəvi varisi kimi çıxış edir. "Esmira Fuad" ad modelinin semantik yükü daşıyıcısının elmi yaradıcılığından da yan keçməyib. Konkret desək, daşıyıcısını vadar edib ki, elmdə daha məsuliyyətli olsun, daha dəqiq və orijinal fikirlər söyləsin, heç bir alimin təsirinə düşməsin… Mübaliğəsiz deyirik ki, "Esmira Fuad" antroponimik modeli daşıyıcısı üçün qurğuşun siqlətli bir modeldir. Əgər belə olmasa idi, o, "XX əsr Güney Azərbaycan epik şeiri" (Bakı, 2016) adlı sanballı bir monoqrafiyanı filologiyamıza təqdim edə bilməzdi. Bəri başdan deyək ki, müəllifin bu monoqrafiyası onun çoxsaylı məqalələri və "Güney Azərbaycan ədəbiyyatında modernizm", "Güney Azərbaycan ədəbiyyatında ədəbi proses" (2011-13) kimi monoqrafiyalarının məntiqi davamı olaraq meydana gəlib. Eyni zamanda onların ümumiləşdirilmiş, təkmilləşdirilmiş bir forması kimi çıxış edir.

Ə.Mirəhmədovun tərtib etdiyi "Ədəbiyyatşünaslıq terminləri" lüğətində (Bakı, 1978) ilk poemaların yaranması ilə bağlı belə bir fikir verilib: "İlk poemaların yarandığı yer Yunanıstan hesab olunur və qədim Yunanıstanda xalqın yaratdığı o epik əsərlərə poema adı verilirdi ki, orada əfsanəvi qəhrəmanların, yaxud Allahların həyatından və şücaətindən bəhs olunsun..." Esmira Fuad bu fikirlərlə razılaşmır və xüsusi olaraq qeyd edir ki, "qədim türk eposunun yaşı heç də yunan eposunun tarixindən az deyil, ondan daha qədimdir…" Müəllif ədəbiyyatımızda poema janrının yaranma tarixinin çox qədim olduğunu ifadə edərkən onlarca sanballı mənbəni saf-çürük edir, problemin görünən yox, görünməyən tərəflərinə işıq salmağa çalışır. İsmayıl Bəliyevin "Əski şumer dastan və nəğmələrində Azərbaycan folkloruna, nağıl və əfsanələrinə yaxın olan çoxlu süjet, fikir, bədii deyim, bənzətmə və s. vardır. "Bilqamıs dastanı", "Kitabi-Dədə Qorqud" boyları və "Koroğlu" dastanı arasında mühüm əlaqə bağları mövcuddur" qənaətini düşündürücü hesab edən Esmira Fuada görə, ədəbiyyatımızın poema janrının dinamikası belədir: şumer dastan və nəğmələri "Kitabi-Dədə Qorqud",  "Töhfətül-İraqeyn" (Ə.Xaqani)   Nizaminin "Xəmsə"si   "Dastani-Əhməd Hərami"   "Qisseyi-Yusif" (Qul Əli)   "Yusif və Züleyxa" (Suli Fəqih)   "Dəhnamə" (Şah İsmayıl Xətai),  "Leyli və Məcnun" (Məhəmməd Füzuli),   "Bəxtiyarnamə" (Fədai Təbrizi)   "Sələbiyyə" (Məmmədbağır Xalxali)   "Azər" (Hüseyn Cavid)   "Muğan" (Səməd Vurğun)   "Böyük ömrün dastanı" (Zəlimxan Yaqub)… Bu cür tutarlı faktlar onu deməyə əsas verir ki, müəllif ədəbiyyatımızda poema janrının inkişaf xəttini zərgər dəqiqliyi ilə izləyə bilib. Maraqlıdır ki, mövzu ilə bağlı məsələlərin hər birinə bu cür yanaşma monoqrafiyanın bütün səhifələrində açıq-aydın şəkildə görünür. Burada təkcə onu qeyd etmək kifayətdir ki, analitik təfəkkürlü tənqidçi Avropada poema kimi xarakterizə olunan bu janrın Şərqdə necə adlandırılmasına əsl tədqiqatçı kimi münasibət bildirir: "... bu janr Şərq, eləcə də Azərbaycan ədəbiyyatında məsnəvi, Güneydə mənzumə və məsnəvi, Türkiyə ədəbiyyatında isə uzun şeir, mənzumə, 1950-ci illərdən sonra isə həm də poema olaraq adlandırılmışdır..." Tədqiqatın məhz belə bir müstəvidə aparılması o deməkdir ki, Esmira Fuad təkcə mövzunu dərindən bilmir, həm də mövzuya kompleks və sistemli şəkildə yanaşır.

Poema janrına keçidin təkcə ədəbi və estetik tələblərini deyil, həm də sosial və psixoloji köklərini araşdıran Esmira Fuad çağdaş Güney Azərbaycan epik şeirinin folklor qaynaqlarını ilk dəfə olaraq sistemli şəkildə təhlil süzgəcindən keçirir, XX əsr Güney Azərbaycan şairlərinin şifahi xalq ədəbiyyatı xəzinəsindən yüksək sənətkarlıqla bəhrələnmələrinin kod-şifrələrini müəyyənləşdirir. Məsələn, Səhəndin "Kitabi-Dədə Qorqud" dastanının bütün boylarını nəzmə çəkdiyini, "Sazımın sözü", "Dədəmin kitabı" və "Qardaş andı" poemalar silsiləsində "Kitabi-Dədə Qorqud"dan, ümumən folklorumuzdan ustalıqla istifadə edildiyini, Şəhriyarın "Heydərbabaya salam" poemasındakı "Koroğlunun gözü qara seçəndə//Qıratını minib, kəsib-biçəndə…" tipli misraların birbaşa "Koroğlu"dan süzülüb gəldiyini, Həsən Məcidzadə Savalanın "Apardı sellər Saranı" poemasının xalq əfsanəsi "Xan çoban və Sara"nın mahiyyətini özündə yaşadan "Apardı sellər Saranı" xalq  mahnısının motivləri əsasında qələmə alındığını, Şəhriyar, Savalan, Səhənd kimi şairlərin poemalarında işlənmiş çoxsaylı atalar sözlərinin məntiqi mərkəz funksiyasında çıxış etdiyini tutarlı faktlarla əsaslandırıb. Bu müstəvidə bir cəhəti də qeyd edək ki, müəllif Bəhruz Dövlətabadinin bayatı formalı şeirlərini təhlil edərkən aşağıdakı şeir parçasını təqdim edir, onun ən səciyyəvi cəhətlərini aşkarlamağa çalışır:

Bayatı gün sözüdür,

Zamanın gözüdür.

Hər nə demiş babalar,

Həqiqətin özüdür.

Esmira Fuad klassik irsimizdən bəhrələnmiş Səhənd, Sönməz, Sahir, Zehtabi, Şami kimi şairlər sırasında Məhəmmədhüseyn Şəhriyarın adını xüsusi olaraq vurğulayır, onun bədii yaradıcılığına Xaqani, Nizami, Füzuli, Vaqif, Sabir, Möcüz kimi mütəfəkkirlərin poetic irsinin məhz güclü təsiri olduğunu konkret faktlarla arqumentləşdirir. Ən əsası isə bu kontekstdə ustad Şəhriyarı amerikan ədəbiyyatının görkəmli nümayəndəsi U.Folknerlə müqayisə edir: "U.Folkner kimi sənətkarların yaradıcılığı o dövrdə mövcud olan estetik təmayüllərdən daha yuxarıya qalxaraq onların da üzərinə işıq salır və beləliklə, özündən kənardakı hər şeyi mənalandırmaq keyfiyyəti qazanır… M.Şəhriyarın yaradıcılığı da məhz bu kontekstdə baxılmaq üçün diqqətəlayiqdir. Onun həm fars, həm də türkcə yazdığı nümunələr formanın ikinci plana keçməsi ilə deyil, əksinə, qədim və çox işlək formanın yeni məzmunla dolğunlaşması ilə xarakterikdir..."

Ədəbiyyatşünaslığımızda Güney Azərbaycan ədəbiyyatının aparıcı janrlarından olan poema janrı sistemli şəkildə öyrənilməmiş, xüsusi tədqiqat mövzusu olmamışdır. Amma bunu da inkar etmək olmaz ki, bir sıra tədqiqatçılar, yeri gəldikcə, XX əsr Güney Azərbaycan ədəbiyyatında yaranmış poemalara da münasibət bildiriblər. Bu mənada Esmira Fuad təkcə haqqında bəhs etdiyimiz zaman kəsiyində yaranmış poemaların hər birini araşdırmaqla kifayətlənmir, eyni zamanda bu poemaların bəziləri barəsində deyilmiş fikirləri də saf-çürük edir. Dəqiq desək, Mirzə İbrahimov, Cəfər Xəndan, Ruqiyyə Qəmbərqızı, Rafiq Yusifoğlu, Elman Quliyev, Kamal Ağamalıoğlu, Qafar Kəndli, Gəncəli Səbahi, Cavad Heyət, Əlirza Sərrafi, Hümmət Şahbazi, Qadir Cəfəri...(yeri gəlmişkən, qeyd etdiyimiz alimlərin cərgəsi bölünmüş Azərbaycan deyil, bütöv Azərbaycan təəssüratını yaradır) kimi alim və şairlərin Güney ədəbiyyatında poema janrı ilə bağlı söylədiklərini analitik təhlil süzgəcindən keçirir, mövzu ilə bağlı ən əsas cəhətləri qabartmağa çalışır. Bununla belə, bir sıra alimlərin əsərlərindəki qüsurları, çatışmayan cəhətləri göstərməkdən də çəkinmir, əsl alim mövqeyi nümayiş etdirir. Burada Esmira Fuadın bir fikrini eynilə xatırlatmaq yerinə düşür: "K.Ağamalıoğlunun təsnifatı, təbii poema janrının inkişaf və təşəkkül mərhələləri üçün vahid konsepsiya hesab edilə bilməz. Çünki zaman dəyişdikcə poemaların da təşəkkül variantı dövrə və zamana uyğun dəyişir və müxtəlif kateqoriyalı poemalar yaradılır. O poemalar ki, özündə daha qlobal  xarakterik xüsusiyyətləri əks etdirir. Bu səbəbdən də poemaları daha çox qruplara ayırmaq mümkündür".

Monoqrafiyadakı bölmələrdən biri belə adlanır: "XX əsrin əvvəllərində, Rza şahi ibtidai dövründə və II Dünya müharibəsi illərində poema janrının inkişafı (1900   1950-ci illər)". Müəllif bu dövrdə yaranmış poemaların, demək olar ki, hər birinin ən səciyyəvi cəhətlərini müəyyənləşdirməyə çalışıb. Konkret desək, İrəc Mirzənin "Arifnamə", Məhəmməd Hidəcinin "Əfsanə", Mirzadə Eşqinin "Bir qoca kəndlinin idealı", Haşım Tərlanın "Toxucu qız"... poemalarının poetik semantikası, bədii-estetik məziyyətləri barədə dolğun fikirlər söyləyir. Alimin Mir Mehdi Etimadın "Çərşənbə bazarı" və "Gəlinlər həmayili//bəzəyi" poemaları barədə söylədikləri isə bütün parametrlərinə görə elmi və inandırıcıdır: "Etimad millətinin, xalqının eyiblərindən yazır, onu nadanlıq və cəhalətə sürükləyən səbəb və hadisələri tənqid edir, bu yolla ictimai ədalətsizliyi islah etmək istəyirdi..."

Esmira Fuad ustad Şəhriyarın bütün Yaxın Şərqdə "Heyrət, ey söz!" effekti yaratmış "Heydərbabaya salam" poemasının bədii-estetik qayəsini, bənzərsizliyini müxtəlif prizmalardan izah edir. Məsələn belə: "Heydərbabaya salam" Şəhriyarın sənətdə qələbəsidir; poemaya yazılmış saysız-hesabsız nəzirələrdən heç biri onun zirvəsinə yüksələ bilməyib; Şəhriyar gözəlliyi təkcə vəsf etmir, həm də bədii-fəlsəfi dəyər kimi göstərir; "Heydərbabaya salam" poeması qadağalar mühitində Azərbaycan türkcəsinin təntənəsi, Azərbaycan türkünün kimliyinin təsdiqi idi; "Heydərbabaya salam"da minilliklərdən doğan xəlqilik, Azərbaycan koloriti çox güclüdür… Esmira Fuad mövzu ilə bağlı ən kiçik detala belə aydınlıq gətirməyə çalışır. Bu isə mümkünsüzdür. Çünki yunanların "İlliada" və "Odiseya"sı, almanların "Nibelunqlar haqqında mahnı"sı, Oğuz türklərinin "Kitabi-Dədə Qorqud"u kimi, ustad şairimiz Şəhriyarın "Heydərbabaya salam"ı da sirrini özündə saxlayan, daha doğrusu, sirli-sehirli dünyası bütünlükıə açıla bilməyən sənət incilərindəndir.

"İslam inqilabından sonrakı dövrdə (1979-2000-ci illər) Güney Azərbaycan ədəbiyyatında epik şeirin inkişafı" məsələləri ədəbiyyatşünaslığımızda bir problem olaraq qalırdı. Təqdirəlayiq haldır ki, Esmira Fuad bu sahədə də öz qələmini sınayıb. Müqayisə və qarşılaşdırmalar göstərir ki, "... ədəbiyyat həqiqətən dövrün, zamanın, cəmiyyətin və təbiətdə baş verən olayların bədii salnaməsi, poetik əks-sədasıdır",  deyən müəllif həmin dövrdə yaranmış poemaların əksəriyyəti barədə yeni fikirlər söyləyə bilib: Şəhriyarın "Heydərbabaya salam"da nümayiş etdirdiyi parlaq türkcə "Kənd cevizi" (Mahmud Sadiqpur Şami) poemasının da gözəlliyidir; "Vətən pülüşü" (Azəryar Danişvər) onun içində qalanan bütün Azərbaycanın qəminin yansıması, arzularının oylağında nakam vətən sevgisinə ucaltdığı abidə olur; "Urmu boyda həyatın ölümünü görmək ona bütün Güney Azərbaycanın ölümünü seyr etmək kimi gəlir..." Qəribədir, bu müstəvidə Esmira Fuad "Kitabi-Dədə Qorqud" eposundakı Qazan xanla bir sırada durur. O Qazan xanla ki, "Qom qomlamım qoma yurdum!... Səni yağı nerədən darımış, gözəl yurdum, - deyərək için-için ağlayır, gözləri qan-yaşla dolur, qara bağrı sarsılır...

Bəllidir ki, 1946-cı ildə Güney Azərbaycandakı azadlıq hərəkatı beşiyindəcə boğulur və bu zaman "Güney şairlərinin bir qismi... Quzey Azərbaycana pənah gətirərək qan qardaşlarının qanadları altına sığınırlar" (E.F.). Bunların sırasında Balaş Azəroğlu, Əli Tudə, Mədinə Gülgün, Söhrab Tahir kimi görkəmli söz-sənət sahibləri olub. Bu sənətkarlar ədəbiyyatımızın inkişafı və zənginləşməsi yolunda bütün varlıqları ilə çalışıblar, "Vətəndə Vətənsiz"lik dərdindən qurtulmaq uğrunda yorulmadan mübarizə aparıblar. Bu mənada haqqında bəhs etdiyimiz kitabda "Vətəndə Vətənsiz" olan demokrat şairlərin poema yaradıcılığı" adlı bölmənin verilməsi müsbət qarşılanır. Həmin bölmədəki təhlillərdən aydın olur ki, Ə.Tudənin "Gizli döyüş", "Sülhün keşiyində" poemaları irticanın iflasına, sülhə və xalqlar dostluğuna həsr olunub, Mədinə Gülgünün "Pərvanə" poemasında insanlıq, humanizm və cəsarətli şəxsiyyət yüksək pafosla verilib, Balaş Azəroğlunun "Festival" və "Ərəb oğlu" poemalarında tərənnüm başlıca şərtdir... Mətn semantikasına istinadən söylənmiş bu fikirlər elmi və inandırıcıdır.

Güney Azərbaycan ədəbiyyatındakı ənənə və yeniliyin, novatorluğun vəhdəti monoqrafiyanın "Poemalarda ənənə və müasirlik" adlı III fəslində sistemli şəkildə işıqlandırılıb. Məcid Şəbbağ Yalqız, Kərim Məşrutəçi Sönməz, Heydər Xətibi, Həbib Sahir, Səhənd və başqa şairlərin poemalarına müxtəlif prizmalardan yanaşan Esmira Fuad göstərir ki, "ənənə və müasirlik, realist düşüncə tərzi, sağlam ideoloji mübarizə ruhu və s. Güney şairlərinin diqqət yetirdikləri ən vacib məsələlərdəndir..." Müəllifin bu tip qənaətləri birbaşa həmin poemalardan doğan məntiqi nəticələr kimi çıxış edir.

"Yeni şeir ənənələri: "modernizmin təzahürü", "tarixilik və müasirlik", "mövzu dairəsi: ənənəvi obrazlar yeni məzmun müstəvisində" məsələləri də monoqrafiyanın III fəslində araşdırılır. Müəllif poemaların semantik tutumuna, formasına, eyni zamanda ədəbiyyatşünaslığın son nailiyyətlərinə əsaslanmaqla yeni və orijinal fikirlər söyləyir. Yeri gəlmişkən, Esmira Fuad Güney Azərbaycan ədəbiyyatındakı poemaların mövzu dairəsindən bəhs edərkən belə bir şərh verib: "…onların yaradıcılığında əsas mövzu Ana Vətən   Azərbaycan, ana dili, xalqın taleyidir. Ayrılıq, həsrət, Vətəndə Vətənsizlik dərdi nisgilli qələm sahiblərinin ən kövrək, həssas mövzularındandır..." Qeyd edək ki, bu sitatlardakı ilk cümlələr həm monoqrafiyadan, həm də XX əsr Güney Azərbaycan poemalarından bir leytmotiv kimi keçir.

54 səhifədən ibarət IV fəsil belə adlanır: "Epik şeirin ideya xüsusiyyətləri". Esmira Fuad həm Güneyli şairlərin ən məşhur poemalarının semantikasına, həm də mövcud tədqiqatlara söykənərək maraqlı mülahizələr söyləyir. Məsələn, Səhəndin "Xatirə" adlı mənzum əsəri cəsarətli olmağa çağırış baxımından çox dəyərlidir; Sönməzin "Böyük dərd" poemasında ayrılıq, hicran, eyni zamanda vüsal, sevinc, qəm, kədər qoşa qanad kimidir; Şəhriyar yaradıcılığında ictimai-dünyəvi məsələlər səciyyəvi xarakter daşıyır, sosial-əxlaqi predmetlər, fəlsəfi-etik kateqoriyalar əsas cəhətlər kimi ehtiva olunur… Müəllifin analitik təfəkküründən süzülmüş bu fikirlərin hər biri tutarlıdır, hər biri dolğundur. Bu isə onu həm də ciddi bir tədqiqatçı kimi dəyənləndirməyə imkan verir. Qeyd edək ki, Esmira Fuadın yaradıcılığındakı bu cəhəti professor Teymur Əhmədov və filologiya üzrə elmlər doktoru Rəhim Əliyev də xüsusi olaraq vurğulayıblar: Monoqrafiyada "Cənubi Azərbaycan poeziyasının şah damarı olan poema janrının təşəkkülü, inkişafı, formalaşması prosesi, sənətkarlıq xüsusiyyətləri və nəzəri məsələlərinin dolğun təhlili diqqətimizi çəkir".

Esmira Fuad epik şeirin janr tipologiyasından bəhs edərkən poema janrının üç əsas növünü göstərir: lirik, epik və dramatik. Müəllifə görə, Səhəndin "Sazımın sözü", "Dədəmin kitabı" kimi əsərləri epik-lirik poemalardırsa, Hilal Nasirinin "Qəhrəmanlar", Atilla Maralanlının "Qarabağ ürəyimdir" əsərləri də epik poemalardır. Yaxud Zehtabinin "Şahin zəncirdə", Şaminin "Qartal", Haşım Tərlanın "Araz gülür" kimi əsərləri dramatik poemalar hesab edilir.

Esmira Fuad Güney Azərbaycan ədəbiyyatında müşahidə olunan bədii təsvir və ifadə vasitələrini tədqiq edərkən daha çox Şəhriyar, Həbib Sahir, Haşım Tərlan, Savalan, Səhənd kimi şairlərin poemalarına müraciət edib. Bu, monoqrafiyanın "Poemalarda obrazlılıq: bədii təsvir və ifadə vasitələri" bölməsində qabarıq şəkildə görünür. Burada həmin bölmədəki bəzi məsələlərə yığcam şəkildə münasibət bildirmək zərurəti yaranır:

  Güney Azərbaycan poemalarında məcazların səciyyəvi cəhətləri barədə dolğun təəssürat yaradılıb;  araşdırmalara daha çox metafora, təşbeh və epitetlər cəlb edilib. Bu da, heç şübhəsiz ki, müraciət olunmuş poemalarda metafora, təşbeh və epitetlərin üstün mövqedə görünməsi, intensivliyi ilə bağlıdır: metafora  "Pərdələnsin saçaqları rəqs eləsin" (Savalan)...; təşbeh "Qərq olmuş gəmiyə bənzər şəhər" (Ə.S.Alov)...; epitet  "Dəli sel şəhərdə tufan qopardı" (M.S.Şami)...;

 Şəhriyarın yaratdığı "Oxudum səni, Səhənd" metonomiyasının poetik semantikası müəyyənləşdirilib; "Al günəşli buludların qaşında Ay" (Haşım Tərlan) misrası düzgün olaraq poetik tapıntı, "Ürəyin nar kimi sıxdı kağıza" (Mirzə Məhəmməd) misrasındakı təşbehi isə əvəzsiz bir bənzətmə hesab edilib. "Şahbaz ayğır at", "altun işıq cübbə", "alagözlü igidlər" kimi ifadələr bədii məqsədin açılmasına yardım edən təptəzə epitetlər, original məcazlar kimi təqdim edilib. Düzdür, bu epitetlər orijinaldır, amma təptəzə deyil, "Kitabi-Dədə Qorqud"dan süzülüb gəlmiş ifadələrdir. Burada yalnız bir nümunəni xatırladırıq: alagözlü igid: "Bir məhbub, alagözlü yigit burcuq-burcuq dərləmiş uyur" bədii təzad, inversiya, mübaliğə, anaphora kimi obrazlılıq yaradan vasitələrin hər biri uyğun nümunələr kontekstində araşdırılıb. Bu müstəvidə Şəhriyar, Savalan, Səhənd və Sönməz kimi görkəmli şairlərin poemalarından verilmiş misralardakı inversiyalar diqqətçəkəndir.

 "Açılmışdır yer süpürən qaş-qabağı" (Haşım Tərlan) misrası ilə bağlı belə bir açıqlama verilib: "...müəllif... son dərəcə orijinal "Açılmışdır yer süpürən qaş-qabağı" frazeoloji birləşməsini yaratmışdır" (səh.316   317). Burada təkcə onu qeyd edək ki, şair həmin frazeoloji vahidi yaratmayıb, əksinə, dilimizdəki "üzündə fərəh əlaməti görünmək", "acığı, hirsi soyuyaraq üzü açılmaq" anlamlı "qaşqabağı açılmaq" frazemindən məharətlə istifadə edib...

Göründüyü kimi, "bədii dilin çox mühüm tərkib hissəsi... libası, bəzəyi bədii təsvir və ifadə vasitələridir", - deyən müəllif Güney Azərbaycan şairlərinin poemalarında müşahidə olunan bədii təsvir və ifadə vasitələri ilə bağlı yeni söz deyə bilib. Amma onu da qeyd etmək yerinə düşür ki, həmin mövzu ayrılıqda, həm də daha geniş müstəvidə tədqiq olunmalıdır.

Esmira Fuadın "XX əsr Güney Azərbaycan epik şeiri" (Bakı, 2016) adlı monoqrafiyası filologiyamızın uğurlarından hesab oluna bilər və ali təhsil müəssisələrimizdə dərs vəsaiti kimi tədris edilməsi məqsədəuyğun olardı...

 

Əzizxan TANRIVERDİ

Filologiya üzrə elmlər doktoru, professor

 

525-ci qəzet.- 2017.- 29 mart.- S.7.