Görkəmli kinorejissor Tofiq İsmayılov yad edilib

 

Dünən Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda görkəmli kinorejissor ssenarist, Xalq artisti, professor Tofiq İsmayılovla bağlı anım tədbiri keçirilib.

Tədbirdə rejissorun sənət dostları, tanınmış mədəniyyət adamları, yazarlar sənətkarın ailə üzvləri iştirak ediblər.

AYB sədri Anar qonaqları salamladıqdan sonra Tofiq İsmayılov haqqında xatirələrini bölüşüb, rejissorun həyat yaradıcılığı barədə fikirlərini söyləyib. T.İsmayılovu görkəmli kino xadimi kimi qiymətləndirən Anar onun yüksək insani keyfiyyətlərini vurğulayıb.

Sonra çıxış üçün söz T.İsmayılovu yaxından tanıyan türkiyəli alim, qardaş ölkənin Azərbaycandakı səfirliyinin yeni mədəniyyət müşaviri İrfan Çifçiyə verilib. "İnsanlar necə yaşarlarsa, elə ölərlər" - fikri ilə nitqinə başlayan İ.Çiftçi T.İsmayılovu dəyərli insan, peşəkar rejissor kimi xarakterizə edib, onun yaddaşlarda unudulmaz şəxsiyyət kimi qaldığını deyib: "Biz Tofiq bəylə 1996-cı ildə Türkiyədəki Azərbaycan Mədəniyyəti Günlərində tanış olmuşduq. Ondan sonra uzun illər əməkdaşlıq etdik. Tofiq İsmayılovun həyata, insana, hətta ən adi detallara çox dərin baxışları vardı. Tofiq bəy sənətə, kinoya, ədəbiyyata böyük məhəbbət bəslədiyi kimi, öz xalqına, türk dünyasına, xüsusən gənc nəslə bir o qədər sevgiylə yanaşardı. Dəfələrlə söyləmişdi ki, dünyaya bir daha gəlsəydim, müəllim olmaq istərdim, həm azyaşlıların müəllimi. O, həyatda da, sənətdə dəyərli müəllim idi". İrfan Çiftçi bildirib ki, mayın 25-də İstanbulda Tofiq İsmayılovun geniş anım tədbiri keçiriləcək.

Daha sonra akademik, millət vəkili Rafael Hüseynov T.İsmayılovla bağlı xatirələrini, onunla tanışlıqdan, görüşlərdən aldığı təəssüratları paylaşıb: "Tofiq müəllim həyata bağlı, arzularla yaşayan adam idi. O, Türkiyədə, İstanbulda işlədiyi zamanlarda türk mədəniyyətini tanıdan bir sıra mühüm layihələr, tədbirlər həyata keçirmişdi. Memar Sinan Universitetində çalışdığı vaxtlarda xüsusilə böyük işlər görmüşdü". Rejissorun 1971-ci ildə çəkdiyi "Oxuyur Müslüm Maqomayev" filmindən söz açan R.Hüseynov deyib ki, T.İsmayılov kino vasitəsilə zamanı tutub saxlamağı bacaran sənətkar idi: "Onunla ilk işbirliyimiz Cəlaləddin Rumi haqqında çəkdiyimiz "Gəl" filmində oldu. Daha sonra uzun illər əməkdaşlıq etdik. 2000-ci ildə yazdığım "Əlifba" kitabı ilə bağlı, ayrı-ayrı nağıl qəhrəmanlarının obrazlaşdırıldığı uşaq filmləri çəkmək planımız var idi. Təəssüf ki, ömür vəfa etmədi".

Rəssam Rafiz İsmayılov vaxtilə bərabər çalışdığı T.İsmayılov haqqında, onun yaradıcılıq prinsipləri barədə danışıb.

Şair Ramiz Rövşən mərhum rejissorla uzun müddət kinostudiyada birlikdə işlədiklərini, onu həm insan, həm sənətkar kimi yaxından tanıdığını deyib, bir sıra filmlərdə yaxından əməkdaşlıq etmələrini məmnunluqla xatırlayıb.

Rejissor Eldar Quliyev T.İsmayılovu fəal, ünsiyyətcil, həssas insan, yüksək peşəkarlığa malik kino xadimi kimi səciyyələndirib.

Yazıçı-dramaturq Aqşin Babayev, "Azərbaycan" jurnalının baş redaktoru İntiqam Qasımzadə, rejissor Yalçın Əfəndiyev başqaları da T.İsmayılovla bağlı xatirələrini dilə gətirib, onu ehtiramla yad ediblər.

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2017.-29 mart.- S. 7.