Milli musiqimizin
Firəngiz Əlizadə imzalı daha bir uğuru
Aprelin
28-də Azərbaycan Bəstəkarlar
İttifaqının Üzeyir
Hacıbəyli adına Konsert salonunda görkəmli bəstəkar Firəngiz Əlizadənin "Nasimi
Passion" əsərinin videoyazısının
təqdimatı oldu.
Bu əsər Niderland
Krallığındakı "Amsterdam Royal
Concertgebouw" konsert sarayında
ölkənin kral simfonik orkestrinin, xorunun və solistlərinin müşayiətilə
səslənib.
Qeyd edək ki, Avropanın
nüfuzlu mədəniyyət
təşkilatlarından olan
, "Amsterdam Royal Concertgebouw" tərəfindən
son illər ərzində
müxtəlif din və
məzhəblərə məxsus
(pravoslav, katolik, iudaizm, buddizm) "İlahilər" layihəsi
həyata keçirilir.
Dünyanın bir çox
ölkələrindən, müxtəlif
dinə mənsub olan bəstəkarlara əsərlər sifariş
olunub və səsləndirilib. 2015-ci ildə İslam dininə aid olan ilahilərin bəstələnməsi
qərara alınıb
və bu, Firəngiz Əlizadəyə
həvalə olunub.
Beləliklə də "Nasimi
Passion" əsəri yaranıb.
Təqdim olunan 35 dəqiqəlik əsərin səsləndiyi
konsert sarayında insanların böyük diqqət və marağını videoyazı
vasitəsilə yaxından
izləmək olar. Bu ürəkaçan görüntüdən
təsirlənməmək mümkün
deyil. Bunu Azərbaycan musiqi
mədəniyyətinin əlamətdar
hadisəsi adlandıra
bilərik. Təqdimatdan sonra Firəngiz Əlizadə xoş təəssuratlarını bizimlə
bölüşdü. Ünvanlanan sualları böyük məmnuniyyətlə cavablandırdı.
Firəngiz xanım müraciət
etdiyi mövzu ətrafında geniş çıxış edərək
orta əsrlərin böyük mütəfəkkir
şairi İmadəddin
Nəsimi barədə
danışdı. Dahi mütəfəkkirin
fəlsəfi görüşlərindən,
düşüncələrindən söhbət açdı.
Əsərdə Şərq və
Qərbin sintezini xüsusilə vurğuladı.
Qeyd etdi ki, bu irihəcmli
əsərdə müasirlik
və eyni zamanda Şərqin fərqli təfəkkür
tərzi olan orta əsr sufi fəlsəfəsi
burada bərabər işlənib.
Kadrlardan görünür ki, mövzu layihənin tələblərinə tam cavab
verib və Qərbin illər boyu axtardığı sualına sanki bir cavab olub
bu əsər. Konsert zamanı
sözlərinin tərcüməsinin
ekranda yayımlanmağı
tamaşaçıların əsəri daha dərindən dərk etməsinə imkan verib. Əsərin ifasında əsasən sufi məclislərində
istifadə olunan musiqi alətlərinə müraciət olunub. Musiqidə milli alətlərin və Avropa alətlərinin sintezi dinləyicilərə böyük
zövq bəxş edib. Bəstəkar bu əsər
vasitəsilə Avropa
dinləyicisinə yad
və daim onun maraq dairəsində
olan sirli bir aləmə aparıb.
Təsadüfi deyil ki, müxtəlif dinlərin nümayəndələrinin dostluq
və qardaşlıq
şəraitində yaşadığı
ölkəmizdə 2017-ci il Prezident İlham Əliyev tərəfindən "İslam
həmrəyliyi ili"
elan olunub və bu mühüm
mədəni hadisənin
mahiyyəti daha da genişlənib.
Azərbaycan musiqi tarixinə əlavə olunan bu mədəniyyət hadisəsini bütövlükdə
xalqımızın uğuru
kimi qiymətləndirə
bilərik. Bu ecazkar
əsər və parlaq uğur münasibətilə Firəngiz
xanımı bir daha ürəkdən təbrik edirəm.
Aysel KƏRİM
Bəstəkar, musiqişünas
525-ci qəzet.- 2017.- 2 may.- S.7.