Rəqs sənətinə töhfə

 

Bugünlərdə "Aspoliqraf" nəşriyyatında Azərbaycan Respublikası Mədəniyyət Turizm Nazirliyinin sifarişi ilə tanınmış yazıçı-publisist Mustafa Çəmənlinin rəqs sənətimizin canlı əfsanəsi hesab olunan, Xalq artisti, Prezident təqaüdçüsü Roza Cəlilovanın həyat səhnə fəaliyyətinə həsr etdiyi "Səhnəmizin çiçəyi" adlı kitabı nəfis şəkildə nəşr olunub.

 

"Xallı gürzə", "Ölüm mələyi" tarixi romanlarının, "Yaddaş", "Ruhların üsyanı", "Üçyaşlı əsir" kimi dəyərli povestlərin müəllifi olan Mustafa Çəmənli həm də sənədli nəsr əsərlərinin, muğam ifaçıları haqqında çoxsaylı kitabların müəllifi kimi tanınır. Mustafa Çəmənli bu dəfə incəsənətimizin nisbətən az yazılan, az tədqiq olunan rəqs sənətindən, milli rəqsimizin canlı korifeyi olan Xalq artisti Roza Cəlilova haqqında kitab yazmışdır. Kitab haqqında rəy yazmış Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev doğru olaraq qeyd edir ki, "...qədim tarixə və zəngin bədii ənənələrə malik olan rəqs sənətimizin mənəvi yükünü uzun illər ərzində şərəflə daşıyan Roza Cəlilova barəsində əhatəli kitabın yazılması çox təqdirəlayiq haldır. Digər tərəfdən, heçasan olmayan bu yaradıcı işin məhz Mustafa Çəmənli tərəfindən görülməsi həm də ona görə müsbət haldır ki, o, bədii-sənədli əsərlərin yazılması sahəsində kifayət qədər təcrübəsi olan söz adamıdır.

 

Elə onun Roza Cəlilovaya həsr olunmuş yeni kitabında da müəllifin yaradıcılığını başqalarından fərqləndirən xüsusiyyəti və özünəməxsus dəsti-xətti duymaq mümkündür. Onun topladığı materialları ədəbi-bədii və sənədli tutumda ifadə etmək istedadı məşhur rəqqasənin sənət dünyasından bəhs edən "Səhnəmizin çiçəyi"ndə də duyulandır".

 

Mustafa Çəmənli bir yazıçı, publisist olaraq sənət adamları haqqında yazarkən onun mühitini, sənət dostlarını da unutmur. Biz bu keyfiyyəti yazıçının "Səhnəmizin çiçəyi" bədii monoqrafiyasında da görürük. Belə ki, kitabın əsas qəhrəmanı Roza xanımın həyat və yaradıcılığından danışarkən yeri gəldikcə, müəllif mahnı və rəqs ansamblının yaranma tarixi, bədii rəhbərləri, Roza xanımla çiyin-çiyinə çalışan sənət dostlarından da söz açır. Kitabı həm də müəllif fikrini tamamlayan görkəmli rəqqasənin ömür yolu və ümumilikdə, milli rəqs sənətimizin tarixini əks etdirən fotoşəkillər bəzəyir. Bu şəkillərin özü belə mahnı və rəqs ansamblının, onun ən mahir rəqqaslarından biri olan Roza Cəlilovanın zəngin repertuarından xəbər verir.

 

Rəqs sənəti sözsüz sənətdir, ona görə də bu sənətin incəliklərindən, ifaçılıq xüsusiyyətlərindən yazmaq, təhlil etmək, fikir söyləmək elə də asan deyildir. Ancaq kitabla tanışlıq göstərir ki, Mustafa Çəmənli bu çətin işin öhdəsindən uğurla gəlib. "Səhnəmizin çiçəyi"ni oxuduqca məşhur rəqqasənin obrazı göz önündə canlanır. Müəllifin gəldiyi qənaətə biz də ürəkdən şərik oluruq: "Roza Cəlilovanın rəqsləri çəkilməmiş, amma yaddaşlara həkk olunmuş tabloya çevrilib. Onun rəqsini, sirayətedici görkəmini, sifətindəki işıq dolu məsumluğu unutmaq mümkün deyil. Əlbəttə, fiziki gözəllik o zaman dəyərli olur ki, onun məzmunu olsun. Sənətkarın zahiri gözəlliyi o zaman tambütöv olur ki, sənəti də gözəl olsun. Bu baxımdan Roza Cəlilovanın həm özü, həm də sənəti gözəldir".

 

525-ci qəzet.- 2017.- 2 may.- S.8.