Azərbaycanlı musiqiçilər
Trabzondakı "Qafqazın səsi" proqramında
HƏMYERLİLƏRİMİZ TÜRKİYƏLİ YETİRMƏLƏRİ NURGÜL KERVANLA BİRGƏ MARAQLI KONSERT VERİBLƏR
Aprel ayının
sonlarında Türkiyənin
Trabzon şəhərində həyata keçirilən
ikinci Beynəlxalq
Trabzon Ədəbiyyat Festivalına
(UTEF-2) qatılarkən mədəniyyətimizin
həmin şəhərdə
daha bir mühüm uğuruna şahid olduq.
AYB-nin gənclərlə iş üzrə katibi Rəşad Məcidlə dinləyicisi
olduğumuz musiqi proqramını həmyerlilərimiz
hazırlamışdılar. "Qafqazın səsi-2" adlandırılan Trabzon konsert
proqramı aprel ayının 24-də gerçəkləşdi.
Bu konsert proqramının həyata
keçirilməsində 1992-ci ildən Türkiyədə
çalışan musiqi
estetikası üzrə
fəlsəfə elmləri
doktoru Babək Qurbanovun böyük əməyi vardı. Hazırda Qaziantep Universiteti Türk Musiqisi Dövlət Konservatoriyasında
çalışan Babək
müəllim orada işlədiyi vaxtlardan Türkiyə və Azərbaycanın mədəni
əlaqələrinin genişlənməsində
yaxından iştirak edir. Qırx bir kitabın
müəllifi olan Babək Qurbanovun son kitabı "Canqar" kalmık qəhrəmanlıq
dastanına həsr edilib. 2011-ci ildə Türkiyə-Azərbaycan
musiqi əlaqələrinin
elmi sahədə güclənməsi üçün
Qaziantep Universiteti ilə Bakı Musiqi Akademiyası arasında protokol imzalanıb. Bundan sonra
Türkiyənin dörd
müəllimi ixtisası
üzrə elmi dərəcə alıb ki, onun da
üçünün elmi
rəhbəri Babək
Qurbanovdur. Bunlar Gültekin
Şener, Savaş Ekici, Hakan Tatyüzdür.
Digər bir elmi dərəcə alan Əli
Dağıstanlının da
elmi rəhbəri azərbaycanlı ziyalı
Səadət Abdullayevadır.
Onların elmi dərəcələrinin
son mərhələsi 2014-cü ildə YÖK-də rəsmən təsdiqlənib.
Bununla kifayətlənməyən həmyerlilərimiz
2016-cı ildə Qaziantep
Universiteti ilə Azərbaycan Musiqi Konservatoriyası arasında
tələbə mübadiləsi
və milli alətlərin təbliği
üzrə protokol imzalayıblar.
Sözügedən konsertdə də Babək Qurbanov "Azərbaycan Muzik Kültürünün Bazı Sanatsal-Estetik Sorunları Üzerinə" məruzə ilə çıxış etdi. Həmin konsertdə Babək Qurbanovla yanaşı, 2000-ci ildən Türkiyədə fəaliyyət göstərən sənətşünaslıq üzrə elmlər doktoru, professor İlqar İmamverdiyev də vardı. O, sazda bir neçə Azərbaycan musiqisi ifa edərək "Osmanlı Divani" ilə "Bugünki dəvətə xoş gəlibsiniz" şeirini səsləndirdi. Onların tələbələri olan Ahmet Baş və Fatma Işık da Azərbaycan musiqilərini ifa etdilər. Bu ifalar sırasında "Qarabağ", "Çırpınırdı Qara dəniz", "Azərbaycan-Türkiyə" də yer aldı. Bunlardan əlavə, Azərbaycan şairlərindən Osman Sarıvəlli, Bəxtiyar Vahabzadə, Cəfər Cabbarlı, Tofiq Bayram, Fikrət Qoca, Əhməd Cavad və başqalarının şeirlərinə bəstələnmiş mahnılar ifa olundu. Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Ələkbər Tağıyev, Qulu Əsgərov, Şəfiqə Axundova, Ramiz Mirişli, Bəhram Nəsibov, Tahir Əkbər və başqa bəstəkarlarımızın əsərləri səsləndi.
Həmin musiqi proqramında onları müşayiət edən və dirijor kimi səhnəyə çıxan Nurgül Kervan İMKB Anadolu Liseyində piano müəllimidir. Nurgül xanım azərbaycanlı müəllimləri Babək Qurbanov, İlqar İmamverdiyev və Tamella Qasımovanın yetirməsi kimi 2002-ci ildə məzun olub. O, 2003-cü ildə Amasiyada İlqar İmamverdiyev və Tamella Qasımova ilə birgə Türkiyə-Azərbaycan dostluq konserti hazırlayıb. Daha sonra 2013-cü ildə Trabzonun ilçəsi olan Akçaabatda professor Əfqan Salayevlə birlikdə İkinci Türkiyə-Azərbaycan dostluq proqramını reallaşdırıblar. Yeni proqranın əvvəlkilərdən fərqi onda idi ki, bu proqramda Mansur Cəfərov da yer aldı.
Həmyerlilərimizin Türkiyədə uğurlu fəaliyyəti davam edir. Aprelin 25-dən 28-nə kimi onlar Niğdedə təşkil olunan Uluslararası Türk Dünyası Simpoziumuna da qatılıblar.
Gülnar SƏMA
525-ci qəzet.- 2017.- 2 may.- S.8.