Naxçıvan tarixində yeri olan iki unudulmaz sima

 

 

İSKƏNDƏR MAŞTAVA: GERÇƏK VƏTƏNPƏRVƏR, CƏSUR KOMANDİR

 

Bu yazıda yazıçı-jurnalist F.Zamanovun "Ataların döyüş yolu" kitabında və Əli Əliyevin xatirələrində böyük məhəbbətlə vəsf etdikləri həmyerlimiz İskəndər Maştavanın həyatının oxuculara məlum olmayan bəzi məqamları haqqında söhbət açmaq istəyirəm.

 

Qeyd edim ki, onun adına ilk dəfə Vətəndən uzaqda, Moldova torpağında rast gəlmişəm. Moldovanın paytaxtı Kişinyov şəhərindəki respublika muzeyində əfsanəvi insan Q.İ.Kotovski və onun briqadası haqqında maraqlı tarixi sənədlər mühafizə edilir. 1979-cu ildə həmin muzeydə olarkən bu sənədlərdə İskəndər Maştava, bəzilərində isə Aleksandr Maştava adına rast gəldim. Düzü, onun doğulduğu yer Naxçıvan olduğundan həmin ad marağımı çox çəkdi. Necə deyərlər, bu ad yaddaşıma həkk olundu. Və fikirləşdim ki, görəsən döyüşçü dostlarının Aleksandr deyə çağırdıqları bu naxçıvanlı əfsanəvi qəhrəman kimdir?

 

İskəndər xan Əkbər xan oğlu Naxçıvanski 1896-cı ildə Naxçıvan şəhərində anadan olub. İlk təhsilini də Naxçıvan şəhərində alıb. 1914-cü ildə atası təhsilini davam etdirmək üçün onu Tiflis gimnaziyasına aparıb. Bu gimnaziyanı bitirəndə I Dünya müharibəsinin qaynar vaxtı idi. Ona görə də hərbi məktəbi bitirən kimi kiçik zabit rütbəsi ilə 8-ci Hacı Tahirxan Naxçıvanskilər draqun alayına göndərilir. Tarixə öz süvarilikləri ilə adını həkk edən bir soya mənsub olan İskəndər xan da elə ilk döyüşdə cəsurluğu ilə fərqlənir və igidliyinə görə ona Georgi xaçı mükafatı verilir.

 

Lakin tale elə gətirir ki, İskəndər xan çar ordusunda xidmətdə ikən inqilabçılara qoşulur. 1917-ci ildə RK (b)P sıralarına üzv olur və çox cəld, çevik, işgüzar olduğundan onu 8-ci Həştərxan alay partiya komitəsinə sədr seçirlər. Müəlliflər onun özünün yazdığı tərcümeyi-hala istinad edərək deyirlər ki, İskəndər fəal inqilabçı olub. Əlbəttə, İskəndər xanın o illərdəki fəaliyyəti, daha doğrusu, bolşeviklərin tərəfində döyüşməsi hələ tam aydınlığı ilə araşdırılmayıb. Bəs, nəyə görə o, belə bir addım atıb? Bəzi müəlliflər göstərirlər ki, onun anası qulluqçu olduğundan, guya ata tərəfinə nifrət bəsləyib və bu addımı atıb. Xeyr, bu fikir o qədər də inandırıcı deyil. Çünki onun anası Məşədi Nisə xanım Əkbər xanın yaxın qohumudur. Bu məsələni bir az genişliyi ilə açaq. Məşədi Nisə xanım həm də Əkbər xanın uşaqlarının süd anası-dayəsi olub və Kənd Şahbuzda Əkbər xanın malikanəsində yaşayıb. Biz Naxçıvan xanlarının şəcərəsini işləyərkən sənədlərdən aydın oldu ki, general-leytenant İsmayıl xanın Rüstəm xan adlı bir oğlu olub və o, əsasən Şahbuzda yaşayıb. İndi də Kənd Şahbuzda Rüstəm xanın varislərindən yaşayanlar vardır. Məşədi Nisə xanım da Rüstəm xanın qohumlarındandır. Xatırladaq ki, Rüstəm xan Aman xanın doğma qardaşıdır. Deməli, Əkbər xanın evində dayəlik edən Məşədi Nisə xanım onun əmisinin yaxınlarındandır.

 

V.Y.Tsetlin yazır ki, süvari briqadasında biz rəhbər komanda heyətinin üzvlərini yaxşı tanıyırdıq. Tanış olmayan komandirin-hündürboylu, düzqamətli və başına kuban papağı qoymuş qarasaçlı adamın heyətə gəlişi diqqətimizi tez çəkdi. O, cənublulara oxşasa da, rus dilini çox mükəmməl bilirdi.

 

Bəli, İskəndər öz Kəngərli babaları kimi qorxmaz, cəsur, həm də bilikli, geniş dünyagörüşə malik bir insan idi. Əla döyüş qabiliyyəti olduğundan onu birinci Qırmızı Kazak Eskadronuna komandir təyin edirlər. Sonralar isə o, Q.İ.Kotovskinin məşhur süvari alayına göndərilir. Katovskinin özü də əfsanəvi adam idi. Vətəndaş müharibəsində onun xidmətləri əvəzsiz olub. Onun ən çox sevib qürrələndiyi və "əfsanəvi döyüşçü" adlandırdığı komandir isə İskəndər idi. İskəndər burada əvvəlcə komandir köməkçisi, sonra isə komandir vəzifəsində fəaliyyət göstərir. 1917-ci ildən sonra İskəndər Naxçıvanski familiyasını işlətmir. Sənədlərdə də o, "Maştava" kimi yazılırdı.

 

General-mayor V.Y.Tsetlin öz xatirələrində ondan məhəbbətlə, böyük rəğbətlə söhbət açır. Onun yazdığına görə, XIV ordu Ukraynada fəaliyyət göstərən və Petlyuranın başçılıq etdiyi burjua-millətçi ordusunu indiki Vinnitsa və Xmelnitski vilayətlərindən qovmaq barədə Sovet hökumətindən tapşırıq alır. Şöhrətli briqadanın I süvari polkunun komandiri İskəndər Maştava 1920-ci il noyabrın 12-dən 21-dək gedən bu vuruşmalarda özünü müstəsna komandir kimi göstərir. Müəllif xatirələrinə davam edib yazır ki, bu vuruşmalardan sonra hamı onu "Döyüşkən komandir" çağırırdı. Alayın şəxsi heyəti İskəndər Maştavanın rəhbərliyi ilə həmlə edənlərin həmişə önündə gedər, düşmənin üstünü qasırğa kimi alar və onu qaçmağa məcbur edərdi.

 

İskəndər Maştavanın döyüş istiqamətləri də çox müxtəlif olub. O, Tambovda antonovçulara qarşı məharətlə vuruşmuşdur. 1921-ci ildə Semyonovka, Nikolskoye, Yekaterinovka yaşayış məntəqələrində, Vorona və Xoner çaylarının ətrafındakı ərazilərdə şiddətli döyüşlərdə Katovskinin briqadasını İskəndər xanın komandirlik etdiyi alay təmsil edib. Buna görə Katovskinin briqadası o zaman ən yüksək mükafat sayılan "Qırmızı Bayraq" ordeni ilə təltif edilib. Sonralar marşal olmuş Q.K.Jukov da həmin illərdə briqadanın alay komandiri olub və İskəndər xanla çiyin-çiyinə döyüşüb. İskəndər xan Maştava Zvidzal (indiki Jitomir) ətrafındakı döyüşlərdə göstərdiyi igidliyə görə ikinci dəfə "Qırmızı Bayraq" ordeni ilə təltif edilib.

 

1922-ci ilin avqustunda o, Leninqrad ali süvari kursuna göndərilir. Və o, 1925-ci ilədək oxuyur. 1924-cü ildən Jukov, Rossovski, Yeryamenko və başqaları da onunla bir yerdə təhsil alıb.

 

Dördillik təhsilini tamamlayan İskəndər xan S.M.Budyonnın tapşırığı ilə Şərqi Buxaraya gedir. O, burada 78-ci əlahiddə süvari alayına komandir təyin olunur və basmaçılara qarşı döyüşür. Bəlkə də bilmir ki, Xivə xanlığı və Buxara əmirliyi onun general qohumu Hüseyn xan Naxçıvanskinin çox sevdiyi igid bir məkan olub.

 

Sonralar İskəndər xan ordudan uzaqlaşdırılır. Guya ki, səhhətinə görə ordudan ayrılır. Amma başqa bir əsaslı səbəb də olub. Bu da onun ata qohumlarının bolşeviklər tərəfindən təqib və təzyiqlərə məruza qalmaları, sürgün olunmaları ilə bağlıdır. Və həmin illərdə onun doğma atası -Əkbər xanın özü də DTK zindanlarında istintaq olunurdu. Təbii ki, belə olan əsasda bolşeviklər İskəndər xanı orduda saxlaya bilməzdilər. İskəndər xan Azərbaycana dönür. Amma ona Naxçıvana gəlmək qadağan olunur. O, əvvəlcə Dağıstanda, Türkmənistanda yaşayır. Sonra isə Azərbaycana gəlib, Astara rayonunda rəhbər vəzifəsində işləyir. 30-cu illərin sonunda isə o, Bakıda Xalq Torpaq Komissarlığında çalışır.

 

Böyük Vətən müharibəsi başlayanda İskəndər xan da cəbhəyə gedir. O, 55-ci qvardiya atıcı diviziyası 164-cü qvardiya atıcı alayının komandiri kimi Şimali Qafqaz uğrunda gedən vuruşmalarda faşistlərə qarşı mərdliklə döyüşür və həlak olur...

 

18 yaşından sonra doğma Naxçıvanı, çox sevdiyi ata-anasını görə bilmir. İskəndər xan həyatının sonrakı illərini doğulub boya-başa çatdığı Şahbuzun can məlhəmi havasından, dağlarının diş göynədən bulaqlarından doyunca su içə bilmir. Bu da belə ömür imiş....

 

TOVUZ XANIM NAXÇIVANSKAYA: BİR ŞƏXSİ ARXİVİN TALEYİ

 

1947-ci ilin payız fəslinin son günləri idi. Bakının qədim evlərinin birində həyatının son günlərini yaşayan Tovuz xanım dərin fikirlərə dalmışdı. Xəyal onu ömrünün ən əziz, xoşbəxt günlərinə aparmışdı. ata babası ram süvari generalı İsmayıl xan, ana babası general-mayor Kalbalı xan Naxçıvanski ilə bağlı nə qədər şirin xatirələri vardı bu incə ruhlu xanımın...

 

Oğlu Mehdiqulu xanın gətirdiyi "Kaspiy" qəzetini oxuyub səssiz-səssiz ağlamışdı. Əhməd bəy Ağayevin yazdıqlarını ürəyində cümlə-cümlə təkrarlayırdı: "... Bax, beləcə onlar bir-birinin ardınca dünyadan köçürlər. Bunlar keçmişin və əsrlərdən-əsrlərə addımlayan qoca Qafqazın sakinləridir. Taleyə bax ki, on-on beş ildən sonra onların heç biri olmayacaq. Onlar özləri ilə əbədiyyətə unudulmuş bütöv dünyanı, qərinəni-zəngin dünyagörüşünü aparacaqlar. Onlardan çoxları səfalət içində, əzab-əziyyətlər içində bir tikə çörəyə möhtac, xirtdəyə qədər borcun içində olsalar da, ömrü boyu soylarına məxsus adət-ənənələrini və yaxşı yaşamaq zövqlərini güzəştə getmək istəmirdilər. borcu olduqları şəxslər onların bədənlərinin soyumasını belə gözləməyərək quzğunlar kimi evə hücum çəkirlər. Hər şeyi siyahıya alırlar: mülkdən başlayaraq arxasında çox məğrur və usandırıcı səfalət gizlənmiş gözqamaşdırıcı ailə sərvətlərində qurtarırlar".

 

Qızı Yəməntacın Naxçıvandan gəlişi ona xeyli toxtaqlıq verdi. Ana-bala baş-başa verib dərdləşdilər. 27 il idi olmazın əziyyətlər çəkmişdilər. Nə qədər doğmalarını itirmişdilər.

 

Tovuz xanım Yəməntacı çağırmışdı ki, illərlə qoruyub saxladığı foto-arxivi ona versin.

 

- Bax, qızım, artıq hər şey qurtardı mənimçün. Bu arxivi Bakıdakı balalarıma verə bilmərəm. Onu saxlaya bilməyəcəklər. Amma sən Naxçıvanda onları gizlədə bilərsən. vaxt gələr, o şəkillər lazım olar. Axı, o adamların çoxu sağdır. Allah bilir dünyanın harasında ölüm təhlükəsindən yayınmaq istəyiblər? Amma qohumlarımı tanıyıram: bir vaxtlar Naxçıvana dönəcəklər, mütləq, bunlar döyüşçü olublar, Vətən uğrunda vuruşublar. Saymışam, 100-ə qədər şəkildir. General babaların, ulu baban Ehsan xanın da Varşavada və Sankt-Peterburqda rəssamların çəkdikləri şəkilləri buradadır. Mənə söz ver ki, onları saxlayacaqsan. Bax, əgər, nə vaxtsa çörəyə ehtiyacınız olsa, antikvar kimi satarsınız...

 

1947-ci ildə Bakıda əbədiyyətə qovuşan Tovuz xanım Bəhman xan qızı Naxçıvanskaya rusca, fransızca mükəmməl yazır və oxuyurdu. Həmişə milli geyimdə olan Tovuz xanımın illərlə qoruduğu qiymətli fotoşəkillərin əvəzi yoxdur. Bu fotoların hərəsi bir tarixi hadisənin şahididir.

 

1920-ci ildən sonra gah İrəvanda, gah da Bakıda gizlin yaşayan Tovuz xanım bu fotoşəkilləri böyük iradə hesabına qoruyub saxlayıb.

 

NKVD-nin təqiblərindən, hədələrindən necə yayındırıb bu arxivi?

 

Çox maraqlıdır. İllər keçdikcə o arxivdə olan fotolar bəzən oğurlanıb. Rusiyanın müxtəlif şəhərlərinə aparılıb. Fotoqraf V.Barkanovun 1878-ci ilin ikinci yarısında çəkdiyi general-mayor Kalbalı xan Naxçıvanskinin fotoşəkli də onun arxivində olub. Nəhayət ki, o foto tapıldı. Onu moskvalı tədqiqatçı, həmyerlimiz Fərhad Nağdəliyev tapa bildi. Artıq generalın şəkli muzeylərimizdə fəxri yerlərdən birini tuta bilər.

 

Yeri gəlmişkən, sovet hakimiyyəti illərində Naxçıvanda olan məsul partiya işçilərindən biri Naxçıvan xanlarının və Kəngərli generallarının şəklini toplayırmış. Hətta o, köməkçisi Əli Səfərova bu barədə xüsusi tapşırıq da veribmiş. Əli müəllimin həyat yoldaşı nəql edir ki, o şəkilləri haradan aldığını soruşdum. Deyirdi ki, Böyük xan İrəvanskinin arvadı Tovuz xanımın arxivindəndir. Mən həmin arxivdən aparılan şəkillərin izi ilə Dərbəndə qədər gedib çıxdım. Hələ də axtarıram. Həmin şəxsin ölümündən sonra Tovuz xanımın arxivindən zorla qoparılmış o şəkillər tamam başqa yerə verilib. Nə isə...

 

Əlimizdə olan məlumata görə, general İsmayıl xanın yaxşı bir fotoalbomu olub. Keçən əsrin 80-ci illərində Zaviyyə məhəlləsinin ağsaqqal və ağbirçəkləri deyirdilər ki, o albomlar ya Tovuz xanımın, ya da ki, Şövkət xanımın varislərindədir... Tovuz xanımın hər iki babası məşhur generallar olub, dayıları isə hərbçilər olub. Bu uzaqgörən xan qızı ilahi fəhmlə anlayırmış ki, tarix hər işi öz yoluna qoyacaq. Onun arxivində qayınatası və bibisi Tərlan xanımın əri Abbasqulu İrəvanskinin Həcc ziyarətindən sonra çəkdirdiyi böyük bir fotosu Cəmşid Naxçıvanskinin ev-muzeyinin əsas salonunda asılıb. Abbasqulu xanın qızı Fəxrəntacın şəkli də yanında...

 

Hər dəfə bu muzeyə gələndə çox qəribə bir aləmə düşürsən. Sakit-sakit gəzdikcə, albomlara baxdıqca sanki məşhur polyak bəstəkarı Şopenin "Rekviyem-ölüm marşı"nın kədərli notlarını eşidirsən... Bu kədərli notların bir anımında Tovuz xanımın da yeri var.

 

Musa RƏHİMOĞLU (QULİYEV)

AMEA Naxçıvan Bölməsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru

 

525-ci qəzet.- 2017.- 2 may.- S.6.