"Universitetlər
adası"nın Şəhriyar sevgisi
Bizim "Aralıq dənizi", Türkiyə türklərinin
isə "Akdeniz" adlandırdığı dənizin
özəlliklərindən birisi onun zəngin tarixə və
strateji geosiyasi əhəmiyyətə malik adalara və
adadövlətlərə sahib olmasıdır.
Bu
adaların və buradakı dövlətlərin də məxsusi özəllikləri
vardır. Məsələn, Malta dövləti dünyanın
ən kiçik dövlətləri arasında yer alsa da,
Avropa Birliyinin üzvü kimi, hazırda isə Avropa Birliyinin
dönəm başqanı kimi önəmli mövqeyə
malikdir, ölkəmizlə dostluq və əməkdaşlıq
münasibətləri də durmadan inkişaf etməkdədir.
Amma bizim bu səfər qeydlərimiz
Kipr adası və burada XX əsrin ortalarından siyasi səbəblər
üzündən bölünən
adanın quzey qismində
türk xalqının öz
mövcudluğunu qorumaq və
əsrlər boyu sürdüyü həyatını davam
etdirmək üçün qurduğu milli yönətimin elm, təhsil, mədəniyyət,
turizm və s. sahələrdə həyata keçirdiyi heyrətamiz
başarılar haqqındadır. 350 minlik əhali ilə
ümumi ada əhalisinin üçdə birini təşkil edən
Türk Kiprinin (türklər Kuzey Kıbrıs
adlandırırlar- E.M.) paytaxtı Lefkoşaya - Yaxın
Doğu Universitetində keçiriləcək I Beynəlxalq
Şəhriyar konfransına dəvət edilməyim nəhayət
ki, bu ecazkar adaya çoxdan
arzuladığım ziyarəti gerçəkləşdirdi.
Dünyada yalnızca Türkiyədən
uçuşların həyata keçirildiyi Quzey
Kıbrısın paytaxtı Lefkoşanın (Lefkoşa həm
də yunan Kiprinin- yəni Kipr Respublikasının
paytaxtıdır və Nikosiya kimi tanınır -E.M.) Ercan hava limanı
Kıbrıs türklərinin türk dünyası, eləcə
də Türkiyə vasitəsi ilə dünyanın müxtəlif
olkələri ilə əsas təmas nöqtəsidir. Beynəlxalq
səviyyədə siyasi statusun tam müəyyən edilmədiyinə
və bir sıra məhdudiyyətlərin davam etməsinə
baxmayaraq, milli yönətimin həyata keçirdiyi təhsil
turizmi siyasəti nəticəsində Kuzey Kıbrıs dünyanın müxtəlif guşələrindəki
xalqların övladlarının təhsil
aldığı bir universitetlər
adasına çevrilmişdir. Burada bir neçə şəhərdəki 14 universitetdə
dünyanın 109 ölkəsindən 75 min tələbə təhsil
almaqdadır. Əslində, hər bir universitet
özü bir şəhərcikdir. Ölkəmizdən
yüzlərlə tələbənin Quzey Kıbrıs
universitetlərində təhsil alması, onlarla elm, təhsil
və incəsənət sahəsindəki yüksək
mütəxəssislərimizin həmin təhsil müəssisələrində
çalışması təqdirəlayiqdir. Belə bir
şəraitdə uzaq ada ölkəsində türklərin
"Yavru vətən" adlandırdığı bu gözəl
məkanda türk dünyasının Yunus İmrə,
Mövlana Cəlaləddin Rumi, Məhəmməd
Füzuli kimi mütəfəkkirləri
ilə yanaşı, Məhəmmədhüseyn Şəhriyarın
da könüllərdə yer tutması əlbəttə
qürurvericidir. Qeyd edilməlidir ki, Quzey
Kıbrıs bugünlə yox, sabahla yaşayır, dünya təhsil
sistemi ilə ayaqlaşmağa çalışır, eyni
zamanda tarixi keçmişini də unutmur. Tarix
isə başdan-başa ibrət dərsləridir, gələcəyə
işıq tutan zaman dəzgahıdır.
Qısa
tarixi-coğrafiya
Kipr
Aralıq dənizinin şimal-şərqində, təqribən
9 min kv. km sahəsi olan
adadır, bir milyondan artıq əhalinin üçdə
birini adanın şimal qismində yaşayan türklər,
qalanını isə yunanlar və sair millətlər təşkil
edir. Türklər buradakı yunanlara rumlular
deyirlər.
Kipr miladın VII əsrində həzrət Osmanın xəlifəliyi
zamanı o zamankı Şam valisi həzrət Müaviyənin
hazırladığı və digər ərəb
komandanlarının qoşulduğu donanma tərəfindən
Bizans imperatorunun dəniz qüvvələri məğlubiyyətə
uğradılaraq fəth edilmişdir. Lakin ada əhalisinin sülh xahişi qəbul
edilmiş, onlarla razılaşma əldə olunmuş, hər
il İslam dövlətinə 7000 dinar vergi vermək və digər
müvafiq öhdəlikləri yerinə yetirmək şərtilə Kipr islam hakimiyyətinə daxil
edilmiş, bu hakimiyyət 300 ildən çox
sürmüşdü. Ada 964-1191-ci illərdə yenidən
Bizansın hakimiyyətinə düşmüşdür, səlib
müharibələri zamanı burada yaşayan və
azlıqda qalan müsəlmanlar
ağır məhrumiyyətlərə düçar
olmuşlar.
1570-ci il tarixindən etibarən Kipr tamamilə
Osmanlı hakimiyyəti altına keçmişdir. Kipri fəth
edən Lala Mustafa Paşa orada 4 minə yaxın əsgəri
yerləşdirib geri dönmüş, bundan sonra Kiprin müsəlman
əhalisini çoxaltmaq məqsədi ilə Osmanlı
höküməti sürgün hökmü
çıxarmış, beləliklə Osmanlı dövlətinin
müxtəlif yerlərindən, xüsusilə də Anadolu
bölgələrindən minlərlə ailə - müxtəlif
peşələrə olan ehtiyac nəzərə
alınmaqla, tərtibli bir şəkildə
Kiprə köçürülmüş, türk-müsəlman
əhalisinin artımı təmin edilmişdi. Xristian
ya müsəlman olmağından asılı olmayaraq, hər
kəs osmanlının ədalət qanunları önündə
bərabər tutulmuş, din, dil və bütün mədəni
azadlıqlar hamıya şamil edilmişdi. Kiprdə bir bəylərbəyi qurulmuş, mərkəzi
Lefkoşa olmuşdur.
1877-1878-ci
illər Rusiya-Türkiyə savaşında ağır məğlubiyyətlə
üzləşən Sultan II Əbdulhəmid xan ingilislərin
də ciddi təhdidi altında 4 iyun 1878-ci il
tarixində Türkiyə və İngiltərə arasında
imzalanan razılaşma ilə Kiprin idarəsini felən
İngiltərəyə verməli oldu. Lakin ada
hüquqi olaraq Türkiyənin mülkiyyətində
qalırdı. Kipr bu şəkildə təhvil
verilməsəydi, ingilis donanması Kipri onsuz da işğal
edəcəkdi. Anlaşmanın şərtinə
görə, ruslar işğal etdikləri Kars, Ərdahan və
Batumu Türkiyəyə geri qaytarsa idilər, İngiltərə
də Kipri geri verəcəkdi. İngilislər
Kipri təhvil alanda Kipr əhalisinin üçdə birini təşkil
edən türklər sonrakı illərdə müxtəlif təzyiqlərlə
üzləşmiş və köç etməyə məcbur
edilmişdilər.
1914-cü
ildə Birinci dünya müharibəsi başlayanda İngiltərə
Kipri rəsmən ilhaq etmiş, Lozanna konfransında isə bu təsbit
edilmişdir. İngilis hakimiyyəti zamanı etnik və dini təzyiqlər
altında Kiprdən Türkiyəyə köç edənlərin
sayı çoxalmışsa da, bu təzyiqlərə
qarşı adada
bir müqavimət hərəkatı da baş
qaldırmışdı. Bu hərəkat və
təşkilatlanma 18 aprel 1943-cü ildə Kipr Adası
Türk Azlığı Qurumu təşkilatını
qurmuşdu. XX əsrin ortalarında isə yunan ortodoks
kilsəsi və millətçi qruplar Kiprin Yunanıstana birləşdirilməsi
üçün fəallaşan zaman Yunanıstan
höküməti də hərəkətə
keçmiş, türklər üçün ağır
günlər başlamışdı. Bu şəraitdə
Türkiyə dövləti fəal siyasi hərəkətlərlə
adanın türk xalqının qanuni haqlarını qorumaq
üçün ciddi addımlar atmış, Kiprdə isə
1955-ci ildə Türk Müqavimət Təşkilatı
qurulmuşdu. Bundan sonra, 16 avqust 1960-cı ildə
İngiltərə hakimiyyəti Türkiyə, Yunanıstan
hökümətləri, yunan və türk toplumları təmsilçiləri
ilə birlikdə Kipr Respublikasının qurulması qərarını
vermiş, yunanların 70 faiz, türklərin 30 faiz təmsilçiliyi
ilə hakimiyyət və idarəçilik qurulmuşdur. Lakin
1970-ci illərin əvvəllərində adanı
Yunanıstana bağlamaq istəyən millətçi qüvvələrlə
onu müstəqil
Ellin Respublikasına çevirmək istəyənlərin
qarşıdurması şiddətlənmiş, Makarios
devrilmiş, hakimiyyəti ələ keçirən Nikos
Sampson öncə Yunanıstanla birləşməyin əleyhinə
olan yunanlara divan tutmuş, yüzlərlə adam işgəncə
ilə öldürülmüş, sonra isə türklərin
planlı şəkildə qətliam edilməsi
üçün hərəkətə keçmişdi.
Yaranmış
vəziyyətdə Türkiyənin Kipr respublikasının təhlükəsizliyi
üçün təminatçı dövlətlərdən
olan İngiltərəyə müraciəti, baş nazir Bülənt
Ecevitin 17 iyul 1974-cü il tarixində Londona səfəri və
İngiltərə höküməti ilə apardığı diplomatik müzakirələr
nəticə verməmiş, Türkiyə höküməti
təminatçı haqqından birtərəfli qaydada istifadə
edərək son qərar verməyə məcbur olmuşdu. Türkiyə dövləti Kipr türklərini
qorumaq üçün 20 iyul 1974-cü ildə adaya ilk
qüvvələrini çıxarmış, Girne, Lefkoşa
şəhərləri və ətrafındakı türk kəndləri
başlanan qətliamdan zamanında xilas edilmişdi. Avqustun 15-də ikinci hərəkatla Mağusa
türkləri xilas edilmişdi. Nəhayət, 1975-ci il fevralın 13-də Kiprin türklər
yaşayan quzey ərazisində Rauf Denktaşın
başçılığı ilə Kıbrıs Türk
Federal Dövlətinin qurulduğu elan edilmişdi. Sonrakı illərdə də türklərin
barışçı təşəbbüsləri nəticəsiz
qalmış, rumluların isə enosis (Yunanıstanla birləşmə
- E.M.) cəhdləri davam etmişdir. Uzlaşma
əldə edilə bilmədiyindən1983-cü ilin noyabr
ayının 15-də Rauf Denktaş Quzey Kıbrıs Türk
Cümhuriyyətinin qurulduğunu elan etmiş və Türkiyə
bu cümhuriyyəti rəsmən tanımışdır.
Bu günədək adada barış hökm
sürsə də, türk və rum tərəfləri ədalətli,
ortaq dövlət qurmağa nail olmamış,
qarşılıqlı etimad əldə edilməmişdir.
Avropa Birliyinin yunanların sakin olduğu Kipr
Respublikasını üzvlüyə qəbul etməsi isə
müzakirələrdə yunan tərəfinin mövqeyini
möhkəmləndirmişdir. Buna görə də
"ortaq dövlət" yox, onlar türklərin "milli
azlıq" kimi mövcud olduğu bir birləşməyə
nail olmaq istəyirlər, bu isə türklər
üçün yenə də təminatsız gələcək
mənasındadır və əlbəttə ki, qəbuledilən
deyil. Quzey Kıbrısda olduğum günlərdə
xalqın məhz ədalətli birləşmənin tərəfdarı
olduğunu yəqin etdim, bu, Kıbrıs türklərinin
dünyaya açılmasına, eyni zamanda bütün ada
sakinlərinin mənfəətinə olar.
Yakın
Doğu Universitetinin (YDU) Şəhriyar Konqresi
1988-ci ildə qurulan bu universitetdə 109 ölkədən
27 min tələbə təhsil alır. 16 fakültəsi,
5 yuxarı məktəbi (high school), 220 kafedrası, 28 tədqiqat
mərkəzi vardır. Universitetdə bu
yaxınlarda qurulan Şərqşünaslıq institutuna Cənubi
azərbaycanlı prof.dr.Qədir Gülkarian
başçılıq edir. Bu İnstitutda universitetin ədəbiyyat
fakültəsi ilə birlikdə türk xalqlarının
ortaq şair, yazıçı və mütəfəkkirlərinin
irsinin öyrənilməsi və təbliğinə
böyük önəm verilir. Hələ 1996-2001-ci illərdə
İranda xidməti vəzifəmlə əlaqədar
çalışdığım zamanlarda dostluq etdiyimiz
professor Qədir Gülkarian İranda Azərbaycanşünaslıqla
yaxından məşğul olan, Azərbaycan ədəbiyyatına,
dilinə, mədəniyyətinə dair dəyərli tədqiqatları
ilə tanınan vətənsevər ziyalı alimdir. Onun təşəbbüsü
və səyi ilə 1998-ci ilin dekabrında Təbrizdə
keçirilmiş Birinci Azərbaycanşünaslıq
Simpoziumuna o zaman Azərbaycan Respublikasından, Türkiyədən
və Quzey Kıbrısdan 50-dən çox
tanınmış elm adamı və yaradıcı ziyalı gəlmişdi.
Təbii ki, simpozyumun mövzuları içərisində ortaq mənəvi-mədəni-ədəbi
dəyərlərimiz
sırasında Şəhriyar
irsi də önəmli yer tuturdu. Artıq on beş ildir Kuzey
Kıbrısda -
YDU-da çalışan Prof. Dr. Q.
Gülkarianın təşəbbüsü və səyləri ilə Şəhriyar
beynəlxalq elmi konfransı yüksək səviyyədə
hazırlanmışdı.
Universitetin
qurucu rektoru professor Suat İrfan Günsel və İran
İslam Respublikasının Kipr Respublikasındakı səfiri
cənab Rza Zəbib, Universitetin rektor yardımcısı, həmyerlimiz, professor Fəxrəddin
Sadıqoğlu konfransın açılışında
çıxış etdilər. Lefkoşanı bölən sərhəddi
keçib türk qisminə gələn səfirin
konfransın açılışında
çıxış etməsi və Şəhriyar irsinə
yüksək qiymət verməsi olduqca təqdirlə
qarşılandı. Səfir türkcə bilməsə
də, müavini, səfirliyin müşaviri cənab Ənvəri
İranın Savə türklərindən idi, azərbaycanca
yaxşı danışırdı. Diqqətəlayiq
idi ki, İrandan dəvət olunan altı nəfər
tanınmış tədqiqatçının hər biri Azərbaycan
türkcəsində məruzə etdi. Ustad
Şəhriyarın farsca yaradıcılığının,
onun poetikasının xüsusiyyətlərini ətraflı
şərh etdilər. Təbriz Universitetindən
professorlar Əhməd Fərşbafiyanın,
Məhəmməd Mehdipurun,
İbrahim Eqbalinin, dosentlər Məhəmmədrza
Abidin, Məhəmməd Xakpurun, Məhəmmədəli
Musazadənin məruzələri Şəhriyar sevgisi və
peşəkarlıqla hazırlanmışdı. Türkiyənin
İstanbul Universitetinin professorları Mehmet Atalayın, Əli Gözəlyüzün,
Kırıkkale Universitetindən professor Adnan
Karaismayıloğlunun, Ərzurum Atatürk Universitetinin
professoru Nemət Yıldırımın məruzələri
Türkiyədə Şəhriyar irsinə çox
böyük maraq və diqqətin bariz göstəricisi idi.
Prof. Ə.Gözəlyüzün məruzəsində qeyd
olundu ki, Şəhriyar və onun "Heydər babaya salam" poeması haqqında ilk dəfə
Türkiyədə 1955-ci ildə Məhəmməd Əmin Rəsulzadə
"Türk yurdu" dərgisində yazdığı bir məqalədə
bəhs etmişdir.
Kıbrıs
Universitetinin professorlarından Əsra Karabacağın, Qədir
Gülkarianın, dosentlər Ərdoğan Saracoğlunun,
Yurdal Cihangirin, Nazim Muradovun məruzələri Şəhriyar
irsinin geniş ədəbi dəyərləndirmələri
ilə fərqlənirdi.
Konfransda
Azərbaycan Milli Məclisinin deputatı, AMEA Nizami Gəncəvi
adına Milli Ədəbiyyat Muzeyinin
direktoru, akademik Rafael Hüseynovun təbrik məktubu bu sətirlərin
müəllifi tərəfindən oxundu. AMEA-nın
Tarix İnstitutunun "Mənbəşünaslıq və
tarixşünaslıq" şöbəsinin müdiri,
professor Şahin Fərzəliyevin Şəhriyar şeirlərinə
yazdığı təzminlər (nəzirələr) maraqla
dinlənildi. Ədəbiyyat muzeyindən filologiya üzrə
fəlsəfə doktorları Nailə Əliyeva və Nərmin
Əliyevanın məruzələri, dosent Tofiq Cahangirovun
göndərdiyi məqalə konfrans
iştirakçıları tərəfindən maraqla qarşılandı. Bu
sətirlərin müəllifinin məruzəsində
vurğulandı ki, Azərbaycan xalqının Ulu öndəri,
Prezident Heydər Əliyevin 29 oktyabr 1997-ci il tarixində ustad
Məhəmmədhüseyn Şəhriyarın anadan
olmasının 90 illiyinin qeyd edilməsi haqqında fərmanı
Şəhriyar irsinin dərindən, hərtərəfli
öyrənilməsi, onun nəşri və geniş təbliği
baxımından fövqəladə dərəcədə əhəmiyyət
kəsb edir və ölkəmizdə Şəhriyarşünaslığın
inkişafı üçün yeni imkanlar açmış,
İranın rəsmi qurumları və Universitetləri ilə
birgə Şəhriyar konfranlarının keçirilməsi
artıq ənənəvi hal almışdır.
Konfransda geniş müzakirə və
çıxışlar, Yaxın Doğu Universiteti müəllim
və tələbələrinin Şəhriyar
yaradıcılığına, xüsusilə onun türkcə
(azərbaycanca) şeirlərinin dil şirinliyi və məna
dərinliyinə valeh olduqları diqqəti çəkirdi. Yeri gəlmişkən,
Kuzey Kıbrısda yerli türklərin bizim Azərbaycan
türkləri ilə ləhcə və adət-ənənə
yaxınlığı diqqətimi çəkdiyinə
görə bunun səbəbləri ilə maraqlananda
maraqlı tarixi təmasların baş vermiş olduğunu
öyrəndim. Demək, XVI əsrdə
Sultan II Səlim xanın fərmanı ilə Kiprə məqsədyönlü
şəkildə köçürülənlər
arasında Şərqi Anadolunun və Azərbaycanın ələvi
(şiə) türkləri də çox olmuşdur. Xüsusilə, onların arasında Şah
İsmayıl tərəfdarı olan, ya əsir
götürülən "türkmanlar" (Azərbaycan
türkləri) çox olmuşlar. Bu səbəbdən
bugünki Kıbrıs türklərinin
danışıqlarında eynən bizim işlətdiyimiz ifadə
və kəlmələrə də rast gəlinir ki, bunlar
Türkiyə türkləri tərəfindən işlədilmir.
Fikrimizcə, XX əsrin 30-cu illərində Türkiyədə
başladılan "dil islahatları" İngilis müstəmləkəsi
olan Kipr adasındakı türk dilinə nisbətən az zərər vurmuşdur. Buna
görə Şəhriyarın türkcə (azərbaycanca)
şeirləri Kıbrıs türkləri üçün
daha anlaşılan və könülə yatandır.
Köhnə
dostlarla görüş
Kıbrısa
yola düşməzdən əvvəl Quzey Kıbrısın
Bakı təmsilçisi xanım Üfüq Turgenerlə
görüşüb köhnə dostlarımız, bir-birinin
ardınca Pakistanda işləmiş Kuzey Kıbrıs təmsilçiləri
Səadəttin Topukçu və xanım Hasibə
Şahoğlunun əlaqə telefonlarını
almışdım. Hər iki diplomat bizim ölkəmizdə
də təmsilçilik etmişlər, özləri kimi həyat
yoldaşları Xədicə xanım və Qasım ağa da
Azərbaycan, eləcə də Şəhriyarın
aşiqidirlər. Qeyd etməliyəm ki, dəyərli
diplomat dostlarımızla Girne şəhərində xanım
Şahoğlunun iqamətgahında qardaş süfrəsi
başında görüşümüz bəzi xoş xatirələri
də yadımıza saldı. Qeyd etməliyəm
ki, Pakistanda Quzey Kıbrıs təmsilçiliyinə bir səfirlik
kimi etimad göstərilirdi, rəsmi qəbullarda yanaşı
durardıq. Bir dəfə rəsmi bir tədbirdə Azərbaycan,
Türkiyə və Kıbrıs səfirləri olaraq yan-yana
dayandığımız zaman Prezident Pərviz Muşərrəf
xanımı ilə birlikdə bizə yaxınlaşaraq səmimi
əl tutub, türkcə " Sayın böyük elçilərim,
bu nə gözəl mənzərə - Ata vətən, Ana vətən
və Yavru vətən birlikdə" deyərək bizləri
səmimiyyətlə salamladığını yada saldıq,
Ankaraya zəng edib o zamankı Türkiyə səfiri Kamal
Gurla xatirələrimizi bölüşdük. Şairə-diplomat
xanım Hasibə Şahoğlu Azərbaycana, Bakıya, Xəzərə
salamlarını yetirməyi xahiş edərək, yeni
kitablarını mənə hədiyyə etdi.
Karaoğlanoğlu
şəhidliyi və qara ilan hekayəsi
Kıbrısda Aralıq dənizi sahilindən baxdıqda çox mənzərəli dağlar və dağətəyi çöllüklər, qayalıqlar, dağ döşündə zövqlə salınmış malikanələr diqqəti cəlb edir. Belə bir mənzərəli dəniz sahilində Türkiyə dövlətinin Kiprə qoşun çıxardığı sahildə Karaoğlanoğlu şəhidliyini ziyarət edirdik. Bura komandan Karaoğlanoğlu və Lefkoşa hava limanına adı verilmiş minbaşı pilot Fehmi Ercan daxil olmaqla şəhid olmuş 71 əsgərin əbədi uyuduğu bir ziyarətgahdır. Xatirə kompleksini ziyarət edəndən sonra ətraf dağətəyini gəzmək istədiyimizi bildirəndə ilanlardan ehtiyatlı olmağımızı tövsiyə etdilər və bələdçimiz nağıl etdi ki, ingilislər adanı Osmanlı hakimiyyətindən təhvil alandan sonra bura yerləşdirdikləri əsgəri qarnizonlarda çox zəhərli əfi ilanların sancmasından xeyli əsgərlərinin həlak olduğundan əndişələnirmişlər, uzun çəkmələr və qoruyucu geyimlər də işə yaramırmış, çünki bu ilanlar insana hücum edir, atılaraq qurbanını sancırmışlar.
O zaman ingilislər bioloji mübarizə aparmaq qərarına gəlmiş və belə ilanları yeyən qara ilanları adaya gətirmişlər. Qara ilanlar tədricən çoxalmış, doğrudan da əfi ilanların azalmasına səbəb olmuşlar. Hətta bir çoxları qara ilanları yemləyib, bəsləyib malikanələrində, baxçalarında saxlayırlarmışlar. Zəhərsiz və təhlükəsiz olan bu ilanlar o vaxtlardan bu günə qədər qoruma altındadırlar, yol keçdikləri zaman sürücülər onlara yol verirlər, öldürülməsi yüksək cərimə verilməsi deməkdir. Qara ilanı görmək fürsəti olmasa da, missiyasını təqdir etdik, son nəticədə ilan bundan "xəbərsiz" olsa da, insanlığa xidmət etmiş olur. Burada, doğma vətənindən çox-çox uzaqlarda işığına yığışdığımız ustad Şəhriyarın məşhur kəlamını xatırladım:"İnsan olan xəncər belinə taxmaz". Şəhriyar poeziyası dili, dini, mədəniyyəti müxtəlif olan bütün insanları sülhə, həmrəyliyə, dünyanın dinc və əminamanlıq şəraitində inkişafı üçün birgə çalışmağa səsləyir. Ümid edirik ki, Universitetlər adası adlandırdığım bu "uzaq yaşıl ada" bir gün etibarlı sülh və əməkdaşlıq adasına çevriləcək, bütün ada xalqı barış və tərəqqi yolunda ölkəmizin nümunəsindəki kimi, xalqlararası dostluq və əməkdaşlıq, çoxmədəniyyətlilik və dini xoşrəftarlıq şəraitində daha da inkişaf edəcək, dünya birliyində layiqli yerini tutacaqdır.
Eynulla
MƏDƏTLİ
AMEA
Fəlsəfə İnstitutunun elmi işlər üzrə
direktor müavini, fəlsəfə üzrə fəlsəfə
doktoru
525-ci qəzet.- 2017.- 2 may.- S.4.