İslam Həmrəyliyi ilinə həsr
olunmuş "Təbiət möcüzələri"
Aprelin
29-da Xətai Sənət
Mərkəzində Azərbaycan
Rəssamlar İttifaqı
(ARİ), Mədəniyyətlərin Təbliği və Xalq yaradıcılığına
dəstək İctimai
Birliyi (MTXİB) və
Xətai Sənət Mərkəzinin birgə layihəsi olan İslam Həmrəyliyi ilinə həsr olunmuş "Təbiət
möcüzələri" adlı sərgi-tədbir keçirilib.
Mərasimdə tanınmış mədəniyyət
xadimləri, rəssamlar,
sərgi həvəskarları
və media nümayəndələri
iştirak ediblər.
Tədbiri giriş sözü
ilə açan
ARİ-nin katibi,
professor, Əməkdar İncəsənət
xadimi Ağaəli İbrahimov "Təbiət
möcüzələri" sərgisi haqqında ümumi məlumat verdikdən sonra onun İslam Həmrəyliyi ili ilə bağlılığından
danışıb: "Bu sərgi
əsas onunla seçilir ki, burada peşəkarlarla yanaşı, həvəskar
rəssamlar da iştirak edir. Bu gün ölkəmizdə,
xüsusən gənclər
arasında təsviri incəsənətə sürətlə
artan maraq olduqca sevindirici haldır. Burada nümayiş olunan
ayrı-ayrı rəsm
əsərlərində rəssamlarımız
yalnız Azərbaycan
mədəniyyətini deyil,
ümumi İslam mədəniyyətini sərgiləyirlər".
Katib Azərbaycanda keçirilən beynəlxalq
yarışların ölkəmizin
mədəniyyətinin, adət-ənənələrinin
dünyada tanıdılmasındakı
əhəmiyyətini də
xüsusi vurğulayıb:
"Cənab prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun qayğısı nəticəsində
ölkəmizdə bütün
sahələrdə müşahidə
olunan inkişaf təsviri incəsənətdə,
mədəniyyətimizdə də görünməkdədir.
Ölkəmizdə keçirilən Beynəlxalq yarışların,
tədbirlərin sayəsindədir
ki, artıq bütün dünya Azərbaycan mədəniyyətini
yaxından izləyə
bilir".
Layihənin rəhbəri Elnurə İsgəndərova artıq
on ildən artıqdır
ki, dekorativ-tətbiqi sənət rəssamı
olaraq, Azərbaycan incəsənətinə qulluq
etdiyini və bundan böyük məmnunluq duyduğunu qeyd edib. Bu sərgi-tədbirin
təsviri sənətin
inkişafında xüsusi
rolu olacağına inandığını deyən
E.İsgəndərova buna
səbəb kimi sərgidə peşəkar
sənətkarlarla birgə
həvəskar rəssamların
da iştirakını
göstərib: "Biz bir
rəssam kimi dövlətimiz tərəfindən
önəmsənən hər
ilə qarşı öz reaksiyamızı verməyə çalışırıq.
2017-ci il də IV İslam Həmrəyliyi Oyunları
ilə bağlıdır.
Biz də elə
yazın gəlişini,
təbiətin oyanışını
ən gözəl zaman seçərək belə bir sərgi
təşkil etdik.
Burada yaş fərqi yoxdur. Sərgidə Azərbaycanın müxtəlif rayonlarından
sənətkarlar dəvət
olunub. Eyni zamanda, bizi xarici ölkələrdə
təmsil edən bir qrup rəssamlarımız
var ki, onlar
da bu gün
bizlə biryerdədirlər.
İslam
hər zaman möcüzələrlə xarakterizə
olunan bəşəri
dindir. Eyni zamanda, İslamın
təbiətlə ahəngdarlığı
da danılmazdır.
Ona görə də "Təbiətin möcüzələri"
deyərkən elə
bir növ İslam dini də nəzərdə tutulur".
Təşkilatçı Aygün İsgəndərova sərgidə
müasirliklə bərabər
Azərbaycan milliyini də qoruyub saxladıqlarını deyib:
"Bu sərginin əsas
mahiyyəti ondan ibarətdir ki, biz hər birimiz Azərbaycan vətəndaşı
olaraq, dövlətçiliyimizi,
adət-ənənələrimizi, milliliyimizi təbliğ edərək az da olsa, dövlətimizin
bu mühüm günlərində öz
töhfəmizi verməyə
çalışırıq. Biz bundan sonra
da dövlətimizin ən mühüm tədbirlərində, önəmli
günlərində bir
rəssam olaraq, əlimizdən gələn
dəstəyi göstərməyə
hazırıq".
"Təbiət möcüzələri" sərgi-tədbirdə yalnız rəssamların əl işləri deyil, həmçinin Azərbaycanın milli geyimləri də nümayiş olunub. Geyimləri hazırlayan modelyer Məryəm Əliyeva belə bir sərgidə iştirakından məmnunluq duyduğunu qeyd edib: "Biz burada öz milli geyimlərimizlə təmsil olunuruq. Artıq dörd ildir ki, sırf geyimlərlə məşğul oluram. Kolleksiyamızda müxtəlif geyimlər yer alır. "Təbiət möcüzələri" olaraq hazırladığımız geyimlərdə isə çalışmışıq təbiətin şuxluğunu, rəngarəngliyini, baharın təravətini əks etdirək".
Tanınmış rəssam Səyyad Əliyev bu cür tədbirlərin keçirilməsindən böyük məmnunluq duyduğunu, bunu təsviri sənətin uğuru hesab etdiyini deyib: "Hazırda ölkəmizin hər tərəfində IV İslam Həmrəyliyi Oyunlarına həsr olunan tədbirlər keçirilir. Bugünkü sərgi də onlardan biridir. Bu sərgidə həm müəllimlər, həm də şagirdlər öz əl işləri ilə çıxış edirlər. Mən də bu sərgiyə özümün "Həmrəylik" əsərimlə qatılmışam. Azərbaycan xalqı sənətə, sənətkara hər zaman önəm verən bir xalq olub. Bugünkü sərgiyə olan maraq da bunun göstəricisidir. Mən arzu edərdim ki, bu cür sərgilər bundan sonra da təşkil edilsin".
Yazıçı-publisist Fesih Alioğlu, rəssam-şairə Könül Mustafayeva, modelyer Laləndər Novruzova və başqaları çıxışlarında bu cür sərgi tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıb, rəssamlarımızın İslam Həmrəyliyi ilinə olan diqqətini yüksək qiymətləndiriblər.
"Təbiət möcüzələri" sərgi-tədbirinə təsviri sənətin bütün nominasiyaları üzrə müxtəlif yaş qruplarından 300-dən çox rəssam qatılıb.
Sonda iştirakçılar
sertifikat, diplom və müxtəlif nominasiyalarla təltif olunub.
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2017.- 2 may.- S.7.